Məhkəmə qərarları › İş №e-2(011)-3162/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3162/2022

12.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3162/2022 12.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehdən 6000 EUR (Azərbaycan manatı ilə 11533 AZN) miqdarında pulun və ödənilmiş 166 dövlət rüsumunun onun xeyrinə tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə iddiaçı ona xarici ölkədən avtomobil alıb gətirməyi cavabdehə tapşırmış və bununla bağlı tərəflər şifahi formada razılığa gəlmişlər. Bunun üçün iddiaçı 2 dəfə, xx.xx.2022-ci il tarixdə 5000 EUR (9500 manat), xx.xx.2022-ci il tarixdə isə 1000 EUR (2033 manat) olmaqla, ümumilikdə 6000 EUR pulu bank vasitəsi ilə cavabdehə ödəmişdir. Cavabdeh həmin pul vəsaitlərini müvafiq olaraq xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Gəncə filalından almışdır. Cavabdeh avtomobili gətirməmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh avtomobil satışı ilə məşğul olur və ölkə xaricindən avtomobil gətirib satır. Onada avtomobil lazım olduğundan cavabdehlə danışmış və ölkə xaricindən ona da avtomobil gətirilməsi üçün razılığa gəlmişlər. Bu səbəbdən də o cavabdehə bank köçürməsi vasitəsilə, ümumilokdə 6000 EUR pul vermişdir. Cavabdeh pulu aldıqdan bir müddət sonra mobil danışıq vasitəsilə bugün-sabah deyərək avtomobili gətirəcəyinə söz versə də, nə avtomobili gətirib nə də pulunu geri qaytarmayıb. Hazırda da pulun geri qaytarılması barədə cavabdehlə əlaqə saxlamaq istəsə də, mümkün olmamışdır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxıışı zamanı idia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat vermədiyindən məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 777-ci maddəsi təşkil edir. Həmin maddədə deyilir ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (777.1-ci maddə). Qeyd olunan maddənin dispozisiya şərtlərindən də görünür ki, tərəflər arasında tapşırıq müqaviləsinin bağlanması üçün 3 şərt tələb olunur: 1) vəkalət verənin verdiyi tapşırığın vəkalət alanın qəbul etməsi – bu şərt həm də müqavilənin qüvvəyə minməsini təsdiq edir; 2) əqdlərin, işlərin və digər xidmətlərin vəkalət verənin tapşırığı əsasında icra edilməsi və 3) əqdlərin, işlərin və digər xidmətlərin icra edilməsi zamanı konkret nəticənin əldə edilməsinə təminat verilməməsi. Yuxarıda qeyd edilən işin hallarından da göründüyü kimi, iddiaçı özünə avtomobil almaq üçün cavabdehə tapşırıq vermiş, cavabdeh iddiaçının şifahi tapşırığı əsasında ona xarici ölkədən avtomobilin alınması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Yəni, cavabdeh iddiaçının tapşırığını qəbul etmişdir. Tapşırığın qəbul edilməsinin digər bir təsdiqi isə iddiaçı tərəfindən avtomobilin alınması məqsədilə cavabdehə bank vasitəsi ilə 6000 EUR məbləğində pul verməsilə təsdiq olunur. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş optik informasiya daşıyıcıya (CD) köçürülmüş səs yazısından müəyyən edilir ki, cavabdeh (iddiaçı onu “Rövşən” deyə, yəni cavabdehin adı ilə çağırır) iddiaçıya Almaniya Federativ Respublikasından onun seçdiyi avtomobili alıb gətirməyi vəd edir. Tərəflər arasında tapşırıq müqaviləsinin bağlanması üçün tələb edilən digər iki şərtin də mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Belə ki, avtomobilin alınması ilə bağlı əqd bağlamaq tapşırığını cavabdehə iddiaçı vermişdir. İşin bu halı həm iddiaçının bildirdikləri, həm də məhkəməyə təqdim edilmiş optik informasiya daşıyıcıya (CD) köçürülmüş səs yazısında iddiaçı ilə cavabdehin danışıqlarından bəlli olur. Tapşırıq müqaviləsinin formasına gəldikdə isə bu müqavilə həm şifahi, həm də yazılı formada bağlanması qanunla müəyyən edilmişdir (MM-nin 777.2-ci maddəsi). Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmış, lakin cavabdeh tapşırığı yerinə yetirməyərək öhdəliyini icra etməmiş, iddiaçının tapşırığı ilə avtomobilin alınması barədə onun tapşrıdığı əqdi bağlamamışdır. Mülki Məcəllənin 778-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsində isə göstərilir ki, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Qeyd edilən müddəadan da görünür ki, vəkalət alan tapşırığı icra etməməsini qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra edə bilməməsini sübuta yetirməlidir. Lakin cavabdeh dəfələrlə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və göstərilən hallarla bağlı sübutlarını məhkəməyə tədim etməmişdir. Sübut etmə yükünün bölünməsini tənzimləyən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin şərh edilən hallarına hesab edir ki, cavabdeh tapşırığı icra etməməklə, həm də iddiaçıya maddi ziyan vurmuşdur. İşin mübahisəsiz halıdır ki, iddiaçı cavabdehə onun üçün avtomobil alınması məqsədilə 6000 EUR pul ödəmişdir. Cavabdeh isə nə tapşırığı icra etməmiş, nə də pulu geri qaytarmamışdır. Lakin məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya vurduğu maddi zərər Mülki Məcəllənin 779.1-ci maddəsində nəzərdə tutulan əsasla, yəni tapşırığın kifayət qədər vicdanla icra edilməməsilə deyil, avtomobilin alınması məqsədilə verilmiş pulun iddiaçıya qaytarılmaması nəticəsində onun öz əmlakından məhrum olmasında ifadə olunur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qeyd edilən müddəalara və işin şərh edilən hallarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tapşırıq müqaviləsi əsasında avtomobilin alınması məqsədilə aldığı pulu iddiaçıya qaytarmamaqla ona vurduğu maddi zərəri ödəməlidir. Məhkəmə həmçinin, hesab edir ki, iddia tələbi 166 manat məbləğində dövlət rüsumunun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə aparılan hesablamaya əsasən hazırkı iddia tələbinin qiymətinin 6000 EUR (11533 manat) manat olduğunu nəzərə alındıqda, iddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 124,60 manat təşkil edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 6000 EUR (11533 manat) məbləğində pul və ödənilmiş 124,60 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar