Məhkəmə qərarları › İş №e-2(011)-2995/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2995/2023

20.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2995/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 833.56 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və borca illik 5%-lə hesablanmış 48.62 manat əldən çıxmış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Texniki problem səbəbindən 27 yanvar 2020 tarixində kart hesabına edilmiş mədaxil dublikat təşkil etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 10 dekabr 2020 tarixində onlayn ödəniş əməliyyatları aparmışdır. Nəticədə Cavabdeh banka cəmi 833.56 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhvin baş verdiyinə görə iddiaçının hesabına əsassız varlanmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb qərar çıxarılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya məxsus plastik kart istifadəçisidir. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçıya məxsus cavabdehin istifadəsində olan ******************** nömrəli plastik kart hesabından istifadə zamanı balansda faktiki olaraq kifayət qədər vəsait olmadığına görə hesabın kreditləşməsi baş vermiş və cavabdehin 833.56 manat məbləğində borcu yaranmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəyə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə görə, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, Cavabdeh istifadəsində olan iddiaçı banka məxsus plastik kartla bir neçə dəfə əməliyyat həyata keçirmiş, kart hesabında özünə aid vəsait olmadığına baxmayaraq kartdan ödənişlər etmiş, bu isə kreditləşməyə səbəb olmuşdur. Beləliklə, cavabdeh özünə aid olmayan bankın vəsaiti hesabına əsassız varlanmışdır. Məhkəmə iddia tələbinin illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsinin yekun tələb hissəsində həmin pul məbləğinin əldən çıxmış fayda olduğunu qeyd etsə də ərizənin mətnindən həmin məbləğin borcun ödənilməsinin gecikdirilməsinə görə kreditorun tələb etdiyi məbləğ olduğu qeyd edilmişdir. Bu səbəbdən həmin məbləğ borclu tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün hesablanmış illik 5% olaraq nəzərə alınmaqla həmin hissədə də təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 833.56 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə borca illik 5%-lə hesablanmış 48.62 manat vəsait də Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya geri ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 833.56 (səkkiz yüz otuz üç manat əlli altı qəpik) manat, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə borca illik 5%-lə hesablanmış 48.62 (qırx səkkiz manat altmış iki qəpik) manat vəsait və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar