Məhkəmə qərarları › İş №e-2(011)-287/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-287/2025

30.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-287/2025 30.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulmalı olan pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulmalı olan pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2335/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə(sədrlik edən, hakim S.A.Qafari) iddia qismən təmin edilərək, Cavabdeh və X4 müştərək qaydada İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun xeyrinə vurulmuş maddi ziyana görə 80000 manat pulun tutulması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2014-cü il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, C.İ.Səfiyeva və V.T.Həsənov) iddiaçıların apellyasiya şikayəti rədd, cavabdehlərin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2013-cü il tarixli qətnaməsi qismən -iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə də iddianın rədd olunmuş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4893/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, Ə.Ə.Şadıyev və R.Ə.Ağayev) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1804/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə (hakimlər T.M.Əliyev sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) iddiaçıların apelyasiya şikayəti rədd edimiş, cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2013-cü il tarixli qətnaməsi qismən cavabdeh Zaur Fərəcovdan iddiaçıların xeyrinə vurulmuş maddi ziyana görə 80000 manat pulun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddiaçıların iddia tələbi rədd edilib, eyni zamanda qətnamə Cavabdeh iddiaçıların xeyrinə vurulmuş maddi ziyana görə 80000 manat pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-1804/2015 nömrəli icra vərəqəsi verilmiş, qətnamənin xx.xx.2015-ci il tarixdə qanuni qüvvəyə minməsi qeyd olunmuş və icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Sabunçu rayon İcra şöbəsinin 22484-8154\-6 №-li, xx.xx.2015-ci il tarixli bildirişdən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş İcra vərəqəsində göstərilən tələbin könüllü sürətdə icra olunması üçün 10 gün müddət təyin olunması və əks halda icra sənədinin məcburi qaydada icra edilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Sabunçu rayon İcra şöbəsinin «Borclunun axtarışı haqqında» xx.xx.2018-ci il tarixli qərarından müəyyən edilir ki, Cavabdeh qeydiyyatda olan ünvanda olmadığından barəsində axtarış elan olunmuşdur. Sabunçu rayon İcra şöbəsinin 9841\2015-4-2 №-li, xx.xx.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, «Borclunun axtarışı haqqında» xx.xx.2018-ci il tarixli qərar icra olunması üçün AR DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinə göndərilmişdir. Cavabdeh Sabunçu rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh, yeni faktiki ünvanı- ünvan 3a və probasiya şöbəsinə göndərilməsini xahiş etmiş və ərizənin doğruluğunu təsdiq etmişdir. Sabunçu rayon İcra şöbəsinin “İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi icra olunması üçün Xətai rayon İcra və Probarsiya şöbəsinə göndərilmişdir. Bundan sonra, Xətai rayon İcra və probasiya şöbəsi (icra məmuru Ceyhun Həmidov) tərəfindən xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və Cavabdeh xx.xx.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş göndərilmiş, xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş (həmin Aktda qeyd olunmuşdur ki, Cavabdeh ünvan 4 ünvanında da yaşamır) və iddiaçılara “Borclunun məcburi gətirilməsi haqqında” 2(103)-1804/2015 nömrəli xx.xx.2021-ci il tarixli məlumat verilmişdir. Lakin qanuni qüvvədə olan məhkəmə qətnaməsi hal-hazıradək icra olunmamışdır. Cavabdeh qətnamənin icra olunması üçün ötən 9 il ərzində ümumiyyətlə hər hansı bir hərəkət etməmiş və pul məbləğinin tələbkara ödənilməsi istiqamətində açıqaşkar qanunsuz hərəkətsizlik göstərmişdir. Açıq-aşkardır ki, Cavabdeh Sabunçu rayon İcra şöbəsindən gizləndiyi kimi, yaşadığı ünvanı düzgün göstərməməklə Xətai rayon İcra şöbəsini də bilə-bilə aldatmış və nəticə etibarı ilə hal-hazıradək gizlənməkdə davam etməklə qanunsuz olaraq qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasından yayınır. Bir fakt da xüsusi olaraq qeyd edilməlidir ki, Cavabdeh icra hərəkətlərinə süni surətdə maneə yaratmaq üçün, icra vərəqəsinin verilməsindən təqribən 6 il keçdikdən sonra kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3869/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər X1 edən, məruzəçi, X2 və X7) Cavabdeh kasasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2015-ci il tarixli, 2(103)-1804/2015 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 2 övladı (Zaur və Fuad adlı) ilə xx.xx.2024-cü il tarixdə təxminən saat 18-19 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 452 saylı bağ evinə özbaşınalıq və həyasızlıqla daxil olmuş və həmin bağ evində 10 nəfərə yaxın qonaqların olmasına baxmayaraq, 2 oğlu ilə birlikdə etik normalarına sığmayan hərəkətlər törətməklə və eləcə də qışqır-bağır salmaqla həmin bağ evinin onlara təhvil verilməsini tələb etmişlər. Halbuki, qanuni qüvvədə olan 2 saylı Bİİ Məhkəməsinin 2-1(82)-2512/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli icra vərəqəsində, Xəzər rayon icra şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2013-cü il tarixli qərarında, “tələbin könüllü icrası barədə” xx.xx.2013-cü il tarixli bildirişdə İddiaçı1 borclu qismində göstərilmədiyi halda, cavabdeh Xəzər rayon icra şöbəsi tərəfindən İddiaçı1 həmin icra işinə cəlb olunması, ondan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən sahəsi 0,07 ha olan 452 nömrəli bağ sahəsinin boşaldılması və həmin bağ sahəsinin Cavabdeh təhvil verilməsi tələbi kimi hərəkətləri qanunsuz hesab edilmiş və bu cür hərəkətlərə son qoyulması qərara alınmışdır. Açıq-aşkardır ki, qanunvericiliyin tələblərinə görə, yəni hüquqi müstəvidə həll edə bilmədikləri məsələləri, Cavabdeh 11 ildən sonra 2 oğlu ilə özbaşnalıq və həyasızlıqla həyata keçirməsinə cəhd etmişlər. Lakin, onların bilə-bilə və açıq-aşkar qanunsuz hərəkətləri ifşa olunmuş və bundan sonra onlara bildirilmişdir ki, məhkəmə qətnaməsi ilə borclu olduğu 80000 manat pul vəsaiti, eyni zamanda həmin məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ödənişin icra olunması gününə, 80 000 manat borcun illik 5% miqdarında olan faiz məbləğləri və 80000 manat borcun indeksasiya məbləği ödənildiyi halda, bağın təhvil verilməsi mümkündür. Bir sözlə, Cavabdeh qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra olunması istiqamətində nəticəvi hərəkət etməməklə yanaşı, məhkəmə qətnaməsi əsasında pul öhdəliyinin icra edilməsində açıq-aşkar qanunsuz hərəkətsizlik göstərir və hal-hazırda da davam etdirməkdə israrlı olduğunu açıq-aşkar bəyan etdirir. Xüsusi olaraq qeyd olunmalıdır ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. İddiaçı göstərilənləri nəzərə alaraq, qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında pul öhdəliyinin ödənilməsində cavabdeh tərəfindən edilən hərəkətlərin və hərəkətsizliyin qanunsuz hesab edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1804/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında iddiaçıların xeyrinə tutulmalı olan 80000 manat pul məbləğində, qətnamənin qanuni qüvvəyə mindiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr, yəni 9 il üçün 36000 manat faizin, mənəvi zərərə görə 1000 manatın, hüquqi yardıma görə 200 manatın və ödənilmiş dövlət rüsumu 201 manatın Cavabdeh tutulması və iddiaçılar İddiaçı1 və İddiaçı2 Ağaəli oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2335/2013 saylı, 18 iyun 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun cavabdehlər X12, "xxxx" MMC, Cavabdeh və X8 qarşı “cavabdehlərin hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, bu cür hərəkətlərə və hərəkətsizliyə son qoyulması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh və X4 müştərək qaydada İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun xeyrinə vurulmuş maddi ziyan kimi 80000 manatın tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1804/2015 saylı, 10 aprel 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh və X6 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2013-cü il tarixli qətnaməsi qismən, X4 İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun xeyrinə vurulmuş maddi ziyan kimi 80000 manatın tutulması hissəsində ləğv edilərək İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun iddia ərizəsi həmin hissədə təmin edilməmiş, qətnamə Cavabdeh İddiaçı1 və İddiaçı2 Ağəli oğlunun xeyrinə, vurulmuş maddi ziyan kimi 80000 manatın tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3869/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1804/2015 saylı, 10 aprel 2015-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinin borclunun axtarışı haqqında 18 iyul 2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1804/2015 saylı, 10 aprel 2015-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinin icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında 14 avqust 2020-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1804/2015 saylı, 10 aprel 2015-ci il tarixli icra sənədi icra olunması üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icraata başlamaq haqqında 20 oktyabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1804/2015 saylı, 10 aprel 2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Xətai rayon icra şöbəsinin böyük icra məmuru C.Həmidov, icra məmuru T.Rəhimov, hal şahidləri X3 və X5 iştirakları ilə tərtib edilmiş 02 aprel 2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1804/2015 saylı, 10 aprel 2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh yaşayış ünvanı kimi göstərilən ünvan 7 keçirilmiş, lakin borclu həmin ünvanda aşkar olunmamışdır. Qonşuluqda yaşayan şəxslərlə aparılan profilaktik söhbət zamanı borclunun yeni yaşayış yeri barədə məlumat əldə olunmamışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2512/2013 saylı, 18 sentyabr 2013-cü il tarixli qərarının surətindən görünür ki, Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş 29 may 2013-cü il tarixli icra vərəqəsində Xəzər rayon İcra şöbəsinin “icraata başlamaq haqqında” 18 iyun 2013-cü il tarixli qərarında, “tələbin könüllü icrası barədə” 18 iyun 2013-cü il tarixli bildirişdə İddiaçı1 borclu qismində göstərilmədiyi halda, cavabdeh Xəzər rayon İcra şöbəsi tərəfindən S.V. Şərifovun həmin icra işinə cəlb olunması, ondan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sahəsi 0,07 ha olan 452 nömrəli bağ sahəsinin boşaldılması və həmin bağ sahəsinin Cavabdeh təhvil verilməsi tələbi kimi hərəkətləri qanunsuz hesab edilmiş və bu cür hərəkətlərə son qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-638/2024 saylı, 03 dekabr 2024-cü il tarixli qərardadından görünür ki, şikayətçi İddiaçı1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə şikayət təmin edilmiş, 15 mart 2013-cü il tarixli müqavilə əsasında borclu Cavabdeh verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində yerləşən 452 nömrəli bağ torpaq sahəsini tələbkar İddiaçı1 təklif edilməsi və borclu barəsində inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun hərəkətsizliyi qanunsuz hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2015-ci il tarixli, 2(103)-1804/2015 nömrəli icra sənədi üzrə hərəkətlərinin davam etdirilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidova həvalə edilmişdir. İş materiallarında olan Xətai rayon İcra şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1804 nömrəli xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh İddiaçı1 və Şərifov Ağaəli oğlunun xeyrinə vurulmuş maddi ziyan kimi 80000 manat pul tutulmalıdır. Görülmüş icra tədbirləri nəticəsində borclunun təqaüdündən ümumilikdə 5281,43 manat məbləğində pul tutularaq şöbənin depozit hesabına köçürülmüşdür. Həmçinin xx.xx.2023-cü il tarixdə icra sənədi icra olunması üçün borclunun iş yeri olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına göndərilmiş, lakin tutulmalar barədə şöbəyə rəsmi məlumat verilməmişdir. Hazırda Cavabdeh rəsmi işləmir. Verilmiş təqdimata əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən xx.xx.2023-cü il tarixli müqavilə əsasında borclu Cavabdeh verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində yerləşən 452 saylı bağ sahəsini tələbkar İddiaçı1 təklif edilməsi vəzifəsi və borclunun inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi vəzifəsi Xətai rayon İcra şöbəsinin üzərinə qoyulmuşdur. Daha sonra xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində yerləşən 452 saylı bağ sahəsi tələbkar İddiaçı1 təklif olunmuş və tələbkar tərəf xx.xx.2025-ci il tarixli müraciətində göndərilmiş təklifi qəbul etməyə hazır olduğunu bildirmişdir. Verilmiş təqdimat əsasında Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində yerləşən 452 saylı bağ sahəsində həbs qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azəbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli q ə r a r ında qeyd etmişdir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. X16 belə qərara gəlmişdir ki: 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2335/2013 saylı, 18 iyun 2013-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun cavabdehlər X12, "xxxx" MMC, Cavabdeh və X8 qarşı “cavabdehlərin hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, bu cür hərəkətlərə və hərəkətsizliyə son qoyulması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh və X4 müştərək qaydada İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun xeyrinə vurulmuş maddi ziyan kimi 80000 manatın tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1804/2015 saylı, 10 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh və X6 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyun 2013-cü il tarixli qətnaməsi qismən, X4 İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun xeyrinə vurulmuş maddi ziyan kimi 80000 manatın tutulması hissəsində ləğv edilərək İddiaçı1 və İddiaçı2 Ağaəli oğlunun iddia ərizəsi həmin hissədə təmin edilməmiş, qətnamə Cavabdeh İddiaçı1 və İddiaçı2 Ağəli oğlunun xeyrinə, vurulmuş maddi ziyan kimi 80000 manatın tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3869/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1804/2015 saylı, 10 aprel 2015-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda sözügedən icra sənədinin cavabdeh tərəfindən icra edilmədiyinə əsaslanaraq, cavabdehdən faizlərin və mənəvi ziyana görə pul vəsaitinin tutulmasını xahiş etsə də, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-638/2024 saylı, 03 dekabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilmiş, 15 mart 2013cü il tarixli müqavilə əsasında borclu Cavabdeh verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində yerləşən 452 nömrəli bağ torpaq sahəsini tələbkar İddiaçı1 təklif edilməsi və borclu barəsində inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilməsi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun hərəkətsizliyi qanunsuz hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2015-ci il tarixli, 2(103)-1804/2015 nömrəli icra sənədi üzrə hərəkətlərinin davam etdirilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidova həvalə edilmişdir. Həmçinin Xətai rayon İcra şöbəsinin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, Görülmüş icra tədbirləri nəticəsində borclunun təqaüdündən ümumilikdə 5281,43 manat məbləğində pul tutularaq şöbənin depozit hesabına köçürülmüşdür. Həmçinin işdə olan sübutlarla təsdiq edilir xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində yerləşən 452 saylı bağ sahəsi tələbkar İddiaçı1 təklif olunmuş və tələbkar tərəf xx.xx.2025-ci il tarixli müraciətində göndərilmiş təklifi qəbul etməyə hazır olduğunu bildirmişdir. Verilmiş təqdimat əsasında Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0,07 ha torpaq sahəsində yerləşən 452 saylı bağ sahəsində həbs qoyulmuşdur. Göründüyü kimi iddiaçı Mülki Məcəllənin 445 və 449-cu maddələrinə əsaslanaraq, cavabdehə qarşı məhkəmə qətnaməsinin icra edilməməsi nəticəsində faizin və mənəvi zərərin tutulmasını tələb etsə, MM-in 449.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş şərtlərin mövcudluğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksi olaraq mülki işdə olan sübutlarla təsdiq ediımişdir ki, qətnamə qismən icra edilmişdir, həmçinin qətnamənin tam icra olunması üçün borclu tərəfindən əvvəllər də təklif olunmuş torpaq sahəsi məhkəmə icraatı dövründə iddiaçı (tələbkar) tərəfindən qəbul edilmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 1000 manat məbləğində mənəvi zərərin tutulması hissəsində də sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulmalı olan pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 201 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar