Məhkəmə qərarları › İş №e-2(011)-2920/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2920/2024

04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2920/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. “X5 Rover” minik markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil (Bundan sonra – Avtomobil) Cavabdeh1 mülkiyyətində olmuş və buna dair ona xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir.

2. Avtomobilin iddiaçıya satılması məqsədilə tərəflər arasında danışıqlar olmuş, qiyməti 51000 ABŞ dolları – 86700 manata razılaşdırlmış və 3 dəfəyə - birinci dəfə 20000 manat beh olaraq, ikinci dəfə 56000 manat, üçüncü dəfə isə 10000 manat (əvvəlcədən razılaşmaya görə bu sonuncu pul vəsaiti Avtomobilin təmirinə çəkiləcək xərc üçün saxlanılsa da, sonradan Cavabdeh1 xahişi ilə iddiaçı onu da vermişdir) olmaqla ödənilmişdir. Avtomobilin alınması məqsədilə pul hər üç hissədə verilmiş pul vəsaitləri Cavabdeh1 şifahi təpşırığı ilə Cavabdeh2 verilmişdir.

3. xx.xx.2023-cü il tarixdə isə Cavabdeh1 tərəfindən iddiaçıya 1 il müddətinə, xx.xx.2024-cü il tarixədək etibarnamə verilmişdir. Etibarnamə ilə verilən səlahiyyətlər bunlar olmuşdur: sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək.

4. Avtomobil iddiaçının sahibliyinə verildikdən (xx.xx.2023-cü il) sonra, xx.xx.2023cü il tarixdə Cavabdeh1 avtomobil qəzası keçirmiş, xx.xx.2023-cü tarixdə isə iddiaçıya verdiyi etibarnaməni ləğv etmiş, nəticədə X4 Polisinin əməkdaşları tərəfindən saxlanılraq məcburi duracağa yerləşdirilmiş və sonradan Cavabdeh1 tərəfindən götürülmüşdür. Avtomobilə alınması məqsədilə ödənilmiş pul iddiaçıya qaytarılmamşdır.

5. Bundan başqa, iddiaçının Cavabdeh2 qarşı şikayət ərizəsi üzrə Xətai RPİ-nin İstintaq şöbəsində araşdırma aparılmış və toplanmış material üzrə AR CPM-nin 391.2-ci maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:

6. İddiaçı Cavabdeh1 86700 manat, Cavabdeh2 Avtomobilin təmirinə sərf olunan 8000 manat, vəkil xidməti üçün ödənilmiş 300 manat pulun və 375 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh1 və onun qohumu Cavabdeh2 xx.xx.2023-cü il tarixində etibarnamə əsasında Avtomobil almışdır. Bu məqsədlə də cavabdehə 86700 manat məbləğində pul ödənilmişdir. Sonra cavabdeh etibarnaməni ləğv edib pulunu geri qaytarmamışdır. Bununla bağlı cavabdehlərə müraciət edilsə də, cavabdehlər müraciətini müsbət cavablandırmamışdırlar. Cavabdeh1la onun qohumu Seymur vasitəsilə tanış olmuşdur. Avtomobili aldıqdan sonra 8000 manat məbləğində vəsait xərcləyərək avtomobili təmir etdirmişdir. Pulun ödənilməsi üçün cavabdehlərə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmişdir. Həmin məktub bugünki günə qədər cavabsız qalmışdır. Bu səbəbdən cavabdehlərlə aralarındakı olan mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdehlər iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişlər.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki,

10. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, “X5 Rover” minik markalı avtomobil satın almaq istəyirdi, belə bir fikrinin olduğunu Seymurla ortaq tanışları olan Bəhruz adlı dostuna bildirmişdir. Bundan sonra Seymur Bəhruza onun qohumu tərəfinən belə bir avtomobilin satılmasını demişdir. Həmin vaxt Avtomobil rayonda idi, iki gün sonra Seymur telefonla əlaqə saxlayaraq bildirdi ki, Avtomobil hal-hazırda Bakıdadır, yaxınlaşıb baxış keçirə bilər. Həmin vaxt o, Bəhruzdan xahiş etmişdir ki, gedib Avtomobilə baxsın. X2 və Seymurla birlikdə baxış keçirdikdən iki gün sonra Bəhruzla birlikdə özü də Avtomobilə baxmış, sonra Avtomobilin dəyəri ilə bağlı danışdıqda Seymur onlara bildirmişdir ki, Gürşad sabah olacaq, ancaq Avtomobili almaq istəyirsə, ona beh verilməlidir. Həmin gün gecə saatlarında Seymura 20 000 manat məbləğində beh verildi. Səhəri gün Bəhruz, Gürşad və Seymurla birlikdə Avtomobili yoxlamaq üçün Babək prospektində yerləşən servisə getdilər. Avtomobildə bir neçə problem olduğundan aralarındakı razılığa əsasən Gürşad və Seymur Avtomobilin təmir xərcini qarşılamalı idilər. Gürşad bildirdi ki, Avtomobilin pulundan ödənilməli olan 10 000 manatı təmir xərci olaraq saxlasınlar. Daha sonra, Seymur və Gürşadla birlikdə Avtomobilə dair etibarnamə verilməsi üçün notariusa getdilər. Notariusda təmir xərci üçün 10 000 manat saxlayaraq yerdə qalan pulu Gürşad vermiş, Gürşad isə pulu Seymura vermişdir. Bir neçə gündən sonra Seymur Bəhruza zəng edərək bildirdi ki, Gürşada təcili 10 000 manat məbləğində pul lazımdır, təmir üçün saxladıqları 10 000 manat məbləğində pulu versinlər, təmiri söz verdikləri kimi özləri ödəyəcək. O, bununla razılaşmış, həmin gün Seymur atası ilə birlikdə onun yaşadığı ünvana gələrək 10 000 manat məbləğində pulu götürmüşdür. Lakin, Avtomobilin təmir xərcini Gürşad ödəməmişdir. Bir neçə aydan sonra Avtomobili idarə edən zaman polis əməkdaşı onu saxlayaraq ona verilmiş etibarnamənin ləğv olunduğunu bildirmişdir. Bununla bağlı Seymurla əlaqə saxlanılan zaman Seymur bildirdi ki, məsələ həll olunacaq. Daha sonra Gürşadla danışan zaman Gürşad bildirmişdir ki, Seymurla aralarında pul məsələsi var. Lakin bir neçə gün sonra da problem həll olunmamışdır. Buna görə də Xətai RPİ-nə müraciət etməmişdir. 66 000 manat məbləğində pul vəsaitinin notariusdan çıxarkən, yoxsa həmin gün axşam Gürşadı “Şeş beş” restoranında düşürdükdə verdiyi tam dəqiq yadında deyil, ancaq dəqiq bilir ki, 66 000 manat məbləğində pul vəsaiti Gürşadın razılığı ilə Seymura verilib.

11. Cavabdeh2 məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, 20 000 manat məbləğində behin verilməsindən də, 10 000 manat məbləğində pulun verilməsindən də Gürşadın məlumatı olmuşdur. Notariusdan çıxarkən Avtomobildə pul sayılaraq Gürşada verildi, Gürşad isə bildirdi ki, o, gecə oteldə qalacaq ona görə də, pulu onun götürməsini xahiş etdi. Pulu bağlamaya qoyaraq Avtomobildə saxlayıb, restoranda birlikdə yemək yeməyə getdilər. Qayıtdıqda isə Gürşad bir daha bildirdi ki, içkilidir, buna görə də pulu Seymur götürsün. O, pulu Avtomobildən götürərək evə aparmışdır. O, Gürşadla birlikdə biznes fəaliyyəti ilə məşğul idi, fərdi yaşayış evlərini tikərək satırdılar. Gürşadla aralarında olan razılığa görə Gürşad Avtomobilin satışından əldə edilmiş pul vəsatini həmin biznes fəaliyyətinə qoyaraq bir ildən sonra 100 000 manat gəlir əldə edəcəkdi.

12. Cavabdeh1 vəkili və nümayəndəsi iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasında şahid X1 izahatında bildirdi ki, iddiaçı ilə uşaqlıqdan dost olublar, Seymurla isə qonşu idilər, Gürşadı Seymurun vasitəsilə tanıyıb. Seymur ona zəng edərək bildirdi ki, qaynatasının pula ehtiyacı olduğu üçün onun avtomobilini təcili satmaq istəyirlər. Gürşad isə Seymurun qaynatasının qardaşıdır. İddiaçı ona bir dəfə bildirmişdir ki, o, “Range Rover” markalı avtomobil almaq istəyir. O, iddiaçıya zəng edərək belə bir avtomobilin olduğunu bildirdi. İddiaçı ona dedi ki, Avtomobilə gedib baxsın, Avtomobilə baxdıqdan bir gün sonra axşam saatlarında Seymur yanında bir nəfərlə birlikdə “Ukrayna” dairəsi yaxınlığına Avtomobili gətirdi. İddiaçı Avtomobilə baxaraq bəyəndi. Həmin vaxt Seymur bildirdi ki, Avtomobilin dəyəri 51 000 ABŞ dolları, yəni 86 700 manat təşkil edir, Avtomobilin təmir xərcini də özləri qarşılayacaq. Həmin vaxt Gürşad orada olmasa da, Seymurla telefonla əlaqə saxlayırdı. Seymur onlara bildirdi ki, Avtomobilə 20 000 manat məbləğində beh verilməlidir və 20 000 manat məbləğində beh Seymura verildi. Daha sonra, onlar avtomobilə dair etibarnamənin verilməsi üçün notariusa getdilər. Gürşad avtomobilə dair etibarnamə verdi. Avtomobildə olarkən 56 700 manat sayılaraq Gürşada verilərkən Gürşad pulu Seymurun götürməsini bildirdi. Danışığa əsasən Avtomobilin pulundan 10 000 manat Avtomobilin təmirinə görə saxlanılmalı idi. Lakin, sonradan Gürşad ona zəng edərək bildirdi ki, ona təcili 10 000 manat pul lazımdır, həmin pulu Seymura versinlər. Həmin gün Seymur atası ilə birlikdə Anarın yaşadığı ünvana gedərək 10 000 manat pulu Anardan götürmüşdür.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

15. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

16. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

17. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər

19. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

20. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

21. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

22. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

28. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

29. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

30. İddia tələbinin qanuni əsasının tapılması isə tərəflər arasında hansı hüquq münasibətinin yaranmasının düzgün müəyyən edilməsindən ibarətdir. Odur ki, öncə tərəflər arasında yaranmış hüquq münasibətinə və onlar arasında yaranmış münasibətin AR MM-də təsbit olunmuş hansı qanunvericilik normaları əsasında tənzimlənməsinə hüquqi qiymət verilməlidir.

31. Məhkəmə qeyd edir ki, iddiaçı Avtomobili almaq niyyəti ilə (arzusu ilə) Cavabdeh1 ödənilmiş 86 700 manat pulun geri qaytarılmasını tələb edir. Tərəflər arasında bağlanılması arzu edilən əqdin predmetini isə avtomobil təşkil edir. Avtomobil daşınar əmlak olmaqla "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir.

32. Həmçinin, Mülki Məcəllənin 650-ci maddəsinin məzmunundan da göründüyü kimi, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara dair alqı-satqı tələblərinə daşınmaz əşyalarla bağlı tələblər aid edilir. Mülki Məcəllənin 144.1-ci maddəsində deyilir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Bu isə o deməkdir ki, daşınar əşya olmaqla, rəsmi reyestirdə qeydə alınmalı olan avtomobilin alqı-satıqısı barədə müqavilələr, daşınmaz əşyalarda olduğu kimi, yazılı şəkildə bağlanmaqla bərabər həm də, notarial qaydada təsdiq edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında yaranmış mübahisəyə əqdlərin etibarsızlığından irəli gələn müddəalar tətbiq edilməlidir.

33. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında nə qohumluq, nə də əvvəllər heç bir tanışlıq münasibətləri olmayıb. İddiaçı özünə minik avtomobili almaq niyyətində olub və bu məqsədlə arzusunu dostu Bəhruza bildirmiş, sonuncu da tanışı Seymurun əvvəllər satmaq üçün təklif etdiyi Avtomobilin olduğunu bildirmişdir. Bundan sonra, Bəhruz iddiaçının təklifi ilə Avtomobilə ilk dəfə vizual baxmış, sonradan iddiaçı da Avtomobilə baxaraq bəyənmiş, qüsurlarının olubomaması üçün servisdə yoxlatdırmış, Avtomobili qiyməti və qüsurların aradan qaldırılması xərcləri barədə iddiaçı və cavabdehlər arasında razılaşma da olmuşdur. Göründüyü kimi, iddiaçıya verilməsinədək tərəflər arasındakı bütün danışıqlar və münasibətlər Avtomobilin alqı-satqı ilə bağlı olmuşdur. Cavabdeh1 Avtomobili iddiaçıya satmaq niyyətinin olması həm onlar arasında hər hansı qohumluq, yaxud əvvəllər heç bir tanışlıq münasibətləri olmadığı halda, onun Avtomobilə dair 1 il müddətinə iddiaçıya etibarnamə verməsi, həm Avtomobilin satış qiymətinin razılaşdırılaraq ödənilməsi, həm də sözügedən etibarnamə verildikdən sonra, əgər Avtomobilə görə heç ödəniş edilməmişdirsə, qəza keçirməsinədək Cavabdeh1 tərəfindən etibarnamənin ləğv edilməməsi ilə müəyyən edilir.

34. Məhkəmə qeyd edir ki, Avtomobilə görə 1 il müddətinə etibarnamə verilməsi qarşılığında 86700 manat pulun ödənilməsi ağlabatan deyil. Həmçinin, həm iddiaçı, həm Cavabdeh2, həm də şahid Bəhruz Əlikişyev məhkəmədə bildirdilər ki, etibarnamə verilməsindən bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə onlar Cavabdeh1la birlikdə Avtomobilin satılması münasibətilə şam yeməyi yemişlər, bu zaman Cavabdeh1 iddiaçıya Avtomobili alması münasibəti ilə xeyir-dua vermişdir.

35. Şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı ilə Cavabdeh1 arasındakı münasibət Avtomobilin alqı-satqısı ilə bağlı olmuş, Cavabdeh1 Avtomobili satmaq, iddiaçı isə onu almaq arzusunda olmuş, lakin onlar arasında bununla bağlı qanunla müəyyən edilmiş formada alqı-satqı müqaviləsi bağlanmamışdır. Mülki Məcəllədə alqı-satqı müqaviləsinin şifahi formada bağlanması əsasları nəzərdə tutulsa da, avtomobillərlərlə bağlı müqavilənin yazılı formada bağlanılmaqla notarial qaydada təsdiq edilməsi qanunla birbaşa nəzərdə tutulmuşdur. Belə ki, avtomobil rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşya olduğundan alqı-satqısı zamanı satıcı onu alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Avtomobilə sahilik və istifadə hüququ onun verilməsi ilə baş tutsa da, mülkiyyət hüququ barəsində əqdin notarial qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). İşin şərh edilən hallarından da göründüyü kimi, etibarnamə əsasında iddiaçının sahiblik və istifadəsinə verilsə də, mülkiyyətə verilməsinin qanunla müəyyən edilmiş qaydası pozulduğundan Avtomobilə dair şifahi formada bağlanmış alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur.

36. Mülki Məcəllənin Maddə 337.5-ci maddəsinin tələbindən də görünür ki, əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludurlar. İşin mübahisəsiz halıdır ki, etibarnaməni ləğv etməklə Avtomobili Cavabdeh1 geri qaytarmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı Avtomobilə görə 86700 manat pulun verilməsi də sübuta yetirilmişdir. Belə olan halda, Avtomobilə görə verilmiş 86700 manat pul iddiaçıya qaytarılmalıdır.

37. Məhkəmə araşdırması zamanı mübahisəli doğuran məsələlədən biri də Avtomobilin dəyəri olaraq ödənilmiş pul vəsaitinin kimə verilməsi ilə bağlı və buna müvafiq olaraq da kim tərəfindən iddiaçıya geri qaytarılması ilə bağlı olmuşdur. Belə ki, iddiaçı Avtomobilin dəyəri olan pul vəsaitinin Cavabdeh1 verildiyini, Cavabdeh1 həmin pul vəsaitinin ona çatmadığını, pulun Cavabdeh2 tərəfindən götürüldüyünü, Cavabdeh2 isə Gürşadın tapşırığı ilə hərəkət etdiyini və pulun ona verdiyini bildirmişdir.

38. Qeyd edilən halla bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, Avtomobil Cavabdeh1 mülkiyyətində olmuş, Avtomobilə dair istənilən sərəncamı vermək hüququ da ona aid olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, Avtomobilin satılması ilə bağlı bütün danışıqlardan Cavabdeh1 məlumatı olmuşdur. Belə ki, əvvəlcə 20 000 manat beh olaraq Cavabdeh2 ödənilmiş, Avtomobilin dəyəri yenidən iddiaçı, cavabdehlər və şahid Bəhruz Əlikişiyev birlikdə şam yeməyi yeyərkən müzakirə edilərək razılaşdırılmış, Avtomobildə olan qüsurlara görə xərcin ödənilməsi məsələsi müzakirə edilmiş və Gürşad buna görə 10000 manat pulun saxlanılmasını təklif etmiş, Avtomobilin satış dəyərindən qalan 56 700 manat pul iddiaçı tərəfindən Cavabdeh1 təqdim edilsə də, o, Seymurdan pulun almasını xahiş etmiş, sonradan ehtiyacı olduğundan, təmir üçün saxlanılan 10000 manat pulun da Seymur vasitəsi ilə ona göndərilməsini iddiaçıdan xahiş etmişdir. Seymur məhkəmə iclasında onu da qeyd etmişdir ki, Gürşadla birlikdə fərdi yaşayış evlərinin tikilib satılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Gürşad Avtomobilin satışından əldə edilmiş 86700 pul vəsaitini həmin sahibkarlıq fəaliyyətinə sərmayə qoymuşdur.

39. Şərh edilənlərdən də aydın görünür ki, Avtomobilin satılmasına görə bütün ödənilən pul vəsaitlərindən Cavabdeh1 məlumatı olmuş və həmin pul vəsaitləri onun tapşırığı ilə Cavabdeh2 verilmişdir. Əks halda, Avtomobilə görə Cavabdeh1 iddiaçıya etibarnamə verilməkdən imtina edərdi, həmçinin təmir xərcinə görə saxlanılmış pulu deyil, Avtomobilin dəyərini tam tələb edərdi. Mülki Məcəllənin 782.1-ci maddəsində qeyd edilir ki, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

40. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, Avtomobilə dair alqı-satqı müqaviləsi etibarsız olduğundan, eyni zamanda Avtomobil Cavabdeh1 tərəfindən geri qaytarıldığından, habelə pulun Cavabdeh2 tərəfindən alınması Cavabdeh1 tapşırığı ilə yerinə yetirildiyindən Avtomobilə görə ödənilmiş pul vəsaiti sonuncu tərəfindən iddiaçıya qaytarılmalıdır.

41. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi Avtomobilin təmirinə ödənilmiş 8000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı Avtomobilin təmir edilməsi üçün 8000 manat məbləğində xərc çəkməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

42. Məhkəmə iddia tələbinin vəkil xidməti üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı hüquqi xidmət üçün 300 manat məbləğində ödənişin edilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

43. Məhkəmə hesab edir ki, 375 manat məbləğində dövlət rüsumu cavabdeh Gürşad Aslanodan tutularaq iddiaçıya qaytarılmalıdır. Ona görə ki, cavabdehlərin vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi).

44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. “X5 Rover” minik markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədilə ödənilmiş 86 700 manat manat və ödənilmiş 375 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar