Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3362/2024 02.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı "subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 93,28 manat məbləğində vəsaitin, 30,00 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** UM *** dövlət qeydiyyat nişanlı Hyundai İX-55 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** XF *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** XF *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir.** XF *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən zərər 280,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli “Sığorta aktı”na əsasən sığortalı 280,00 manat məbləğində sığorta ödənişi zərərçəkən şəxsin təqdim etdiyi şəxsi hesaba köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası “Xalq Sığorta” şirkəti tərəfindən hadisə zamanı bir neçə nəqliyyat vasitəsinə zərər dəydiyindən propasional qaydada bölgü əsasında dəymiş zərərə nisbətdə "xxxx" ASC-yə 186,72 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2020-ci il tarixində sığorta şirkəti tərəfindən ödənilmiş 186,72 manat çıxılmaqla qalıq məbləğ olan 93,28 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı PAŞA Sığorta” ASCnin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh qeyd edilən müddətdə iddia tələbinə dair etirazını bildirməmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, 2008-ci il buraxılışlı ** XF *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 380 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli "xxxx" ASC tərəfindən verilmiş sığorta aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ** XF *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtonəqliyyat vasitəsinə 380 manat məbləğində zərər dəymişdir. Zərər məbləğindən 100 manat azadolma məbləği çıxılaraq 280 manat sığorta ödənişi xx.xx.2019-cu il tarixdə sığortalıya təqdim olunan 1100 0000 0075 5667 saylı karta köçürülmə olmuşdur. İş materiallarında olan ******* nömrəli xx.xx.2019-cu il tarixli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ** XF *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtonəqliyyat vasitəsini idarə edən Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsində nəzərdə tutulan xətanı törətmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Hyundaı İX-55 markalı, ** UM *** nömrəli dövlət qeydiyyat nişanlı minik avtomobilini Cavabdeh etibarnamə ilə idarə edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********20 saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2019-cu il tarixdə saat 15:30 dəqiqədə toqquşma baş verərək yol-nəqliyyat hadisəsi baş vermişdir. Təqsirli Cavabdeh “Hyundaı İX-55” minik markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən toqquşma nəticəsində ** XF *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Sığorta aktında göstərilmişdir ki, ** XF *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur, sığorta hesablamaları həyata keçirildikdən sonra "xxxx" ASC tərəfindən zərərçəkən ** XF *** dövlət qeydiyyat nişanlı Volkswagen Touareg markalı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə zərərçəkmişə 280 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia tələbənin dəlillərindən də görünür ki, təqsirkarın icbari sığortası “Xalq Sığorta” şirkəti tərəfindən xx.xx.2020-ci il tarixində hadisə zamanı bir neçə nəqliyyat vasitəsinə zərər dəydiyindən propasional qaydada bölgü əsasında dəymiş zərərə nisbətdə "xxxx" ASC-yə 186,72 manat məbləğində vəsait ödənilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, bununla da göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçdiyindən, iddiaçı "xxxx" ASC sığorta ödənişinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, hadisə “Hyundaı İX-55” minik markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh tərəfindən idarə edilərkən törədildiyindən, zərərin ödənilməsi ilə bağlı məsuliyyət, Cavabdeh üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 93,28 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 93,28 (doxsan üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 (qırx) manat xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva İş № e-2(011)-3362/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2024-cü il Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı iddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul tələbi” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraat qaydasında işə təqdim edilən sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxdı. Prosessual hərəkət saat 17:35-də başladı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək kiçik iddianın təmin edilməsi, yaranmış borc məbləğinin və ödənilmiş dövlət rusumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etdi. Prosessual hərəkət saat 17:50-da başa çatdı. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-3362/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3362/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver