Məhkəmə qərarları › İş №e-2(011)-313/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-313/2022

11.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-313/2022 11.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Niftali oğlu arasında 26 yanvar 1999-cu ildə Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən 31 nömrəli qeyd ilə nikahın bağlanması haqqında akt qeydləri kitabına daxil edilmiş nikahın pozulmasını, iddiaçı və cavabdehin birgə nikahından 01.12.2003-cü il tarixində anadan olmuş X3 27 avqust 2021-ci il tarixindən yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat miqdarda sabit aliment Cavabdeh Niftali oğlundan tutularaq İddiaçın ödənilməsi, hal hazırda Azərbaycan Tibb Universitetinin tələbəsi olan iddiaçı və cavabdehin birgə nikahından 01.12.2003-cü il tarixində anadan olmuş X1 xərcləri üçün hər ay 250 manat pul 27 avqust 2021-ci tarixindən başlamaqla X6 Azərbaycan Tibb Universitetindən məzun olunana qədər Cavabdeh Niftali oğlundan tutularaq İddiaçı ödənilməsi, hal-hazırda Azərbaycan Tibb Universitetinin tələbəsi olan iddiaçı və cavabdehin birgə nikahından 07.01.2000-ci ildə anadan olmuş X2 xərcləri üçün hər ay 250 manat pul X8 Azərbaycan Tibb Universitetindən məzun olunana qədər Cavabdeh Niftali oğlundan tutularaq İddiaçı ödənilməsi, 20 manat dövlət rüsumu və 50 manat mediasiya xərci, 300 manat hüquqi xidmət xərci, cəmi 370 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 11.02.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı ilə Cavabdeh Niftali oğlu arasında 26 yanvar 1999-cu ildə Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən 31 nömrəli qeyd ilə nikahın bağlanması haqqında akt qeydləri kitabına daxil edilmiş nikahın pozulması, iddiaçı və cavabdehin birgə nikahından 01.12.2003-cü il tarixində anadan olmuş X5 27 avqust 2021-ci il tarixindən yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 (iki yüz) manat miqdarda sabit aliment Cavabdeh Niftali oğlundan tutularaq İddiaçı ödənilməsi, 20 manat dövlət rüsumu və 50 manat mediasiya xərci, 300 manat hüquqi xidmət xərci, cəmi 370 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı tərəflər 26 yanvar 1999-cu ildə nikaha daxil olmuş və həmin nikah Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən 31 nömrəli qeyd ilə nikahın bağlanması haqqında akt qeydləri kitabına daxil edilmişdir, birgə nikahdan 07.01.2000-ci il təvəllüdlü X8 və 01.12.2003-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir, tərəflər yay ayrlarından ayrı yaşayırlar, iddiaçının boşanma barədə fikri qətidir, birgə yaşamanın və ailənin saxlanmasının qeyri-mümkünlüyünü nəzərə alaraq cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, birgə uşaqları X9 üçün aliment tutulması üçün məhkəməyə müraciət edilməsinə ehtiyac yaranmışdır, bu səbəblə iddiaçı qanunvericiliyin tələblərinə əməl edərək mediasiya təklifini 27.08.2021-ci il tarixində göndərmiş, tərəflər arasında razılıq əldə edilməmişdir, iddiaçı tərəfə məhkəməyə müraciət etməsi üçün 15.09.2021-ci il tarixli 21/09/2547 saylı Mediasiya Arayışı verilmişdir, birgə nikahdan doğulmuş övladlarının hər ikisi Tibb Universitetinin tələbəsidirlər, hər iki uşağın, gündəlik xərcləri xeyli vəsait tələb edir. Sonda Vəkil qeyd edilənlərin nəzərə alınması və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ilə 1999-cu ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan iki uşaqları var, iddia tələbini qəbul etmir, məhkəmə bildirişi gələnədək iddiaçının boşanma fikrindən xəbəri olmamışdır, qaynanası ona şər atmışdır, nə üçün boşandıqlarını bilmir, iddiaçı dövlət işçisi, özü isə fəhlə olmuş, belə dolanmışdırlar, lakin hazırda işləmir, maddi imkanı yoxdur, müvəqqəti alimenti, həmçinin uşaqların hazırlıq xərclərini də ödəmişdir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26.01.1999-cu il tarixdə Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş Vİ-JQ seriyalı 475618 nömrəli nikahın bağlanması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh və X7 arasında 26.01.1999-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 31 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Nuriyev, arvada Nuriyeva soyadı verilmişdir. İş materiallarında olan Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş T-AZ seriyalı 105143 nömrəli doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 07.01.2000ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 26.02.2000-ci il tarixdə 275 nömrə ilə qeydiyyat aparılmışdır. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 379453 nömrəli doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 01.12.2003cü ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 14.01.2004-cü il tarixdə 72 nömrə ilə qeydiyyat aparılmışdır. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan X9 tərəfindən yazılmış və imza edilmiş 28.11.2021-ci il tarixli qəbzdən görünür ki, X9 atası Cavabdeh Bakı şəhər Xətai rayon Məhkəməsi tərəfindən təyin olunmuş 2 aylıq aliment pulu 350 manat məbləğini almışdır. İş materiallarından görünür ki, İddiaçı Abuzer qızı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olmuşdur ki, tərəflər 26.01.1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, onların birgə nikahdan 07.01.2000-ci il təvəllüdlü X8 və 01.12.2003-cü il təvəllüdlü X9 adlı iki uşaqları var, hal-hazırda tərəflər arasında ər-arvad münasibətləri kəsilmişdir, onlar bir ailə kimi yaşayıb, birgə ailə təsərrüfatı idarə etmirlər, ailənin bərpası mümkün deyil, tərəflərə barışıq əldə olunması üçün 3 ay vaxt verilsə də, onlar arasında barışıq əldə edilməmişdir. Həmçinin məhkəmə tərəfindən nikahın pozulması, cavabdehdən alimentin tutulmasını istisna edən hallar müəyyən olunmadı. Məhkəmə, nikahın pozulmasına münasibətdə hesab edir ki, tərəflərə barışıq üçün verilmiş 3 ay ərzində onlar arasında barışıq əldə edilmədiyindən və nikahın pozulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, Cavabdeh ilə İddiaçı arasında bağlamış nikah pozulmalıdır. Məhkəmə, 01.12.2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı aliment məbləğinə münasibətdə hesab edir ki, bu zaman tərəflərin ailə vəziyyəti, R.Nuriyevin əvvəlki yaşayış səviyyəsi və onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər hallar, cavabdehin maddi vəziyyəti, habelə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu nəzərə alınmalı və aliment sabit pul məbləğində, miqdarı isə hər ay 175 manat həddində müəyyən edilməlidir. Məhkəmə, alimentin hansı vaxtdan tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı aliment tələbi ilə 27.09.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-сi il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasındakı nikah pozulmalı, 01.12.2003cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək, yəni 01.12.2021-ci il tarixədək saxlanması üçün, cavabdehdən 27.09.2021-ci il tarixdən hesablanmaqla hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarından və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması üçün əsaslar məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia ərizəsinin 27.09.2021-ci il tarixdə məhkəməyə daxil olması nəzərə alınaraq Cavabdeh 10 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 26.01.1999-cu il tarixdə Nizami rayon VVAQ Şöbəsi tərəfindən 31 saylı aktla qeydə alınmış nikah pozulsun. 01.12.2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək, yəni 01.12.2021-ci il tarixədək saxlanması üçün, Cavabdeh 27.09.2021-ci il tarixdən hesablanmaqla hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar