Məhkəmə qərarları › İş №e-2(011)-3340/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3340/2025

05.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3340/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2299 manat pulun və 42,99 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh "xxxx" MMC-də birgə işlədiyi zaman tanımışdır. Cavabdeh ondan “Kontakt Home 38” mağazasından, Samsung mobil telefonu, onun enerji başlığını və komputer götürməyini xahiş edərək həmin kredit borclarının özünün ödəyəcəyini bildirmişdir. O da 06 avqust 2024-cü il tarixdə Cavabdeh ilə birlikdə “Kontakt Home 38” mağazasının Əhmədli filialına yaxınlaşaraq, Samsung mobil telefonu və onun enerji başlığının 950 manat olmaqla, 18 aylıq kreditlə ayda 50 manat olmaqla götürmüşdür. Daha sonra 26 sentyar 2024-cü il tarixdə Cavabdeh ilə birlikdə yenidən “Kontakt Home 38” mağazasının Əhmədli filialına yaxınlaşaraq 1500 manat komputeri 18 aylıq olmaqla ayda 77.33 manata götürmüşdür. Cavabdeh həmin kredit borclarından Samsung mobil telefonu üçün 950 manat borcundan, yalnız 300 manat ödəniş etmiş və qalıq olaraq həmin telefondan 600.03 manat və həmin telefonun enerji başlığından isə 50 manat ödənilməmiş borc qalmışdır. Bundan başqa 1500 manatlıq komputerin kredit borcundan isə yalnız 180 manat cərimə daxil ödəniş etmiş və qalıq olaraq bu günə olan 1302 manat əsas borc və cərimə borcu isə 237 manat qalmışdır. Eyni zamanda Cavabdeh 15 avqust 2024-cü il tarixdə trendyol vasitəsilə 110 manat məbləğində pul verərək, ayaqqabı sifariş verməsini xahiş etmişdir. Cavabdeh məndən 110 manat məbləğində pul vəsaiti almasına baxmayaraq qeyd olunan ayaqqabını ona verməmişdir. Buna səbəb Cavabdeh bildirmişdir ki, güya gömrük həmin ayaqqabını təsdiq etməyib və 110 manat pulun trendyol tərəfindən geri qaytaracağını bildirmişdir. Lakin bu vaxta qədər 110 manat pulumu Cavabdeh mənə qaytarmamışdır. Dəfələrlə Cavabdeh borcunu qaytarılmasını desəm də, lakin o müxtəlif bəhanələrlə mənə olan borcunu qaytarmaqdan yayınır. O, bu barədə 18 fevral 2025-ci il tarixdə Xətai rayon 34-cü Polis Şöbəsinə ərizə ilə müraciət etdim. Müraciətimə Xətai rayon 34-cü Polis şöbəsi 07 mart 2025-ci il tarixli, 55-1/2Ə1639 nömrəli məktubla cavab olaraq bildirmişdir ki, müraciətim mülki xarakterlimübahisə olduğundan məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, iddia ərizəsində qeyd edilən mobil telefon, adapter və komputer onun istifadəsindədir, məhsullardan yalnız adapterə görə iddiaçı tərəfindən 35 manat ödəniş edilmişdir, qalan bütün ödənişlər onun tərəfindən həyata keçirilmişdir, iddiaçının etdiyi 35 manat ödənişi də ona qaytarmağa hazırdır. Müqavilələr üzrə vaxtı çatan ödənişlərdən bir hissəsini ödəməməsinin səbəbi isə maddi vəziyyəti ilə bağlı olmuşdur, hazırda yeni işə düzəlmişdir və qalan borcu da ödəyəcəkdir. O, məhsulların pulunu müqavilələrə uyğun olaraq hissə-hissə ödəyəcəkdir, ona görə də bütün ödənişin birdəfəlik iddiaçıya ödənilməsinə razı deyil. Həmçinin, iddiaçı ona ayaqqabı almaq üçün 70 manat pul versə də, ayaqqabını sifariş etmək mümkün olmamış, o da həmin məbləği iddiaçıya qaytarmışdır. Ayaqqabı üçün ona verilən pul iddiaçının dediyi kimi 110 manat deyil, 70 manat olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış nisyə alqı-satqı müqavilələrindən görünür ki, aylıq ödənişlər etmək şərti ilə dəyəri 50,04 manat olan adapter, dəyəri 920,03 manat olan mobil telefon və dəyəri 1496,94 manat komputer İddiaçı tərəfindən alınmışdır. CD diskdə və fotoşəkillərdə təqdim edilmiş “Wpatsapp” söhbətlərindən görünür ki, cavabdeh iddiaçı ilə söhbətində “Kontakt Home” mağazasına olan borcu ödəyəcəyini, eyni zamanda iddiaçının məhsul (ayaqqabı) sifarişi baş tutmadığı üçün onun pulunun geri qaytarılacığını bildirmişdir. “Kontakt Home” mağazasının arayışından və saytdan çıxarışlardan görünür ki, komputer, mobil telefon və adapterin alqı-satqısına dair müqavilələr üzrə aylıq qalan borclar, eləcə də komputer üzrə cərimə borcu mövcuddur. Ödəniş qəbzlərindən görünür ki, cavabdehin kart hesabına xx.xx.2024-cü il tarixdə 70 manat, xx.xx.2024-cü il tarixdə 10 manat, xx.xx.2024-cü il tarixdə 30 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddia ərizəsində qeyd edilən mobil telefon, adapter və komputer cavabdehin istifadəsindədir, 35 manat adapter üçün iddiaçının etdiyi ödənişdən başqa həmin əşyaların ödənişini cavabdeh etmişdir, cavabdeh qalan borcu da müqavilə şərtlərinə uyğun olaraq hissə-hissə ödəyəcəyini bildirmiş, həmçinin 35 manatı da iddiaçıya qaytarmağa hazır olduğunu demişdir. Qeyd edilənlərə əsasən, məhkəmə iddia tələbinin nisyə-alqı satqı müqavilələri üzrə əşyaların pulunun ödənilməsi hissəsində qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilərək, adapter üçün iddiaçı tərəfindən ödənilmiş 35 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, əşyaların cavabdehin istifadəsində olduğu və ödənişlərin cavabdeh tərəfindən ediləcəyinin razılaşdırıldığı təsdiq olunduğundan iddiaçı tərəfindən ödənilmiş 35 manat ona geri qaytarılmalıdır. Nisyə-alqı satqı müqavilələri üzrə qalıq borc məbləğinin cavabdehdən tutulması hissəsində isə iddia təmin edilməməlidir. Çünki, həmin pul vəsaiti hazırki halda iddiaçıdan tutulmamış və iddiaçıya qeyd edilən məbləğdə ziyan dəyməmişdir. Ümumiyyətlə, nisyəalqı satqı müqavilələri üzrə qalıq borc məbləğinin bir hissəsi vaxtı çatmamış ödənişlərlə bağlıdır, cərimə borcuna münasibətdə isə gələcəkdə cərimənin silinib-silinməyəcəyi, hansı məbləğdə tələb ediləcəyi qeyri-müəyyəndir. Ayaqqabı sifarişi üçün verilmiş 110 manat pulun qaytarılması hissəsində isə məhkəmə qeyd edir ki, həmin hissədə də iddia qismən təmin edilməlidir. Cavabdeh sifariş üçün iddiaçı tərəfindən ona 70 manat pul ödənildiyini bildirsə də, sonradan həmin məbləğin qaytarıldığını qeyd etmiş, lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdirş Odur ki, 70 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Digər 30 və 10 manat məbləğində pul köçürmələri isə cavabdehin hesabına 70 manat pul köçürülməsindən sonra baş vermişdir. Odur ki, həmin köçürmələrin məhz sifariş edilən məhsul üçün edildiyi təsdiq olunmur. Beləliklə, məhkəmə qeyd edir ki, ümumilikdə 105 manat (35 + 70 +105) pul cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır, əks halda bu cavabdehin əsassız varlanmasına səbəb olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 105 manat pul və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar