Məhkəmə qərarları › İş №e-2(011)-3108/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3108/2025

21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3108/2025 21.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhdazadə Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Xətai Rayon İcra Hakimiyyətindən evinin sökülməsinə görə 69600 manat, evimin əşyalarına dəymiş zərər üçün 13945 manat, ümumilikdə 83545 manat və mənəvi ziyan üçün 100000 manat olmaqla cəmi 183545 manat mənə ödəməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclası barədə cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktlarının qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. İnzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların nəinki inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı, həm də faktiki xarakterli digər fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir, inzibati məhkəmə icraatı qaydasında həmçinin inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır. İddia ərizəsinin məzmunundan və iddiaçının izahatından müəyyən olunur ki, 2017-ci ildə Xətai Rayon İcra Hakimiyyəti və ya digər dövlət qurumları tərəfindən iddiaçının evinin ətrafında bəzi tikililər sökülmüş, elektrik, qaz və su xətləri qanunsuz şəkildə kəsilmişdir. Bu hərəkətlər nəticəsində evində ciddi çətinliklər yaranmışdır. Ərazidəki şəraitin pisləşməsi və səhhətində baş verən problemlər səbəbindən bir neçə dəfə övladlarının yanında müvəqqəti yaşamağa məcbur olmuşdurlar. Bu müraciətlərinə baxmayaraq, heç bir alternativ yaşayış sahəsi və ya kompensasiya təklifi almamışlar. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri nəticəsində ona dəyən maddi və mənəvi zərərin Xətai Rayon İcra Hakimiyyətindən tutulmasını tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatına” uyğun olaraq cavabdeh orqan inzibati orqanlara aid edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı hazırkı mübahisənin predmetini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsində irəli sürülən iddia tələbi inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi zərərin tutulması ilə bağlı olduğu üçün iş üzrə icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada iddia ərizəsini tərtib edərək inzibati icraat qaydasında müvafiq məhkəməyə müraciət edə bilər. MPM-nin 262.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.1-ci maddəsinə əsasən barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya eyni tələblə müvafiq inzibati məhkəməyə müracət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar