Məhkəmə qərarları › İş №e-2(011)-2623/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2623/2024

07.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2623/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14.388 (on dörd min üç yüz səksən səkkiz) manat maddi zərərin əvəzi, 133 (yüz otuz üç) manat dövlət rüsumunun əvəzi, cəmi -14.521 (on dörd min beş yüz iyirmi bir) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianın dəqiqləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14,388 manat maddi zərərin əvəzinin, 5160 manat avtomobil icarəsi üçün ödənilmiş rüsumun əvəzinin 149,56 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh 14.388 manat maddi zərərin əvəzi, 8820 manat avtomobil icarəsi üçün ödənilmiş pulun əvəzinin tutularaq iddiaçı S.Babayevin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh idarə etdiyi "Kia Sportage markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı idarə etdiyi "Baic D 50" markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtomobiller xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu ərazisində toqquşmuşdur. Yolnəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə 19.388 manat maddi zərər dəymiş, iddiaçının sağlamlığına isə yüngül zərər dəymişdir. Məlum hadisə ilə bağlı 22 dekabr 2023-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və cavabdehə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə protokol tərtib edilməsi üçün iş Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Zərərvuran avtomobilin icbari sığortası tərəfindən 5000 manat iddiaçıya ödənildiyi üçün hesab edir ki, hazırda zərərin yerdə qalan hissəsi yəni 14388 manat pul cavabdehdən tutulmalıdır, avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün maşın təmir sexinə aparılmış, həmin sexdə maşının təmir-bərpa xərci cəmi 19388 manat hesablanmışdır, bu “preyskurant”dan da görünür, digər usta isə bir ay yarıma hazır olacağını deyib, bundan başqa avtombili yararısz vəziyyətdə olduğu müddətdə, o başqa nəqliyyat vasitəsini icarəyə götürərək ondan istifadə etmiş və icarəyə götürdüyü həmin avtomobil üçün də icarə haqqı ödəmiş, maşına vurulmuş maddi ziyandan əlavə olaraq da avtomobil icarəsi üçün də pul ödəməklə ona maddi ziyan dəymişdir ki, həmin məbləğ də hazırda 8820 manat təşkil edir, həm vurulmuş maddi ziyan, həm də əldən çıxmış fayda cavabdehdən alınaraq ona verilməlidir. Bununla əlaqədar cavabdehə vurulmuş maddi zərərin ödənilməsi barədə təklif edilsədə cavabdeh bundan imtina etmiş, iddiaçı məcbur qalıb hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamışdır. Sonda İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 06 noyabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, hal hazırda işsizdir, iddiaçıya hadisə baş verən vaxtı 10000 manat təklif etmişdir, sığorta da 5000 manat verib, həmin vaxt əlində kredit kartı da var idi, sonra 5000 manat təklif edib, lakin onlar razılaşmayıblar. Hadisə baş verəndə avtomobili Babək prospektində yerləşən Baic servisə apardı özü ilə dəmirçi və onun yanında başqa ustalar da aparmışdı baxış keçiriblər, 5 gün sonra onları çağırıb nəzəri hesablama yolu ilə 9500 manat qiymət hesablayıb veriblər, deyiblər ki, 1 ay 10 günə təmir edib verərik. Maşını həmin o servisə aparanda dəmirçi dedi ki, bu maşını 5000-6000 manata alar, 5000 manat da sığortadan veriblər, özü 5000-6000 manat düzəldər, iddiaçı razı olmadı. Sonra Turba.az da bu maşından bir az zəifini tapıb, qiyməti 19200 manat idi. İnternetdəki maşının sahibi ilə danışdı, lakin yenə cavabdeh razı olmayıb, bildirib ki, onun maşını daha yüksək idi. Sonra “Gənclik” kiçik müəsisəsi avtoservisin ekspertlərinin keçirdikləri texniki baxış nəticəsində təmirin icrası üçün ümumi xərc 9590 manat hesablanmışdı. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nəsimi RPİ DYPŞ-si vasitəsi ilə Nəsimi rayon məhkəməsinə göndərilməlidir Həmin Qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 19-30 radələrində idarə etdiyi "Kia Sportage” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Səməd Vurğun küçəsində hərəkətdə olan vaxt Mirağa Əliyev küçəsinin kəsişməsində ehtiyatsızlıq edib işıqforun qırmızı işığında kəçən vaxt Mirzağa Əliyev küçəsindən hərəkətədə olan İddiaçı idarə etdiyi “Baic D-50” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun yaşıl işığında keçdiyi üçün toqquşması nəticəsində sonuncuya Yüngül bədən xəsarətlərinin almasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Odur ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM- nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yoxdur. Lakin təqsirkar sürücü Cavabdeh öz hərəkətləri ilə yol hərəkəti qaydaları pozma inzibati xətanı törətmişdir. İş materiallarında olan, “Gənclik” Kiçik müəsisəsi avtoservisin ekspertlərinin keçirdikləri hesablama Rəyindən görünür ki, İddiaçı məxsus “Baic D-50” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilmiş texniki baxış nəticəsində dəymiş zərərin və bu zərərin aradan qaldırılması üçün görüləcək işlərin xərci 9590 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 133,16 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 3-16-16/2-8/1281 nömrəli Rəyindən görünür ki, “Baic D-50” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə zamanı vurulmuş zərərə görə təmir-bərpa xərci Yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından geyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılması mümkün olmadı”. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 3-16-16/2-9/3354/2024 nömrəli Rəyindən görünür ki, “Baic D-50” markalı **-TK- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 18888,0 manat, dəyişilməli hissələrin qiyməti – 13388,0 manat, təmir-bərpa işlərinin qiyməti – 5500,0 manat, o cümlədən avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17344,0 manat, dəyişilməli hissələrin qiyməti – 11844,0 manat; təmirbərpa işlərinin qiyməti – 5500,0 manat”. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 3-16-16/2-9/7392/2024 nömrəli Rəyindən görünür ki, “Baic D-50” markalı **-TK- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10045,0 manat, dəyişilməli hissələrin qiyməti – 6645,0 manat, təmir-bərpa işlərinin qiyməti – 3400,0 manat, o cümlədən avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9279,0 manat, dəyişilməli hissələrin qiyməti – 5879,0 manat; təmir-bərpa işlərinin qiyməti – 3400,0 manat;. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən (xx.xx.2024-cü il tarixli 8/1281 nömrəli;xx.xx.2024-cü il tarixli 9/3354 saylı; xx.xx.2024-cü il tarixli 9/7392 saylı) görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri ümumi 150 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, HYUNDAİ ELANTRA MİNİK markalı **-LA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixə qədər günlük 60 (altmış) manat icarə haqqı müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-ə məxsus mədaxil qəbzindən görünür İddiaçı 8820 (səkkiz min səkkiz yüz iyirmi) manat ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “Baic D-50” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur, həmin avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan "Kia Sportage” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə zərər vurulmuş, sonuncu Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir, tərəflərə avtomobilin təxminən bir ay yarım müddət ərzində təmir oluna biləcəyi deyilmişdir, iddiaçı avtomobilə vurulmuş zərər qismində 14,388 manat, avtomobilin təmirdə olduğu müddət ərzində ondan istifadə etmədiyi günlər üçün əldən çıxmış fayda qismində 8820 manat məbləğində tələb edir, avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı iki məhkəmə ekspertizası keçirilmişdir, “Gənclik KM” tərəfindən tərtib edilmiş 2023-cü il tarixli qüsur aktına əsaslanan xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/7392/2024 nömrəli Rəydən görünür ki, “Baic D-50” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10045,0 manat, dəyişilməli hissələrin qiyməti – 6645,0 manat, təmir-bərpa işlərinin qiyməti – 3400,0 manat, o cümlədən avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9279,0 manat, dəyişilməli hissələrin qiyməti – 5879,0 manat; təmir-bərpa işlərinin qiyməti – 3400,0 manat; “preyskurant” adlı sənədə əsaslanan xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/3354/2024 nömrəli Rəyindən görünür ki, “Baic D-50” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 18888,0 manat, dəyişilməli hissələrin qiyməti – 13388,0 manat, təmir-bərpa işlərinin qiyməti – 5500,0 manat, o cümlədən avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17344,0 manat, dəyişilməli hissələrin qiyməti – 11844,0 manat; təmir-bərpa işlərinin qiyməti – 5500,0 manat hesablanmışdır, cavabdeh hadisə vaxtı iddiaçıya atomobilə vurulmuş zərərin əvəzi kimi 10000 manat ödəməyə, sonradan isə zərər vurulmuş avtomobilin müqabilində 21000 manat dəyərində avtomobil alınmasına razı olmuşdur, hazırda isə 5000 manat təklif edir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən xx.xx.2024-cü il tarixli 3- 16-16/2-9/7392/2024 nömrəli ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin Rəy üzrə gəldiyi nəticə əsas götürülməklə hesablanmalıdır, həmin rəydə isə avtomobilin təmir-bərpa xərci təxminən 10045,0 manat, köhnəlmə faizi tətbiq edilməklə isə təxminən 9279,0 manat göstərilmişdir. Digər tərəfdən cavabdeh özü hadisə baş verdiyi tarixdə avtomobilin təmir-bərpası üçün 10000 manat təkil etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərər 10000 manatdır. Məhkəmə, xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/3354/2024 nömrəli ekspert rəyinə münasibətdə qeyd edir ki, həmin rəy “preyskurant” sənədinə əsaslanır ki, həmin sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmiş, həmçinin sənəd, sənədin müvafiq sahədə fəaliyyət göstərmək səlahiyyəti olan şəxs tərəfindən tərtib edildiyini müəyyən etməyə imkan verən hər hansı eyniləşdirici (imza, möhür və s.) məlumata malik deyildir, digər tərəfdən də cavbdeh həmin aktı sübut kimi qəbul etmir. Belə olan halda məhkəmə hesab edir ki, “preyskurant” adlı aktın düzgünlüyü şübhə doğurduğundan, ona əsaslanan rəy də məhkəmə tərəfindən mötəbər sübut kimi nəzərə alına bilməz. Məhkəmə, iddia tələbinin “avtomobil icarəsi üçün ödənilmiş 8820 manat pulun əvəzinin tutulması “ hissəsinə münasibətdə iddiaçının bu məqsədlə irəli sürdüyü məbləğ ağlabatan hesab etmir. Belə ki, iddiaçı, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində avtomobilindən istifadə edə bilmədiyi müddətdə başqa nəqliyyat vasitəsini gündəlik 60 manata icarəyə götürdüyünə və onun üçün 8820 manat məbləğində ödəniş etdiyinə əsaslansa da, tərəflər gündəlik xərcin ağlabat olmasını qeyd etmiş, maşının bir ay yarım (45 gün) ərzində təmir olunması mümkünlüyünü bildirmişlər. Göründüyü kimi, iddiaçı tərəfindən avtomobilin təmiri məqsədilə hər hansı zəruri tədbirləri görülməməklə dəymiş zərərin həddi əsassız artmşdır. Həmin zərər barədə məhkəmə hesab edir ki, onun məbləği, avtomobilin mümkün təmir müddəti (45 gün) və ondan istifadənin gündəlik icarə haqqı (60 manat) əsas götürülməklə hesablanmalıdır ki, bu da ümumilikdə 2700 (45 gün X 60 manat) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş maşına vurulmuş maddi zərərə görə 10000 manat, avtomobil icarəsi üçün 2700 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128,1 manat alınaraq iddiaçıya, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 10000 manat, avtomobil icarəsi üçün ödənilmiş pulun əvəzi qismində 2700 manat, ümumilikdə 12700 (on iki min yeddi yüz) manat alınaraq İddiaçı verilsin. Dövlət rüsumunun əvəzi qismində ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 10 (on) qəpik Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar