Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3031/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya ÖM, № 108939 olan xx.xx.2002-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, N.Tusi küçəsi, 22 saylı evin (46,74 kv.m-dən ibarət 3 otaqlı) 7 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir.
2. Qeyd edilən mənzildə cavabdehlər qeydiyyatda olmağına baxmayaraq ailə qurmaqla başqa ünvanda yaşadıqlarına görə mənzildən uzun illərdir ki istifadə etmir, mənzilin bütün kommunal ödənişləri şəxsən iddiaçı tərəfindən qarşılanır. Hal-hazırda cavabdehlərin mənzilində qeydiyyatda olmaları iddiaçını çətinliyə salır, mənzildən sərbəst istifadə etməsinə ciddi maneələr yaradır.
İddiaçının tələbi:
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən, 46,74 kv.m-dən ibarət 3 otaqlı, 22 saylı evin 7 saylı mənzilinə istifadə hüquqları olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahişı etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdehlər tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə öz izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Hazırda cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır, onlar iddiaçının qayğısına qalmırlar. Cavabdehlərdən əvvəlcədən həmin ünvanda yaşamışlar, lakin biri 2000-ci ildə, biri isə 2003-cü ildə ailə həyatı qurmuşdurlar və hazırda müstəqil təsəərüfat aparmaqdadırlar. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
6. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasında iştirak edən şahid X2 öz izahatında bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 tanıyır, onlar İddiaçı qızlarıdır. Onları 1-2 ildir ki görmür, evləndikdən sonra köçüb getmişdirlər. Xəyalənin şəhərdə evi var, orada yaşayır. Vüsalə isə on altı mərtəbədə yaşayır. İddiaçı qonşusudur, gediş-gəlişləri vardır. İddiaçı əri rəhmətə gedəndən 10 ilə yaxındır ki, tək yaşamaqdadır.
8. Məhkəmə iclasında iştirak edən şahid X1 öz izahatında bildirmişdir ki, İddiaçı onun anası, Cavabdeh1 və Cavabdeh2 onun bacılarıdır. Cavabdeh1 və Cavabdeh2 ilə 5 ilə yaxındır ki əlaqəsi yoxdur. Onlar ərə gedəndən bəri sözügedən ünvanda yaşamırlar. Anası evdə hazırda tək yaşayır və səhəttində problemlər vardır.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 91 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 680 №-li, xx.xx.2023cü il tarixli arayışa əsasən, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzildə Cavabdeh1 2020-ci ildən və Cavabdeh2 Baxış qızı 2004-cü ildən yaşamırlar. Onlar qeyd olunan mənzildə qeydiyyatdadırlar.
10. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 91 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 26 №-li, xx.xx.2024cü il tarixli arayışa əsasən, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzildə Cavabdeh2 Baxış qızı və Cavabdeh1 yaşamırlar.
11. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 91 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 205 №-li, xx.xx.2024cü il tarixli arayışa əsasən, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzildə yaşamır.
12. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzildə qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: Cavabdeh2, Cavabdeh1.
13. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarinin Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 108939 №-li qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 195 saylı reyestr kitabında 30/7726 №-liqeydiyyat aparılmışdır.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-5800/2024 №-li məktuba əsasən, Cavabdeh1 adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 147K saylı bağ sahəsi və Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, "xxxx" ASC-nin b/y-nın 141 saylı bağ sahəsi qeydiyyatdan keçmişdir.
15. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, "xxxx" ASC-nin b/y-nın 141 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur.
16. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 147K saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur.
17. 17 fevral 2002-ci il tarixli, 146118 №-li müqaviləyə əsasən, satıcı X3 Bakı şəhəri, N.Tusi küçəsi, 22 saylı evin 7 saylı mənzili İddiaçı satmışdır. Mənzilin satış qiyməti 40.000.000 manatdır.
18. Digər sənədlər.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikasının Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
20. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 195-ci il Avropa Konvensiyası: 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
21. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İ hissə - İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İİİ hissə - İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
123. İ hissə - Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır
22. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli Qərarı.
23. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli Qərarı.
24. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il Qərarı.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
27. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
28. İşin mübahisəsiz halıdır ki, cavabdehlər iddiaçının qızlarıdır, onlar 2000-ci ildən əvvəl həmin mənzildə yaşamışdırlar. Tərəflər arasındakı hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək olan dövrdə yaranmışdır. Ona görə də mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir (§24).
29. Eyni zamanda o da, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə X3 arasında bağlanmış 16 fevral 2002-ci il tarixli, 146118 №-li müqaviləyə əsasən, Bakı şəhəri, N.Tusi küçəsi, 22 saylı evin 7 saylı mənzil İddiaçı mülkiyyətinə keçmiş (§8) və ona ÖM seriyalı, 108939 №-li qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətçi İddiaçı qızları, yəni ailə üzvləridir. Hazırda onlar qeyd edilən ünvanda yaşamırlar.
30. Hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən müddəaları əsasında cavabdehlərin həmin Mənzildən istifadə hüququ həmin dövrdən yaranmış, .Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 91 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 680 №-li, xx.xx.2023-cü il tarixli arayışa əsasən, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzildə Cavabdeh1 2020-ci ildən və Cavabdeh2 Baxış qızı 2004-cü ildən yaşamırlar. Onlar qeyd olunan mənzildə qeydiyyatdadırlar. (§9)
31. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir.
32. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. (§22)
33. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdehlər daimi olaraq həmin ünvanda 2000-2003-cü ilə kimi yaşamış (§7, §8,§9, §10), daha sonra ailə həyatı quraraq başqa yerə köçmüşlər, həmin ünvana ara-sıra valideynlərini görmək üçün gəlmişlər, son dövrlər ümumiyyətlə, iddiaçı olan analarına baş çəkmirlər (§7, §8). Məhkəmə yuxarıda qeyd edilən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə, o cümlədən 87-ci maddəyə istinad edərək hesab edir ki, cavabdehər Cavabdeh1 və Cavabdeh2 6 aydan uzun müddətdə mübahisəli mənzildə yamamasını, könüllü olaraq daimi yaşamaq üçün başqa yerə köçməsini, eyni zamanda başqa yaşayış yeri və mülkiyyətində başqa daşınmaz əmlaklarının olmasını nəzərə alaraq (§14, §15, §16) Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən, 46,74 kv.m-dən ibarət 3 otaqlı, 22 saylı evin 7 saylı mənzilə istifadə hüquqlarını itirmişdirlər.
34. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən, 22 saylı evin 7 saylı mənzilində istifadə hüquqları itirilmiş hesab edilməlidir.
Məhkəmə xərcləri:
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 22 saylı evin 7 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin.
3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova