Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2228/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evdə yerləşən 23 nömrəli mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzil ona atası tərəfindən 23 oktyabr 2008-ci il tarixdə bağışlama müqaviləsi ilə bağışlanmışdır. O, sözügedən mənzilə dair xx.xx.2008-ci ildə Seriya MH0195374 qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı almışdır. Cavabdeh onun qardaşıdır. Sözügedən mənzildə qeydiyyatdadır. Təxminən 1995-ci ilə qədər cavabdeh sözügedən mənzildə yaşayırdı, sonra isə o, və cavabdehin atasına məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 53, mənzil 49-da yaşamağa başladı. Həmin mənzili cavabdehə onun atası tərəfindən də 23 oktyabr 2008-ci il tarixdə bağışlama müqaviləsi ilə bağışlanmışdır. Lakin buna baxmayaraq cavabdeh onun mənzilində qeydiyyatda qalmışdır. Təxminən 2010-cu ildə cavabdeh daimi olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına köçmüşdür. Artıq 13 ildir ki, Azərbaycan Respublikasında daimi əsaslarla yaşamır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatı tam formal xarakter daşıyır. Çünki cavabdeh bu mənzildə 28 ildir ki yaşamır, eyni zamanda cavabdehin onun mənzilində heç bir əşyası yoxdur. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən özü bildiyi kimi istifadə etməyində, mülkiyyətin üzərində sərbərt sərəncam verməyində mane olur, o, öz əmlakına istədiyi kimi sərəncam verə bilmir və nəticədə onun mülkiyyət hüquqları pozulur. Halbuki mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Cavabdeh 28 ildən artıqdır ki, onun mənzilində yaşamır və həmin mənzildən istiadə etmir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh ona məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evdə yerləşən 23 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə və bunun cavabdehin həmin mənzildən qeydiyyatdan çıxması üçün əsas olmasının hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evdə yerləşən 23 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh İddiaçı Teyqubad oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq bildirişlər məhkəməyə geri qaytarılmış, məhkəmə bildirişləri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evin, 23 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi “xx.xx.2008-ci il” kimi göstərilmişdir. İş materiallarında olan Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 91 saylı MKİSsi tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh xx.xx.1983-cü il tarixdən bu günə kimi daimi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavabdan görünür ki, 22 avqust 1968-ci il təvəllüdlü Cavabdeh sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix xx.xx.2021, İstiqamət – Çıxış. İş materiallarında olan 23 oktyabr 2008-ci il tarixli mənzil bağışlama müqaviləsinin surətlərindən görünür ki, X1 Vəsiqəsi əsasında ona məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 53, mənzil 49-da yerləşən 2 otaqlı, ümumi sahəsi 48.24 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan mənzilini oğlu Cavabdeh bağışlamışdır. İş materiallarında olan 23 oktyabr 2008-ci il tarixli mənzil bağışlama müqaviləsinin surətlərindən görünür ki, X1 Vəsiqəsi əsasında ona məxsus ünvan 1-də yerləşən 5 otaqlı, yaşayış sahəsi 60.26 kv.m olan mənzilini oğlu İddiaçı Teyqubad oğluna bağışlamışdır. Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli əvvəlki 1964-cü ildən 28 dekabr 1999cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin, habelə 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Əksinə həmin məcəllənin 60-cı maddəsi müəyyən edir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanmasının şərtlərini müəyyən edən 60-cı maddəsi isə müəyyən edir ki, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddət saxlanıldığı hallar da müəyyən edilmişdir. Belə ki, İcarədar və ya onun ailə üzvləri 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə; 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə; 7) həbs olunduqda; habelə 10) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə onların yaşayış sahəsi daha uzun müddət saxlanılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçıya məxsus olan mənzildə qardaşı Cavabdeh xx.xx.1983-cü il tarixdən qeydiyyata alınmış, bir müddət həmin mənzildə yaşasa da, uzun müddətdir ki, həmin mənzildə yaşamır, daimi əsaslarla həmin mənzili tərk etmiş, eyni zamanda 2008-ci ildə ataları tərəfindən hər iki qardaşa, yəni Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 53, mənzil 49-da yerləşən 2 otaqlı, ümumi sahəsi 48.24 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan mənzil oğlu Cavabdeh və ünvan 1-də yerləşən 5 otaqlı, yaşayış sahəsi 60.26 kv.m olan mənzil oğlu İddiaçı Teyqubad oğluna bağışlanmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və onun mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25 saylı evdə yerləşən 23 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 25 saylı evin 23 saylı mənzilinə olan istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2228/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2228/2023
14.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver