Məhkəmə qərarları › İş №e-2(011)-2999/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2999/2023

16.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2999/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 578,50 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və borca illik 5%-lə hesablanmış 43,39 manat əldən çıxamış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 21.8-31.8.2021 tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmişdir. Nəticədə Cavabdeh banka cəmi 578.50 (beş yüz yetmiş səkkiz manat, 50 qəpik) manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bununla belə, iddiaçının nümayəndəsi E.Ələkbərov ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Kapial Bank” Cavabdehnın ödəniş kartı üzrə çıxarış məlumatlarından görünür ki, kartın növü “VCDC elektron”, balans -578,50 manatdır, xx.xx.2021-xx.xx.2023 dövrü üzrə “-7323,94” manat məxaric olunub, “6541” manat dövr üzrə mədaxil olunmuşdur, balans “204,44” manat olmuşdur. xx.xx.2023-cü il tarixə son qalı isə 578,50 manat təşkil edir. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli “Bildiriş”in surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh bildiriş göndərilməklə ondan borcunu 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin kart hesabına cəmi – öhdəlikdən kənar əlavə 578,50 manat məbləğində pul köçürmüş, cavabdeh isə həmin məbləği qəbul edərək götürmüşdür, tərəflər əvvəllər hər hansı hüquq münasibətində olmamışlar, cavabdeh iddiaçıdan aldığı pul məbləği müqabilində əsassız varlanmışdır, iddiaçı pul məbləğini cavabdehdən tələb etmişdir. Bununla belə, cavabdehin əldə etdiyi pul vəsaitinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh qanuni əsas olmadan iddiaçı tərəfindən onun hesabına köçürülmüş pul məbləği müqabilində əsassız varlanmışdır ki, bu da onun həmin məbləğ üzərində əmlak hüququnu istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehin hesabına köçürülmüş məbləğin geri qaytarılması barədə tələb ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, pul məbləği iddiaçı tərəfindən öhdəlikdən kənar cavabdehin kartına mədaxil edildiyindən, bu barədə tərəflər arasında hər hansı bir müqavilə olmadığından, həmin ödənişin qaytarılması tarixi barədə tərəflər arasında hər hansı bir şərt müəyyən edilmədiyindən iddiaçı, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 578,50 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddianın həcmi nəzərə alınmaqla, dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 578 (beş yüz yetmiş səkkiz) manat 50 (əlli) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar