Məhkəmə qərarları › İş №e-2(011)-193/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-193/2024

15.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-193/2024 15.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh MMC-dən 30 053 manat məbləğində pul vəsaitinin və 181 (yüz səksən bir) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ( bundan sonra İddiaçı) ilə Cavabdeh MMC (bundan sonra Cavabdeh) arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi 2319-21-23 məhəllədə inşa edilən yaşayış binasının 11-ci mərtəbə, 46 saylı mənzili cavabdeh iddiaçıya satır, İddiaçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. Müqaviləyə əsasən, iddiaçı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 136.8 kv.metrdən ibarət olan, 3 otaqlı, 46 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 1301 manat olmaqla, dəyərini 178 000 manat məbləği ödəyir. İşin mübahisə edilməyən halına görə iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş 178 000 manat məbləğdə pul vəsaitini cavabdehə tam ödəmişdir və mənzil iddiaçıya təhvil verilmişdir. İddiaçı 29 noyabr 2019-cu il tarixdə qeyd olunan mənzilə dair reyestrdən çıxarış əldə etmişdir. Çıxarışa əsasən mənzilin ümumi sahəsi 113.70 kv.metr qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, iddia edir ki, cavabdeh müqavilə üzrə mənzilin ümumi sahəsini artıq qeyd etməklə əlavə vəsait əldə etmişdir. Belə ki, müqaviləyə görə mənzili ümumi sahəsi 136.8 kv.metr qeyd edilsə də, reyestrdən çıxarışa əsasən mənzilin ümumi sahəsi 113.70 kv.metrdir. Mənzilin hər kvadrat metri üçün 1301 manat ödənilməsini nəzərə alsaq, İddiaçının 136.8 kv.metrdən 113.70 kv.metri çıxaraq əslində daha az məbləğində pul vəsaitini ödəməsi mövqeyinə gəlirik. Kv.metr arasındakı fərq 23.1 kv.metr edir. Hər kvadrat metr üçün 1301 manat məbləğ ödənildiyini nəzərə alınanda iddiaçı cavabdehdən 30 053 manat məbləğində pul vəsaitini tələb etməsini əsaslı hesab edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il binada mənzil tikintisi haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən podratçı Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23 məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının 11-ci mərtəbəsində, üç otaqlı, 46 saylı saylı mənzilini tikib sifarişçiyə təhvil verilməsinə və sifarişçi öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsinə öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən tikilən mənzilin ümumi yaşayış sahəsinin oxdan oxa 1 kv.m qiyməti “---“ AZN həcmindədir. Müqavilənin ümumi sahəsi 136.8 kv.m-dir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-yə məxsus yaşayış binasının birinci giriş, ümumi sahəsi 136.8 kv.m olan üçotaqlı, 46 saylı mənzilin payçısı X1 tərəfindən mənzilin ümumi pay dəyərindən tam ödənilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319-21-23, mənzil 46 (yeni qaydalar ilə : AZ 1142, ünvan 1 İddiaçı adına qeydiyyata alınmışdır və daşınma zəmlakın ümumi sahəsi (kvadratmetrlər) – 113.70 kv.m-dir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5418 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319-21- 23 inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 46 saylı mənzilin (yeni qaydalarla AZ 1142 ünvan 1 ümumi sahəsinin 117,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319-21-23 inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 11 -c: mərtəbəsində yerləşən 46 saylı mənzilin (yeni qaydalarla AZ 1142 Bakı şəhəri, Xəta rayonu, Qaçaq Nəbi küçəsi, 45, M11, m1) faktiki (naturada) ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 122,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş G-02/24-020 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319-21-23, mənzil 46 (yeni qaydalar ilə : AZ 1142, ünvan 1 ünvanında yerləşən mənzilinin 2019-cu ilə 1 kvadratmetrinin orta bazar dəyəri 1000 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 181 manat manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isəborcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsin podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsaəsn podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cu maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Həmin Qaydaların 3.8-ci bəndinə əsaəsn mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddianın dəlillərini, ekspert və mütəxəssis rəyini, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində müqaviləyə əsasən podratçı Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23 məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının 11-ci mərtəbəsində, üç otaqlı, 46 saylı saylı mənzilini tikib sifarişçiyə təhvil verilməsini, sifarişçi öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsinə öz öhdəsinə götürür. Eyni zamanda müqavilədən görünür ki, müqavilənin qiyməti yazılmamış, lakin müqavilənin ümumi sahəsi 136.8 kv.m qeyd edilmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı cavabdehin podrat müqaviləsi üzrə öhdəliyini tam icra etməməsinə görə dəyən ziyanın ödənilməsini tələb edir. Çünki işin hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış, iddiaçı maliyyə arayışına əsasən mənzilin dəyərini ödəmiş, lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də az verilən sahənin ölçüsünün qiymətinə uyğun zərərin qarşılanmasını tələb edir. İddiaçının bu tələbi qanunidir. Çünki mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə hesab edir ki, cavabdeh mənzili müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur. Belə ki, cavabdeh Mülki Məcəllənin 385 və 442-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh öhdəliyini pozmaqla mənzilləri iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə verməməklə, ona maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onun mülkiyyətinə gözləntisi olan gələcək əmlakından məhrum olmasında ifadə olunur. Müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrində isə qeyd edilir ki zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə olan halda görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir ki, podratçı mənzilin faktiki ümumi sahəsi 136.8 kv.m olan mənzili orta təmirli vəziyyətdə iddiaçıya verməli idi. Yəni, iddiaçı 136.8 kv.m olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzilin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur. Mənzillərin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə isə, məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir. Hazırkı iş üzrə təyin edilmiş məhkəmə ekspertizası ilə müəyyən edilir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319-21-23, mənzil 46 (yeni qaydalar ilə AZ 1142, ünvan 1 ünvanıbda yerləşən mənzilin faktiki (naturada) ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan,həmçinin bayır və ara divarların altı nəzərə alınmadan 122.8 kv.m təşkil edir. Göründüyü kimi iddiaçıya müqavilədə razılaşdırılmış sahədən 14 kv.m (136.8-122.8=14) az mənzil verilmişdir. Məhkəmə tərəfindən Cavabdeh MMC-yə qeyd edilən sahədə inşa edilmiş mənzillərin qiyməti ilə bağlı sorğu verilsə də, məhkəmə sorğusuna cavab verilməmiş və məhkəmə mənzilin kvadratmetrinin qiymətinin müəyyən edilməsi üçün mütəxəssis rəyi almalı olmuşdur. Həmin mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, məhəllə 2319-21-23, mənzil 46 (yeni qaydalar ilə : AZ 1142, ünvan 1 ünvanının 1 kv.metrinin 2019-cu ilə orta bazar dəyəri 1000 manat təşkil edir. Odur ki, qeyd edilən mənzilin 1 kvadratmetrinin 2019-ci il tarixinə qiyməti orta hesabla 1000 manat hesab edilməklə, iddiaçıya əksik verilmiş sahənin qiyməti 14 000 manat (14x1000=14000) müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın dövlət rüsumun cavabdehdən tutulması hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edildiyindən həmin hissəyə mütənasib olaraq 132 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq müəyyən edildiyindən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 14000 (on dörd min) manat məbləğində dəymiş ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 (yüz otuz iki) manat məbləğində pul vəsaiti Cavabdeh MMCdən alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar