Məhkəmə qərarları › İş №e-2(011)-3056/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3056/2025

04.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3056/2025 04.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Cavabdeh 72800 (yetmiş iki min səkkiz yüz) pul məbləğinin tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların övladı X6 19-20 sentyabr 2023cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Qarabağ ərazisində erməni terrorçu dəstələrinə qarşı həyata keçirdiyi lokal xarakterli anti-terror əməliyyatları zamanı şəhid olmuşdur. Ölüm 12 oktyabr 2023-cü ildə Füzuli rayon qeydiyyat şöbəsində 288 № ilə qeydə alınmışdır. X3 şəhid olmasından sonra iddiaçılar – İddiaçı2 və İddiaçı1, X3 həyat yoldaşı (cavabdeh) - Cavabdeh və övladları şəhid ailə üzvü kimi tanınmışlar. xx.xx.2023cü il tarixdə Bakı şəhər 52 saylı Notariat ofisinin xüsusi notariusu X1 iştirakı ilə iddiaçılar və cavabdeh şəhidin miras əmlakının və digər müavinətlərin vərəsələrin arasında bərabər payda bölünməsi barədə razılığa gəlmişlər. Həmçinin, onlar əmlak və digər müavinətlərin vaxt itkisinin qarşısının alınması və məsələnin tez həll edilməsi üçün vərəsələrdən birinin adına keçirilməsi və daha sonra vərəsələr arasında bölünməsi barədə də razılığa gəlmişlər. Həmin vaxt Cavabdeh mənzilin ona və uşaqlarına verilməsini xahiş etmiş, qalan digər müavinətləri isə iddiaçılara verəcəyini bildirmişdir. Bu məqsədlə elə həmin notariat ofisində miras əmlakdan cavabdehin xeyrinə imtina edilməsi barədə ərizə yazmışlar. Daha sonra iddiaçılara məlum olmuşdur ki, cavabdeh artıq şəhid ailəsi statusuna görə ödənilən müavinət alıb və bu barədə iddiaçılara heç bir məlumat verməyib. Şəhid ailəsi statusu ilə bağlı cavabdehə 182,000 (yüz səksən iki min) manat pul vəsaiti ödənilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-2989/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən şəhid ailələrinə maddi-mənəvi dəstək məqsədilə çıxarılan qanunvericilik aktlarının adlarından da bariz şəkildə məlum olur ki, bunların hamısının məqsədi ailə üzvünün itkisi səbəbilə şəhid ailələrinin məruz qaldıqları maddi və mənəvi zərəri mümkün qədər azaltmaqdır. Başqa sözlə, şəhid ailələrinə olan birdəfəlik ödəniş, müavinət və s. kimi imtiyaz və yardımlarla bağlı qanunvericilik aktlarının adlarından da göründüyü kimi bu qanunvericilik aktlarının məqsədi şəhidin ailə üzvlərinə maddi-mənəvi dəstəyi təmin etməkdir. Təsadüfi deyildir ki, bu məqsədlə çıxarılan Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının adı xüsusi olaraq “.... ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” şəklində ifadə olunmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli AR Qanununda da bu çox bariz şəkildə öz əksini tapmaqdadır. Şəhid ailələri üçün nəzərdə tutulan müavinət, imtiyaz və birdəfəlik ödənişlər öz mahiyyəti və hüquqi təyinatları etibarı ilə bir tərəfdən vərəsələri deyil, şəhidin ailəsinə şəhidin ölməzdən əvvəlki maddi dəstəyindən və ya gələcəkdə ailəsi baxımından gözlənilən dəstəyindən məhrum qalmalarının qismən aradan qaldırılması üçün dövlət tərəfindən verilir. Bu imtiyaz və ödənişlər ilə bağlı haqların (hüquqların) heç biri şəxs şəhid olmazdan əvvəlki dövrdə ona mənsub olmayıb ki, o da şəhid olduqda onun əmlakında olsun və miras əmlak kimi onun vərəsələrinə qalsın. Həmçinin, Xətai Rayon Məhkəməsinin 2(011)-2989/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş məhkəmənin hüquqi mövqeyinə əsasən şəhidin ailə üzvlərindən hər hansı birinin miras əmlakdan imtina etməsi, imtina edən şəxsin şəhid ailəsi üzvlüyündən imtina etməsi və ya onun şəhid ailəsi üzvü hesab olunmaması üçün bir əsas ola bilməz. Belə ki, mirasdan imtina edilməsi onların sosial müavinət və dövlət dəstəyi almaq hüququnu məhdudlaşdırmır İddiaya etirazının dəlilləri: Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə yazılı etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 182,000 (yüz səksən iki min) pul məbləğinin tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İddiaçı1 və İddiaçı2 pul tələbinə dair iddiaları tamamilə əsassızdır. Belə ki, iddia tələbinə əsasən iddiaçılar qeyd edirlər ki ödənilən sığorta ödənişi miras əmlak dairəsinə aid deyil və miras əmlakdan imtina edilməmişdən öncə Cavabdeh həmin vəsaiti səlahiyyətli dövlət orqanından alıbmış. Bununla bağlı qeyd etmək istəyirəm ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, sığorta olunanın ölümü halına görə ödəniş vərəsəlik hüququnu təsdiq edən sənəd əsasında sığorta olunanın vərəsələrinə ödənilməlidir. Cavabdeh tərəfindən də müvafiq ödəniş vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edildikdən sonra həmin sənəd əsasında səlahiyyətli orqandan alınmışdır. Göründüyü kimi sığorta ödənişi qanunvericiliyin tələbinə əsasən ancaq sığorta olunan şəxsin vərəsələrinə ödənilə bilər və Cavabdeh da şəhid X3 varisi olaraq həmin ödənişi almışdır. Həmçinin qeyd etmək istəyirəm ki, iddiaçılar tərəfindən miras əmlakdan imtina barədə notariat ofisində verilmiş ərizə də məhkəmə qaydasında mübahisələndirilmiş və Xətai Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnamələrinə əsasən həmin ərizələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir və iddia tələbləri haqlı olaraq rədd edilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçıların iddia tələbləri əsassız olduğu üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə dair” iddialarının rədd olunması xahiş edilmişdir. Tərəflərin izahatları: İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. İşin halları İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1987ci ildə anadan olmuş, atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2023cü ildə Füzuli şəhəri, Govşadlı kəndində baş-beynin diffuz travması səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023- cü ildə 288 nömrə ilə qeyd edilmişdir İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********404 nömrəli ərizədən görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixində vəfat etmiş miras qoyan şəhid oğlu X2 irs qalmış yaşayış ( ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən, oğlunun arvadı Cavabdeh xeyrinə imtina etmişdir. Notariat hərəkətlərinin aparılması barədə onun hüquq və vəzifələri, mirasın qəbulundan imtina etdiyi ərizənin geri götürülməsinin yolverilməzliyi və imtinanın nəticələri barədə ona notarius tərəfindən izah edilmiş və ona aydın olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********405 nömrəli ərizədən görünür ki, İddiaçı2 xx.xx.2023-cü il tarixində vəfat etmiş miras qoyan şəhid oğlu X2 irs qalmış yaşayış ( ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən, oğlunun arvadı Cavabdeh xeyrinə imtina etmişdir. Notariat hərəkətlərinin aparılması barədə onun hüquq və vəzifələri, mirasın qəbulundan imtina etdiyi ərizənin geri götürülməsinin yolverilməzliyi və imtinanın nəticələri barədə ona notarius tərəfindən izah edilmiş və ona aydın olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələri arvadı Cavabdeh, oğlu X7, oğlu X4r və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubuna əsasən 90954.50 manat məbləğində birdəfəlik kompensasiyadan ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dövlət icbari şəxsi sığorta ödənişinin icrası məqsədilə sığortaolunan X3 xidməti vəzifələrinin icrası zamanı ölümü ilə əlaqədar təyin ediləcək həmin şəxsin qanun üzrə vərəsə və ya vərəsələrinə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş 81801 manat sığorta məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməsi nəzərə tutulur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələri arvadı Cavabdeh, oğlu X7, oğlu X4r və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-17-1/2-278007/2023 nömrəli məktubuna əsasən 81801 manat məbləğində birdəfəlik kompensasiyadan ibarətdir. İş matetiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Polis əməkdaşlarının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarının 2-ci bəndinə əsasən xidəti vəzifələrinin icrası zamanı həlak olmuş, DİN sabiq əməkdaşı X3 ailəsinə dövlət büdcəsinin vəsaiti hesabına 90954,50 manat məbləğində birdəfəlik kompensasiya ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələri arvadı Cavabdeh, oğlu X7, oğlu X4r və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir. İş materiallarında olan ünvan 2 ofisinin notariat hərəkətlərinin aparılmasından imtina barədə xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçıların xx.xx.2023-cü il tarixdə şəhid olmuş oğlundan miras qalmış əmlakdan gəlini Cavabdeh xeyrinə imtina etməyi ilə bağlı 8İ- 11404 və 8İ-11405 reyestr nömrəli ərizələrinin ləğvindən imtina edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Əsas anlayışlar 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri; 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı 4.1. Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. 4.3. Sığortalının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər. Maddə 5. Sığorta hadisələri və ödənişləri Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası” 1.2. Sığorta ödənişi almaq hüququna Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hakimlər, prokurorluq işçiləri, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən şəxslər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslər və ya bu bənddə qeyd edilən şəxslərin vərəsələri (bundan sonra – sığorta ödənişi almaq hüququ olan şəxslər) malikdirlər. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

2. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş"(vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına və ya onun ailəsinə: xidmət vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik komepensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur;

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur.

2. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, daxili işlər orqanının əməkdaşı olmuş X6 Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə Füzuli şəhəri, Govşadlı kəndində şəhid olmuşdur. Hazırki mülki iş üzrə iddiaçılar şəhidin valideynləri (ata-anası), cavabdeh isə şəhidin arvadıdır. Həm iddiaçılar, həm cavabdeh, həm də şəhidin (X6) uşaqları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X8 şəhid ailəsi statusunu almış ailə üzvləridir. Eyni zamanda, onların hər biri X3 birinci növbədə bərabər pay hüquqlu vərəsələridir. X3 ölümündən sonra Bakı şəhəri 52 saylı notaiat ofisində vərəsəlik işi açılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçılar ünvan 2 Ofisinə ərizə ilə müraciət edərək, şəhid oğullarından miras qalmış əmlaklardan cavabdehin xeyrinə imtina etmişdirlər. Bundan sonra cavabdehin və onun uşaqlarının hər birinin miras qalmış ünvan 1 (Yeni qaydalarla: AZ 1123, ünvan 3 ünvanında yerləşən mənzilin 1/3 hissəsinə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, X3 şəhid olması ilə bağlı ümumilikdə ödənilmiş 182.000 manat məbləğində pul vəsaiti də cavabdeh tərəfindən alınmışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, sığorta ödənişi hər bir halda sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Dövlət tərəfindən verilən on bir min manat məbləğində birdəfəlik ödənişin hüquqi təyinat və məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının birgə təsərrüfat şəraitində yaşadıqları ailə üzvlərinin məhrum olduqları mənəvi və maddi zərərin qismən də olsa azaldılmasıdır. Əks yanaşma, yəni hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları üçün nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir. Göründüyü kimi, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. Şəhid statusuna malik şəhid ailələrinə birdəfəlik ödəmə şəhidin ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Başqa sözlə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir. Digər tərəfdən məhkəmə qeyd edir ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının yuxarıda istinad edilən normasında görünür ki, xidmət vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı həlak olduqda onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik kompensasiyanın mərhumun vərəsələrinə deyil, onun ailəsinə ödənilməsi nəzərdə tutulur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların X2 miras qalmış əmlakdan cavabdehin xeyrinə imtina etməsi, onların şəhid ailəsi statusundan imtina etməsi anlamına gəlmir və X3 ölümü (şəhid olması) ilə bağlı ödənilmiş kompensasiya və onlar sığorta haqqından paylarına uyğun hissəni cavabdehdən tələb etməkdə haqlıdırlar. Başqa sözlə, iddiaçıların şəhid oğullarından miras qalmış əmlaklardan cavabdehin xeyrinə imtina etmələri ilə onların X3 ölümü (şəhid olması) ilə bağlı ödənilmiş 81801 manat məbləğində sığorta haqqından və 90954,50 manat məbləğində birdəfəlik kompensasiyadan, yəni 172755,5 manat məbləğində vəsaitdən paylarına uyğun hissəninin tələb edilməsi ilə bağlı hüququna xitam verilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdehə mərhum X3 ölümü ilə bağlı ümumilikdə 182000 manat məbləğində vəsaitin ödənildiyini iddia etsələr də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin məbləğ 172755,50 (90954,50+81801) manat olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh X3 ölümü (şəhid olması) ilə bağlı ona ödənilmiş 81801 manat məbləğində sığorta haqqının və 90954,50 manat məbləğində birdəfəlik kompensasiyanın 1/5 hissəsi miqdarında, yəni 34551,10 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2, 1/5 hissəsi miqdarında, yəni 34551,10 manat məbləğində pul vəsaiti isə İddiaçı1 ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 34551,10 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2, 34551,10 manat məbləğində pul vəsaiti isə İddiaçı1 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar