Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2820/2025 26.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh artıq uzun illərdir ki, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Tusi küç, ev 49, mənzil 83-də pasport qeydiyyatındadır. Qeydiyyatda olmasına baxmayaraq cavabdeh həmin ünvanda heç vaxt yaşamamışdır. Həmçinin bildirmək istəyir ki, cavabdeh 2016-cı ildən ildən Azərbaycan Respublikasının hüdudları xaricində, yəni Ukraynada yaşayır. Onun iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçı üçün bəzi hüquqi və maddi çətinliklər törədir. Bu səbəbdən də cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: İş üzrə tərələrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97.79 kv/m olan 83 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 30 iyun 2011-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mənzil qanunvericiliyi mülki hüququn tərkib hissələrindən biridir. Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər mənzil qanunvericiliyi ilə tənzimlənməlidir. Başqa hallarda isə, Mülki Məcəllənin mənzil sahəsində mövcud münasibətlərinə yönələn normaları, o cümlədən MM-in 228-ci maddəsi əsas rol oynayır. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. «Mülkiyyət hüququ»nun anlayışı MM-in 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və s. üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti ondan ibarətdir ki, çox mənzilli binada mənzil əldə edərkən mülkiyyətçi yalnız yaşayış sahəsinə deyil, həm də, binanın ümumi mülkiyyətinə payı əldə edir. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun üçüncü xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir. Qeyd edilməlidir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. X1 Məhkəməsi plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya və beynəlxalq müqavilələrin normalarından irəli gələn və onu inkişaf etdirən mülki qanunvericilik mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında göstərilmişdir ki, “1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır”. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda qeyd olunan qanunun tələblərindən də göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Belə ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, ünvan 1 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 30 iyun 2011-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının qardaşı oğludur. Məhkəmə yuxarıda qeyd edilmiş maddi-hüquq normalarına və işin faktiki hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində qeydiyyata alınsa da, mənzilin mülkiyyətçisi ilə istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilə bağlamadığından, cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin mübahisəli mənzil üzərində istifadə hüquqları yaranmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmadığından iddia təmin edilməməli, hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin cavabdehin müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olduğu tərəflərə izah edilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq ödənilmiş 100 manat. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq Qətetdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi Cavabdeh ünvan 1 ünvanında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2820/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2820/2025
26.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver