Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-286/2025 03.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs, həmçinin üçüncü şəxs X2 nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X9 cəlb edilməklə) qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 iddiaçının istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X11 ilə 1989-cu ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur və bu evlilikdən üç övladları dünyaya gəlmişdir. Cavabdehlə münasibətiləri 2013-cü ildən tam pozulmuşdur. 2014-cü ildə o yaşadıqları evi birdəfəlik tərk etmiş və yeni ailə həyatı qurmuşdur. Hazırda həmin evlilkdən də iki övladı var. 2014-cü ildən bəri cavabdeh bir dəfə olsun onlarla maraqlanmayıb, yaşadıqları evin və ailənin saxlanmasında iştirak etməyib. Qızı ailə həyatı quranda belə ata kimi heç bir mərasimində nə maddi, nə də mənəvi iştirak etməmişdir. Hazırda yaşadıqları ev dövlət tərəfindən ailə kimi yaşamaları üçün 759 saylı xx.xx.1994-cü il tarixli orderlə ailə üzvləri ilə birlikdə onlara verilmişdir. Cavabdeh onlarla ailə kimi bir müddət orada yaşamış, lakin yuxarıda qeyd etdiyi kimi, 2014-cü ildən birdəfəlik daimi olaraq həmin mənzili və onları tərk edib getmiş, daimi olaraq özünə başqa təsərrüfat və yaşayış yeri seçmişdir. 2014-cü ilə qədər də iddiaçı hər vaxt işləyib ailənin maddi təminatını qarşılamış, yaşadığı evin kommunal xərclərini ödəmişdir. Cavabdeh 2014-cü ildən çıxıb gedəndən sonra da yaşadığı evin kommunal xərcləri və saxlanması iddiaçı tərəfindən həyata keçirilmişdir. Qeyd etdiyi kimi cavabdeh mübahisəli evi həmişəlik tərk edib getsə də, hələ də formal pasport qeydiyyatında qalmışdır. Bu da onların həmin ev üzrə sahib olduqları bir sıra hüquqlarını həyata keçirməyə ciddi şəkildə maneə törədir. Artıq 10 ildən artıqdır ki, cavabdehin mübahisəli evi daimi tərk edib getməsi, yeni ailə həyatı quraraq yaşaması, həmin evlilikdən iki uşağının olması hazırki işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının üç qızı ilə birlikdə 1994-cü ildən hazıradək mübahisəli mənzildə yaşamaqları, sahibliyi və onu qoruyub saxlaması da hazırkı işin mübahisəsiz halıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O əlavə etmişdir ki, 2014-cü ildən bəri cavabdeh onlarla maraqlanmayıb, uşaqlarının xeyir işlərində də olmayıb. O, başqa ailə qurub və 2014-cü ildən evdən gedib. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir, ki cavabdeh 2014-cü ildən evdən getdiyinə görə sonuncunun mübahisəli mənzilə dair hər hansı hüququ qalmamışdır. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, mübahisəli mənzil işlədiyinə görə ona verilmişdir. Onun mənzilə hüququ var. O, mənzildən 2014-cü ildən o səbəbə görə getmişdir ki, iddiaçıyla yaşaması mümkün deyildi. Göstərdiklərinə əsasən, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs, həmçinin üçüncü şəxs X2 nümayəndəsi X19 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, atası – Cavabdeh mübahisəli mənzili 2014-cü ildə tərk etmişdir və ailə ilə maraqlanmamışdır. Evin kommunal xərcləri və təmirini anası ilə özləri etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsinin xx.xx.1994-cü il tarixli 759 nömrəli orderinin surətindən görünür ki, Bakı şəhəri, Sadıqcan küçəsi, 4 saylı evin, 70 saylı mənzili Cavabdeh verilmişdir. Ailə tərkibi X1, X13 və X4r. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 122 saylı Mənzil Kommunal İstismar Sahəsinin 423 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı, X13, X17 və X19 Bakı şəhəri, Sadıqcan küçəsi, 4 saylı evin, 70 saylı mənzilində yaşayırlar. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2635/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh Şixiyeva (Məmmədova) Dilşad Abdurrza qızı arasında Qusar rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə qeydə alınmış və 94 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sadıqcan küçəsi, 4 saylı evin, 70 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-11/2-1905/2024 saylı məktubundan görünür ki, Bakıbaştikinti Mənzil-Kommunal İdarəsi tərəfindən vətəndaş X5 verilmiş xx.xx.1994-cü il tarixli 759 saylı order barədə İcra Hakimiyyətində məlumat aşkarlanmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X14 arasında xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra arvada “Behbudova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Sadıqcan küçəsində, 4 saylı evin, 70 saylı mənzili hazırda daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydiyyata alınmamışdır. Qeyd edilən mənzilə dair Cavabdeh adına 1994-cü ildə Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsi tərəfindən order verilmiş, orderdə ailə üzvləri kimi Cavabdeh həyat yoldaşı İddiaçı və qızları: iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X12 qeyd edilmişlər. İddiaçı ilə Cavabdeh 1989-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, onların nikahları 2024-cü ildə Alim Şıxıyevin iddiası əsasında məhkəmə qaydasında pozulmuşdur. Tərəfin məhkəməyə verdikləri izahatları ilə müəyyən edilmişdir ki, tərəflər bir ailə kimi 1994-cü ildən 2014-cü ilədək mübahisəli mənzildə birgə yaşamışlar, 2014-cü ildə Cavabdeh mənzili tərk etmişdir. İddiaçı cavabdehin mənzili könüllü tərk edib getməsinə əsaslanaraq, cavabdehin istifadə hüququnun itirilməsini tələb edir. Cavabdeh isə bildirir ki, mənzil ona iş yerindən verildiyindən onun mənzilə dair hüquqları var və bu səbəbdən də iddia təmin edilməməlidir. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X7rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Kovensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mübahisəli mənzilə dair hüquq münasibətləri 1994-cü ildən başlanıldığına görə hazıki mübahisəyə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh tərəfindən iddiaçının da adı ailə üzvü kimi qeyd edilməklə, mənzilin kirayəsinə dair mənzil orderi alındığından - tərəflərin 1994-cü ildən həmin mənzilə istifadə hüquqları yaranmışdır. İddiaçı cavabdehin mənzildən birdəfəlik köçüb getməsi faktına əsaslanaraq, sonuncunun istifadə hüququnun itirilməsini tələb etsə də, sonuncunun 2014-cü ildən mənzildə yaşamaması istifadə hüququnun aradan qalxmasına dəlaət etmir. Birincisi, tərəflərin nikahının pozulması 2024-cü ildə baş verdiyindən, 2014-2024cü illər ərzində onların faktiki münasibətlərinin nədən ibarət olduğunu iş materialları ilə dəqiq müəyyən etmək mümkün deyil. Bununla yanaşı nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli mənzilə dair gələcəkdə “mülkiyyət hüququ ilə bağlı qanuni gözləntisi” vardır. Bu isə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Kovensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. Qeyd olunan xüsusat mövcud mübahisəyə mülkiyyət hüququnun qorunmasına dair konstitusion normaların tətbiq olunmasına imkan verir. Bu qanuni gözlənti Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi və digər əlaqəli normalarla da qorunur. Beləliklə, iddiaçının itirilməsini tələb etdiyi hüquq olan cavabdehin “istifadə hüququ” -sonuncunun qanuni gözləntisinə malik olduğu “mülkiyyət hüququna” daxildir və onun ayrılmaz tərkib hissəsidir. Buna görə də həmin hüququn itirilməsi barədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X9 cəlb edilməklə) cavabdeh X3 Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 4 ünvanında yerləşən 70 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-286/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-286/2025
03.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver