Məhkəmə qərarları › İş №e-2(011)-2081/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2081/2023

20.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2081/2023 20.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi əmlakdakı payın naturada bölgüsü, mümkün olmadıqda kompensasiya tələbi, mümkün olmadıqda açıq hərracda satılaraq paylara mütənasib bölünməsi” barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1022 K saylı bağ sahəsinin naturada bölgüsü, naturada bölgü mümkün olmadıqda, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1022K saylı bağ sahəsinin kompensasiya pulunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, cavabdeh kompensasiya ödənilməsinə razı olmadıqda, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1022K saylı bağ sahəsinin açıq hərracda satılaraq satış pulunun tərəflər arasında paylarına uyğun bölgüsü barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1022K saylı bağ sahəsinin üzərində İddiaçı ½ hissədə, ½ hissədə isə Cavabdeh pay hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən xx.xx.2021-ci il tarixli çıxarış ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1022K saylı bağ sahəsi üzərində hər iki tərəfin pay hüququ tanınmışdır. Həmçinin qeyd etmişdir ki, iddiaçı bağ sahəsinin bölünməsi, ondan payın ayrılması və pul kompensasiyanın verilməsi ilə əlaqədar cavabdehlə razılığa gələ bilməmişlər. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili izahatında bildirdi ki, sözügedən bağ sahəsinin ½ hissəsinə dair iddiaçı tərəfindən 50.000 manat pul ödənilmişdir. Belə ki, iddiaçı artıq nəsə istəmir, kompensasiyaya münasibətdə sadəcə torpağın alğı-satqısı üçün sərf etdiyi 50.000 manat pulu istəyir. Lakin cavabdeh tərəfindən təklif olunan məbləğ sözügedən sahənin real dəyərini əks etdirmir və həmin kompensasiya ilə razı deyillər. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini bildirdi və məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Həmçinin cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili izahatında bildirdi ki, həmin bağ sahəsində tikilmiş ev cavabdeh tərəfindən tikilmiş və ona məxsusdur, iddiaçı tərəfin yalnız bağ sahəsinə münasibətdə pay hüququ mövcuddur. Belə ki, sözügedən bağ sahəsinin hazırkı bazar dəyərinə və iddaçının payına münasibətdə iddiaçı tərəfə payının alınması ilə bağlı 7.000 manat kompensasiya təklif edirlər. İş materiallarına əlavə olunmuş orderlər və etibarnamələrdən görünür ki, Vəkil1 İddiaçı, Vəkil2 isə Cavabdeh nümayəndələri və vəkilləridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1022K saylı bağ sahəsi ½ hissədə Cavabdeh, ½ hissədə isə İddiaçı məxsusdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə Tikinti-Texniki Ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/1983 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1022K saylı bağ sahəsinin mülkiyyətçilərin paylarına müvafiq naturada bölünməsinin Məhkəmə Tikinti-Texniki Ekspertizasının həlli metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, qeyd edilən əmlaklar ümumi paylı mülkiyyətdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220.1, 220.2 və 220.3-cü maddələri) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilən Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Hazırkı iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli bağ sahəsiə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağ sahəsinin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia ərizəsinin iddiaçının ona aid payının cavabdeh tərəfindən alınmasına dair hissəsinə qiymət verərək hesab edir ki, məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi və vəkili tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə məhz sözgedən bağ sahəsində iddiaçının mövcud payına münasibətdə 7.000 manat kompensasiya təklif etmişdir. Lakin iddiaçının nümayəndəsi və vəkili həmin kompensasiya məbləği ilə razılaşmayaraq iddiaçı tərəfindən sözügedən payın alınmasına 50.000 manat pul sərf edildiyini və cavabdeh tərəfindən təklif olunan kompensassiya məbləğinin həmin sahənin bazar dəyərinə uyğun olmadığını bildirmişdir. Beləliklə, məhkəmə hazırkı iş üzrə tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa əməl etmişdir. Belə ki, mübahisəli bağ sahəsinə münasibətdə nə qədər ki, sözügedən sahənin tərəflərin paylarına münasibətdə naturada bölgüsü texniki cəhətdən mümkün deyil və həmçinin hazırda iddiaçının bağ sahəsindən payına münasibətlə cavabdehlə aralarında kompensasiya məbləği ilə bağlı hər-hansı razılıq olmamışdır, belə olan təqdirdə məhkəmə hesab edir ki, mübahisəli bağ sahəsilər açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflərin paylarına müvafiq olaraq onların arasında bölünməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, cavabdehdən 100 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1022K saylı bağ sahəsi açıq hərracdan satılsın. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1022K saylı bağ sahəsininin satılmasından əldə edilən vəsaitin ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh verilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar