Məhkəmə qərarları › İş №e-2(011)-22/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-22/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-22/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə dəymiş ziyana görə 8.800 manat sığorta ödənişinin, ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-BK-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-PZ-*** dövlət qeydiyyat nişanlı, “Skoda Rapid” markalı avtonəqliyyat vasitəsinə 14 may 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-PZ-*** dövlət qeydiyyat nişanlı, “Skoda Rapid” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 13.800 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktına əsasən dəymiş ziyana görə 13.800 manat məbləğində sığorta ödənişinin ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən sığorta şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası” növü üzrə 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində yaranmış problemlərlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin o, səhhətində problem olması ilə bağlı hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: 14 may 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan **-BK-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-PZ-*** dövlət qeydiyyat nişanlı, “Skoda Rapid” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Sığorta aktına əsasən **-PZ-*** dövlət qeydiyyat nişanlı, “Skoda Rapid” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 19.555,15 manat müəyyən edilmişdir. Avtomobil 100 faiz dəyəri miqdarında sığortalanmış, avtomobilin dəyəri 25.000 manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarından görünür ki, avtomobilə dəyən ziyan (19.555,15 manat) dəyərinin 75 faizindən artıq miqdarını təşkil etmişdir. "xxxx" ASC tərəfindən avtomobilin hadisədən sonrakı qalıq hissə dəyəri 11.000 manat müəyyən edilmişdir. Sığorta şirkəti tərəfindən avtomobilin real bazar dəyərindən 11.000 manat qalıq hissə dəyəri və 200 manat azadolma məbləği çıxılmaqla 13.800 manat məbləğində sığorta ödənişi sığortalının hesabına köçürülmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, 14 may 2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Skoda Rapid” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsi nəticəsində dəymiş zərərə görə iddiaçı tərəfindən həmin avtomobilin təmir xərcləri ödənilmiş, sığorta hadisəsi baş verərkən Cavabdeh təqsirli bilindiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili avtomobilə dəyən ziyanın məbləği ilə razılaşmayaraq ekspertizanın keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 21 yanvar 2022-ci il tarixdə verilmiş ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin 26 may 2021ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Skoda Rapid” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 18.832 manat müəyyən edilmişdir. Məhkəmə iclasında ifadə vermiş ekspertin izahatlarından müəyyən edilir ki, ekspertiza rəyi təqdim olunarkən ətraflı araşdırma aparılmamış, sadəcə qüsur aktına əsasən rəy tərtib olunmuşdur. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ekspert rəyi ilə razı olmadığını bildirmiş, mülki iş üzrə mütəxəssis cəlb edilməsini və yenidən rəy verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(011)-258/2022 saylı qərardadı ilə "xxxx" MMC hazırkı iş üzrə mütəxəssis qismində cəlb olunmuş, mütəxəssis qarşısında suallar qoyulmuşdur. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş məktubda qərardadın icrasının mümkün olmadığı bildirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(011)-258/2022 saylı qərardadı ilə "xxxx" MMC hazırkı iş üzrə yenidən mütəxəssis qismində cəlb olunmuşdur. "xxxx" MMC tərəfindən 15 dekabr 2022-ci il tarixdə verilmiş avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Skoda Rapid” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 15.840 manat təşkil edir. Məhkəmə dəymiş zərərin miqdarı məsələsini müzakirə edərkən hesab edir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. (Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsi) Normanın məzmununa görə məhkəmə verilmiş tələb üzrə qətnamə çıxarmalı olduğundan hesab edir ki, iddiaçının tələb etdiyi pul məbləği ekspertlərin müəyyən etdiyi məbləğlərdən az olduğundan, işə iddianın həcmində baxılmalı, iddia tələbi təmin edilməli, cavabdehdən 8.800 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən keçirilmiş ekspertiza xərci 100 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin rəyindən görünür ki, 400 manat xidmət haqqı Cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30.40 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərci 100 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 8.800 (səkkiz min səkkiz yüz) manat məbləğində sığorta ödənişi, 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. "xxxx" MMC-yə ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqı Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar