Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2136/2025 20.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərə görə (əldən çıxmış fayda) ödənilməli olan 4000 manat pulun, ödənilmiş 60,4 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixində ona aid olan ***-***-**-** mobil nömrəsinə gələn “Sizə özəl təklif” gündəlik 0.49 Azn ödəməklə 5GB “internet paketi əldə et” kampaniyası mesajından yararlanmaq məqsədi ilə sözü gedən kampaniyaya qoşulmuşdur. Kampaniyaya qoşulduqdan sonra xx.xx.2024 tarixində gələn qısa mesajda da qeyd edildiyi kimi “5GB bonus hər gün gecə 24:00 dan sonra balansda vəsait olduqda hesabınıza əlavə olunur, vəsait olmadığı halda növbəti günədək bonuslar yenilənmir”. Ancaq kampaniyanın qaydalarına da zidd olduğu kimi xx.xx.2024 tarixində onun balansında 10 Azn-dən artıq vəsait olmasına baxmayaraq 5GB bonus internet 15:48-də verilmiş və həmin internetin istifadə edə bilmədiyi qalıq hissəsi xx.xx.2024 tarixində saat 24:00-da sıfırlanmışdır. Analoji pozuntu halları xx.xx.2024 tarixində 12:48də, xx.xx.2024 tarixində 15:48-də balansında kifayət qədər vəsait olmasına baxmayaraq təkrarlanmış və həmin günlərin sonunda internet paketi sıfırlanmışdır. Deyilən pozuntuların qarşısının alınması məqsədi ilə pozuntuların baş verdiyi günlərdə o, “555 çağırı xidməti” ilə əlaqə saxlayaraq və şirkətin rəsmi internet saytında olan “ bizə yaz” xidməti vasitəsi ilə şikayətini bildirmişdir. Ancaq çox təəssüflər olsun ki, müraciətlərinin hər biri uğursuz olmuş və bu günə kimi də, ona heç bir məntiqi açıqlama verilməmişdir. Halbuki o, xx.xx.2024-cü il tarixində “Whatss app” üzərindən onun üçün maddi əhəmiyyət daşıyan mühüm bir məlumatı almalı idi. Həmin məlumat əsasında 3000-4000 Azn civarında maddi qazanc əldə etməli idi. Ancaq internet paketinin zamanında yenilənməməsi üzündən həmin məlumatı əldə edə bilməmiş və dolayısı ilə məbləği əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: CD diskə əlavə edilmiş səs yazısından görünür ki, iddiaçıya müraciət edən şəxs onunla “ “whatss app”-da əlaqə saxlaya bilmədiyini, 3000-4000 manatlıq fayda əldə edəcəkləri işlə bağlı ona “whatss app”-da cavab verilməsini xahiş etmişdir. Cavabdeh MMC tərəfindən göndərilmiş mesajlardan çıxarışdan görünür ki, 5 GB-ın balansa əlavə olunması barədə 10 oktyabr saat 15:48-də, 11 oktyabr saat 12:48-də, 12 oktyabr saat 15:48-də ismarıc göndərilmişdir. Cavabdeh mobil tətbiqindən çıxarışdan görünür ki, 11 oktyabr tarixində balans 10,08 manat omuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçıya maddi ziyan vurulması, bunun cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi ziyan arasında səbəbli əlaqənin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. İddiaçı maddi zərər vurulması ilə bağlı sübut kimi yalnız ona ünvanlanmış səs yazısını təqdim etmişdir ki, həmin səs yazısı ilə həqiqətən iddiaçıya 4000 manat maddi zərər vurulduğu sübut olunmur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, maddi zərərin ödənilməsi tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-2136/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2136/2025
20.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver