Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2980/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrin ibarət hərəkətlərinə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Tərəflər arasında xx.xx.2009-cu il tarixdə qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 1 mərtəbəsində 177 kv.m mağazanı (bundan sonra – qeyri-yaşayış sahəsi) tikərək iddiaçıya verməyi, iddiaçı isə qeyri-yaşayış sahəsinə görə 708 000 manat ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2009-cu il tarixdə cavabdeh tərəfindən verilmiş mədaxil orderinin qəbzi ilə qeyri-yaşayış sahəsinin ümumi dəyəri olan 708 000 manat pay ödənişi (haqqı) iddiaçı tərəfindən tam ödənilmişdir.
2. Qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nömrəsi: **********) ona ******* nömrəli Çıxarış verilmişdir.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı ona məxsus ünvan 2 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyriyaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneələrə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı Qeyri-yaşayış sahəsini cavabdehə təhvil verir, 2.3-cü bəndinə əsasən, iddiaçı ümumi məbləğin 708.000 manatını cavabdehə əvvəlcədən ödəyir. Müqavilə üzrə verilmiş 21 yanvar 2009-cu il tarixli kassa mədaxil orderinin qəbzindən göründüyü kimi, pay ödənişi olaraq 708.000 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə tam ödənilmişdir. Bina tikildikdən sonra iddiaçı tərəfindən müvafiq sənədlər Dövlət orqanın təqdim olunmuş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarış əsasında 167.8 kv.m olan Qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə dövlət reyestrinin 143 nömrəli reyestr kitabının 13435 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınmışdır. Qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən tam şəkildə təmir olunaraq müvafiq mebel avadanlıqları ilə təmin olunmuşdur. İddiaçı 2014-cü ildən ölkə xaricində yaşadığından əmlakı üzərində nəzarət etməmiş və bundan istifadə edən cavabdeh Qeyri-yaşayış sahəsinə sahiblənmişdir. 2019- 2020-ci illər ərzində mülkiyyətçinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi dəfələrlə qeyri-yaşayış sahəsinə daxil olmaq istəsə də, MTK-nın əməkdaşları (mühafizəçi, komendant, qanuni təmsilçinin nümayəndəsi və s) tərəfindən buna imkan verilməmiş, hətta polis orqanlarına edilən müraciətlər nəticəsiz qalmışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddiaya etiraz edərək, bildirdi ki müqavilə saxtadır, sözügedən qeyri-yaşayış sahəsi Elsevər Talıbova məxsusdur. Çıxarışın əldə edilməsi üçün saxta sənədlər təqdim edilmişdir. Qeyd olunanlara əsaəsn məhkəmədən iddianın rədd edilməsini xahiş etdi.
10. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respubikasının Konstitusiyası:
11. Maddə 13, İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
12. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
14. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
15. Müddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. “Akimova Azərbaycana qarşı” xx.xx.2007ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
22. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh Qeyriyaşayış obyektinin yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri barədə razılığa gəlməklə, müqavilə bağlamışlar. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (Mülki Məcəllənin 405-ci maddəsinin birinci cümləsi). Müqavilənin qiyməti də iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Həmin müqavilə və buna dair digər sənədlər iddiaçı tərəfindən təqdim edilməklə, Qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla bu barədə Çıxarış verilmişdir.
23. Yuxarıda göstərilən maddi hüquq normalarında mülkiyyətin müdafiəsi, qanuni əsaslarla əldə edilmiş mülkiyyət hüquqlarının dövlətin müdafiəsi altında olması əks olunmuşdur. Mülkiyyət hüququnun şəxsə verilən ən üst hüquq olmaqla, həm daxili, həm də beynəlxalq hüquqla qorunur. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz (Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi).
24. Mülkiyyət hüququ özündə 2 əsas (mühüm) elementi birləşdirir: 1) mlükiyyətdən maneəsiz istifadə, ona sahiblik və onun barəsində sərəncam vermək; 2) mülkiyyəti başqalarının özbaşına müdaxilələrindən qorumaq. Birinci element, mülkiyyətdən qanuni əsalarla istifadəni, sahibliyi, habelə sərəncam verməni ehtiva edir. Başqa şəxslərin hüquq və qanuni maraqlarını pozmamaqla sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsi qanunilik şərtini təmin etmiş olur. Hazırkı mübahisədə iddiaçının əmlakından istifadə və ona sahiblik etmək istəməsi ilə digər şəxslərin hüquqlarının pozulması iş materialları müəyyən olunmur.
25. İkinci element, mülkiyyəti bütün fiziki və hüquqi şəxslərin, eləcə də dövlətin qanunsuz müdaxilələrdən qorunmasını nəzərdə tutur. Cavabdehin nümayəndəsi bu müdaxiləni iddiaçının əmlakından istifadəsinə və sahibliyinə müdaxiləni Qeyri-yaşayış sahəsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilənin saxta olduğunu, mübahisəli qeyri-yaşayış sahəsinin X1 və həmin əmlak üzərində sonuncunun sahiblik və istifadə hüquqlarının tanınması barədə Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsinin olması ilə əsaslandırmışdır.
26. Lakin məhkəmə cavabdehin etirazının göstərilən dəlili ilə iki əsasla razılaşmır. Birincisi, yuxarıda da (qətnamənin 3-cü bəndi) qeyd edildiyi kimi, iddiaçı Qeyriyaşayış sahəsinin mülkiyyətçisidir və buna dair ona xx.xx.2014-cü il tarixdə Çıxarış verilmişdir. Mülki Məcəllənin 140-cı maddəsində təsbit edilmiş əsas görə nə qədər ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyib, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Lakin nə cavabdeh, nə də Elsevər Talıbov nə iddiaçıya verilmiş Çıxarışı mübahisələndirməmişdir və həmin Çıxarış qüvvədədir. Baxmayaraq ki, cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı verdiyi izahatında mübahisəli Qeyri-yaşayış sahəsinin iddiaçıya satılmasından 2022-ci ilin fevral ayında məlumatı olduğunu bildirmişdir. Lakin həmin tarixdən sonra da xx.xx.2014-cü il tarixdə verilmiş Çıxarışın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etdiyini sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir.
27. İkincisi, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunur ki, X3 üzərində sahiblik və istifadə hüquqlarının tanındığı qeyri-yaşayış sahəsi olan ünvan 1 ünvanında inşa edilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 174 kv.m olduğu halda, iddiaçıya satılmış Qeyri-yaşayış sahəsinin ümumi sahəsi müqavilə üzrə 177 kv.m, Çıxarışla isə 167,8 kv.m təşkil edir. Cavabdeh isə hər iki əmlakın eyni əmlak olması barədə sübutları məhkəməyə təqdim etməmişdir.
28. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Qeyriyaşayış sahəsinin mülkiyyətçisi olduğundan, cavabdeh isə iddiaçıya əmlakından qanuni istifadəyə və sahibliyiə maneələr yaratdığından iddia təmin edilməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 3 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maeələrə son qoyulsun. İddiaçı ünvan 3 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.mdən ibarət (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri yaşayış sahəsinə buraxılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı