Məhkəmə qərarları › İş №e-2(011)-2262/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2262/2022

12.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2262/2022 12.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (maraqlı şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh göstərilməklə) “nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi və onun dövlət mülkiyyətinə verilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (maraqlı şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh göstərilməklə) “nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi və onun dövlət mülkiyyətinə verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülkiyyətçisinin olmadığı müəyyən edilmiş və 07 yanvar 2022-ci il tarixli təhvil-təslim aktı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X5” publik hüquqi şəxsə təhvil verilmiş “VAZ2106” markalı nəqliyyat vasitəsinin (buraxılış ili 1988; mühərrik-blok nömrəsi 0807367; mühərrikin həcmi 1,6; ban nömrəsi XTA210610J2027395) sahibsiz hesab edilməsi və onun dövlət mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ2106” markalı nəqliyyat vasitəsi saxlanılmışdır. Qeyd edilən nəqliyyat vasitəsinin mülkiyyətçisi olmadığından, onun üzərində qanunvericiliyə uyğun olaraq dövlətin mülkiyyət hüququnun tanınması və ondan səmərəli istifadə edilməsi məqsədilə həmin avtomobil 07 yanvar 2022-ci il tarixli “Nəqliyyat vasitəsinin təhvil-təslimi barədə Akt” əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X5” publik hüquqi şəxsə təhvil verilmişdir. Nəqliyyat vasitəsi hazırda “X5” publik hüquqi şəxsin faktiki sahibliyindədir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin təmin olunmasını xahiş etdi və onun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülk Məcəllənin 184.1-ci maddəsinə əsasən əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Qeyd edilən müddəlardan da göründüyü kimi, daşınar əşyanın sahibsiz hesab edilməsi üçün əsaslar onun mülkiyyətçisinin olmaması (məlum olmaması), yaxud mülkiyyətçi məlum olsa da, onun daşınar əşyaya dair öz sahibliyinə xitam vermək məqsədilə imtina etməsi ilə şərtləndirilmişdir. Mülki işin yuxarıda qeyd edilən faktiki hallarından da göründüyü kimi, Cavabdeh əməkdaşları 06 dekabr 2021-ci il tarixdə Xocavənd rayonunun Böyük Tağlar kənd ərazisində xidmət apararkən kəndarası yolda dayanmış vəziyyətdə açıq-mavi rəngli “VAZ2106 minik” markalı avtomaşını görərək ona yaxınlaşmış, avtomobilin yaxınlıqdakı yol-tikinti işləri aparan “X11” şirkətində sürücü işləyənlər X8 və digər sürücü X4 ilə birlikdə işğaldan azad edilmiş ətraf kəndlərin birindən qənimət kimi götürüldüyü onlara araşdırma nəticəsində məlum olmuşdur. “VAZ2106" markalı avtomobil Cavabdeh əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X5”nə təhvil verilmişdir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, İmişli rayonun Qızılkənd kənd sakini X1 rayon Polis Şöbəsinin rəisinə verdiyi izahatında bildirmişdir ki, o, Xocavənd rayonunun Böyük Tağlar kəndi ilə qonşu Tağaverdi kəndinin meşəlik sahəsinin meşəarası yolla gündüz vaxtı idarə etdiyi avtomaşınla gedərkən yoldan kənardakı kolluğun və ağacların arasında açıq-mavi rəngli “VAZ2106 minik” markalı avtomaşını görmüş, onu nəzərdən keçirdikdə avtomaşının üzərində nömrəsi olmayan, sahibsiz və qənimət avtomobil olduğunu bilib avtomaşını Böyük Talar kənd ərazisindəki sahibsiz və yaşayış olmayan evlərin birinin həyətində saxlamışdır. İşin şərh edilən və məhkəmə tərəfindən araşdırılan hallarından da, göründüyü kimi, avtomobilin mülkiyyətçisi məlum deyildir. Ona görə də, ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Həmin Məcəllənin 326.3-cü maddəsiə əsasən məhkəmə daşınmaz əşyanın mülkiyyətçisinin olmadığını, yaxud əşyanın mülkiyyətçisi tərəfindən onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan qoyulduğunu və müəyyən edilmiş qaydada uçota alındığını müəyyən edərsə, daşınmaz əşyanın sahibsiz hesab edilməsi və onun üzərində dövlət mülkiyyəti hüququnun tanınması barədə qətnamə çıxarır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “VAZ2106 minik” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi yoxdur, həmin avtomobil müvafiq hüquq mühafizə orqanları tərəfindən aşkar edilməklə onun üzərində qanunvericiliyə uyğun olaraq dövlətin mülkiyyət hüququnun tanınması və ondan səmərəli istifadə edilməsi məqsədilə 07 yanvar 2022-ci il tarixli “Nəqliyyat vasitəsinin təhvil-təslimi barədə Akt" əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında X2 təhvil verilmişdir. Yuxarıda göstərilən hallar əmlakın sahibsiz hesab edilməsi üçün əsasdır. Şərh edilənlərdən əlavə məhkəmə ərizəçinin hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnun olmasına da qiymət verilməsini zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan RespublikasıPrezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqları yaradılması qərara alınmışdır. Fərmanın 4.3-cü bəndinə əsasən müvəqqəti komendantlıqlarının tərkibində İqtisadiyyat Nazirliyinin əməkdaşının da daxil olduğu göstərilmişdir. Fərmanın 6.4-cü bəndinə əsasən kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırıması, saxlanılması və mühafizəsi vəzifəsinin yerinə yetirilməsinin təşkil edilməsi ərazi üzrə fəaliyyət göstərən müvəqqəti komendantlıqlar tərəfindən həyata keçirilir. Beləliklə, şərh edilənlərdən də göründüyü kimi, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində yaradılmış müvəqqəti komendantlıqların nəzdində Azərbaycan İqtisadiyyat Nazirliyinin əməkdaşları da olduğundan, habelə Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 6.4-cü bəndinə müvafiq olaraq mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi vəzifəsinin yerinə yetirilməsinin təşkil edilməsi ərazi üzrə fəaliyyət göstərən müvəqqəti komendantlıqlar tərəfindən həyata keçirilməli olduğundan ərizəçinin hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, ərizə təmin edilməli, 07 yanvar 2022-ci il tarixli təhvil-təslim aktı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X6 təhvil verilmiş “VAZ2106 minik” markalı (buraxılış ili 1988; mühərrik-blok nömrəsi 0807367; mühərrikin həcmi 1,6; ban nömrəsi XTA210610J2027395) nəqliyyat vasitəsi sahibsiz hesab edilməli, nəqliyyat vasitəsi üzərində dövlət mülkiyyəti hüququ tanınmaqla dövlət mülkiyyətinə verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 8-ci maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə ərizəçi dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. 07 yanvar 2022-ci il tarixli təhvil-təslim aktı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X6 təhvil verilmiş “VAZ2106 minik” markalı (buraxılış ili 1988; mühərrik-blok nömrəsi 0807367; mühərrikin həcmi 1,6; ban nömrəsi XTA210610J2027395) nəqliyyat vasitəsi sahibsiz hesab edilsin. “VAZ2106 minik” markalı (buraxılış ili 1988; mühərrik-blok nömrəsi 0807367; mühərrikin həcmi 1,6; ban nömrəsi XTA210610J2027395) nəqliyyat vasitəsi üzərində dövlət mülkiyyəti hüququ tanınmaqla dövlət mülkiyyətinə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar