Məhkəmə qərarları › İş №e-2(011)-222/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-222/2025

14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-222/2025 14.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 MMC-yə və Cavabdeh2 Qəhrəman oğluna qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 Qəhrəman oğluna və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, yanlış və qeyri-dəqiq cərrahi müdaxilə nəticəsində sağlamlığına zərər vurulduğuna görə cərrahi əməliyyat üçün ödədiyi 5.500 manat, implant dəmir üçün ödədiyi 830 manat, itirdiyi qan üçün ödədiyi 155 manat, ümumilikdə 6.485 manat pulun cavabdeh "xxxx" MMC (X9) və digər cavabdehlərdən tutularaq iddiaçıya geri qaytarılması, mülki qanunvericilik normalarını, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarını, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini rəhbər tutmaqla cavabdehlərin törətdiyi qanunsuz hərəkətin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməyi, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməyi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatının normal axarının pozulmasına görə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 Qəhrəman oğlundan mənəvi zərərin əvəzi olaraq 5.000 manat pulun tutularaq iddiaçıya verilməsi, Cavabdeh1 iddiaçının icazəsi olmadan cərrahi masada videosunu çəkərək qohumlarla iddiaçıdan icazəsiz paylaşdığına görə Avropa Konvensiyasının 8-ci və Azərbaycan Respublikası Kontitusiyasının 32-ci maddəsini rəhbər tutmaqla iddiaçıya mənəvi iztirablar yaşatdığı üçün mənəvi zərərin əvəzi olaraq 1.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi, KT (DİSK) və əməliyyata göstəriş sənədlərini iddiaçıya rəsmi qaydada təqdim etmək vəzifəsinin (öhdəliyi) cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə açıq kəllə beyin travması diaqnozu ilə X7 yerləşdirilmiş, 1 gün sonra, yəni, xx.xx.2022-ci il tarixdə iddiaçının üzərində anesteziya altında kəllə sümüyünün fraqmentlərinin qaldırılması (2.6.15) və kəllə sümüyünə sümük qreftinin qoyulması (2.6.17) əməliyyatı icra olunmuşdur. xx.xx.2022-ci il tarixdə ambulator müalicəyə yazılmış, xəstəxanadan buraxılmışdır. Lakin xəstəxanadan buraxıldıqdan sonra iddiaçının səhhətində ciddi problemlər yaranmış, xroniki şiddətli ağrılar iddiaçının yaxasını buraxmamış, yalnış tibbi diaqnoz və qeyripeşəkar cərrahi müdaxilə nəticəsində sağlamlığına əhəmiyyətli dərəcədə zərər dəymişdir. Təəsüflər olsun ki, xx.xx.2022-ci il tarixdən bu günədək (xx.xx.2024), yəni təxminən 2 ildir ki, dəfələrlə müraciət etməyinə baxmayaraq RENTGEN (KT) kağızları (DİSK) və əməliyyata göstəriş sənədləri iddiaçıya təqdim olunmur. Əməliyyatdan sonra sağlamlığı ilə bağlı ciddi problemlər yaşayır. X5 səhlənkar həkim korpusunun yanlış tibbi diaqnozu və həkim səhvləri ucbatından 2 ilə yaxındır ki, ciddi ağrılar və mənəvi iztirablar keçirir. KT (DİSK) və əməliyyata göstəriş sənədlərini təqdim etmələri barədə dəfələrlə müraciət etsə də bunun bir nəticəsi olmamışdır. Rentgenin pulunu da ödəmiş, çeklər də durur. Lakin yenə də rentgenoqrafiyanın nəticəsini ala bilmir. İddia ərizəsinə əlavə olunan baş beynin nativ KT müayinəsi sənədindən görünür ki, sınıq lojasında ən qalın yerdə d = 25 mm olan dərialtı hematoma izlənir. Müvafiq nahiyyədə ən qalın yerdə d = 7 mm olmaqla epidural hematoma və yüngül dərəcədə pnevmosefaliya qeyd edilir. Lakin beynəlxalq tibbi standartlara və normalara əsasən, hematoma böyüklüyü və yerləşimi önəmli faktor olmaqla yalnız 30 ml-dən böyük və 1 cm-dən böyük qalın hematomalar üçün cərrahi müdaxilə zəruridir. Bununla da sübut edir ki, kəllə sümüyünün fraqmentlərinin qaldırılması (2.6.15) və kəllə sümüyünə sümük qreftinin qoyulması (2.6.17) əməliyyatına zərurət olmamasına baxmayaraq, daha çox qazanc əldə etmək məqsədilə başımda əsassız yerə cərrahi müdaxilə aparılmışdır. Əsassız olduğu üçün də bu günədək əməliyyata göstəriş sənədlərini və digər tibbi müayinə sənədlərini iddiaçıya təqdim etmirlər. Başlarından etmək üçün baş beynin nativ KT müayinəsinə dair bütün məlumatları əks etdirməyən sənəd təqdim olunmuşdur. İddia ərizəsinə əlavə edilən fotoşəkillərdən, hətta vizual baxışla müəyyən etmək olar ki, cərrahi müdaxilədən sonrakı vəziyyətdə kəllə qapağında deformasiya mövcuddur, kəllədən kənara çıxan implant (dəmir) vizual gözlə görünür. Həmin implant dəmir çıxıntısı gecələr həmin istiqamətdə yatmağına mane olur. Göründüyü kimi, həkim səhvi ucbatından iddiaçı ömürlük sağlamlığı ilə bağlı ciddi iztirablar keçirir və həyatının sonuna qədər də keçirəcək. Video görüntüyə baxış keçirilən zaman görünəcək ki, X5 həmin dövrdəki həkimlərindən biri olan Cavabdeh1 iddiaçı əməliyyat zamanı narkozda olarkən kəllə qapağı cərrahi masada açılanda iddiaçı və yaxın qohumlarının icazəsi olmadan iddiaçının görüntülərini videoya çəkmiş və iddiaçının uzaq qohumlar ilə paylaşmışdır. Sual yaranır, iddiaçının cərrahi masada köməksiz vəziyyətdə olarkən videogörüntünü kim Cavabdeh1 kim icazə vermişdi ki, başqaları ilə paylaşsın? Bu iddiaçının şəxsi həyatının toxunulmazlığı hüququnu kobud şəkildə pozaraq, konvension və konstitusion hüquqlarının vəhşicəsinə tapdalanmasıdır. Hər dəfə o videoya baxanda iddiaçı dərin iztiriblar keçirir, əziyyət çəkir. “Azərbaycan Respublikası Konstitusiyasının 32ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır və hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. İddiaçının icazəsi olmadan əməliyyat zamanı narkozda olarkən həkim video çəkiliş aparmışdır. Sonradan həmin video iddiaçıda dərin sarsıntı və mənəvi iztirablara səbəb olmuşdur. Həkimlərin səhvi ucbatından iddiaçı ömürlük əziyyət çəkəcək. Axı biz həyatınızı bizi zəlil qoymaqları üçün həkimlərə əmanət etmirik. Həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır. Cərrahi müdaxilə ehtiyac olmasa da, həkim çox pul qazanmaq üçün iddiaçı əsassız riskə məruz qoymuş və peşəkarlıq səviyyəsindən uzaq hərəkətlər etmişdir. İddiaçı səhv cərrahi əməliyyat üçün 6.485 manat pul ödəmişdir. Əlində 3 ödəniş qəbzi var. 5.500 manat əməliyyata, 830 manat implant dəmirə, 155 manat isə itirilən qan üçün pul ödəmişdir. Və dediklərini tamı-tamına rəsmi ödəniş qəbzləri ilə sübut edir. Hətta xəstəxanaya yerləşdirilərkən yaxınlarından depozit olaraq 3.000 manat pul alıblar. Ancaq o ödənişə dair əlində rəsmi qəbz olmadığı üçün həmin 3.000 manat pulu tələb etmir. Çünki sübuta yetirə bilmir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə cavabdeh "xxxx" MMC-nin Cavabdeh3 MMC ilə əvəz edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh1 (digər Cavabdeh3 MMC-nin (X9) direktor müavini) iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Tibb Universitetindən mütəxəssis qismində dəvət edilmiş neyrocərrah X4 izahat verərək bildirmişdir ki, əməliyyat düzgün şəkildə icra edilmişdir. Vətəndaşın baş nahiyəsində qoyulan dəmir konstruksiyanın ona narahatçılıq yaratması halı üzərində icra edilmiş əməliyyatdan sonra mümkün ola bilən və aradan qaldırıla bilən narahatçılıqdır. Prosesdən öncə təhlil edilmiş sənədlərdən (xəstəlik tarixçəsi) əməliyyatın icra edilməsi üçün göstərişlərin mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər Cavabdeh2 Qəhrəman oğlu məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan epikrizin surətindən görünür ki, İddiaçı 20 sentyabr 2022-ci ildə Cavabdeh3 MMC tərəfindən açıq kəllə beyin travması, baş beynin travmatik ödemi, sağ alın və sağ gicgah nahiyəsində epidural sümüklərinin basılmış, qəlpəli sınıqları, sağ alın və sağ gicgah nahiyəsində epidural hematoma, döş qəfəsinin əzilməsi, sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ və sol İ, İİ, İİİ, İV, V, Vİ qabırğalarının sınığı, qarnın küt travması diaqnozu qoyulmuşdur. X6 iddiaçının adına açılmış xəstəlik tarixçəsinin surətindən görünür ki, İddiaçı 20 sentyabr 2022-ci il tarixdə açıq kəllə beyin travması diaqnozu ilə xəstəxanaya qəbul olunmuşdur. İş materiallarında olan cərrahi əməliyyatın protokolundan görünür ki, İddiaçı üzərində 21 sentyabr 2022-ci il tarixdə kəllə sümüyü fraqmentlərinin qaldırılması (2.6.15), Kəllə sümüyünə sümük qreftinin qoyulması (2.6.17) əməliyyatı icra edilmişdir. Əməliyyatın operatoru hazırkı iş üzrə Cavabdeh2 Qəhrəman oğlu olmuşdur. Cavabdeh3 MMC-nin Səhiyyə Nazirliyi “X1” PHŞ-yə ünvanladığı məktubdan görünür ki, İddiaçı ağır dərəcəli xəsarət almış və alkoqol qəbul etmiş formada 20 sentyabr 2022-ci il tarixdə klinikaya daxil olmuş, xəstə dərhal müayinə olunmuş, KT müayinələri aparılmış, cərrahiyyə əməliyyata qərar verilmişdir. Klinika tərəfindən bir qayda olaraq KT müayinələrinin cavabları (disk və yazılı formada) və epikriz xəstə evə yazılan zaman özünə və ya yaxınlarına verilir. Çəkilişlərin sayı artdıqca əvvəlki dövrlərin KT müayinələrinin görüntüləri silinir. Cavabdehlər tərəfindən təqdim edilmiş və iddiaçının bacısı Muxtarova Nuriyə tərəfindən imzalanmış xəstə razılığının surətindən görünür ki, İddiaçı Cavabdeh3 MMC X5 həkimləri keçirəcəkləri əməliyyatın riskləri və təhlükələri, meydana gələcək fəsadları barədə ona məlumat vermişlər. İddiaçı azad iradəsi ilə bu əməliyyatın keçirilməsinə birbaşa özü (valideyn və ya qohum) razılıq verir və əməliyyatın (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürür. Əməliyyatın nəticəsindən asılı olmayaraq xəstəxanaya ödədiyi məbləğin ona geri ödənilməyəcəyini qəbul edir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq “Qiymət cədvəli” əsasında müəyyənləşdiriləcək məbləğin xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürür. Məhkəmə tərəfindən tibbi ekspertiza təyin edilmiş, Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” PHŞ tərəfindən təqdim edilmiş 688/KEŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, “X9”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə saat 06:05-də hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ alın və sağ gicgah sümüklərinin basılmış, qəlpəli sınıqları. Sağ alın və sağ gicgah nahiyəsində epidural hematoma” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2022-ci il tarixdə xəstənin üzərində “Kəllə sümüyü fraqmentlərin qaldırılması. Kəllə sümüyünə sümük qreftinin qoyulması” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci tarixdə xəstə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda icra edilmiş cərrahiyyə əməliyyatından sonra hər hansı bir patologiyanın olduğu müəyyən edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə aparılmış araşdırma nəticəsində iş materiallarını tədqiq edərək və tərəflərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı müxtəlif tarixlərdə keçirilmiş məhkəmə iclasalrında müxtəlif ifadələr vermişdir. Belə ki, ilk öncə iddiaçı qeyd etmişdir ki, onun üzərində icra edilmiş əməliyyatın zəruri olması və onun başına əməliyyatdan sonra dəmir örtüyün qoyulması həkim özbaşınalığı nəticəsində olmuşdur. Məhkəmə tərəfindən hazırkı hallar aydınlaşdırılması üçün zəruri tibbi sənədlər tələb edilmiş, bunun əsasında ekspertiza təyin edilmişdir. Ekspert rəyindən görünür ki, əməliyyat göstəriş əsasında icra edilmiş və əməliyyatın icrasında hər hansı qüsur aşkar edilməmişdir. Daha sonra iddiaçı əməliyyat olunduğu xəstəxanadan ona aid tibbi sənədlərin təqdim edilməməsini qeyd etmişdir. Araşdırma zamanı zəruri sənədlər təqdim edilmiş, çəkilişlərin sayı artdıqca əvvəlki dövrlərin KT müayinələrinin görüntülərinin silinməsi səbəbindən hazırkı mərhələdə təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı izahatında xəstəxanadan çıxarkən səhhəti ilə bağlı o sənədləri almadığını, daha sonra müraciət etdikdə imtina verildiyini bildirmişdir. Cavabdeh müəssisənin verdiyi cavabdan görünür ki, iddiaçının tələb etdiyi sənədlər və görüntülər xəstəxana tərəfindən xəstə evə yazılarkən təqdim edilir. Hazırkı iş üzrə iddiaçının o sənədləri vaxtında götürməməsi və vaxtında tələb etməməsinə görə məsuliyyət xəstəxananın üzərinə qoyula bilməz. Daha sonra iddiaçı izahatında onun üzərində heç bir zərurət olmadan əməliyyatın icra edilməsi nəticəsində ona mənəvi ziyan dəyməsini bildirmiş, iddiaçının bu istinad etdiyi dəlilə də məhkəmə tərəfindən təyin edilmiş həm ekspertiza rəyi ilə, həm məhkəmə iclasına dəvət edilmiş mütəxəssisin verdiyi izahatlarla aydınlıq gətirilmişdir. Eyni zamanda iddiaçı onun əməliyyatının gedişini əks etdirən video görüntülərin cavabdehlərdən Cavabdeh1 tərəfindən yayılması və buna görə ona mənəvi ziyan dəydiyinə istinad edilmişdir. Araşdırılma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçının uzaq qohumudur. İddiaçı yol qəzası keçirdikdən sonra iddiaçının ailə üzvləri (iddiaçının bacısı) Cavabdeh1 müraciət edərək qardaşının Cavabdeh1 fəaliyyət göstərdiyi xəstəxanaya yerləşdirilməsini istədiyini bildirmişdir. Cavabdeh1 çalışdığı xəstəxananın təcili tibbi yardım stansiyası vasitəsilə iddiaçını İsmayıllı rayonunda yerləşən xəstəxanadan Bakıda yerləşən cavabdeh müəssisəyə gətirmişlər. İddiaçının üzərində icra edilən əməliyyat zamanı Cavabdeh2 əməliyyatı icra edən həkim olmuş, Cavabdeh1 isə əməliyyat zamanı orada iştirak etmişdir. Cavabdeh1 əməliyyatın gedişatını video kamera vasitəsilə qeydə almış, daha sonra həmin görüntünü xəstə yaxınlarına əməliyyatın uğurlu icra edilməsi ilə bağlı əmin etmək niyyəti ilə iddiaçının bacısı olan şəxslə paylaşmışdır. Məhkəmə hazırkı dəlilə münasibətdə qeyd edir ki, Cavabdeh1 hərəkətləri qanunauyğun deyil. Belə ki, həm Avropa İnsan Hüquqları Konvensiyasının, həm yerli qanunvericilik aktları ilə iddiaçının qorunan hüquqları mövcuddur. Ona aid olan əməliyyatın gedişatını əks etdirən video görüntünün onun özündən başqa şəxslərə təqdim edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və bu görüntülərin yayılması ilə iddiaçı mənəvi sarsıntı keçirmişdir. Məhkəmə iddia tələbinin yanlış və qeyri-dəqiq cərrahi müdaxilə nəticəsində sağlamlığına zərər vurulduğuna görə cərrahi əməliyyat üçün ödədiyi 5.500 manat, implant dəmir üçün ödədiyi 830 manat, itirdiyi qan üçün ödədiyi 155 manat, ümumilikdə 6.485 manat pulun iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda istinad olunanlardan iddiaçının üzərində icra edilmiş əməliyyatın onun sağlamlığına zərər vurması, əməliyyatın qüsurlu icra olunması, hər hansı zərurət olmadan icra olunması kimi hallar müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 Qəhrəman oğlundan mənəvi zərərin əvəzi olaraq 5.000 manat pulun tutularaq iddiaçıya verilməsi hissəsinə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən hallara görə iddia bu hissədə də əsassızdır və təmin edilə bilməz. Məhkəmə iddia tələbinin Cavabdeh1 iddiaçının icazəsi olmadan cərrahi masada videosunu çəkərək qohumlarla iddiaçıdan icazəsiz paylaşdığına görə mənəvi zərərin əvəzi olaraq 1.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, Cavabdeh1 hərəkətləri nəticəsində iddiaçı sarsıntı keçirmiş, şüurunda mənfi emosiyalar formalaşmışdır. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Odur ki, məhkəmə mənəvi zərərin əvəzi olaraq 200 manat pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin KT (DİSK) və əməliyyata göstəriş sənədlərini iddiaçıya rəsmi qaydada təqdim etmək vəzifəsinin (öhdəliyi) Cavabdeh3 MMC-nin üzərinə qoyulması hissəsinə qiymət verərək hesab edir ki, KT (DİSK)-ə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı özü səhlənkarlıq edərək vaxtında diski xəstəxanadan götürməmiş, gec müraciət etmiş, o müraciət etdiyi tarixdə də tələb etdiyi diski ona təqdim etmək mümkün olmamışdır. Odur ki, KT diskı münasibətdə iddia təmin edilə bilməz. Əməliyyata göstəriş sənədlərini iddiaçıya rəsmi qaydada təqdim etmək vəzifəsinin (öhdəliyi) Cavabdeh3 MMCnin üzərinə qoyulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi sənədlər hazırkı iş materiallarında mövcuddur. Belə ki, məhkəmə ekspertizanın təyin edilməsi zamanı bütün zəruri sənədləri cavabdeh müəssisədən tələb etmiş, həmin sənədlər də müəssisə tərəfindən məhkəməyə təqdim edilmişdir. Odur ki, iddiaçı isitnad olunan sənədlərin surətini istənilən vaxt əldə edə bilər. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçının icazəsi olmadan cərrahi masada videosunu çəkərək qohumlarla iddiaçıdan icazəsiz paylaşdığına görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddianın qiyməti 12.485 manatdır və bu məbləğ üçün ödənilməli olan dövlət rüsumu 127.46 manat təşkil edir. İddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. İddia ərizəsində dövlət rüsumunun ödənilməsi qrafasında əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsindən azad olduğunu qeyd etsə də, iddiaçı əlilliyi ilə əlaqədar sübutu məhkəməyə təqdim etməmiş, onun dövlət rüsumu ödəməkdən azad olması ilə bağlı hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilməli olan 127.46 manatın 125.43 manatı İddiaçı, qalan 2.03 manatı Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 iddiaçının icazəsi olmadan cərrahi masada videosunu çəkərək qohumlarla iddiaçıdan icazəsiz paylaşdığına görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilməli olan 127.46 manat dövlət rüsumunun əvəzi olaraq İddiaçı 125.43 (bir yüz iyirmi beş manat qırx üç qəpik) manat, Cavabdeh1 2.03 (iki manat üç qəpik) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar