Məhkəmə qərarları › İş №e-2(011)-3203/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3203/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3203/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5250 manat məbləğində pul vəsaitinin və 72,5 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə“İ-Qafqaz” firması arasında xx.xx.2012-ci il tarixində sığorta müqaviləsi bağlanmış və “Otoyol M50" markalı, ** TE ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2012-ci il tarixdə “Otoyol M50" markalı, ** TE ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və X4, X9 və X1 az ağır və X2 yüngül xəsarət yetirmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5250,00 (beş min iki yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Qaradağ Rayon Məhkəməsinin Hökmünə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Otoyol M50" markalı, ** TE ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı (“D” kateqoriyası olmadan) müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh, cavabdehin vəkili-nümayəndəsi iddiaya etiraz edərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətini tətbiq etməklə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, subroqasiya tələbi üzrə iddia müddətinin axımı sığorta ödənişinin verildiyi andan hesablansa da, bu müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilməz. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsindən görünür ki, “Otoyol” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək "xxxx" ASC tərəfindən sığorta edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Cavabdeh CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdə “Otoyol” markalı avtobusu müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə edərkən Bakı Dairəvi yolunun Qaradağ rayonu ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər X7 və X13 təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərərin ödənildiyini bildirmişlər. Sığorta aktları və ödəniş tapşırıqlarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən X10 1500 manat, X8 750 manat, X5 1500 manat, X7na 1500 manat olmaqla, ümumilikdə 5250 manat sığorta ödənişi edilmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, bağlı "xxxx" ASC 5250 manat sığorta ödənişinin subroqasiya qaydasında Cavabdeh geri ödənilməsini tələb etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanunu: 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək; 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: ...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. ... Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz... Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə daxil olsa da, yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, ilk növbədə iddiaçının subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. “İcbari Sığortalar haqqında” Qanunun yuxarıda qeyd edilən 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edildiyi zamanı, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Hazırki halda sığortalı “İ-Qafqaz” firması olmuş və “İ-Qafqaz” firması sığorta predmeti olan olan avtobusun onu idarə etməyə hüququ olmayan şəxs tərəfidən idarə edildiyini bilməyə borclu olmuşdur. İş materialları ilə “İ-Qafqaz” firmasının “Otoyol” markalı avtobusu idarə etməyə hüququ olmayan şəxs tərəfindən idarə edilməsi barədə məlumatlı olmağa borclu olduğu halları istisna edən hər hansın halın mövcudluğu sübut olunmur. Əksinə, iş materiallarında olan hökmdən görünür ki, Cavabdeh “Otoyol” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərək yol nəqliyyat hadisəsi törətdiyi zaman o, yalnız CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinmiş, Cavabdeh mülkiyyət əleyhinə hər hansı cinayətdə (özgənin əmlakını talama, məhv etmə və s.) ittiham olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, etdiyi sığorta ödənişlərinə görə pul vəsaitini subroqasiya qaydasında Cavabdeh tələb etməyə subyektiv hüququ mövcud olmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar