Məhkəmə qərarları › İş №e-2(011)-3408/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3408/2022

07.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3408/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, X13, X1, X5, X2, X9, X6, X10, X14, X7, X4, X8, X3, X11 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1 Cavabdeh MMC-yə qarşı “cavabdehin binadan çıxarılması, binanın idarəetməsindən kənarlaşdırılması, binaya dair əmlakın, sənədlərin Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi barədə ilkin iddiası, Cavabdeh MMC-nin İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı “aylıq xidmət haqlarının, dəymiş maddi və mənəvi zərərin tutulması” tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, cavabdehdən 9.000 manat (hər iddiaçıya 2.250 manat) məbləğində vurulmuş mənəvi zərərin əvəzi, 100 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, N.Tusi küçəsi, ev 14A-da İddiaçı2 171 və 172-ci mənzillərin, İddiaçı4 212-ci mənzilin, İddiaçı3 169-cu mənzilin və İddiaçı1 153-cü mənzilin mülkiyyətçiləridir. Bina 10 dekabr 2003-cü ildə təsis edilmiş Maraqlı şəxs1 MTK tərəfindən tikilmişdir. Bina 259 mənzildən və 1 qeyri-yaşayış sahəsindən ibarətdir. Binanın tikintisi çoxdan tam başa çatmış, binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ MTK-nın üzvlərinə keçmişdir. Buna baxmayaraq, 2020-ci ilin ortalarınadək bina MTK tərəfindən idarə olunmuşdur. 2020-ci ildə qanunvericiliyin tələbinin pozulmasını qismən də olsa aradan qaldırmaq üçün MTK-nın faktiki rəhbəri olan və özünü binanın sahibi hesab edən X16 adlı şəxs müvafiq addımlar atmağa başlamışdır. Belə ki, o, MTKnın fəaliyyətini dayandıraraq 10 fevral 2020-ci il tarixdə Cavabdeh MMC-ni təsis etmişdir. Cavabdehin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Cavabdehin öz vəsaiti faktiki olaraq yoxdur, sırf binanın sahə mülkiyyətçilərinin hesabına dolanmaq üçün yaradılmışdır. Binanın yalnız bəzi sahə mülkiyyətçiləri ilə xidmət müqaviləsi bağlayaraq cavabdeh binanı idarə etməyə başlamışdır. Lakin bunun müqabilində özünü faktiki olaraq MTK-nın varisi kimi təqdim edərək bütün sahə mülkiyyətçilərindən kommunal haqq adlı rəsmi ödəniş tələb etməyə başlamışdır. Eyni zamanda heç bir təsdiqedici sənəd təqdim etmədən binanın qarşısındakı, arxasındakı və altındakı avtomobil dayanacaqlarında avtomobillərin saxlanılmasına görə də qeyri-rəsmi ödənişlər toplamışdır. Nə MTK, nə də cavabdeh binanı idarə etdiyi dövrdə binanın keyfiyyətli və təhlükəsiz saxlanması üçün adekvat tədbirlər görməmişdir. Binanın sahə mülkiyyətçilərinin əksəriyyəti dəfələrlə cavabdehə öz narazılığını bildirmişdir. O cümlədən binanı tərk edərək mövcud qanunvericiliyə əsasən idarəetməni sahə mülkiyyətçilərinin ümumi yığıncağına təhvil verməyi tələb etmişlər. Lakin cavabdeh müxtəlif qanunsuz yollarla, o cümlədən sahə mülkiyyətçilərini çaşdırmaqla binada qanuni özünüidarəçiliyə mane olur və qanunsuz fəaliyyətini davam etdirir. Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 may 2022-ci il tarixədək olan müddətdə Cavabdeh MMC-yə aylıq xidmət haqlarını ödəmədiklərinə görə 153 saylı mənzilin sakini İddiaçı1 1384 manat, 169 saylı mənzilin sakini İddiaçı3 140 manat, 212 saylı mənzilin sakini İddiaçı4 168 manat, 171, 172 saylı mənzilin sakini İddiaçı2 440 manat, cəmi 2.132 manat borc məbləğinin, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 fəaliyyətləri nəticəsində Cavabdeh MMC-yə dəymiş 5.163,39 manat məbləğində maddi zərərin və 10.000 manat məbləğində mənəvi zərərin, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 172 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC X16 və X15 tərəfindən təsis olunaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydə alınmış və Nizamnaməyə uyğun fəaliyyət göstərərək, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın sakinləri ilə bağlanmış müqavilələr əsasında sözügedən binanın idarəetməsini və binanın kommunal sanitar xidmətlərini həyata keçirir, 153 saylı mənzilin sakini İddiaçı1, 169 saylı mənzilin sakini İddiaçı3, 212 saylı mənzilin sakini İddiaçı4 Cavabdeh MMC ilə müqavilələr bağlayaraq 2-ci bəndində göstərilən aylıq xidmət haqlarını ödəmədiklərinə görə 01 may 2022-ci il tarixədək olan müddətdə 153 saylı mənzilin sakini İddiaçı1 1384 manat, 169 saylı mənzilin sakini İddiaçı3 140 manat, 212 saylı mənzilin sakini İddiaçı4 168 manat, 171, 172 saylı mənzilin sakini İddiaçı2 440 manat, cəmi 2.132 manat borc yaranmışdır. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə adları sadalanan sakinlərə rəsmi olaraq pretenziyalar göndərilmiş, lakin borclar bu günədək ödənilməmişdir. Bundan başqa həmin şəxslər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaratmaq niyyəti ilə sakinlərin imzalarını toplamaq və ümumi iclas keçirmək istəmiş, lakin sakinlərin narazılığı ilə qarşılaşaraq istəklərinə nail olmadıqlarına görə dağıdıcı fəaliyyətlə məşğul olmağa başlamış və Cavabdeh MMC-nin fəaliyyətini iflic vəziyyətinə salmaq üçün müəyyən əməllərə əl ataraq hüquqi şəxs Cavabdeh MMC-nin işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatları açıq yaymaqla zərər vurmuşlar. Belə ki, onların Cavabdeh MMC-nin fəaliyyətinə qarşı yönəlmiş yalan təbliğatı nəticəsində 17 nəfər sakin aylıq xidmət haqlarını ödəməyi dayandırmış və nəticədə cari ilin 4 aylıq maliyyə dövrünə əsasən çıxarılmış hesabata görə Cavabdeh MMC zərərlə işləmişdir. Daha sonra Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 oktyabr 2022-ci il tarixədək olan müddətdə aylıq xidmət haqlarını ödəmədiklərinə görə-01 iyun 2020-ci il tarixli 153 saylı müqavilə üzrə 153 saylı mənzilin sakini İddiaçı1 1524 manat borc məbləğinin, 01 iyun 2020-ci il tarixli 169 saylı müqavilə üzrə 169 saylı mənzilin sakini İddiaçı3 280 manat borc məbləğinin, 01 iyun 2020-ci il tarixli 212 saylı müqavilə üzrə 212 saylı mənzilin sakini İddiaçı4 308 manat borc məbləğinin, Cavabdeh MMC-nin göstərdiyi xidmətdən müqavilə bağlamadan faktiki olaraq yararlandığı üçün 171, 172 saylı mənzilin sakini İddiaçı2 660 manat borc məbləğinin, İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh MMC ilə bağladıqları “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 oktyabr 2022-ci il tarixdən başlayaraq İddiaçı1 hər ay 28 manat, İddiaçı3 hər ay 28 manat, İddiaçı4 hər ay 28 manat aylıq xidmət haqlarını, İddiaçı2 Cavabdeh MMC-nin göstərdiyi xidmətdən müqavilə bağlamadan faktiki olaraq yararlandığı üçün 01 oktyabr 2022-ci il tarixdən başlayaraq 171 saylı mənzilə görə 20 manat, 172 saylı mənzilə görə 24 manat aylıq xidmət haqlarını, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 fəaliyyətləri nəticəsində Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 oktyabr 2022-ci il tarixədək olan müddətdə 59 nəfər sakinlərin aylıq xidmət haqlarını ödəmədiklərinə görə Cavabdeh MMC-yə dəymiş 13.104 manat məbləğində maddi zərərin və 10.000 manat məbləğində mənəvi zərərin, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 172 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddianın dəqiqləşməsi barədə ərizə məhkəmə baxış iclasında verildiyindən məhkəmə tərəfindən qəbul edilməmişdir. Məhkəmə iclasında İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, X13, X1, X5, X2, X9, X6, X10, X14, X7, X4, X8, X3, X11 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 ilkin iddiaya etiraz edərək onun rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 MTK və Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli bina 259 mənzildən ibarətdir. Bu binanın 259 mənzilindən 230-u və bir qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında MTK-nın üzvlərinə aiddir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, binanın inşası başa çatdıqdan sonra binanın inşaatını həyata keçirən Maraqlı şəxs1 MTK fəaliyyətini ləğv olunmadan dayandıraraq Cavabdeh MMC-ni təsis etmişdir. Hazırkı mübahisə iddiaçılarla Cavabdeh MMC arasında yaranmışdır. Hazırkı iş üzrə iddiaçılar iddianın əsasını onunla əlaqələndirmişlər ki, MTK-nın inşa etdiyi binanın 80 faizindən artıq hissəsi mülkiyyət hüquqları əsasında mülkiyyətçilərə keçdiyi halda MTK ləğv edilmək əvəzinə fəaliyyətini dayandırmış və yerində MMC təsis etmişdir. Hazırkı MMC qanunsuz olaraq binanın idarə edilməsini üstlənmişdir və mülkiyyətçilərdən xidmət haqları tələb etməkdədir. Məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh ilə mənzil mülkiyyətçiləri arasında (200-ə yaxın) xidmət müqaviləsi bağlanmış və bir otaqlı mənzil üçün 20 manat, iki otaqlı mənzil üçün 22 manat, üç otaqlı mənzil üçün 24 manat xidmət haqları müəyyən edilmişdir. Hazırkı iş üzrə 3 nəfər iddiaçı ilə də istinad edilən müqavilələr bağlanmışdır. 4-cü İddiaçı2 ilə müqavilə bağlanmasa da, onun tərəfindən 2021-ci ilin sonunadək ödənişlər həyata keçirilmişdir. Tərəflər arasında mübahisə MMC tərəfindən müəyyən edilmiş xidmət haqqının qaldırılacağı məlumatından sonra yaranmışdır. İddiaçılar artıma narazılıq bildirərək ödənişləri həyata keçirməkdən imtina etmiş və cavabdehin belə bir ödənişlərin aparılması üçün səlahiyyəti olmadığını iddia etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına (43-45-ci və 141-ci maddələr) istinadən qeyd edir ki, məcəllənin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Binanın sahə mülkiyyətçiləri binanın idarəetmə üsullarını seçə bilər. Çoxmənzilli bina üç qaydada idarə edilə bilər: 1. Binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə 2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən və 3. İdarəedici təşkilat təyin edilməklə. Yuxarıda göstərilən qanunvericilik normalarını hazırkı işə tətbiq edərək məhkəmə belə hesab edir ki, hazırkı işdə istinad olunan ünvan üzrə mənzil mülkiyyətçiləri arasında ümumi yığıncaq təşkil olunmamışdır. Ümumi yığıncağın yığılması mənzil mülkiyyətçilərinin sərbəst iradə ifadəsinə əsaslanan tədbirdir. Məhkəmə ilkin iddia tələbinin “Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması” hissəsinə qiymət verərək ilkin olaraq qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən mənzil mülkiyyətçilərinin ümumi yığıncağı əsasında binaya idarəedici təyin olunmadığı təqdirdə bu səlahiyyət binanın yerləşdiyi ərazi üzrə bələdiyyə tərəfindən həyata keçirilməlidir. Mənzil Məcəlləsinin 141.4-cü maddəsində qeyd edilir ki, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçiləri tərəfindən ümumi yığıncaqda seçilməlidir. Ümumi yığıncaqda binanın idarəetmə üsulu mülkiyyətçilər tərəfindən seçilmədiyi təqdirdə ərazi bələdiyyəsi altı ay ərzində binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Hazırkı işdə isə bu proseslərin heç biri binanın mülkiyyətçiləri tərəfindən həyata keçirilməmiş, onlar tərəfindən birbaşa məhkəməyə müraciət olunmuşdur. Daha sonra məhkəmə ilkin iddianın “çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi” hissəsini araşdıraraq hesab edir ki, bina mülkiyyətçilərinin əksər çoxluğu öz iradə ifadəsini bildirərək binaya xidmət göstərilməsi üçün Cavabdeh MMC-ni seçərək onunla müvafiq müqavilələr bağlamışlar. Binanın mülkiyyətçiləri ilə Cəmiyyət arasında 200-ə yaxın xidmət müqavilələri bağlanmışdır və göstərilən xidmət müqabilində mülkiyyətçilər tərəfindən xidmət haqqı ödənilir. Beləliklə işdən görünür ki, binanın əksər sakinləri idarəetmədən razı olmaqla MMC-nin kənarlaşdırılması ilə bağlı iddiaçılarla eyni mövqedə deyillər. İstinad edilənlərə əsasən məhkəmə hesab edir ki iddia tələbi bu hissədə də rədd edilməlidir. Eyni zamanda, məhkəmə ilkin iddianın “cavabdehdən 9.000 manat (hər iddiaçıya 2.250 manat) məbləğində vurulmuş mənəvi zərərin əvəzinin tutulması” hissəsinə də qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçılar iddianın əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdeh "xxxx" MMC-nin törətdiyi əməl nəticəsində onlara mənəvi ziyan vurulduğunu, nəticədə mənəvi iztirab çəkdiklərini qeyd etsələr də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmələri ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Odur ki, ilkin iddia tələbi mənəvi zərərə aid hissədə də rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Mülki iş materialları ilə təsdiq edilir ki, Cavabdeh MMC ilə binanın mülkiyyətçiləri olan cavabdehlər arasında kommunal xidmətlərin göstərilməsi barədə müqavilələr bağlanmış, müqavilənin şərtləri Cəmiyyət tərəfindən tam və yüksək səviyyədə icra olunmuşdur. Cavabdehlər isə göstərilən xidmətin müqabilində xidmət haqqı ödəməli olmuşlar. Lakin onlar müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək xidmət haqqını ödəməkdən yayınmışlar. İddiaçı Cavabdeh MMC hazırkı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.(Maddə 18) Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. (Maddə 135.1.) 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.3. Təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs tərəfindən və ya fərdi sahibkar tərəfindən (bundan sonra – idarəedici təşkilat) idarə olunan çoxmənzilli binanın dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və kirayə müqavilələri üzrə kirayəçiləri yaşayış sahəsinin saxlanması və təmiri, habelə kommunal xidmətlərə görə haqqı həmin idarəedici təşkilata ödəyirlər. Beləliklə, yuxarıda qeyd edilmiş mülki qanunvericiliyin normalarının tələbinə görə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin birgə idarəetmə xərclərində birgə iştirak etməlidirlər. Mənzil məcəlləsinin müəyyən etdiyi tələblərə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisəni tənzimləyən normalarda müqavilənin bağlanması nəzərdə tutulsa da, müqavilə azadlığı prinsipinə əsaslanmaqla cavabdehlərin belə bir müqaviləni bağlamaqdan imtinası onların mülki və mənzil qanunvericiliyində müəyyən edilmiş vəzifələri və öhdəlikləri ilə uzlaşmır və cavabdehlərin borclu olduğu ödənişləri ödəməkdən yayınması hüquqdan sui-istifadə etməsi ilə nəticələnir. Belə ki, tələb edilən xərclər binanın saxlanılması üçün artıq sərf olunmuş məbləğin bir hissəsi olduğundan və həmin xərclər iddiaçı tərəfindən artıq ödənildiyindən Cavabdeh MMC həmin məbləği cavabdehlərdən tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 may 2022ci il tarixədək olan müddətdə aylıq xidmət haqlarını ödəmədiklərinə görə-01 iyun 2020-ci il tarixli 153 saylı müqavilə üzrə 153 saylı mənzilin sakini İddiaçı1 1384 manat, 01 iyun 2020-ci il tarixli 169 saylı müqavilə üzrə 169 saylı mənzilin sakini İddiaçı3 140 manat, 01 iyun 2020-ci il tarixli 212 saylı müqavilə üzrə 212 saylı mənzilin sakini İddiaçı4 168 manat, 171, 172 saylı mənzilin sakini İddiaçı2 440 manat pul vəsaiti tutularaq Cavabdeh MMC-yə ödənilməlidir. Məhkəmə qarşılıqlı iddianın İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 fəaliyyətləri nəticəsində Cavabdeh MMC-yə dəymiş 5.163,39 manat məbləğində maddi zərərin və 10.000 manat məbləğində mənəvi zərərin tutulması hissəsini araşdıraraq hesab edir ki, həmin hissədə qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbinin maddi ziyanla bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçı cavabdehlərin fəaliyyəti nəticəsində ona maddi ziyan dəyməsinə əsaslansa da, həmin fəaliyyətin nədən ibarət olması, dəymiş ziyanın nədə ifadə olması və hansı məbləğdə ziyan dəyməsi ilə bağlı sübut təqdim etməmişdir. Belə olan halda iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə mənəvi ziyanla bağlı hissəni araşdıraraq hesab edir ki, iddiaçı hüquqi şəxs olduğu halda ona mənəvi ziyan vurulmasına istinad edərək 10.000 manat pul tələb etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC hüquqi şəxs olduğundan ona mənəvi ziyan vurulması ağlabatan deyildir. Məhkəmə qarşılıqlı iddianın “hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqının tutulması” hissəsini araşdıraraq hesab edir ki, həmin hissədə də iddia əsassızdır. Belə ki, Cavabdeh MMC hüquqi yardım üçün vəkilə ödədiyi xidmət haqqının tutulmasını tələb etsə də, həqiqətən də hazırkı iş üzrə onun vəkilə 300 manat vəsaiti ödəmiş olmasını təsdiq edəcək hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 tərəfindən 100 manat dövlət rüsumu, Cavabdeh MMC tərəfindən 172 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd edildiyindən iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onların özünə aid edilməlidir. Qarşılıqlı iddia qismən təmin edildiyindən İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 müştərək qaydada 172 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı - Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, cavabdehdən 9.000 manat (hər iddiaçıya 2250 manat) məbləğində vurulmuş mənəvi zərərin əvəzi, 100 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi barədə ilkin iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 may 2022-ci il tarixədək olan müddətdə aylıq xidmət haqlarını ödəmədiklərinə görə-01 iyun 2020-ci il tarixli 153 saylı müqavilə üzrə 153 saylı mənzilin sakini İddiaçı1 1384 (bir min üç yüz səksən dörd) manat, 01 iyun 2020-ci il tarixli 169 saylı müqavilə üzrə 169 saylı mənzilin sakini İddiaçı3 140 (bir yüz qırx) manat, 01 iyun 2020-ci il tarixli 212 saylı müqavilə üzrə 212 saylı mənzilin sakini İddiaçı4 168 (bir yüz altmış səkkiz) manat, 171, 172 saylı mənzilin sakini İddiaçı2 440 (dörd yüz qırx) manat pul vəsaiti tutularaq Cavabdeh MMC-yə ödənilsin. Cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 müştərək qaydada 172 (bir yüz yetmiş iki) manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar