Məhkəmə qərarları › İş №e-2(011)-1916/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1916/2022

20.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1916/2022 20.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 2012-ci ilin ortalarından başlayaraq artıq 20 ildən artıq bir müddət idi ki, tanıdığı X5 ilə öz aralarında razılaşmışlar ki, gələcək həyatlarını təmin etmək üçün birlikdə ortaya pul qoyaraq, mağaza tiksinlər və orada müxtəlif ərzaq mallarının satışını təşkil etsinlər. Onlar birlikdə razılaşmış və həmin ildən başlayaraq ünvan 1 ünvanında 2012-ci ilin sonunda (dekabr ayında) sahəsi 30 kv.m olan mağazanı öz şəxsi vəsaitləri ilə tikib qurtarmışlar. O, həmin vaxt oraya 5500 manat pul xərcləmişdir. Həmin vaxtdan, yəni 2012ci ilin dekabr ayından başlayaraq o, Salmanov Elmanla birgə həmin mağazada müxtəlif ərzaq mallarının satışı ilə məşğul olmağa başlamış və qazanclarının da əsas hissəsinə müxtəlif tikinti mal-materialları və digər zəruri mallar alaraq həmin mağazanın yanında onunla eyni sırada olmaqla 2-ci mağazanın tikintisinə başlamışlar və ümumi sahəsi 50 kv.m olan 2-ci mağazanın inşasını 2020-ci ildə tam qurtarmışlar və hündürlüyü də öndən arxaya doğru 2.5-2.8 metrdir. İkinci mağazada isə 2021-ci ilin yayından fəaliyyət göstərməyə başlamışlar. Lakin 1-ci mağaza təxminən 10 ilə yaxın, 2-ci mağaza isə 2 (iki) ay fəaliyyət göstərmişdir. Oranın inşasına isə 6000 (altı min) manat pul xərcləmişdir. Ayrıayrılıqda götürülsə 1-ci mağazanın tikintisinə və onun fəaliyyətə başlamasından ötrü 2012ci ildə aşağıdakı mal-materialları almışlar, fəhlə və ustalara xərc çəkmişlər. 2012-ci ildə :Plastik pəncərə - 850 manat, İçəri və çölə tamet - 140 manat, Sement, qum, yolpulu – 745 manat + usta, Lambir, reyka, steklavat – 380 manat – özləri vurmuşlar. Reşotka çöl üçün – 730 manat, Vitrin soyuducu – 650 manat, Vitrin stollar – 80 manat – 2 ədəd Kondisioner – 670 manat + 50 manat, İşıq üçün icazə - 850 manat, İşıq üçün şotçik – 350 manat, İşıq üçün şnur – 558 manat + 120 fəhlə + 200 manat usta, Televizor – 380 manat, Soyuducu vitrin – 300 manat, Su və istilik xətti – 385 manat + 45 manat ataplenya almışlar. Vitrin yığdırmışlar (Dərnəgüldən almışlar) – 335 manat + 40 manat yol Vitrin dəmirlər (8km bazarı) – 285 manat, FİNKA BANK-dan qaynatası 2500 ABŞ dolları onlar üçün götürmüşdür ( mal almaq məqsədi ilə ) Tualet otağına – (metlaq, malyar işi üçün) – 385 manat +190 manat + 60 manat, Tualet tikilib – 120 manat, Cəmi : 8900 manat + 2500 ABŞ banka ödəmişlər. 2012-ci ildə 5500 manat pul qoymuşdur : 560 manat yoldaşına anası paltaryuyan alması üçün pul vermişdir, onu da qoymuşlar, 670 manat kondisionerin pulunu da o, vermişdir. (qaynatası onların evi üçün alırmış onlar mağazaya almışlar). 2-ci mağazanın tikintisinə alınmış mal-materialların və onun fəaliyyəti üçün aldıqları digər malların, tikintisinə çəkilən xərclər isə aşağıdakı kimidir: Məqsədə verilib – 6000 manat – şəxsən özünün Ustaya – 550 manat + 330 manat Materiala – 960 manat + 255 manat + 75 manat Vaqifə materiala – 386 manat + 295 manat +85 manat Ustaya – 100 manat + 165 manat + 440 manat – üstünü vuran Material (kərpic, qum, sment, sürücü) – 315 manat + 60 manat Şifer, taxta və başqa üstünə - 1970 manat + 112 manat Kərpic, sement, qum – 475 manat + 20 manat yol pulu + 40 manat fəhlə Material – 32 manat (disk) Hörgü üçün kubik, sement, qum – 266 manat + 10 manat + 115 manat + 73 manat Torpaq yerin dolmağına – 150 manat + 35 manat + 60 manat fəhlə Styajka – 480 manat çınqıl, qum, sement +140 manat yol pulu + 200 manat usta Pəncərələr – 1860 manat + 90 manat fortuçkalar Şpaklovka – 350 manat + 70 manat + 500 manat usta pulu Alçipan – 860 manat + 220 manat Metlaq, sement, qum – 1350 manat + 25 manat Qum, sement – 195 manat İşıq üçün – 485 manat + 160 manat Tamet – 430 manat + 37 manat Sement, qum – 33 manat + 45 manat Kanalzasya – 85 manat + 68 manat Arakəsmə - 163 manat + 125 manat Emusya – 115 manat Ustaya – 480 manat + 250 manat + 120 manat + 50 manat Alçipan vuran – 280 manat Metlağın vurulmasına – 450 manat Tamet vurmaq – 220 manat Suvarşik – 55 manat İşıqlar – 95 manat + 10 manat + 63 manat Şotçik – 30 manat Karopka ( böyük ) – 14 manat Kraska – 16 manat + 15 manat (rəng) + 10 manat Fasad metlağ (üzlük) – 555 manat + 30 manat sürücü Usta pulu (rəngləmə, kafeli vurma) – 350 manat Kamera – 85 manat + 15 manat adaptr + 30 manat usta Başqa xərclər – 930 manat (hörmət) Zibilin daşınması – 60 manat + 45 manat Arxa divarın suvanması, emusyası (qum, sement, usta) – 250 manat +135 manat + 180 manat Hörgü arakəsmə - 80 manat + 19 manat + 82 manat usta Cəmi – 26465 manat 2-ci mağaza 2020-ci ilin iyun ayından 2021-ci ilin avqust ayınadək fəaliyyət göstərmişdir. Birgə işlədiyi Salmanov Elmanın səhhətində (qida borusunda) ciddi problem var idi və o, buna görə cərrahi əməliyyat olunmuşdur. 2021-ci ilin oktyabr tarixində Elmanov Salman vəfat etmişdir və birgə tikdirərək, işlətdikləri bu iki mağazanın (obyektin) qiymətinin, onların satılaraq aralarında halalca bölgüsü üstündə (səbəbindən) rəhmətlik X2 vərəsələri olan üç qızı : Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə onun arasında mübahisə yaranmış və qızları bu mağazaların (obyektlerin) bazar qiyməti ilə qiymətləndirilərək aralarında bölünməsinə etiraz etmişlər və ona istədiyi halal pulunu verməkdən imtina edirlər. Belə ki, onun onlarla dəfələrlə şifahi olaraq etdiyi bu təkliflərini qəbul etməyərək, onu qulaqardına vuraraq saymamazlıq etmişlər. Sözügedən həmin iki mağazanın hal-hazırda bazar qiyməti 120 min manata satılarsa, ordan onun payına 60 min manat düşür ki, bu məbləğin də hər bir cavabdehdən, yəni Cavabdeh2 20 min manat , Cavabdeh1 20 min manat və Cavabdeh3 20 min manat pulun ona haqqı olaraq ödənilməsini tələb edir və bu tələbində haqqlı olduğunu qeyd edir. Lakin cavabdehlər onunla razılaşmayaraq ona cuzi bir məbləğ verməklə ondan üzülüşmək istəyirlər. Bu həm haqq-ədalət, həm insanlıq, həm də qanuni nöqteyi-nəzərdən düzgün deyil, yolverilməzdir, qanunsuzluqdur və ədalətsizlikdir. Onun ərizəsində qeyd etdiklərini X3 (şəxsiyyət vəsiqəsi AA 3442372: PİN – 2BYOUGD) : X8 ( şəxsiyyət vəsiqəsi AZE №14549681: PİN – 1766TWD) : X6 (şəxsiyyət vəsiqəsi AA 1399778: PİN – 1KAXUWK): X9 (şəxsiyyət vəsiqəsi AZE №13349155: PİN – 42JY2NN), əlavə etdiyi fotoşəkillər də təsdiq edir. Qeyd olunan şəxslərin işin məhkəmə araşdırması zamanı izahatlarının alınması obyektivlik baxımından zəruridir. Göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanındakı ümumi sahəsi 80 kv.m (30+50 kv.m) olan iki ədəd mağaza kimi fəaliyyət göstərmiş obyektlərin – tikililərin tikintisində, fəaliyyətinə çəkdiyi xərclərin və onların satışı ilə əlaqədar əldə olunacaq pul məbləğinin onun payına düşən hissəsinin 60 min manat təşkil etdiyini nəzərə alıb, cavabdehlər Cavabdeh2 20 min manat, Cavabdeh1 20 min manat və Cavabdeh3 20 min manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmişlər və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Vəkil2 izahatında göstərmişdir ki, İddiaçı iddiası əsassızdır. Bundan əlavə iddiaçı iddia ərizəsində bildirir ki, o, “tanıdığı X7 ilə birlikdə pul qoyaraq, mağaza tikək və orada müxtəlif ərzaq məhsullarının satışını təşkil edək”. Göründüyü kimi o, məhz Elman Salmanovla guya şərikliklərini bildirir. Lakin bununla bağlı heç bir sübut təqdim etmir. Ancaq şahid ifadələrini sübut kimi qeyd edir. Əlavə etmişdir ki, şahid ifadələri bu iş üzrə sübut hesab edilə bilməz. Digər sübutlarla birlikdə qiymətləndirilməlidir. İddiaçı da digər sübut təqdim etməmişdir. Həmin obyektin sənədi yoxdur. Lakin bələdiyyə ödənişlərini və digər ödənişlərini Elman Salmanov etmişdir. Ümumiyyətlə iddiaçının bu iddianı verməkdə subyektiv hüququ yoxdur. Hazırki mübahisə ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir, Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bu iddiaya ümumiyyətlə cavabdehlər cavab verməli deyillər. Cavabdehlər tərəfindən iddiaçının hər hansı bir hüququ pozulmamışdır. İddiaçı iddia ərizəsində yalnız Elman Salmanovla guya şərik olmasını bildirir. X11 da hazırda vəfat etmişdir. Hazırda onun hüquq qabiliyyəti yoxdur. Artıq onun hüquqi qabiliyyəti xətm edilmişdir. Belə olan halda prosessual hüquqi varisliyə yol verilir. Prosessual hüquqi varisliyə yol verilməsi üçün hansısa miras qəbul olunmalı və qəbul olunan miras dəyərində cavabdehlər qarşı iddia qaldırıla bilər. Mirasın qəbul olunması üçün isə vərəsəlik haqqında şəhadətnamə olmalıdır. Belə bir sübut da yoxdur. Ümumiyyətlə cavabdehlər bu iddiaya cavab verməli şəxslər deyillər. İddiaya münasibətləri isə mənfidir. Bu iddia yolverilməzdir. Təmin oluna bilməz. İddiaçı istədiyi qədər şahid dəvət etsə də, iddia qəbul oluna bilməz. Bu iddia sadəcə cavabdehlərə süni təsir yoludur. İddiaçı Elman Salmanovun vəfatından sonra bu yola əl atması özü bunu deməyə əsas verir. Əgər iddiaçının belə bir mübahisəsi vardısa, vaxtında hələ Elman Salmanovun sağlığında rəsmiləşdirə bilərdi. Ancaq göründüyü kimi iddiaçının heç bir hüuqu olmamış, Elman Salmanovun vəfat etməsindən istifadə edərək bu günləri əsassız bu iddianı verir. Cavabdehlərə məhkəmə yolu ilə təsir edərək əsassız varlanmaq istəyir. Əsassız olaraq mal mülk sahibi olmaq istəyir. Lakin Azərbaycan Respublikasının qanunvericiliyində iddaçının iddiasını təsdiq edəcək hər hansı bir qanun və maddə yoxdur. İddiaçının iddiası rədd olunmalıdır. Həmin iddia cavabdehlərin hüquqlarına biraşa müdaxilədir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və eyni zamanda vəkilinin, həmçinin cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkilinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı sübut qismində yalnız iş materiallarına əlavə edilmiş mağazaları əks etdirən foto-şəkillər təqdim etmişdir. Cavabdeh tərəf sübut qismində şəxsi hesab vərəqəsini, tədiyyə bildirişini, Bakıelektrikşəbəkə ASC-nin məktubunu, kassa mədaxil orderini, arayışı təqdim etmişdir. Həmin sübutlardan müəyyən olunur ki, ünvan 2 ünvanındakı yerləşən ümumi sahəsi 30 kv.m olan ticarət obyekti X4 məxsusdur. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Beləliklə, cavabdehlərin atası X1 iddiaçı qarşısında hər hansı öhdəliyinin mövcud olmasını sübut edən dəlillər müəyyən edilməmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mərhum X1 vərəsələri olduğunu, həmçinin qəbul etdikləri miras əmlak barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 270 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar