Məhkəmə qərarları › İş №e-2(011)-3226/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3226/2025

23.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3226/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh Nüsət oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. "xxxx" MMC-nin (bundan sonra müvafiq olaraq – “Sedent”) proqram təminatında baş vermiş xəta səbəbilə Sedentin pul vəsaitləri qanunda nəzərdə tutulmuş əsas olmadan müvafiq şəxslərin (bundan sonra – “borclular”) bank kartlarına köçürülmüş və nəticə olaraq borclular əsassız olaraq varlanmışdırlar.

2. İş materiallarında olan "xxxx" MMC və "xxxx" ASC (bundan sonra müvafiq olaraq – “Sessionar”) arasında bağlanmış xx.xx.2025 tarixli, 2 nömrəli, “Tələbin güzəşti haqqında (sessiya)” müqavilənin (bundan sonra – “Müqavilə”) 1.1.-ci maddəsinə əsasən borclular tərəfindən əsassız olaraq əldə edilmiş pul vəsaitlərini borclulardan tələb etmək hüququ ötürülən tələb ilə əlaqəli olan bütün hüquqlarla birlikdə Sedent tərəfindən Sessionara güzəşt edilmişdir. Qeyd edək ki, borclular həmin Müqaviləyə Əlavə 1-də göstərilmiş, Azərbaycan Respublikasının kredit təşkilatları tərəfindən emissiya edilmiş kartların sahibləridir.

3. İş materiallarında olan “X1 Xidməti vasitəsilə edilən köçürmələrin reyestrindən Çıxarış”-dan da göründüyü üzrə **********057591 nömrəli bank kartının sahibi əsassız varlanaraq 101,87 manat məbləğində pul vəsaiti əldə etmişdir.

İddiaçının tələbi:

4. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 101,87 manat vəsaitin, o cümlədən, iddiaçı "xxxx" ASC-nin dövlət rüsumu və onun ödənilməsinə dair xidmət haqqı olaraq ödədiyi 30,40 manat vəsaitin və gecikdirilmiş borc məbləğinə görə illik 5% olmaqla 23 ay üçün 9,76 manat həcmində hesablanmış faiz, Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İş materiallarına əlavə edilmiş sənədlər:

6. xx.xx.2025 tarixli, 2 nömrəli, “Tələbin güzəşti haqqında (sessiya)” müqavilənin 1.1.-ci maddəsinə əsasən borclular tərəfindən əsassız olaraq əldə edilmiş pul vəsaitlərini borclulardan tələb etmək hüququ ötürülən tələb ilə əlaqəli olan bütün hüquqlarla birlikdə Sedent tərəfindən Sessionara güzəşt edilmişdir.

7. xx.xx.2025 tarixli, 2 nömrəli, “Tələbin güzəşti haqqında (sessiya)” müqaviləsinə 1 №li əlavə borcluların reyestrinə əsasən, xx.xx.2023-cü il tarixində Cavabdeh məxsus **********057591 №-li kart hesabına 101,87 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

8. xx.xx.2025 tarixli, 2 nömrəli, “Tələbin güzəşti haqqında (sessiya)” müqaviləsinə 2 №li əlavə tələbin ötürülməsi haqqında bildiriş.

9. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirilşə (xx.xx.2025-ci il tarixli poçt qəbzli) əsasən, cavabdehə ona əsassız olaraq köçürülmüş 101,87 manat məbləğində pul vəsaitini bildirişi aldığı tarixdən 3 gün müddətində "xxxx" ASC-yə qaytarmağı barədə xəbərdarlıq edilmiş, qeyd edilən müddət ərzində vəsait qaytarılmadığı halda pozulmuş hüquqların bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edəcəyini bildirmişdir.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Konstitutsiyası:

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

11. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Əlavə Protokolun 1-ci maddəsi:

1. “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, “öz mülkiyyətindən məhrum edilə bilməz”.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

6. Mülki qanunvericiliyin prinsipləri: 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma; 135.1. Pullar və sənədli qiymətli kağızlar da əşya sayılır. 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.

386. Öhdəliklərin əmələ gəlməsi əsasları: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

439. Pul öhdəliklərinin icrası 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.4. Faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər. 655.5. Faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər.

656. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. 657.2. Faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir. 657.3. Faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. 657.4. Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. 657.7. Əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər. 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir ; 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir;

14. Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikasının Qanunu 17.2. Ayrı-ayrı ölkələrdə olan tərəflər arasında bağlanan əqdin forması həmin ölkələrdən birinin hüququna uyğundursa, etibarlı sayılır. 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. 24.2. Müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm da onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər. 24.3. Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. 24.4. Müqavilə ilə bağlı ölkənin imperativ normalarının tətbiq edilməməsinə səbəb olan hüququn seçilməsi etibarsızdır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Müraciətedənin qənaətinə görə, borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.

Məhkəmənin mövqeyi:

16. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

17. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

18. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, Cavabdeh Nüsət oğlu "xxxx" ASC-yə məxsus plastik kart istifadəçisidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025 tarixli, 2 nömrəli, “Tələbin güzəşti haqqında (sessiya)” müqaviləsinə 1 №-li əlavə borcluların reyestrinə əsasən, xx.xx.2023-cü il tarixində Cavabdeh məxsus **********057591 №-li kart hesabına 101,87 manat məbləğində pul vəsaiti köçürülmüşdür. (§7)

19. Daha sonra "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış xx.xx.2025 tarixli, 2 nömrəli tələbin ötürülməsi müqviləsinə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan tələb hüququ "xxxx" ASC-yə keçmişdir (§6) (MM m. 655.1). Həmçinin tələb hüququnun "xxxx" ASCyə güzəşt edilməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir (MM m. 655.2). Müqaviləyə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

20. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsas olmadan 101,87 manat məbləğində pul vəsaiti əldə etmişdir.

21. Məhkəmə qeyd edir ki, 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, borcalana bildiriş verilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirmiş olur. (§15) Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli poçt qəbzli bilidriş məktubuna əsasən, cavabdehə ona əsassız olaraq köçürülmüş 101,87 manat məbləğində borcu olduğu bildirilmişdir. (§9) Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi gecikdirilmiş borc məbləğinə görə illik 5% olmaqla 23 ay üçün 9,76 manat həcmində hesablanmış faiz borcunun cavabdehdən tutularaq ona qaytarılması hissəsində təmin edilməməlidir.

22. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Nüsət oğlundan 101,87 manat pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və 0.40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh Nüsət oğlundan 101,87 (yüz bir manat səksən yeddi qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və 0.40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı məbləğində pul Cavabdeh Nüsət oğlundan tutularaq iddiaçı "xxxx" ASC -yə ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar