Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-224/2021 11.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 549 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 579 manat pulun “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mitsubishi Fuso” markalı **-JD-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, N.Tusi klinikasının yanı ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş, nəticədə “xxxx” ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “Chevrolet Cruze” markalı, **-PG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Yasamal rayon DYPŞ-də tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Cruze” markalı **-PG-*** dövlət nömrə nişanlı avtomobilə 749 manat maddi zərər dəymişdir. MİB ******* saylı sığorta şəhadətnaməsinə və xx xxxx 2020ci il tarixli Sığorta ödənişi aktına əsasən, “xxxx” ASC tərəfindən 549 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “Chevrolet Cruze” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən xx xxxx 2019-cu il tarixdən xx xxxx 2022-ci il tarixədək 18.000 manat sığorta məbləği olmaqla “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” sığorta növü ilə sığortalanmışdır. xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mitsubishi Fuso” markalı **-JD-*** dövlət nömrə nişanlı avtomobillə “Chevrolet Cruze” markalı, **-PG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh təqsirli şəxs olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. “xxxx” ASC tərəfindən zərərçəkənin avtomobilinə dəymiş zərərə görə 549 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş ekspert rəyindən görünür ki, xx xxxxxx 2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2016-cı il buraxılışlı “Chevrolet Cruze” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 788 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Chevrolet Cruze” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsi nəticəsində dəymiş zərərə görə iddiaçı tərəfindən həmin avtomobilin təmirinə 549 manat ödənilmiş, sığorta hadisəsi baş verərkən Cavabdeh təqsirli bilindiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Normanın məzmununa görə məhkəmə verilmiş tələb üzrə qətnamə çıxarmalı olduğundan hesab edir ki, iddiaçının tələb etdiyi pul məbləği ekspertin müəyyən etdiyi məbləğdən az olduğundan, iddia tələbi təmin edilməli, cavabdehdən 549 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə keçirilmiş ekspertiza xərci 100 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddia tələbi tam təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 549 manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 579 manat alınaraq iddiaçı “xxxx” ASC-yə, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 549 (beş yüz qırx doqquz) manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 579 (beş yüz yetmiş doqquz) manat pul vəsaiti alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-224/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-224/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver