Məhkəmə qərarları › İş №e-2(011)-2415/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2415/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2415/2021 08.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Hafiz oğlunun iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh Hafiz oğluna qarşı “subroqasiya qaydasında pul tələbinı dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” ASC Cavabdeh Hafiz oğluna qarşı “subroqasiya qaydasında pul tələbinı dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə 17692,39 manatın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Hafiz oğlu tərəfindən idarə olunan “Toyota Vitz” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə 30.10.2018-ci il tarixində “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “İveco Crealis” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşı tərəfindən 12.10.2018-ci ıl tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. “xxxx” tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 22692,39 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin 24.05.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 22692,39 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün zərərçəkənin şəxsin hesabma ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsi mülki məsuliyyətinin icbari sığortası üzrə 5000 manat “xxxx” ASC-nin hesabına ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq, təqdim olunmuş ekspert rəyinə etiraz edərək, köhnəlmə əmsalının düzgün hesablanmadığını bildirmiş və qərar qəbul edilərkən rəyin nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Hafiz oğlu, iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Cavabdeh də, həmçinin, ekspert rəyi ili dəymiş ziyanın məbləğinin çox hesablandığını göstərmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan C-MİC-0501/18 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin və ona 1 saylı əlavənin surətindən görünür ki, “xxxx” QSC-yə məxsus “İveco Crealis” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Sığorta Şirkəti tərəfindən 01.04.2018-ci il tarixdən 31.03.2019-cu il tarixinədək sığortalanmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03.11.2018-ci il tarixli qərarın surətindən görünür ki, 30.10.2018-ci il tarixdə Cavabdeh özünə məxsus “Toyota Vıtz” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qara Qarayev prospekti ilə hərəkət edib sola Azər Manafov küçəsinə dönən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq sağdan, Qara Qarayev prospektindən gələn X1 idarə etdiyi “xxxx” MMC-yə məxsus “İveco Crealis” markalı **- JH-*** dövlət qeydiyyat nişanlı 7A saylı sərnişin avtobusunu gözləməmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında 16.11.2018-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati qaydada 60 manat cərimə edilmişdir. “xxxx” MMC tərəfindən təqdim olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 22692,39 manat müəyyən edilmişdir. İş materiallarında olan 22.05.2019-cu il tarixli sığorta aktından və ona əlavə olunmuş ödəniş tapşırığından görünür ki, “xxxx” Sığorta Şirkəti tərəfindən dəymiş ziyana görə faydalanan şəxs “xxxx” MMC-nin hesabına 22692,39 manat məbləğində sığorta ödənişinin ödənilməsi qərara alınmış və şəxsi hesabına köçürmə həyata keçirilmişdir. 29.04.2021-ci il tarixli, 9/1880 saylı ekspert rəyi ilə “İveco Crealis” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, 15373 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Miilki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh Hafiz oğlunun mülkiyyətində olan “Toyota Vitz” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillə, 30.10.2018-ci il tarixdə yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçı tərəfindən sığortalanmış “İveco Crealis” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi ziyan vurması, iddiaçı tərəfindən zərərçəkənə 22692,39 manat sığorta ödənişinin həyata keçirilməsi, cavabdehin avtomobilini sığortalamış “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000 manat məbləğində sığorta ödənişinin “xxxx” ASC-nin hesabına ödənilməsi, ekspert rəyi ilə dəymiş ziyanın 15373 manat olduğu müəyyən edilmişdir. Ona görə də, iddia tələbi qismən təmin edilərək 10373 manat (15373 AZN-5000 AZN=10373 AZN) məbləğində pul vəsaiti cavabdedən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.04.2021-ci il tarixli, 9/1880 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə 30,40 manat dövlət rüsumunun 18 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməli, ekspertiza tədqiqatının dəyərinin 60 manat hissəsi cavabdehdən, 40 manat hissəsi iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Hafiz oğlundan 10373 (on min üç yüz yetmiş üç) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 60 (altmış) manat hissəsi Cavabdeh Hafiz oğlundan, 40 (qırx) manat hissəsi iddiaçı "xxxx" ASC-dən tutulub dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar