Məhkəmə qərarları › İş №e-2(011)-2461/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2461/2023

17.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2461/2023 17.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 2599.90 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 16.12-xx.xx.2021-ci il tarixləri kart hesabından digər kart hesablarına köçürmə əməliyyatları icra etmişdir. Nəticədə Cavabdeh banka cəmi 2.599,90 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, onda İddiaçı ASC-dən Umico kartı vardır, həmin kartdan istifadə edir, pandemiya dövründə kartına avans kimi kartına 2000 manatdan çox pul gəlmişdir, pulun haradan gəldiyini bilməmişdir, lakin ondan istifadə etmişdir, belə ki, həmin dövrdə ticarətlə məşğul olduğu üçün ona pul lazım olmuş, buna görə də kartına yüklənmiş həmin puldan istifadə etmişdir, daha sonra ondan bank pul tələb etmiş, bu zaman bilmişdir ki, həmin pul ona avans kimi gəlmişdir, lakin pandemiya bitdikdən sonra, indi də işsizdir, bu səbəbdən borcu ödəyə bilməmişdir, iddianı həmin hissədə qəbul edir, borcunu hissə-hissə ödəməyə razıdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi E.Ələkbərov ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının ərizəsini nəzərə alaraq məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Kapial Bank” Cavabdeh ödəniş kartı üzrə çıxarış məlumatlarından görünür ki, kartın növü “BirKart Umico”, balans -2599,90 manatdır, xx.xx.2021-xx.xx.2023 dövrü üzrə “-2701.00” manat məxaric olunub, “101,10” manat dövr üzrə mədaxil olunmuşdur. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli “Bildiriş”in surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh bildiriş göndərilməklə ondan borcunu 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 46 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin kart hesabına cəmi 2559,90 manat məbləğində pul köçürmüş, cavabdeh isə həmin məbləği qəbul edərək götürmüşdür, tərəflər əvvəllər hər hansı hüquq münasibətində olmamışlar, cavabdeh iddiaçıdan aldığı pul məbləği müqabilində əsassız varlanmışdır, iddiaçı pul məbləğini cavabdehdən tələb etmişdir, cavabdeh iddia tələbini 2599,90 manat hissədə qəbul edir. Bununla belə, cavabdehin əldə etdiyi pul vəsaitinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh qanuni əsas olmadan iddiaçı tərəfindən onun hesabına köçürülmüş pul məbləği müqabilində əsassız varlanmışdır ki, bu da onun həmin məbləğ üzərində əmlak hüququnu istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehin hesabına köçürülmüş məbləğin geri qaytarılması barədə tələb ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. X1 formalaşdırılan hüuquq mövqeyə əsasən, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 2599,90 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddianın həcmi nəzərə alınmaqla, dövlət rüsumu kimi ödənilmiş 46 manat cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2599 (iki min beş yüz doxsan doqquz) manat 90 (doxsan) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 (qırx altı) manat məbləğdə pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar