Məhkəmə qərarları › İş №e-2(011)-2996/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2996/2023

12.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2996/2023 12.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 666,72 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və borca görə illik 5%-lə hesablanmış 66,67 manat əldən çıxmış fayda məbləğinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № **********59********) 22.02-xx.xx.2021 tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları icra etmişdir. Nəticədə Cavabdeh banka cəmi 666.72 (altı yüz altmış altı manat, 72 qəpik) manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdə keçirərək məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kartın istifadəçisidir. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh kartı üzrə xx.xx.2021-ci il tarixinə olan qalıq məbləği 1.011 manat təşkil edir. xx.xx.2023-cü il tarixinə olan qalıq məbləği -666,72 (mənfi 666,72) manatdır. Qeyd edilmiş 666,72 manat qalıq məbləği hazırda iddiaçı tərəfindən cavabdehin əsassız faydalanması nəticəsində məhrum edildiyi pul vəsaiti kimi tələb olunur. İş materialları ilə təsdiq edilir ki, cavabdeh özünə aid olmayan 666,72 manat pul vəsaiti hesabına əsassız varlanmışdır. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, əsassız fayda məbləği kimi tələb edilən 666,72 manat məbləğin cavabdehdən alımasına dair iddia tələbləri əsaslıdır və buna görə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin illik 5%-lə hesablanmış pul vəsaitinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbləri həmin hissədə təmin edilməli deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, cavabdehin müqavilə deyil, əsassız varlanma nəticəsində 666,72 manat pulu qaytarmaq öhdəliyi yaranmışdır. Bununla da, cavabdeh həmin pul vəsaitini əvvəlcədən müəyyənləşdirilmiş konkret vatda qaytarılması barədə müqavilə öhdəliyi götürmədiyindən həmin öhdəliyin gecikdirilməsinə görə pul tələbi əsassıdır. Yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edilmişdir ki, kreditorun MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ borclunun müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəliyi icra etməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da pul məbləğinin ödənilməməsi hallarında yaranır. Beləliklə, iddiaçı cavabdehin əsassız varlanma nəticəsində məhrum edildiyi vəsaitin ödənilməsini tələb etməkdə haqlı olsa da, həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik 5% məbləğində pul vəsaitini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya geri ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 666,72 (altı yüz altmış altı manat yetmiş iki qəpik) manat məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar