Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3279/2020 14.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə oğluna qarşı iddiaçı tərəfindən ödənilmiş 1696,84 manat məbləğində sığorta ödənişinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqlar, cəmi 1727,24 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq “xxxxxxxxxxxxx” ASC-yə ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxx” ASC ilə X1 arasında xx.xx.2017-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və PMİ-013709 nömrəli şəhadətnamə üzrə ** LL *** dövlət qeydiyyat nişanlı “Ford Fiesta” minik markalı avtomobil 5 il müddətinə sığortalanmışdır. Sığortalanmış avtomobil xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ Cavabdeh2 MMC-yə məxsus olan, Cavabdeh1 tərəfindən idarə edilən ** AA *** dövlət qeydiyyat nişanlı, “X4” markalı avtomobil ilə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Bakı şəhəri BŞDYP-nin əməkdaşları tərəfindən tərtib edilmiş TP ******* saylı X2 haqqında qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh1 göstərilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin təmiri, müştərinin müraciətinə müvafiq olaraq, “xxxxxxxxxxxxx” MMC-nin servis mərkəzində həyata keçirilmiş və tərtib edilən NL_1481 saylı, xx.xx.2019-cu il tarixli “Qüsur aktı”na əsasən avtomobilə dəymiş zərər 1796,84 manat məbləğində hesablanmışdır. Şığorta şəhadətnaməsinə əsasən həmin məbləğdən 100 manat azadolma məbləği çıxarılaraq qalan 1696,84 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən sığortalı avtomobilin təmiri üçün “xxxxxxxxxxxxx” MMCyə ödənilmiş və bu ödəniş xx xxxxxx 2019-cu il tarixli 1083 nömrəli ödəniş tapşarığında öz əksini tapmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, PMİ 013709 nömrəli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsi”nə əsasən “Ford Fiesta” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxxx” ASC-də sığortalanmışdır. xx xxxxxx 2019-cu il tarixli Sığorta Aktı və “xxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli NL_1484 nömrəli Qüsut Aktına əsasən xx xxx 2019-cu il tarixdə sığortalı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində 1796,84 manat məbləğində dəymiş zərər müəyyən edilmişdir. Mülki iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 1083 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “xxxxxxxxxxxxx” ASC tərəfindən “xxxxxxxxxxxxx” MMC-yə 1696,84 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki,“X4 minik” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 MMC-dir. İş materiallarında olan, xx xxx 2019-cu il tarixli TP ******* nömrəli X2 haqqında Qərarın surətindən müəyyən olunmuşdur ki, xx xxx 2019-cu il tarixdə “X4 minik” markalı ** AA *** qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Mülki iş materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, “xxxxxxxxxxxxx” ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik məbləğində bank xidmət haqqı ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, sığortalanmış “Ford Fiesta” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobillə “X4 minik” markalı ** AA *** qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı “xxxxxxxxxxxxx” ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı “xxxxxxxxxxxxx” ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə mülki iş materialarını araşdıraraq belə qənaətə gəlir ki, “X4 minik” markalı ** AA *** qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-yə məxsus olsa da, qanunla yüksək təhlükə mənbəyi hesab olunan bu avtomobili Cavabdeh1 idarə etdiyinə görə ziyan bilavasitə Cavabdeh1 tərəfindən vurulmuşdur. Odur ki, vurulmuş ziyan Cavabdeh1 alınaraq iddiaçı “xxxxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu ziyana görə məsuliyyəti Cavabdeh1 daşımalı, Cavabdeh2 MMC-yə münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumuna görə 30 manat dövlət rüsumunun ödəməsi üçün xidmət haqqında görə 40 qəpik məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 1696,84 (bir min altı yüz doxsan altı manat səksən dörd qəpik) manat məbləğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, bank xidmət haqqına görə 40 (qırx) qəpik məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3279/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3279/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver