Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2054/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlə 11 fevral 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayon Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 97 №-li reyestrlə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan anadan olmuş övladları - xx.xx.2014-cü il təvəllüdlü Tunarın və xx.xx.2017-ci il təvəllüdlü Mədinənin onun yanında saxlanılması və uşaqların 18 yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər bir uşaq üçün 193 manat olmaqla, ümumilikdə - 386 manat pulun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə tərəflər xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 97 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından iki övladları xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşayırlar. Tərəflərə barışmaları üçün 3 ay vaxt verilsə də, barışıq olmamışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində bildirmişdir ki, cavabdehlə birgə nikahlarından iki övladları var. Ailə qurduqdan sonra bir qədər ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra aralarında olan ailə münasibətləri pisləşməyə başlamışdır. Xasiyyətləri bir-birinə uyğun gəlməmiş və aralarında tez-tez münaqişələr yaranmışdır. Son zamanlar münasibətləri daha da pisləşdiyindən ər-arvad münasibətləri kəsmişdir. Xasiyyətləri uyğun gəlmədiyindən və faktiki olaraq ailə münasibətləri kəsildiyindən nikahı qoruyub saxlamaq və onları normal ər-arvad münasibətlərinə qaytarmaq mümkün deyildir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. İşin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh faktiki olaraq ayrı yaşayırlar. Onlar ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq mövcud olan tərəflərin nikahlarının davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. İddia digər tərəfdən nikahın pozulması hissəsində ona görə təmin edilməlidir ki, tərəflərə barışmaları üçün vaxt təyin edilmiş, onlar təyin edilmiş müddət ərzində barışmamışlar. Hazırda isə iddiaçı nikahın pozulmasını təkid edir. Azərbaycan Respublikası AM-nin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan, habelə tərəflərə barışmaları üçün təyin edilmiş müddət ərzində tərəflər barışmadıqlarından və hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyindən, iddia nikahın pozulması hissəsində təmin edilərək, tərəflərin nikahları pozulmalıdır. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında qalmalıdırlar. Belə ki, Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. İşin qeyd edilən hallarına, adı çəkilən müddəalara əsasən, eləcə də tərəflərin birgə nikahından doğulmuş uşaqların hal-hazırda iddiaçının yanında olmalarını, uşaqların kiçik yaşlarında olmasını, yetkinlik yaşına çatmayan uşaqların anasının yanında saxlanılmalarına maneə ola biləcək halların müəyyən edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, uşaqların faktiki vəziyyətə uyğun olaraq iddiaçının yanında saxlanılmaları daha məqsədəuyğundur. Məhkəmə, həmçinin hesab edir ki, iddia alimentin tutulması hissəsində də təmin edilməlidir. Ailə Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan başqa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti hazırkı mülki iş üzrə qətnamənin qəbul edildiyi gündən, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır, belə ki, iddiaçının ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(011)-276/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının xeyrinə cavabdehdən müvvəqqəti aliment tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində 97 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 Kərimə Əzim qızının yanında saxlanılsınlar. xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-2054/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2054/2022
23.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver