Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-226/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı X2, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “mənzilə vurulmuş maddi zərərin və mənəvi zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri, Xətai rayon, Xudu Məmmədov küçəsi, 33 saylı evin 85 saylı mənzili (bundan sonra – Mənzil) iddiaçının, Bakı şəhəri, Xətai rayon, Xudu Məmmədov küçəsi, 33 saylı evin 88 saylı mənzil isə cavabdehin mülkiyyətindədir.
2. 25.01.2024-cü il tarixdə Bakı şəhəri 82 saylı MKİS-nin rəisi R.Eldarzadənin, mühəndisi R.Xanpaşayevin və sahə nəzarətçisi E.Həsənovun iştirakı ilə tərtib edilmiş Aktda (surəti işə əlavə edilmişdir) cavabdehin mülkiyyətində olan mənzildən su axmasının baş verməsi və Mənzilə baxış keçirilərkən su axmasının təsdiq edilməsi, nəticədə iddiaçının Mənzilinin hamam və sanuzelinə ziyan dəydiyi qeyd edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
3. İddiaçı Mənzilə vurulmuş maddi ziyana görə 3000 manat, mənəvi zərərə görə 500 manat və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən 85 saylı mənzil xüsusi mülkiyyətindədir, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Yaşadığı mənzildən bir mərtəbə yuxarıda, yəni 88 saylı mənzildə cavabdeh yaşayır. 2024-cü ilin əvvəlindən cavabdeh mənzilinə su axıdır, ilk vaxtlar ona su xətti ilə ehtiyatlı davranmağı xahiş etmiş, mənzilinə su axıdılmasının dayandırılmasını xahiş etmiş, lakin bununla belə su sızması mütəmadı xarakter almış, daimi su axdığı üçün o, bu barədə dəfələrlə müvafiq MKİS-ə bildirmiş və tədbir görülməsini xahiş etmişdir. İdarənin əməkdaşları dəfələrlə cavabdehə qanunsuzluğa son qoyulması və birgə yaşayış qaydalarına əməl edilməsi barədə müraciət etmişlər, buna baxmayaraq heç bir nəticəsi olmamışdır. xx.xx.2024-cü il tarixində 82 saylı MKİS əməkdaşlarının iştirakı ilə mənzilə baxış keçirilmiş, bu barədə akt tərtib edilmiş, həmin aktda 88 saylı mənzildən 85 saylı mənzilə su axıdıldığı müəyyən edilmiş, mənzilə ziyan vurulduğu qeyd edilmişdir. Bundan sonra cavabdehə lazımi xəbərdarlıqlar edilsə də, o yenidən su axıtmağa davam etmişdir. Mənzilinə su axması nəticəsində dəhlizin, yataq otağının və hamamın divarları, tavanı və döşəməsi, yorğan-döşək, bəzi ev əşyaları yararsız hala gəlmişdir. Cavabdehdən dəfələrlə su axıntısının qarşısını almasını və ona dəymiş ziyanı ödəməsini tələb etsə də, cavabdeh bundan imtina edir. Cavabdehin səhlənkarlığı ucbatından öz mülkiyyətindən istifadə edə bilməmişdir. Vurulmuş zərərə dair müvafiq foto şəkillər və video yazılar da mövcuddur.
b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
5. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, 82 saylı MİKS tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akt iddiaçıya cavabdeh tərəfindən ziyan vurulması faktını təsdiq etmir. Aktda sadəcə göstərilir ki, mənzilə baxış keçirildi və su axıntısının olduğu təsdiqləndi. Eyni zamanda, ekspert rəyində də bu fakt təqsdiqlənmiş, amma zərərin kim tərəfindən vurulduğu müəyyən edilməmişdir. İddiaçının qeyd etdiyi hadisə 2024-cü ilin may ayında deyil, yanvar ayında baş vermişdir. Belə ki, "xxxx" ASC-nin əməkdaşlarının məsuliyyətsizliyi nəticəsində suyun təzyiqi normadan artıq verilmiş və binanın istilik xəttində sızma baş vermişdir. Nəticədə həm cavabdehə məxsus mənzilə, həm də iddiaşıya məxsus mənzilə maddi ziyan dəymişdir. Belə olan halda, "xxxx" ASC-yə qarşı iddia qaldırılmalı idi. Ekspert rəyində qeyd edilir ki, 88 saylı mənzilin qapısı açılmadığı üçün baxış keçirilməsi mümkün olmamışdır. Ona xx.xx.2024-cü il saat 16:00-da yerli baxış keçirilməsi barədə ilkin email bildirişi təxminən 2 ay əvvəlcədən göndərilmiş, lakin ona məlum olmayan səbəbdən təxirə salınmışdır. xx.xx.2024-cü il tarixdə 15:35-ə təyin edilmiş yerli baxış barədə bildiriş isə ona yerli baxışın keçirildiyi vaxtdan 8 dəqiqə əvvəl gəlmişdir. O, ünvan 2 ünvanda olması mümkün olmamışdır. İddiaçının mənzili əvvəlcədən təmirsiz vəziyyətdə olmuşdur. Bunu evin digər hissələrinə baxdıqda müəyyən etmək olar. Tələb olunan vəsait isə evin tam təmiri üçün hesablanmışdır.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi.
7. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
10. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
11. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
15. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
16. Mübahisə cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 88 saylı mənzildən iddiaçının mülkiyyətində olan həmin ünvanda yerləşən 85 saylı mənzilə su axması nəticəsində dəymiş zərərlə bağlıdır. Cavabdeh iddianı qəbul etmir və bildirir ki, iddiaçının evinə su axmaya görə o deyil, "xxxx" ASC məsuliyyət daşıyır, çünki Cəmiyyətin əməkdaşlarının məsuliyyətsizliyi nəticəsində suyun təzyiqi normadan artıq verilmiş və binanın istilik xəttində sızma baş vermişdir. İddiaçının mənzilinə suyun axması işin mübahisəsiz halıdır.
17. Mülki Məcəllənin yuxarda göstərilən müddəalarının mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.
18. Hazırkı mübahisə üzrə zərərin vurulmasına səbəb olan əməl iddiaçının mənzilinə su axıdılması ilə bağlı olan hərəkətdən (hərəkətsizlikdən) ibarətdir. İş materiallarında olan sübutlar əsasında bu fakt tösdqini tapır. Bakı şəhəri 82 saylı MKİS-nin rəisi R.Eldarzadənin, mühəndisi R.Xanpaşayevin və sahə nəzarətçisi E.Həsənovun iştirakı ilə tərtib edilmiş Aktda (surəti işə əlavə edilmişdir) qeyd edilmişdir ki, iddiaçının müraciəti əsasında Mənzilinə baxış keçirildi və su axıntısının olduğu təsdiq edildi, su axıntısı zamanı iddiaçının Mənzilinin hamam və sanuzelinə ziyan dəymişdir. Məhkəmə baxışı zamanı tərəflər özləri də cavabdehin mülkiyyətində olan mənzildən iddiaçının mənzilinə su axmasını təsdiq etdilər və bu halın birinci dəfə cavabdehin də dediyi kimi, sonuncunun mənzilində olan su radiatorunun partlaması (cavabdehin bildirdiyinə görə "xxxx" ASC-nin əməkdaşlarının məsuliyyətsizliyi nəticəsində suyun təzyiqinin normadan artıq verilməsinə görə baş vermişdir) nəticəsində baş verdiyini, sonradan isə sanitar qovşaqdan su axması ilə bağlı olduğunu bildirdilər. Həmçinin, iddiaçı tərəfindən CD diskə köçürülərək məhkəməyə təqdim edilmiş video gürüntü və foto şəkillərdən görünür ki, iddiaçıya məxsus Mənzilin yataq otağının və dəhliz hissələrinin tavanından və divarlarından su axaraq yerə və otaqdakı əşyaların üzərinə tökülür. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 10/7717 saylı, xx.xx.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, baxış zamanı Mənzilin dəhliz, mətbəx və iki ədəd yaşayış otağı tikilisinin tavanında su sızma izləri və sarımtıl ləkələrin olduğu müəyyən edilmişdir.
19. İddiaçının mənzilinə su axıdılması ilə bağlı əməlin qanuna zidd olması isə, məhkəmə hesab edir ki, mübahisə doğurmayan haldır, çünki həmin hərəkət nəticəsində iddiaçının mülkiyyətinə ziyan dəymişdir. Mülkiyyətçinin mülkiyyətlə bağlı hüquqlarının qorunması isə hər bir şəxsin konstitusiyon hüququdur.
20. Mənzilə su axıdılmasında cavabdehin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması məsələsinə gəldikdə isə, əvvəldə də qeyd edildiyi kimi, sonuncu bunu qəbul etmir və etirazını onunla əsaslandrır ki, hadisə nəticəsində dəymiş zərərə görə o deyil "xxxx" ASC məsuliyyət daşıyır, ona görə ki, həmin qurumun əməkdaşları tərəfindən suyun təzyiqi normadan artıq verildiyindən onun məzilində olan su radiatoru partlamış, nəticədə güclü su axaraq onun mənzilinə, oradan da iddiaçının mənzilinə tökülmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili ilə bağlı iş üçün əhəmiyyət kəsb edən iki hala hüquqi qiymət verilməsi zəruridir. Bunlardan birincisi, cavabdehin mənzilindəki su radiatorunun partlamasına səbəb olan hadisənin həqiqtən də "xxxx" ASC-nin təqsirindən baş verməsinin müəyyən edilməsi, ikincisi isə cavabdehin mənzilində olan su radiatorunun kim tərəfindən quraşdırılması ilə bağlıdır.
21. Birinci halın mövcudluğu ilə əlaqədar cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, əgər su radiatorunun partlamasına "xxxx" ASC tərəfindən verilən isti suyun təzyiqinin normadan artıq verilməsi səbəb olmuşdursa, bu halda cavabdeh həmin Cəmiyyətə, yaxud aidiyyəti dövlət qurumlarına dərhal məlumat verməli, hadisənin təfərrüatları araşdırılmalı və müvafiq qərar qəbul edilməli idi. Lakin cavabdeh məhkəmə iclasında bu barədə nə "xxxx" ASC-yə, nə də müvafiq dövlət orqanlarına məlumat vermədiyini bildirdi.
22. İkinci hala gəldikdə isə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, (cavabdehin bildirdiyinə görə) cavabdehin mənzilində quraşdırılmış və bildirdiyinə görə təzyiq nəticəsində partlamağa məruz qalmış su radiatoru ona məxsus olmuş 88 saylı mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən quraşdırılmışdır. Mənzili aldıqdan sonra həmin radiatorun texniki vəziyyətinin yoxlanılması barədə isə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə hesab edir ki, bu halda, mənzildə aidiyyəti dövlət orqanın icazəsi, yaxud razılığı alınmadan quraşdırılmış əlavə avadanlıqların istismarı nəticəsində dəymiş zərərə görə məsuliyyəti onu quraşdıran şəxs, indiki halda isə cavabdeh məsuliyyət daşımış olur. Çünki cavabdeh özünə məxsus mənzildən, habelə mənzilə xidmət edən bütün zəruri vasitələrdən istifadə etməsi nəticəsində üçüncü şəxslərə dəymiş hər bir zərərə görə cavabdehdir. Təsadüfü deyil ki, qanunvericilikdə hər bir şəxsin mülkiyyətindən istədiyi kimi istifadə etmək imkanını tanınmaqla bərabər, bu hüququn həyata keçirilməsi zamanı qonşuların və üçüncü şəxslərin hüquqlarının pozulmamasını da nəzərə almışdır (AR MM-nin 152.5-ci maddəsi). Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Mənzilə su axıdılmasında cavabdehin təqsiri olmuşdur.
23. Məhkəmə eyni zamanda, hesab edir ki, şərh edilənlər cavabdehin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında (Mənzilə zərər dəyməsi) səbəbli əlaqənin olması barədə nəticəyə gəlməyə də tam əsas verir.
24. İddiaçıya zərər vurulması isə ekspert rəyi ilə müəyyən edilir. Belə ki, məhkəmə tikintitexnki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 10/7717 saylı, xx.xx.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, Mənzilə su axıdılması nəticəsində dəhliz, mətbəx və iki yaşayış otağının divarında su sızma izlərinin olması, tavanında sarımtıl ləkələrin olması, divara vurulmuş divar kağızının qopması müşahidə olunur. Mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2813 manat məbləğində müəyyən olunur.
25. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus Mənzilə cavabdehə məxsus olmuş Bakı şəhəri, Xətai rayon, X.Məmmədov küçəsi, 33 saylı evin 88 saylı mənzildən su axması nəticəsində dəymiş ziyanın ümumilikdə 2813 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə müəyyən edildiyindən, dəymiş ziyanın real həcmi 2813 manat olmaqla, cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
26. Məhkəmə hesab edir ki, iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi təmin edilə bilməz.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
28. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.
29. Məhkəmə qeyd edir ki, Mənzilinə su axması nəticəsinədə iddiaçı mənəvi sarsıntı keçirməsinin, psixologiyasında stress, sarsıntı və emosional gərginliyin nədən ibarət olmasını göstərməmiş, bununla bağlı yalnız qanunvericilik normalarını sadalamaqla kifayətlənmişdir. Eyni zamanda, iddiaçı Mənzilinə su axması nəticəsinədə mənəvi sarsıntı keçirməsi, psixologiyasında stress, sarsıntı və emosional gərginlik keçirməsi, bunlara görə sağlamlalığına ziyan dəyməsi və s. ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz.
30. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddianın təmin olunması nisbətində tərəflərdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. Dəymiş maddi zərərə görə 2813 manat pul və 40 manat dövlət rüsumu Cavabdeh tutularaq X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi X3 aid edilsin. Ekspertiza xərcinin 80 manat hissəsi Cavabdeh, 20 manat hissəsi isə X1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elekton Məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı