Məhkəmə qərarları › İş №e-2(011)-30/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-30/2025

16.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-30/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə pros. 2935A ünvanında yerləşən yaşyış binasının 1-ci mərtəbəsində 3+5 və A+C oxları arasında olan ümumi sahəsi 235,12 kv.m olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2006-cı il tarixli, 180 nömrəli müqavilə bağlanılmışdır. Təqdim edilmiş 10 iyul 2010-cu il tarixli maliyyə arayışına əsasən həmin qeyri-yaşayış sahəsinin inşa edilməsi üçün onun dəyəri maraqlı şəxs İddiaçı tərəfindən tam olaraq ödənilmişdir. İnşaat başa çatdıqdan sonra maraqlı şəxs İddiaçı həmin qeyri-yaşayış sahəsində təmir işlərinə başlamış və həmin sahənin təmiri üçün ümumilikdə 51.600 manat məbləğində pul vəsaiti xərcləmişdir. Bu fakt şahid ifadələri ilə və qeyri-yaşayış sahəsinin vəziyyətinə əsasən tam təsdiq edilir. Lakin Cavabdeh ASC-nin müdaxiləsinə görə maraqlı şəxs təmir işlərini yekunlaşdıra bilməmişdir. Belə ki, Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə icra hərəkətləri həyata keçirilərək, maraqlı şəxs və onun qonşuluğunda olan digər şəxslər qeyd edilən qeyri-yaşayış sahələrindən məcburi qaydada çıxarılmışlar. Həmin qeyri-yaşayış sahələri zirzəmi adı altında Cavabdeh ASC-yə (əvvəlki adı tikinti-quraşdırma Azərbaycan Neft Kimya Zavodu-2 ASC) hərrac vasitəsilə satılmışdır. Həmin dövrdən başlayaraq 2023-cü ilə qədər mübahisəli əmlakla əlaqədar məhkəmə çəkişmələri olmuşdur. Hazırda İddiaçı cavabdehə qarşı yuxarıda qeyd edilən təmir xərclərinin ona qaytarılması tələbinə dair iddia irəli sürülməsini zəruri hesab edir.

İddiaçının tələbi:

2. Cavabdeh ASC-dən 51.600 (əlli bir min altı yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. xx.xx.2025-ci il taroxdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək təmir xərclərinə görə 78.490 manat pul məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

4. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh ASC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı - ərizədə qeyd etdiyi əmlakı "xxxx" MMC-dən aldığını bildirir və "xxxx" MMC-nin Cavabdeh ASC-yə heç bir aidiyyəti yoxdur. Hətta ödədiyini iddia etdiyi məbləği də 2010-cu ildə "xxxx" MMC-yə ödəmişdir. İddiaçı iddia etdiyi sahə "xxxx" MMC-nin ona satdığı sahə deyil. "xxxx" ASC qanunla ona məxsus olan əmlakına öz nəzarətinə götürmüşdür. İddiaçı – İddiaçın onun özünə aid sahədən heç kim məcburi çıxarmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2017ci il tarixli akt isə Cavabdeh ASC-yə qanunla məxsus olan əmlakları öz nəzarətinə götürməsini təsdiq edən aktdır. İddiaçı – İddiaçı dəfələrlə həmin sahəni məhkəmə qaydasında mübahisələndirməsinə baxmayaraq hər dəfə iddiasının əsassız olması öz təsdiqini tapdığı üçün iddiası rədd edilmişdir. Lakin, iddiaçı həmin qətnamələri iddia ərizəsinə əlavə edib məhkəməyə təqdim etməyib. Ona görə ki, həmin qətnamələrlə tanış olan zaman indiki iddianın da nə qədər əsassız olması görünəcəkdir. İddiaçı – İddiaçı hazırkı iddianı qaldırmaqda məqsədi – pozulmuş hüquqlarını bərpa etmək deyil, Cavabdeh ASC-yə maddi ziyan vurmaqdır. Belə ki, İddiaçı və onunla bərabər başqa şəxslər tərəfindən qaldırılmış əsassız iddialarla bağlı bu günədək Cavabdeh ASC-yə maddi ziyan dəymişdir. Hal-hazırda Cavabdeh ASC tərəfindən əsassız məhkəmə mübahisələri zamanı hüquqi xidmət göstərilməsinə 70.000 manata yaxın çəkilmiş xərclər hesablanır və yaxın müddətə İddiaçı da olmaqla əsassız iddia qaldırmış şəxslərə qarşı Cavabdeh ASC tərəfindən yeni iddialar qaldırılacaqdır. Bir daha qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən qaldırılmış iddia əsassızdır və iddiasının əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməyib. Hətta pul tələbi barədə iddia qaldırsa da həmin pulun xərclənməsini təsdiq edən sübutları yoxdur. Ona görə də iddia tələbi əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək İddiaçı tərəfindən Cavabdeh ASC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, hazırkı mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı - ərizədə qeyd etdiyi əmlakı "xxxx" MMC-dən aldığını bildirir və "xxxx" MMC-nin Cavabdeh ASC-yə heç bir aidiyyəti yoxdur. Hətta ödədiyini iddia etdiyi məbləği də 2010-cu ildə "xxxx" MMC-yə ödəmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o xx.xx.2017-ci ildə iddia etdiyi yerdən məcburi çıxarılıb. Əgər iddiaçı 2017-ci ildə iddia etdiyi yerdən çıxarılıbsa həmin tarixdən 6 il keçəndən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Ona görə də, hazırkı iddia tələbi üzrə mübahisəyə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci maddəsinin tələbinə görə, həmin maddədə qeyd edilən tələblər üzrə beş il keçdikdən sonra öz qüvvəsini itirir. Ona görə də həmin tələblər üzrə iddia müddəti tətbiq edilərək iddia tələbləri rədd edilməlidir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatı:

6. xx.xx.2025-ci tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. xx.xx.2025-ci tarixli məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

9. xx.xx.2006-cı il tarixli, № 180 saylı müqavilə.

10. xx.xx.2010-cu il tarixli maliyyə arayışı.

11. xx.xx.2010-cu il tarixli, № 1/17 saylı maliyyə arayışının surəti.

12. xx.xx.2017-ci il tarixli icra aktı.

13. "xxxx" MMC tərfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışı.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-289/2021 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh ASC-yə qarşı hərrac protokollarının və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia rədd edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(103)-859/2021 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-289/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(102)-52/2022 saylı qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr 2-2(103)-859/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7224 saylı rəyin tədqiqat nəticəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində 3+5 və A+C oxları arasında yerləşən qeyri-yaşayış sahəsi uzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 78490 manat məbləğində müəyyən edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6918 saylı rəyinə əsasən "xxxx" ASC-yə məxsus Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılmış təmirtikinti və yenidən qurma işlərinə sərf ediləcək (edilmiş) materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. 3-cü sual üzrə "xxxx" ASC-yə məxsus Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti 2935A ünvanında sahəsi 235,12 kv.m olan qeyri yaşayış sahəsində çıxarıb (sökülüb) götürülməsi mümkün olan avadanlıq (əşya) mövcud olmadığı müəyyən edilmişdir. Lakin qeyri-yaşayış sahəsinin daxilində istifadə olunmayan metlax materialının mövcud olduğu müəyyən edilmişdir.

19. "xxxx" MMC-nin AV 05-025/24 saylı, xx.xx.2024 saylı hesabat.

20. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. qida məhsulları satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

24. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il Qərarı.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

27. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

28. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə müqavilədən irəli gələn öhdəliklər və delikt öhdəliklər koteqoriyasına aid olmadığından yaranmış mübahisənin hüquqi əsası əsassız varlanmadan irəli gələn mübahisə kimi xarakterizə edilməlidir. Belə ki, delikt mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə pros. 2935A ünvanında yerləşən yaşyış binasının 1-ci mərtəbəsində 3+5 və A+C oxları arasında olan ümumi sahəsi 235,12 kv.m olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2006-cı il tarixli, 180 nömrəli müqavilə bağlanılmış, ümumi sahəsi 825,12 kv.m qeyri-yaşayış sahəsinin özgənikiləşdirilməsinə dair "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" xx.xx.2014-cü il tarixli müqavilə və "Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 73/01 saylı xx.xx.2014-cü il tarixli protokolun və 64.8 kv.m təmirsiz tikilinin hərracdan satılmasına dair xx.xx.2021-ci il tarixli müqavilə və protokol tərtib edilmiş, xx.xx.2017-ci il tarixdə icra aktı tərtib edilmiş, icra aktı ilə iddiaçının faktiki sahibliyində olan və təmiri yekunlaşmaq üzərə olan qeyri-yaşayış sahəsi ilə bağlı icra aktı tərtib edilmişdir.

30. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-289/2021 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh ASC-yə qarşı hərrac protokollarının və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(103)-859/2021 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-289/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(102)-52/2022 saylı qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr 2-2(103)- 859/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdelə iddiaçı arasında hər hansı əqd və ya müqavilə mövcud deyil, cavabdehin iddiaçıya yönəlmiş hərəkət və ya hərəkətsizliyindən iddiaçıya hər hansı ziyan dəyməmişdir, lakin cavabdeh mübahisəli əmlakı hərracda təmirsiz halda əldə etdiyindən, təmirin iddiaçı tərəfindən həyata keçirilməsi tərəflər arasında mübahisələndirilmədiyini nəzərə alaraq cavabdeh əsassız varlanmışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisənin hüquqi əsasını əsassız varlanma təşkil edir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

32. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin xx.xx.2014-cü tarixdə əmlakı təmirsiz şəkildə əldə etdiyi, iddiaçının hərrac və digər proseslərdən xəbərsiz şəkildə faktiki istifadəsində və sahibliyində olan 235.12 kv.m olan qeyri-yaşayış sahəsində təmir işləri apardığı, icra aktının tərtibi zamanı hərracın nəticələrindən xəbər tutması və qeyri-yaşayış sahəsi üzərində faktiki sahibliyinə qadağa qoyulduğu məlum olmuşdur.

33. Məhkəmə hesab edir ki, iddiaçı 78.490 manat məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Eyni zamanda cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki mübahisəyə iddia müddətinin deyil, kəsici müddətin tətbiq edilməsi hüquqi mövqeyindən çıxış edir. Belə ki, iddiaçı tərəf cavabdehlə məhkəmə çəkişmələrinin 2023-cü ilə qədər davam etdiyini qeyd etsə də iddiaçının şəxsən cavabdehə qarşı hər hansı iddia tələbinin məhkəmə qərarının mövcud olmadığı müəyyən edilmiş, istinad etdiyi məhkəmə qərarları isə sözügedən hərrac protokolları ilə bağlı İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında olmuş, iddiaçı həmin işlərdə tərəf qismində şəxsən iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, kəsici müddət şəxsin fərdi məhkəmə müdafiəsi hüququdur.

34. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında qeyd edilir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

35. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf xx.xx.2017-ci il tarixdə hüquqlarının pozulduğunu bilmişdir. Mülki qanunvericiliyə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. (§21) Məhkəmə qeyd edir ki, iddiaçının 2017-ci ildə hüququnun pozulduğunu bildiyi andan şəxsən fərdi müdafiə hüququndan istifadə etməmiş və ya lazımi qaydada həyata keçirilməmişdir, beləliklə də cavabdehdən əsassız varlanmaya görə pulu tələb etmək hüququnun vaxtından əvvəl xitamına şərait yaratmışdır.

36. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mövcud iddia tələbi rədd edilməlidir.

Məhkəmə xərcləri:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. İddiaçının dövlət rüsumunun ödənilməsi barədə tələbi mövcud olmadığından və iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

39. Həmçinin iddia tələbi rədd edildiyindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti də iddiaçıdan tutulmalıdır.

40. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

3. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar