Məhkəmə qərarları › İş №e-2(011)-212/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-212/2022

17.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-212/2022 17.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh1 MTK-nın nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh1 MMC-yə qarşı “sənədlərin verilməsi öhədliyinin qoyulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh1 MMC-yə qarşı “sənədlərin verilməsi öhədliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 27 fevral 2014-cü il tarixdə “İcraçı” Cavabdeh1 MMC ilə “investor” onun arasında 09 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” ünvan 1 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının İ blokunda, X mərtəbədə 40 saylı mənzili müqavilənin şərtlərinə və inşaat norma və qaydalarına uyğun olaraq “İnvestora” təqdim edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən mənzil 3 otaqdan ibarətdir və ümumi sahəsi 163.6 kv.m-dir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən binanın tam təhvil verilməsi 2016-cı ilin İV rübünədək nəzərdə tutulur. Müqavilənin 3.2 və 3.3-cü bəndinə əsasən mənzilin hər kv.m-nin dəyəri (ƏDV ilə birlikdə) 950 AZN, ümumi 155420 AZN təşkil edir. İlk ödəniş 50000 AZN olmaqla, “İnvestor” tərəfindən müqavilə imzalandığı andan həyata keçirilir. Müqaviləyə əlavə edilmiş cədvəl, Cavabdeh1 MTK tərəfindən ona ünvanlanmış 02 saylı, 23 fevral 2021-ci il tarixlivə 07 saylı, 14 aprel 2021-ci il tarixli məktublardan görünür ki, müqavilə üzrə öhdəliyini 16 iyul 2015-ci il tarixdə artıqlaması ilə, yəni 155420 AZN əvəzinə 156557 AZN ödəməklə yerinə yetirmişdir. Hazırda sahiblik və istifadə hüququ əsasında ona məxsus olan ünvan 2 saylı evin 40 saylı mənzilini dövlət reyestrindən qeydiyyatdan keçirərək mülkiyyət hüququnun tanınması üçün çıxarış almaq niyyətindədir. Lakin bunun üçün tələb olunan maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və onun MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış cavabdeh tərəfindən ona təqdim edilmir və müraciətlərinə guya borcunun olması əsası ilə imtina cavabı verilir. Bu səbəbdən də MTK tərəfindən pozulan hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin təmin edilməsi, maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və onun MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın ona verilməsinin cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh1 MMC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi X2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq, hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə izahatında qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış 26 fevral 2014-cü il tarixli 09 saylı müqavilənin 1.2 bəndində göstərildiyi kimi 40 saylı mənzilin ümumi sahəsi 163.6 kv.m-dir. Mənzilin ümumi sahəsinə yaşayış yardımçı və balkon sahələri də daxil edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən mənzil sahəsinin hər kv.metrinin dəyəri 1011 AZN olmaqla, ümumi məbləğ 165400 AZN təşkil etmişdir. Bu məbləğin 50000 AZN-ni müqavilə bağlanan zaman iddiaçı tərəfindən ödənmiş və müqavilənin 3.4 bəndinə əsasən mənzil sahəsinin qalan məbləği 115400 AZN hər ay 19233 AZN olmaqla 6 ay müddətinə, yəni 26 avqust 2014-cü ilədək ödənilməli idi. Lakin müqavilə üzrə ödəniş müddəti bitdiyi zamanadək, yəni 26 avqust 2014-cü ilədək ödədiyi məbləğ cəmi 75000 AZN təşkil etmişdir. Müqavilə üzrə ödəmələrin tamamlanmalı olduğu tarixə qalıq borcu 90400 AZN təşkil etmişdir. Dəfələrlə ona mənzil sahəsinə olan borcunun müqaviləyə uyğun olaraq ödənilməsi barədə xəbərdarlıq edilsə də, ödəmələrin gecikdirilməsi davam etmiş və sonuncu ödəniş 16 iyul 2015-ci il tarixdə edilmişdir. Onun hələ əsas məbləğdən də belə, ödənilməmiş 8843 AZN borcu qalmışdır və bu günədək həmin borc ödəniməmişdir. Həmin borc ödənildiyi təqdirdə iddiaçının tələb etdiyi sənədlər ona təqdim ediləcək. Nümayəndə həmçinin təsdiq etmişdir ki, Cavabdeh1 MTK və Cavabdeh1 MMC-si hər ikisi hazırda fəaliyyət göstərən hüquqi şəxslərdir və hazırki iş üzrə cavabdeh olaraq düzgün mmüəyyən edilmişdirlər. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 fevral 2014-cü il tarixli müqavilədən görünür ki, həmin tarixdə gələcəkdə “İcraçı” adlandırılacaq, Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh1 MMC-nin direktoru X3 və digər tərəfdən gələcəkdə “İnvestor” adlandırılacaq İddiaçı arasında bağlanmış müqaviləyə əsasən “İcraçı” ünvan 2 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının İ blokunda X mərtəbədə 40 saylı mənzili müqavilənin şərtlərinə və “İnşaat norma və qaydalarına uyğun olaraq” “İnvestora” təqdim edir, mənzil 3 otaqdan ibarətdir və ümumi sahəsi 163.6 kv.m-dir. Mənzilin qiyməti hər kv.m görə 950 manat olmaqla, cəmi 155420 manat razılaşdırılmışdır. Həmin müqavilədə “Ödənilmişdir” bəndində Cavabdeh1 MMC-nin möhürləri və İddiaçı imzaları mövcuddur. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən İddiaçı ünvanlanmış 14 aprel 2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı 09 mart 2021-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, ödəmə qrafikinə əsasən mənzil 40 üçün ödədiyi məbləğlər və qalıq borcu aşağıdakı kimidir: mənzilin ümumi məbləği 165399.6, qalıq borc 8.843. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən İddiaçı ünvanlanmış 27 iyul 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 21 aprel 2021-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, 26 fevral 2014-cü il tarixli 09 saylı müqavilənin 1.2 bəndində göstərildiyi kimi 40 saylı mənzilin ümumi sahəsi 163.6 kv.m-dir. Mənzilin ümumi sahəsinə yaşayış yardımçı və balkon sahələri də daxil edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən mənzil sahəsinin hər kv.metrinin dəyəri 1011 AZN olmaqla, ümumi məbləğ 165400 AZN təşkil etmişdir. Bu məbləğin 50000 AZN-ni müqavilə bağlanan zaman tərəfinizdən ödənmiş və müqavilənin 3.4 bəndinə əsasən mənzil sahəsinin qalan məbləği 115400 AZN hər ay 19233 AZN olmaqla 6 ay müddətinə, yəni 26 avqust 2014-cü ilədək ödənilməli idi. Lakin müqavilə üzrə ödəniş müddəti bitdiyi zamanadək, yəni 26 avqust 2014-cü ilədək ödədiyi məbləğ cəmi 75000 AZN təşkil etmişdir. Müqavilə üzrə ödəmələrin tamamlanmalı olduğu tarixə qalıq borcu 90400 AZN təşkil etmişdir. Dəfələrlə ona mənzil sahəsinə olan borcunun müqaviləyə uyğun olaraq ödənilməsi barədə xəbərdarlıq edilsə də, ödəmələrin gecikdirilməsi davam etmiş və sonuncu ödəniş 16 iyul 2015-ci il tarixdə edilmişdir. Onun hələ əsas məbləğdən də belə, ödənilməmiş 8843 AZN borcu qalmış və həmin borcun 10 gün müddətində ödənilməsi təklif edilmişdir. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən iddia ərizəsinə etiraz ərizəsindən görünür ki, cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmədiklərini, iddia ərizəsində göstərilənlərin tamamilə həqiqəti əks etdirmədiyini bildirmişlər. Bununla yanaşı, qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi ünvanında yerləşən 25 saylı binanın ümumi sahəsi 163.6 kv.m olan 40 saylı mənzilinə görə Cavabdeh1 MTK ilə bağlanan müqaviləni imzalamamış, lakin sonra tərəflərin razılığı ilə dəqiqləşmə aparılaraq yeni müqavilə imzalamış və həmin müqavilənin bir nüsxəsini götürmüşdür. Göstərilənləri nəzərə alaraq iddia təələbinin rədd edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə) Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə) Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə) Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (452-ci maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (Maddə 139.1) Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. (Maddə 139-1.1.6) Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. (maddə 144-1.5) Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən müqavilə öhdəliyi tam şəkildə icra edildiyindən və cavabdeh tərəfindən iddiaçının tələb etdiyi sənədlərin təqdim edilməməsi iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına maneə törətdiyindən, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 09 saylı müqavilə ilə bağlı maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və İddiaçı MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın İddiaçı verilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 09 saylı müqavilə ilə bağlı maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və İddiaçı MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın İddiaçı verilməsi öhdəliyi cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh1 MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar