Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2237/2025 09.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 93 ünvanında yerləşən 87 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 93 ünvanında yerləşən 87 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Sözü gedən əmlaka dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ona təqdim edilmişdir. Mübahisə predmeti olan sözügedən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 93 ünvanında yerləşən 87 saylı mənzil uzun illər bundan öncə onun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyatı haqqında” ******* nömrəli arayışına əsasən, Cavabdeh və onun azyaşlı övladı X4 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 93 ünvanında yerləşən 87 saylı mənzildə pasport qeydiyyatındadırlar. Belə ki, Cavabdeh onun qızı, X4 isə onun nəvəsidir. Cavabdeh ona məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 93 ünvanında yerləşən 87 saylı mənzildə 12 ildən artıqdır ki yaşamır. Cavabdeh və onun azyaşlı övladı X1 qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh ailə həyatı qurduğu vaxtdan etibarən ailəsi ilə birlikdə onun mülkiyyətində olan başqa bir mənzildə yaşayır, həyatını davam etdirir, həmin mənzil onların istifadəsindədir. Buna baxmayaraq, formal olaraq ona məxsus ünvanda qeydiyyatda qalmağa davam etməkdədirlər. Cavabdehlərin ona məxsus ünvan 1 saylı mənzildə qeydiyyatda olmaları onların hüquqlarını pozur və bir sıra çətinliklər yaradır. Belə ki, iddiaçı, onların yerinə əlavə kommunal xərclərini ödəməli olur. Bu isə onun mülkiyyətçi kimi qanunla müəyyən edilən hüquqlarına toxunur. Belə olduğu halda, cavabdehin formal olaraq onun mənzilində qeydiyyatda olması bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını pozduğundan o ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh və onun azyaşlı övladı X1 ona məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ünvanında yerləşən 87 saylı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsinə və konstitusion hüquqlarının müdafiəsinə dair ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasında öz adından və cavabdeh X1 qanun üzrə nümayəndəsi kimi bildirmişdir ki, iddia ərizəsini qəbul etmir, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında və xx.xx.2025-ci il tarixli ərizəsində bildirmişdir ki, 1983-cü ildən 2014-cü ilədək sözügedən evdə yaşamışdır. Hal hazırda Yeni Yasamalda yerləşən mənzilində öz ailəsi ilə yaşayır. İşin halları: Azərbaycan SSR Bakı şəhəri X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 187903 nömrəli 11 noyabr 1983-cü il tarixli orderə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 93 ünvanında yerləşən 87 saylı mənzilə dair mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə mülki iş üzrə İddiaçı adına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********53- 05101-093091, qeydiyyat nömrəsi **********). xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh və xx.xx.2011-ci il təvəllüdlü X4 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 93 ünvanında yerləşən 87 saylı mənzildə qeydiyyatdadırlar. İddiaçı və X5 arasında rəsmiləşdirilmiş nikah xx.xx.1983-cü il tarixində 164 nömrəli akt qeydi ilə pozulmuşdur və tərəflərə 385538 nömrəli “Boşanma haqqında şəhadətnamə” təqdim edilmişdir. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı
1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.
“Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsi
Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1—7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi
Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddiaya Cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 93 ünvanında yerləşən 87 saylı mənzildən istifadə hüququnun itirilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh qeyd edilən mənzildə 1983-cü ildən 2014-cü ilədək yaşamışdır. Demək ki, ona münasibətdə mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı iddianın hüquqi əsasını “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin yuxarıda istinad edilən normaları təşkil edir. Həmin normaların məzmunundan aydın olur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi həmin şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdüyü müəyyən edildiyi halda mümkündür. Məhkəmə prosesi zamanı cavabdehin öz izahatları əsasında müəyyən edilmişdir ki, Cavabdeh 11 ildən artıq müddətdir ki, iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən köçüb getmiş, hal-hazırda özünə məxsus mənzildə yaşayır. Sadalananları əsas gətirərək, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 93 ünvanında yerləşən 87 saylı mənzili daimi əsaslarla, altı aydan uzun müddətdə tərk etdiyinə görə onun həmin mənzildən istifadə hüququ “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 60-cı maddəsi itirilmiş hesab edilməlidir. Məhkəmə iddiaya cavabdehin övladı olan X1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 93 ünvanında yerləşən 87 saylı mənzildən istifadə hüququnun itirilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh X4 xx.xx.2011-ci ildə anadan olmuş və mübahisəli mənzildə yaşamışdır. Bu səbəblə də cavabdehin mənzillə bağlı istifadə hüququnun yaranıb-yaranmadığı həmin tarix əsas götürülərək, Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 845- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin müvafiq normalarına əsasən araşdırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına istinadən qeyd edir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Hazırkı işin mülki araşdırması zamanı müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan X4 öz valideyninin himayəsində olmaqla, onunla yaşayır. Belə olan halda, cavabdeh X4 iddiaçının nəvəsi olmaqla, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cü maddəsi əsasında iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan qohum hesab edilə bilməz və onun Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, X1 mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, onun yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, iddia üzrə cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iş üzrə tərəflərə və müvafiq dövlət orqanına izah edilməsidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır, ona görə də qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia cavabdeh X1 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi hissəsində təmin edilməsin. Bu qətnamə ünvan 1 ünvanında yerləşən mənzildən iddia üzrə cavabdeh X1 qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova