Məhkəmə qərarları › İş №e-2(011)-2396/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2396/2025

24.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2396/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Cavabdeh qarşı “şəxsiyyət vəsiqəsinin geri alınması” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdeh qarşı “şəxsiyyət vəsiqəsinin geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

3. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanunu:

15. işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir.

4. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 3.4. Şəxsiyyət vəsiqəsi oğurlandıqda, vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında həmin şəxsə arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində qeydiyyatın aparılması və bunun əsasında vəsiqə sahibinin və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas hesab edilir.

İşə baxan məhkəmənin mövqeyi:

5. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir.

6. Belə ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmağa aid olduğu müəyyən edilməlidir.

7. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.

8. Sadalanan qanunvericilik normalarından da göründüyü kimi, ümumi yurisdiksiyalı məhkəmələr müxtəlif şəxslərin hüquqlarının qanunverciliklə müəyyən edilmiş qaydada müdafiəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında işlərin baxılmasında səlahiyyətlidir. Azərbaycan Respublikası MPM-in müddəalarına müvafiq olaraq ümumi məhkəmələr tərəfindən tərəflər arasında mülki hüquq münasibətlərindən, habelə ailə, əmək, əmlak və s. mübahisələrlə bağlı olan, eləcə də mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında işlərə baxılır.

9. İddiaçının tələbi Cavabdeh tərəfindən törədilən əmələ görə inzibati məsuliyyətə cəlb edilməsini, azyaşlı oğlunun şəxsiyyət vəsiqəsini Cavabdehden geri alınmasının təmin edilməsi ilə bağlıdır.

10. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Şəxsiyyət vəsiqəsi oğurlandıqda, vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında həmin şəxsə arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində qeydiyyatın aparılması və bunun əsasında vəsiqə sahibinin və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas hesab edilir.

11. Eyni zamanda, ərizəçinin məhkəməyə göndərdiyi iddia ərizəsinə əsasən bu xarakterli işlərə baxılması qaydası və əsasları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar hesab edilir.

12. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə aidiyyəti üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır.

13. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 153, 263- 264, 267-269-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

1. İddiaçı Cavabdeh qarşı “şəxsiyyət vəsiqəsinin geri alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilsin.

2. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar