Məhkəmə qərarları › İş №e-2(011)-2304/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2304/2023

03.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2304/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı MMMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh3, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1 MMMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması və əmlaka qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı MMMC cavabdehlər Cavabdeh1 MMMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması və əmlaka qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən və "xxxx" MTK tərəfindən inşa edilən 6 binadan ibarət, 6 mərtəbəli çoxmənzilli yaşayış kompleksinin idarə edilməsi məqsədilə onun sakinləri tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı təsis edilmişdir. İddiaçı MMMC-nin Nizamnaməsinə görə, cəmiyyətin fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. xx.xx.2016-cı il tarixli 2 saylı təhvil-təslim aktına görə "xxxx" MTK ilə İddiaçı MMMC arasında bağlanmış “Çoxməzilli binanın idarə edilməsi” barədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında inşa edilmiş və tikintisi başa çatmış 6 ədəd bir bloklu 6 mərtəbəli binadan ibarət yaşayış kompleksinə aid əmlak və avadanlıqlar "xxxx" MTK tərəfindən İddiaçı MMMC-yə təhvil verilmişdir. Həmin aktda qeyd edilən əmlakların sırasında həmçinin "xxxx" MTK ilə "xxxx" MTK-nın birgə istifadəsində olan zibil yeri üçün 1 mərtəbəli tikili sahəsi də İddiaçı MMMC-yə təhvil verilmişdir. Lakin "xxxx" MTK-nın inşa etdiyi 2 binadan ibarət, 18 mərtəbəli çoxmənzilli yaşayış kompleksinin idarə edilməsi üçün Cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edildikdən sonra da qeyd edilən zibil yeri üçün 1 mərtəbəli tikili tamamilə cavabdehin istifadəsində qalmışdır. Birgə istifadələrində olan zibil yeri üçün 1 mərtəbəli tikili uzun müddətdir ki, təyinat üzrə istifadə olunmur və Cavabdeh1 MMMC tərəfindən tamamilə zəbt edilərək ofis kimi istifadə edilir. Bununla bağlı, dəfələrlə Cavabdeh1 MMMC-yə həmin tikilidən istifadə etməsinə şərait yaradılmasına dair şifahi və yazılı olaraq müraciətlərin olunmasına baxmayaraq heç bir tədbir görülməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı MMMC-yə ünvan 1 və 4A binaların ərazisində yerləşən zibil yeri üçün nəzərdə tutulan 1 mərtəbəli tikilidən istifadəyə Cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qanunsuz müdaxiləsinə qadağan edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMMC-nin nümayəndəsi Nümayəndə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində Cavabdeh1 MMMC-nin Cavabdeh2 və Cavabdeh3 üzərinə ünvan 1 və 4A binaların ərazisində yerləşən zibil yeri üçün nəzərdə tutulan 1 mərtəbəli tikilidən İddiaçı MMMC-nin istifadə etməsinə maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması, qanunsuz müdaxilənin qadağan edilməsi və ödənilmiş 100 manat mələğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı MMMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh3 ona və digər cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbinə etiraz etməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi Vəkil cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbinə etiraz etməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə eyni zamanda izahatında bildirmişdir ki, iddia ərizəsində də göstərildiyi kimi "xxxx" MTK tərəfindən inşa edilən 6 binadan ibarət, 6 mərtəbəli çoxməzilli yaşayış kompleksi ünvan 4 ünvanında yerləşir. İddiaçının iddia edərək mübahisələndirdiyi 1 mərtəbəli tikili sahəsi isə "xxxx" MTK-nın icarə hüququ ilə istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov 70 ünvanında ( keçmiş Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazi) yerləşir. İddiaçının iddia edərək mübahisələndirdiyi 1 mərtəbəli tikili sahəsi "xxxx" MTK-nın sahiblik və istifadəsində olan torpaq sahəsində yerləşmədiyindən və iddiaçının iddia edərək mübahisələndirdiyi həmin 1 mərtəbəli tikili sahəsi üzərində "xxxx" MTK-nın heç bir hüququnun mövcud olmadığı üçün həmin tikili üzərində "xxxx" MTK tərəfindən sərəncam verilərək İddiaçı MMMC-yə təhvil verilə bilməzdi. Çünki, həmin tikili üzərində "xxxx" MTK-nın heç bir hüququ mövcud olmamışdır. İddiaçının iddia edərək mübahisələndirdiyi 1 mərtəbəli tikili sahəsi "xxxx" MTK-nın icarə hüququ ilə istifadəsində olmuş Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazidə (indiki Ceyhun Həsənov 70) yerləşir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2-2(82)-196/2017 nömrəli qətnaməsinə əsasən "xxxx" MTK-nın icarə hüququ ilə istifadəsində olmuş Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazidə yerləşən 1,1234 ha torpaq sahəsi üzərində "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının istifadə hüququ tanınmışdır. Hazırda iddiaçının iddia edərək mübahisələndirdiyi 1 mərtəbəli tikili sahəsinin üzərində yerləşdiyi torpaq sahəsi "xxxx" ASC-nin istifadəsindədir. Nümayəndə həmçinin iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, iddiaçı xx.xx.2016-cı il tarixli 2 saylı təhvil-təslim aktına və xx.xx.2016-cı il tarixli müqaviləyə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə əşyalarla bağlı tələbləri üzrə iddia müddəti isə altı ildir. İddia tələbləri üzrə iddia müddətinin keçməsi səbəbindən İddiaçı MMMC-nin iddia tələblərinə iddia müddətinin tətbiq edilməsi və iddia tələblərindən imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh1 MMMC-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, hazırkı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin, onların nümayəndələrinin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı xx.xx.2016-cı il tarixdə 1116-MM3-0022 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir, qanuni təmsilçisi X1r. İş materiallarında olan İddiaçı MMMC-nin sədri İ.Verdiyev tərəfindən Cavabdeh1 MMMCyə ünvanlamış 9 sentyabr 2022-ci il tarixli 26 nömrəli müraciətin məzmunundan görünür ki, İddiaçı MMMC ilə Cavabdeh1 MMMC-nin birgə istifadəsində olan zibil yeri üçün 1 mərtəbəli tikilidən İddiaçı MMMC tərəfindən təyinatı üzrə istifadə olunması üçün şərait yaradılması xahiş edilmişdir. İş materiallarında olan Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən Cavabdeh1 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2017-ci il tarixdə 1117-MM4-0065 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir, qanuni təmsilçisi X2r. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh2 Cavabdeh1 MMMC-nin direktoru vəzifəsində işləyir. İş materiallarında olan "xxxx" MTK-nın sədri C.Ə.Cəlilov, İddiaçı MMMC-nin direktoru İ.Q.Verdiyev və "xxxx" MMC-nin direktoru R.F.Umudov tərəfindən imzalanmış 02 iyun 2016-cı il tarixli 2 nömrəli aktın surətindən görünür ki, "xxxx" MTK ilə İddiaçı MMMC arasında bağlanmış “Çoxmənzilli binanın idarəedilməsi” barədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 10 ünvanında inşa edilmiş və tikintisi başa çatmış 6 ədəd bir bloklu 6 mərtəbəli binadan ibarət yaşayış kompleksinə aid 6 ədəd 1 bloklu 6 mərtəbəli bina, 1 ədəd 1 mərtəbəli tikili, 1 ədəd 1 mərtəbəli yeraltı qaraj, qazanxana, içməli su anbarı, yanğın əleyhinə su anbarı, elektrik y/stansiya, 147 ədəd işıq sayğacları, 2 ədəd 2000 litr, qırmızı rəngli “Vates” markalı çən, 1 ədəd 1000 litr, qırmızı rəngli “Vates” markalı çən, 1 ədəd 100 litr qırmızı rəngli “Vates” markalı çən, 11 ədəd “Grundfos” markalı su motoru, 2 ədəd “Kodsan” markalı çən, 2 ədəd “Erensan” markalı qazan, 1 ədəd smart kart tipli “Alfasu” markalı su sayğacı, 1 ədəd “Elster EK 220” markalı qaz sayğacı, qazanxana daxilində 2 ədəd elektrik şiti, 1 ədəd 1mərtəbəli tikili mühafizə postu, 4 ədəd “LG” markalı komputer monitoru, 4 ədəd “Pinetron” markalı server, 1 ədəd Stasionar telefon aparatı, 1 ədəd “Vestel” markalı kondisioner, 2 ədəd şlaqbaum, 1 ədəd kiçik ölçülü “Beko” markalı soyuducu, 36 ədəd böyük ölçüdə həyət işıqlandıran dirəklər, 79 ədəd kiçik ölçüdə həyət işıqlandıran dirəklər, 8 ədəd oturacaqlar, 9 ədəd zibil qabı, 46 ədəd palma ağacı, 113 ədəd şam ağacı, 64 ədəd digər ağaclar, 1 ədəd "xxxx" MTK ilə "xxxx" MTK-nın birgə istifadəsində olan zibil yeri üçün 1 mərtəbəli tikili, 2 ədəd elektrik y/stansiyada şitlər, 1 ədəd elektrik y/stansiyada elektrik sayğacı, 4 ədəd iri tutumlu zibil qabları, binalarda yanğın şitləri (6 binanın heç birində yoxdur), binalarda su sayğacları (1-ci binanın 2-ci mərəbəsində blokda 1 ədəd isti su sayğacı yoxdur), binalarda qaz sayğacları (2-ci binanın 1-ci mərtəbəsində blokda 1 ədəd qaz sayğacı yoxdur) "xxxx" MTK tərəfindən İddiaçı MMMC-yə təhvil verilmişdir. İş materiallarında olan sifarişçi "xxxx" MTK ilə layihəçi "xxxx" MMC arasında razılaşdırılmış Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 18 mərtəbəli yaşayış kompleksinin eskiz layihəsindən görünür ki, ümumi texniki-iqtisadi göstəriciləri tikinti üçün ayrılmış sahə 14900 m2, tikintinin sahəsi 3242 m2, tikintinin faizi 21.75%, tikintinin həcmi sıfır səviyyəsindən yuxarı 179511.8 m2, tikintinin həcmi sıfır səviyyəsindən aşağı 19390.8 m3, yaxşılaşdırma sahəsi 3734 m2, tamet 2880.89 m2 , asfalt 4462.86 m2 müəyyən edilmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-196/2017 saylı 28 aprel 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" MTK-ya qarşı kredit müqaviləsi üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyata alınması tələbinə dair iddia tələbi təmin edilmiş, "xxxx" MTK-dan 6237222.22 manat əsas borc, 4133895,01 manat faiz borcu olmaqla cəmi ********.23 manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, borc tələbinin "xxxx" MTK-nın istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazidə yerləşən 11234 ha torpaq sahəsi üzərində istifadə hüququna yönəldilməsi, "xxxx" MTK-nın qeyd edilən torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi və "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının həmin torpaq sahəsi üzərində istifadə hüququnun tanınması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in üzərinə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının qeyd edilən əmlakın üzərində istifadə hüququnun qeydiyyata alınması öhdəliyini qoyulması qət edilmişdir. İş materiallarında olan "xxxx" MTK ilə İddiaçı MMMC arasında bağlanmış 29 aprel 2016-cı il tarixli 01/01 nömrəli Çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin surətindən görünür ki¸ sözügedən müqavilə “Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının” 04 yanvar 2016-cı il tarixli qərarına əsasən hazırlanmışdır və müqavilənin predmeti Kooperativin inşa etdiyi ünvan 11 ünvanında yerləşən 6 ədəd 6 mərtəbəli çoxmənzilli binalarda ümumi əmlakın idarəçiliyinin əvəzsiz olaraq İdarəçiyə verilməsindən, İdarəçinin isə həmin əmlakı qəbul edib əmlakın lazımi qaydada saxlanılmasının, təmir və bərpa edilməsinin, kommunal və digər xidmətlərin göstərilməsinin təmin edilməsindən ibarətdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 21 may 2012-ci il tarixli “İstismara qəbul edilmiş obyektlərin dövlət qəbul komissiyası aktlarının təsdiq olunması” haqqında Sərəncamının surətindən görünür ki, "xxxx" MTK-nın ünvan 12 ünvanda 18 mərtəbəli 4 girişli (2 ədəd 2 girişli blok) yaşayış binası (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) və bloklarası 1 mərtəbəli iaşə obyektinin istismara qəbul edilməsi üzrə dövlət qəbul komissiyasının aktları təsdiq edilmişdir. İş materiallarında olan 23 iyul 2023-cü il tarixli yerində müayinə protokolundan görünür ki, həmin tarixdə Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov 70 ünvanında (keçmiş Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazi) yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi, 2A və 4A binaların ərazisində yerləşən 1 mərtəbəli mübahisəli tikilinin qapısı bağlıdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, on dan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəyə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, "xxxx" MTK tərəfindən inşa edilən 6 binadan ibarət, 6 mərtəbəli çoxməzilli yaşayış kompleksi ünvan 13 ünvanında yerləşir, iddiaçı tərəfin mübahisələndirdiyi 1 mərtəbəli tikili "xxxx" MTK-nın icarə hüququ ilə istifadəsində olmuş Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov 70 ünvanında ( keçmiş Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazi) yerləşir. "xxxx" MTK ilə İddiaçı MMMC arasında bağlanmış “Çoxmənzilli binanın idarəedilməsi” barədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Xətai rayonu, Sadıqcan küçəsi 2 A ünvanında inşa edilmiş və tikintisi başa çatmış 6 ədəd bir bloklu 6 mərtəbəli binadan ibarət yaşayış kompleksinə aid bir sıra əmlaklarla yanaşı 1 ədəd "xxxx" MTK ilə "xxxx" MTK-nın birgə istifadəsində olan zibil yeri üçün 1 mərtəbəli tikili də "xxxx" MTK tərəfindən İddiaçı MMMC-yə təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 1 mərtəbəli tikili "xxxx" MTK-nın sahiblik və istifadəsində olan torpaq sahəsində yerləşmir, həmin tikili "xxxx" MTK-nın icarə hüququ ilə istifadəsində olmuş Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazidə (indiki Ceyhun Həsənov 70) yerləşir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2-2(82)-196/2017 nömrəli qətnaməsinə əsasən "xxxx" MTK-nın icarə hüququ ilə istifadəsində olmuş Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi ilə 830-cu keçidin kəsişdiyi ərazidə yerləşən 1.1234 ha torpaq sahəsi üzərində "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının istifadə hüququ tanınmış və hazırda iddiaçının mübahisələndirdiyi 1 mərtəbəli tikilinin yerləşdiyi torpaq sahəsi artıq "xxxx" ASC-nin istifadəsindədir. Beləliklə, sübutetmə vəzifəsi iddiaçının üzərində olsa da, iddiaçı mübahisəli tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən, onun mübahisəli tikili üzərində mülkiyyətçi hüquqlarının, yaxud mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik etmək hüquqlarının mövcudluğu sübuta yetirilməmişdir. İddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə qeyd edilməlidir ki, iddiaçı hazırki iddia tələbini irəli sürməsi ilə bağlı subyektiv hüquqa malik olmadığından məhkəmə iddia müddətinin tətbiq edilməsi məsələsinə münasibətin bildirilməsini zəruri hesab etmir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1 MMMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması və əmlaka qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar