Məhkəmə qərarları › İş №e-2(011)-2078/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2078/2023

16.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2078/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1 qızının, İddiaçının nümayəndəsi X1, Cavabdeh "xxxx" MTK-nın vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçıl İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və X4 qarşı “yüksək mərtəbəli yaşayış binasının avtomobil daynacağındakı dayanavaq yerinə hüquqların bərpa edlməsi və digər” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Babək prospekti 15 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş 103 saylı avtomobil dayanacağı (Bundan sonra – Dayanacaq yeri) 2018-ci ildən etibarən iddiaçının istifadəsində olmuşdur. Dayanacaq yeri əvvəl iddiaçının qohumu (bacısı) X2 məxsus olmuş və bu barədə ona xx.xx.2009-cu il tarixli Maliyyə arayışı verilmişdir.

2. xx.xx.2018-ci il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında xidmət müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən "xxxx" MMC Dayanacaq yerinə müqaviləyə 1 saylı Əlavənin 1,2 və 3-cü bəndlərində göstərilən xidmətlərin göstərilməsini, iddiaçı isə həmin xidmət qarşılığında hər ay 100 manat məbləğində xidmət haqqını ödəməyi öhdəsinə götürmüş və mübahisə yaranan 2023-cü ilin əvvəllərinədək tərəflər arasındakı münasibət davam etmişdir.

3. 01.01.2023-cü il tarixdən Dayanacaq yerinə xidmət göstərilməsi ilə bağlı hüquq və vəzifələr "xxxx" MTK-ya verilmiş və bununla bağlı iddiaçıya da yazılı məlumat göndərilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

4. İddiaçı son olaraq məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməhə müraciət edərək Dayanacaq yerinə hüquqlarının bərpa edilməsi vəzifəsinin həmin avtodayanacağın (parkinqin) yerləşdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X4 həvalə edilməsi, həmin dayanacaqdan istifadə etməyinə cavabdehlər "xxxx" MMC və "xxxx" MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması, 27 aprel 2018-ci il tarixli HM-ARMM 2 HUQ101-000157 saylı müddətsiz Xidmət Müqaviləsinə əsasən 2800 manat məbləğində artıq alınmış vəsaitin cavabdeh "xxxx" MMC-dən və mənəvi ziyana görə 3000 manatın cavabdehlər "xxxx" MMC və “Güvənli- Servis Management” МТК-dan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC-nin (əvvəlki adı Yeni Həyat BB Kompleksi MTK) Bakı şəhəri, Xətai rayonu, Nobeprospekti 15 ünvanında inşa etdiyi yaşayış binasında sahəsi 237,6 kv.metr olan 88 saylı mənzilə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzil ilkin olaraq dəyəri tərəfindən ödənilməklə cavabdehlə bacısı X5 arasında bağlanılmış müqaviləyə əsasən bacısının adında olmuş, sonradan onun adına keçirilmiş və daşınmaz əmlakın dövlət reyesterində mülkiyyət hüququ ilə adına qeydiyyata alınmışdır. Həmin mənzil alınarkən yaşayış binasının avtomobil dayanacağında 1 (bir) avtomobil yeri də dəyəri tam ödəniməklə bacısının adına alınmış və bu barədə "xxxx" MTK-nın sədri və baş mühasibi tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş xx.xx.2009-cu il tarixli 15 saylı maliyyə arayışı verilmişdir. Həmin vaxt ünvanı ünvan 3ə köçdükdən sonra qeyd edilən avtodayanacaqla bağlı "xxxx" MMC ilə aralarında 27 aprel 2018-ci il tarixli HM-ARMM 2 HUQ101-000157 saylı Xidmət Müqaviləsi bağlanıldı. Müqavilənin 1-ci bəndində göstərilir ki, “Xidmət göstərən” müqavilənin “2 saylı Əlavə”sində qeyd olunan avtodayanacaq sahəsində (bundan sonra “parkinq” adlanacaq) sifarişə uyğun sayda minik nəqliyyat sahəsinin saxlanması üzrə “1 saylı Əlavə”sində qeyd olunan xidmətləri göstərmək, bunun qarşılığında Müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını Xidmət göstərənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 10-cu bəndinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tarixinə qədər qüvvədədir. Müqavilə tarixi qurtardıqda, tərəflər müqavilə şərtlərini icra etməyə davam etdikləri təqdirdə, müqavilə eyni müddətə uzadılmış hesab olunacaq. Həmin Xidmət Müqaviləsinə “2 saylı Əlavə”nin birinci bəndində göstərilən xidmətin ünvanı Bakı şəhəri, Nobel prospekti 15, tipi qaraj avtomobil dövlət nömrəsi **-HB-***. Sayı 1 göstərilmişdir. “2 saylı Əlavə”nin 2-ci bəndində müqavilə üzrə müştəri xidmət haqqı barədə məlumata dair göstərilir: aylıq parkinq xidməti, qiymət- 100 manat, başlama xx.xx.2018-ci il. “2 saylı Əlavə”nin 4-cü bəndində göstərilir ki, bu Əlavə imzalandığı andan hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Müqavilə bağlanan vaxtdan hal-hazıra kimi avtodayanacaqdan (parkinqdən) heç bir maneə olmadan istifadə etmiş və hər ay 100 manat xidmət haqqını ödəmişdir. Keçən ilin oktyabr ayının axırlarında, dayanacağa nəzarət edən şəxs tərəfindən şifahi olaraq ona bildirilmişdir ki, avtodayanacaq Türkiyə vətəndaşına satılıb və onlar dayanacaqda xidmət haqqını artırıblar. Bundan sonra hər ay 200 manat ödəməli olacaqdır. O, buna tam etiraz etmiş və tam dəyərini ödədiyi parkinq yerinə görə müqavilə üzrə xidmət haqqı 100 manat müəyyən edildiyi və müqavilə qüvvədə olduğu halda ayda 200 manat xidmət haqqı ödəməyəcəyini bildrmişdir. Eyni zamanda, tərəfindən cavabdeh “X6” MMC-nin rəhbərliyinə xx.xx.2022-ci il tarixli bildirişlə müraciət etmiş və həmin müraciətdə yuxarıda qeyd edilənlər barədə ətraflı məlumat vermişdir. Hazırda qüvvədə olan xx.xx.2018-ci il tarixli Xidmət Müqaviləsi bağlanan ərəfədə tərəfindən tam dəyəri ödənilməklə mülkiyyəti hesab edilən dayanacaqda müqavilə əsasında minik avtomobilini aylıq 100 manat ödənişlə saxlamağı barədə razılaşmaqla həmin dayanacağın əvəzinə ona yaşadığı evdən nisbətən uzaqda olan digər binadaki dayanacaqda 2 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin verilməsi vəd edildi və həqiqətən də bu barədə ona 06 sentyabr 2017-ci il tarixli PA-MA-170906-130 və PA-MA-170906-131 saylı Maliyyə Arayışları verilərək "xxxx" MTK-nın ünvan 5 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində 13 və 14 saylı qeyri-yaşayış sahəsinin (avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş) verilməsi və buna görə "xxxx" MTK-ya borcumun olmaması göstərilmişdir. Avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş həmin qeyri-yaşayış sahələrinə dair onun adına Maliyyə Arayışı verilsə də, faktiki olaraq qeyriyaşayış sahələri (qarajlar) ona təqdim edilməmişdir və bu illər ərzində həmin qarajlardan kimlərin istifadə etməsi barədə məlumatı yoxdur. Qeyri-yaşayış sahələrini (avtomobil üçün qarajları) özəlləşdirmək üçün ona müvafiq sənədlər verilməyib, hazırda isə dəyəri onun tərəfindən tam ödənildiyi qeyri-yaşayış sahələri ilə bağlı alqı-satqı etmək təklif olunur. O, həmin qeyri-yaşayış sahələrini faktiki olaraq qəbul etməmiş, istifadə etməmiş və hazırda ünvan 6 ünvanında yerləşən "xxxx" MMC-nin yaşayış binasında yerləşən ona məxsus avtodayanacaqdakı parklanma yerinə hüquqlarının bərpa edillməsini və həmin yerdən istifadəyə törədilən maneələrin aradan qaldırılmasını istəyir. Barışıq sazişi hazırlanarkən məlum olmuşdur ki, mübahisəli avtodayanacaq (parkinq) və təklif edilən dayanacaq yeri X3 mülkiyyətindədir. Həmin ünvaııdakı qeyri-yaşayış sahəsinin X3 mülkiyyətində olması ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 09.01,2023-cii il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla təsdiq olunur.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazda qeyd etmişdir ki, Dayanacaq yerinə iddiaçının nə mülkiyyət hüququ, nə də istifadə hüququ vardır. İddia ərizəsində mübahisəli dayanacaq yerinə mülkiyyət hüququnun və ya istifadə hüququnun olmasını təsdiq edən sənədi əlavə etməmişdir. Mülkiyyət hüququnun olmadığı dayanacaq yerinə mülkiyyət hüququnun tanınması barədə iddia tələbi təmin oluna bilinmədiyinə görə iddiaçıya hər hansısa bir maddi və ya mənəvi zərərin ödənilməsindən söhbet belə gedə bilməz. İddiaçının iddia tələbinin əsası kimi iddia ərizəsinə əlavə etdiyi 15 nömrəli, xx.xx.2009-cu il tarixli Maliyyə arayışını və HM-ARMM2HUQ101-000157 nömrəli, xx.xx.2018-ci il tarixli Müqaviləni əsas götürür. İddiaçının iddia tələbinin hüquqi əsası kimi göstərdiyi 15 nömrəli, xx.xx.2009-cu il tarixli Maliyyə arayışında mübahisəli dayanacaq yerinin sahibi kimi başqa şəxs, X5 göstərilmişdir. İddia ərizəsinə əlavə etdiyi maliyyə arayışında mübahisəli, 103 saylı dayanacaq yerinin özünün olmadığını təsdiq edir. xx.xx.2009-cu il tarixli Maliyyə arayışı mövcud deyildir, hüquqi əsası yoxdur. Çünki mübahisəli, 103 saylı dayanacaq yerinin sahibi başqa şəxsdir. İddiaçının iddia tələbinin hüquqi əsası kimi göstərdiyi HM- ARMM2HUQ101-000157 nömrəli, xx.xx.2018-ci il tarixli Müqavilə iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmışdır. Həmin müqavilənin 1 saylı əlavəsində iddiaçıya göstərilən xidmətlərin dairəsi əks olunmuşdur. Qeyd edilən xidmətlərə görə iddiaçı "xxxx" MMC-ə Müqavilənin 2 saylı Əlavəsinə uyğun olaraq 100 manat aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür. Göründüyü kimi qeyd edilən müqaviləyə əsasən "xxxx" MMC iddiaçının iddia etdiyi kimi ona binada dayanacaq yeri ilə təmin etmir, Müqaviləyə əsasən də üzərinə belə bir öhdəlik götürməmişdir. Çünki 15 saylı binanın dayanacaq yerlərinin öz sahibləri vardır. Həmin şəxslərin icazəsi olmadan hər hansısa dayanacaq yerinin 3-cü şəxsin istifadəsinə verməsi ilə bağlı Cavabdeh2 MTK-nın səlahiyyəti yoxdur. Cavabdeh2 MTK sadəcə binanın idarə edilməsini həyata keçirir, həmçinin dayanacaq yerlərində həmin dayanacaq yerlərinin sahiblərinin və ya mülkiyyətçilərinin icazəsi ilə öz şəxsi avtomobillərini saxlayan şəxslərə xidmətləri həyata keçirir. Hansı ki, bu xidmətlər iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış HMARMM2HUQ101-000157 nömrəli, xx.xx.2018-ci il tarixli Müqavilədə göstərilmişdir. İddiaçı başqa şəxsin mülkiyyətində və ya istifadəsində olan mübahisəli dayanacaq yerində dayanacaq yerinin sahibinin icazəsi olmadan avtomobil saxlaya bilməz. Cavabdeh1 MMC artıq mübahisəli binada dayanacaqların istifadəsi ilə bağlı xidmətləri həyata keçirmir.

7. Digər cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əgər dayanacaq yeri iddiaçının sahibliyində olmasa idi, onunla heç bir xidmət müqaviləsi bağlanmaz idi.

9. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, keçən ilin oktyabr ayında artıq bu problemlər yaranmağa başlayanda onlar "xxxx" MMC-yə müraciət etdilər, razılıq əldə olunmağa çalışıldı, ancaq qarşı tərəf razılaşmadı. Mənzil də, avtodayanacaq da əvvəlllər iddiaçının bacısının adına olub, sonradan iddiaçının adına keçib. 103 saylı dayanacaq yeri isə əvvəl iddiaçının olub, sonra ona bildiriblər ki, həmin avtodayancağın əvəzinə iddiaçıya başqa binadan 2 ədəd dayanacaq yeri versinlər. Ancaq iddiaçı razılaşmayıb, ona görə də hazırki problemlər yaranıb. Dayanacaq yeri onlara verilmədiyindən hazırda ailə üzvləri ciddi çətinlik çəkirlər.

10. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi iddia ərizəsinə yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

12. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.

13. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

14. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

20. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

21. Tərəflər arasındakı mübahisə Dayanacaq yerinin istifadəsi ilə bağlı yaranmışdır.

22. İşni faktiki halalrından da göründüyü kimi, tərəflər arasında mübahisəli Dayanacaq yerinin iddiaçının istifadəsinə verilməsinə dair yazılı müqavilə mövcud olmasa da, Dayanacaq yeri tərəflər arasında mübahisə yaranan vaxtadək faktiki olaraq iddiaçının istifadəsində olmuşdur. Bu hal həm tərəflərin izahatları ilə, həm də iş materiallarında olan sübutlarla müəyyən edilir. Belə ki, iş materiallarında olan iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 2 saylı Əlavəsinin 1-ci bəndində Dayanacaq yeri barədə məlumat verilərkən “müştərinin mülkiyyətində və ya qanuni istifadəsində olan qeyri-yaşayış sahəsi” ifadəsi qeyd edilmişdir. Sözügedən müqavilə hazırda da qüvvədədir.

23. Yuxarıda qeyd edilən müddəalardan da göründüyü kimi, istifadə hüququ anlamında əmlakdan onun təbii xassələrindən fayda götürmək imkanı əmlakın faktiki sahibliyə verilməsi yolu ilə həyata keçirilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı 2018-ci il tarixdən Dayanacaq yerindən mütəmadi istifadə etmiş, dayanacağa xidmət göstərilməsi ilə bağlı qeyd edilən müqavilə ilə razılaşdırılmış xidmət haqqını da ödəmişdir. İşin mübahisə edilməyən bu halı onu deməyə əsas verir ki, Dayanacaq yeri iddiaçının istifadə üçün sahibliyinə verilmişdir. Həmin yerin istifadə edilməsində əsas məqsəd isə iddiaçının avtomobilinin saxlanılması olmuşdur.

24. Lakin uzun müddət istifadə edilməsinə baxmayaraq cavabdehlər tərəfdən heç bir səbəb göstərilmədən iddiaçı Dayanacağa buraxılmamış və bununla da onun istifadə hüquqları pozulmuşdur.

25. Eyni zamanda, iş materiallarında olan "xxxx" MTK tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən də müəyyən olunur ki, iddiaçı mübahisəli Dayanacaq yerindən təyinatı üzrə istifadə etmiş, hətta xidmətdən istifadəyə görə borcun ödənilməsini də tələb etmişlər.

26. Məhkəmə qeyd edir ki, iddiaçının Dayanacaq yerinə istifadə hüquqlarının bərpa edilməsi digər tərəfdən həm də ona görə önəmlidir ki, iddiaçı Dayanacaq yerinin yerləşdiyi yaşayış binasındakı 15 saylı evin 88 saylı mənzilinin mülkiyyətçisi olmaqla həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçının avtodayanacaq yerindən istifadəsinə maneə yaradılması onun Mənzilindən istifadə hüququna da maneələr yaratmış olur. Belə ki, iddiaçı hər dəfə avtomobilini daha uzaq məsafədə yerləşən dayanacaqda saxlayaraq, mənzilinə piyada və ya digər nəqliyyat vasitələrindən istifadə etməklə getmək məcburiyyətində qalır. Baxmayaraq ki, məhkəmə diqqətə çatdırır ki, yüksəkmərtəbəli yaşayış binalarının zirzəmilərindəki avtodayanacaq yerləri ilk öncə həmin yaşayış binasında yaşayan sakinlərin avtomobillərinin saxlanılması və mühafizəsi üçün nəzərdə tutulmuşdur.

27. Məhkəmə Cavabdeh2 MTK-nın nümayəndəsinin iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, Dayanacaq yerinə dair mülkiyyət hüquqlarının iddiaçıya məxsus olmaması Dayanacaq yerindən istifadəyə yaradılmış maneələrə son qoyulmasını məhkəmə qaydasında tələb etməyi istisna etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olnumuşdur ki, Dayanacaq yeri Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışa əsasən Babək Babayevin mülkiyyətində olsa da, (baxmayaraq ki, iddiaçı tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizədə həmin Çıxarışın etibarlılığı da mübahisələndirilsə də, ərizə mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən məhkəmə tərəfindən geri qaytarılmışdır) Dayanacaq yeri faktiki olaraq iddiaçının istifadəsində olmuş, hər iki cavabdeh isə bunu təkzib edəcək heç bir sübut məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır.

28. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilərək, iddiaçının Dayanacaq yerindən istifadə hüquqlarının bərpası vəzifəsi onun mülkiyyətçisi Babək Babayevə, iddiaçının Dayanacaq yerindən istifadəsinə yaradılmış maneələrə son qoyulması vəzifəsi isə "xxxx" MMC-nə və "xxxx" MTK-na həvalə edilməlidir.

29. Məhkəmə iddiaçının 2800 manat məbləğində artıq alınmış vəsaitin "xxxx" MMC-dən tutulması barədə iddiasına münasibətdə bildirir ki, iddia həmin hissədə təmin edilə bilməz.

30. Belə ki, iddiaçı 2800 manat məbləğində pul vəsaitinin artıq ödənilməsini iddia edərkən o dəlilə əsaslanmışdır ki, avtodayanacağa göstərilən xidmətlər üçün digər sakinlər tərəfindən 50 manat xidmət haqqı ödənildiyi təqdirdə iddiaçı tərəfindən 100 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. Lakin iddiaçı bu dəlilini, yəni, nə başqa sakinlərlə eyni xidmətlərin göstərilməsi müqabilində daha az məbləğdə xidmət haqqının ödənilməsi şərtilə bağlanmış xidmət müqaviləsini, nə də bunu təsdiq edəcək digər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

31. Məhkəmə hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməməlidir.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

33. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

34. İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində hər hansı əzab və iztirab keçirməsini, sarsıntıya məruz qaldığı halları da sübut edə bilməmiş, ümumiyyətlə, ona mənəvi zərərin vurulduğunu göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. ünvan 7 ünvanındakı yüksək mərtəbəli yaşayış binasında yerləşən avtodanayacaqdakı (parkinqdəki) 103 saylı dayanacaq yerinə İddiaçı istifadə hüquqlarının bərpa edilməsi vəzifəsi X4 həvalə edilsin ünvan 7 ünvanındakı yüksək mərtəbəli yaşayış binasında yerləşən avtodanayacaqdakı (parkinqdəki) 103 saylı dayanacaq yerindən İddiaçı istifadəsinə "xxxx" MMC və Cavabdeh2 MTK tərəfindən yaradılan manelər aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar