Məhkəmə qərarları › İş №e-2(011)-208/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-208/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-208/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu Telnov küçəsi ev 18A, 103 saylı mənzilə vurulmuş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən sığortalı İsmayılov Mehman Sirəcəddin oğluna ödənilmiş 823 manat sığorta ödənişi, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu 1 manat bank xidməti haqqı, cəmi 854 manat pul məbləğinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 25.02.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi A.İ.Əyyubov ərizə təqdim edərək "xxxx" ASC ilə İddiaçı2 X2 arasında 08.09.2021-ci il tarixli 1 saylı müqaviləyə əsasən LPO "xxxx" ASC-yə məxsus subroqasiya qaydasında tələb hüququ İddiaçı2 İKF-yə ötürüldüyünü nəzərə alaraq iddiaçı "xxxx" ASC-nin İddiaçı2 İKF ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.İ.Əyyubov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, LPO "xxxx" ASC ilə İsmayılov Mehman Sirəcəddin oğlu arasında 08.08.2018-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və Pİ–0817/18 №-li şəhadətnamə üzrə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A-da yerləşən 103 saylı mənzil 3 (üç) il müddətinə 50.000 (əlli min) manat məbləğində qismən sığortalanmışdır. 10.10.2019-cu il tarixdə sığortalanmış mənzilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, 105 saylı mənzildən su axıdılmış və nəticədə sığortalanmış mənzilin mətbəx, hamam, tualet, yataq, qonaq otağının tavanına maddi ziyan dəymişdir. Sığortalının etibarnamə üzrə nümayəndəsi X1 17.02.2020-ci il tarixdə cəmiyyətə ərizə ilə müraciət edərək sığortalanmış mənzilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, 105 saylı mənzildən su axıdılmasını bildirmiş və dəymiş ziyanın aradan qaldırılmasını xahiş etmişdir. "xxxx" ASC-nin 10.10.2019-cu il tarixli baxış aktına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, 103 saylı mənzilə həqiqətən yuxarı mərtəbədən, yəni mənzil 105-dən su axıdılıb və bunun nəticəsində mənzilə maddi ziyan dəymişdir. Bundan başqa 148 saylı MTK tərəfindən tərtib edilmiş 25.03.2020-ci il tarixli Akta əsasən sığortalanmış mənzilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, 105 saylı mənzildən su axıdılmış, nəticədə sığortalı mənzilə maddi ziyan dəymişdir. "xxxx" MMC-nin 27.04.2020-ci il tarixli rəyinə əsasən sığortalı mənzilə dəymiş zərər 1116,3 (bir min yüz on altı manat 30 qəpik) manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, 103 saylı mənzilin təmiri məqsədilə hesablanmış 1116,3 manat pul qismən sığorta halında (76%) 823 (səkkiz yüz iyirmi üç) manat müəyyən edilməklə sığortalı İsmayılov Mehman Sirəcəddin oğluna ödənilmiş və bu ödəniş 02.06.2021-ci il tarixli, 1635 №-li ödəniş tapşırığında öz əksini tapmışdır. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, 103№-li mənzilə vurulmuş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən sığortalı İsmayılov Mehman Sirəcəddin oğluna ödənilmiş 823 manat sığorta ödənişi, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidməti haqqı, cəmi 854 manat pul məbləğinin Cavabdeh iddiaçının xeyrinə tutulması zəruridir. Sonda A.İ.Əyyubov iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdır. 17.09.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş, məhkəməyə yazılı ərizə ilə müraciət edərək sığortalanmış mənzilə dəymiş zərərin səbəbinin müəyyən olunması, eləcə də dəymiş zərərin mənzilin hansı hissələrində olması, dəymiş zərərin aradan qaldırılması üçün nə qədər vəsaitin xərclənməsi, zərərin nə zaman dəyməsi və zərərin nə zaman aradan qaldırılması məqsədilə məhkəmə ekspertizasının keçirilməsini xahiş etmişdir. Cavabdeh 11.03.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 1635 saylı, 02.06.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Pİ 0817/18 saylı sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən İsmayılov Mehman Sirəcəddin oğluna 823,32 manat pul ödənilmişdir. İş materiallarında olan ƏS 000017/21 nömrəli 20.04.2021-ci il tarixli “Sığorta aktı”-ın surətindən görünür ki, 823,32 manat məbləğində sığorta ödənişi köçürmə yolu ilə 02 iyun 2021-ci il tarixdə İsmayılov Mehman Sirəcəddin oğluna ödənilmişdir, barəsində reqres tələb sürülməli olan şəxs kimi Əliyev İdris göstərilmişdir. İş materiallarında olan 27.04.2020-ci il tarixli Əmlaka dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı rəydən görünür ki, qiymətləndirilən əmlakın sahibi İsmayılov Mehman Sirəcəddin oğlunun Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 18A, 103 saylı mənzilinə dəymiş zərərlə bağlı təmir-bərpa xərclərinin məbləği 1116 manat təşkil edir. İş materiallarında olan 148 saylı MTK-nın sədri tərəfindən imzalanmış 25.03.2020-ci il tarixli aktdan görünür ki, Xətai rayonu, Telnov küçəsi 18A (Lütfüzadə küçəsi) 103 saylı mənzildə yaşayan Bağırova Gülnarənin şikayətinə baxış keçirilmiş və aşkar olunmuşdur ki, üst mərtəbədə Əliyev İdrisə məxsus 105-ci mənzildən su axıdılmış və nəticədə mətbəx, hamam, tualet, yataq, qonaq otağının tavanı, divarlar, oboylar su axıntısına məruz qalmış, mənzilin əsaslı təmirə ehtiyacı vardır. İş materiallarında olan 08.08.2018-ci il tarixli Əmlak sığortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" ASC ilə İsmayılov Mehman Sirəcəddin arasında bağlanan müqaviləyə əsasən ünvan 1 ünvanı sığortalanmışdır, sığorta təminatının başlanğıc tarixi 28.09.2018-ci il, bitmə tarixi 27.09.2021-ci ildir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı2 X2 arasında 08.09.2021-ci il tarixli 1 saylı müqavilə bağlanmışdır, həmin müqavilə üzrə LPO "xxxx" ASC-yə məxsus subroqasiya qaydasında tələb hüququ İddiaçı2 İKF-yə ötürülmüşdür. İş materiallarında olan 13 yanvar 2022-ci il tarixli “Tədqiqat obyektinə baxışın nəticələrinə dair tərtib olunmuş” Aktdan görünür ki, tədqiqat obyektinə baxışda Cavabdeh iştirak etmiş, iddiaçı iştirak etməmişdir, tədqiq olunan 103 №-li mənzilin qapısı bağlı olduğundan və iddiaçının nümayəndəsi baxışda iştirak etmədiyindən qərardadla qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanan 14 yanvar 2022-ci il tarixli 10/6923 №-li məktuba əlavə edilmiş “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi” barədə Məlumatdan görünür ki, Məhkəmə tərəfindən tədqiqat obyektinə baxış keçirilməsi 13 yanvar 2022-ci il tarixə təyin edilmiş, iddia tərəf məhkəmə binasına gəlmədiyindən, tədqiq olunan mənzilin qapısı bağlı olduğundan həmin mənzilə baxış keçirilməsi və qərardadla ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İsmayılov Mehman Sirəcəddin oğluna məxsus Bakı şəhəri Xətai rayonu Telnov küçəsi ev 18A, 103 saylı mənzil "xxxx" ASC tərəfindən sığortalanmışdır, "xxxx" ASC tərəfindən sığortalı İsmayılov Mehman Sirəcəddin oğluna sığorta ödənişi kimi 823 manat ödənilmişdir, həmin məbləğ Cavabdeh tələb edilir, hazırda "xxxx" ASC ilə İddiaçı2 X2 arasında bağlanmış müqaviləyə əsasən tələb hüququ İddiaçı2 İKF-yə keçmişdir, sığorta aktı üzrə reqres tələb sürülməli olan şəxs kimi Əliyev İdris göstərilmişdir, məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, cavabdeh iştirak etsə də, iddiaçının nümayəndəsi tədqiqat obyektinə baxışda iştirak etməməsi səbəbindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Bununla belə, Cavabdeh mülki hüquq məsuliyyətinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, cavabdeh iddia tələbini etiraf etməməklə iş üzrə mənzilə dəymiş zərərin səbəbinin müəyyən olunması, dəymiş zərərin mənzilin hansı hissələrində olması və aradan qaldırılması üçün nə qədər vəsaitin xərclənməsi və s. məsələlərin müəyyən olunması məqsədəilə ekspertiza təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etdiyindən, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin və tədqiqat obyektinə baxış keçirilməsinin mümkün olmamasının bilavasitə iddiaçı ilə bağlı olduğundan, iddia tələbi, bilavasitə iddiaçının sübutetmə yükündən asılı olaraq təqdim edilmiş ilkin sübutların məcmusu əsasında qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 148 saylı MTK-nın sədri tərəfindən təsdiq edilmiş və birtərəfli qaydada tərtib olunmuş aktda Cavabdeh hər hansı bir hüquqa zidd əməlinin olması, habelə onun əməli ilə 103 nömrəli mənzilə vurulmuş zərər arasında səbəbli əlaqə olduğu göstərilməmişdir. İş materiallarına əlavə olunmuş “əmlaka dəymiş zərərin qiymətləndirilməsi barədə” rəyin kserosurəti, onu tərtib edən "xxxx" MMC tərəfindən deyil, iddiaçı tərəfindən təsdiq olunmuş, həmin rəyin əsli isə (və ya onu tərtib etmiş orqan tərəfindən təsdiq olunmuş surəti) məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, həmin Rəy 103 saylı mənzilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı olmaqla cavabdehin mülki hüquqi məsuliyyətinə əsas verən halları özündə ehtiva etmir. Belə olan halda məhkəmə hesab edir ki, həmin sübutlar iddia tələbinin təmin olunması üçün məhkəmə tərəfindən mötəbər sübutlar kimi nəzərə alına bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının “Bakı şəhəri Xətai rayonu Telnov küçəsi ev 18A, 103 saylı mənzilə vurulmuş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən sığortalı İsmayılov Mehman Sirəcəddin oğluna ödənilmiş 823 manat sığorta ödənişi, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu 1 manat bank xidməti haqqı, cəmi 854 manat pul məbləğinin Cavabdeh iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı2 İKF-nin “Bakı şəhəri Xətai rayonu Telnov küçəsi ev 18A, 103 saylı mənzilə vurulmuş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən sığortalı İsmayılov Mehman Sirəcəddin oğluna ödənilmiş 823 manat sığorta ödənişi, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu 1 manat bank xidməti haqqı, cəmi 854 manat pul məbləğinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə” iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar