Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3499/2023 03.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh MMC, "xxxx" MMC, "xxxx" MTK, "xxxx" MTK, Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsi, X4, X5 cəlb edilməklə) “əmlakın təhvil verilməsi və sair tələbləri” barədə iddiasına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh MTK-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh MMC, "xxxx" MMC, "xxxx" MTK, "xxxx" MTK, Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsi, X4 cəlb edilməklə) “əmlakın təhvil verilməsi və sair tələbləri” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayon Xətai Bələdiyyəsinə təhvil verilməsi və xx.xx.2010-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq MTK tərəfindən 47 saylı avtomobil dayanacağı üçün sahənin iddiaçıya təhvil verilməsi, əgər avtomobil dayanacağı üçün sahə müqavilə ilə başqa şəxsə özgəninkiləşdirilmişdirsə həmin müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-cu il tarixdə "xxxx" MTK ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən 103 saylı mənzilin alınması ilə bağlı müqavilə bağlamışdır. Həmin qeyd edilən mənzili alarkən qeyd edilən çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 47 saylı avtomobil dayanacağı üçün sahə xx.xx.2010-cu il tarixli müqaviləyə əlavə edilmiş həmin tarixli 1 saylı “Əlavə” ilə ona hədiyyə edilmişdir. Qaraj sahəsinin hədiyyə edilməsinin səbəbi isə qeyd edilən yaşayış binasından mənzillərin alınmasını stimullaşdırmaq olmuşdur. İddiaçı da qeyd edilən yaşayış evini qaraj hədiyyə edildiyi üçün almışdır. Qeyd edilən xx.xx.2010-cu il tarixli 1 saylı əlavənin 3.2-ci bəndində qeyd edilmişdir ki, "xxxx". MTK tərəfindən qeyd edilən mənzil 2016-cı ilin fevral ayında ona təhvil verilmiş və hüquqları da xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən qeydiyyata alınmışdır. Lakin xx.xx.2010-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq MTK tərəfindən öz üzərinə düşən öhdəliyi icra edilməyərək 47 saylı avtomobil dayanacağı üçün sahə ona təhvil verilməmiş, bunun tam əksi olaraq dələduzluq və vəzifə saxtakarlığı edilərək ona verilməsi nəzərdə tutulan qaraj sahəsi tərtib edilmiş sənədlərdə iddiaçının imzası saxtalaşdırılaraq əlindən alınmışdır. O, qeyd edilən qarajın saxta səndlərlə əlindən alınmasından 2023-cü ilin yanvar ayında sənədlərin surəti ona təqdim ediləndə məlumat əldə etmişdir. Belə ki, iddiaçıya verilməsi nəzərdə tutulan 47 saylı qaraj sahəsinin yeri binanın 3-cü blokunun zirzəmisində yerləşən (liftlə-1də) arxa hissəsi göstərilmişdir. Bundan əlavə əvvəllər liftin mənfi 1-ci mərtəbəsində hər iki istiqamətə çıxış mövcud olmuşdur. Sonradan binanın zirzəmisində liftdən ön hissəyə çıxış ləğv edilərək bağlanmış, ona verilməsi nəzərdə tutulan qaraj sahəsi liftin birbaşa çıxışında olduğundan, sakinlərin liftdən daim rahat istifadəsini təmin etmək üçün orada daimi avtonəqliyyat vasitəsinin saxlanılmaması üçün 47 saylı qaraj sahəsinin həmin binada digər yerlə dəyişdirilməsi təklif edilmiş, o, bu təkliflə razılaşmışdır. Bunun üçün də 47 saylı qaraj sahəsindən imtina edilməsi və həmin binada yerləşən diger qaraj sahəsinin verilməsi barədə ərizə tələb edilmişdir. Həmin ərizə iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır. Lakin həmin ərizədə xx.xx.2010-cu il tarixli müqavilənin ləğv edilməsinə dair sazişin də bağlanması nəzərdə tutulmuşdur. MTK tərəfindən iddiaçını aldatmaq məqsədi ilə qeyd edilən saziş imzalanmamış, tam əksinə olaraq "xxxx" MTK-nın sədri tərəfındən müqavilənin ləğvinə dair saziş tərtib edilmiş (iddiaçı bu sazişdən xx.xx.2023-cü il tarixdə sənədlər ona təqdim edilərkən məlumat əldə etmişdir) və həmin sazişdə onun imzası saxtalaşdırılmışdır. İddiaçının həm MTK-ya, həm də kommunal xidmət göstərən təşkilata ünvanlanan və imzalanan sənədlərdə imzası mövcuddur və adi gözlə baxıldıqda belə həmin imzanın ona məxsus olmadığı görünür. Qeyd edilənlərə aid iddiaçıya heç bir sənəd təqdim edilməmişdir. Yalnız "xxxx" MMC-nin direktoru Anjelina Xancanovanın imzası ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli bildirişlə ona qaraj sahəsinin Park Azure yaşayış kompleksinin 4-cü mərtəbəsində 79 saylı yerin ayrıldığı, avtonəqliyyat vasitəsini digər yerdə saxladığı halda cərimə ediləcəyi barədə bildiriş təqdim edilmiş, qarajdan istifadəsinə məhdudiyyət qoyulmuş və bundan sonra o, kommunal xidmət göstərən təşkilata müraciət edərək, ona qaraj sahəsinin "xxxx" yaşayış kompleksinin 4-cü mərtəbəsində hansı əsaslarla ayrıldığını maraqlanmışdır. Bunun hansı əsaslarla edildiyini dəqiqləşdirdikdə isə özünü şirkətin əməkdaşı kimi təqdim edən Sərvan adlı şəxs ona xx.xx.2016-cı il tarixli PA-MH160303-37 saylı maliyyə arayışının surətini təqdim etmiş, narazı qaldığı halda rəhbərliyə müraciət etməyi tövsiyə edilmişdir. Bundan dərhal sonra yeni edilən sənədlər onda mövcud olmadığından o, bu barədə xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə, "xxxx" MMC-yə, "xxxx" Mənzil Tikinti Kooperativinə və "xxxx" Mənzil Tikinti Kooperativinə rəsmi ərizə ilə müraciət etməsinə, dəfələrlə rəhbər şəxslərin yanında olmağına baxmayaraq tələb etdiyi sənədlər təxminən 4 ay sonra, yəni xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. Həmin sənədləri aldıqdan sonra isə ona məlum olmuşdur ki, verilmiş qaraj sahəsinin ləğvinə dair sazişdə razılığı və imzası olmadan saxtalaşdırılmış, qaraj sahəsi əlindən dələduzluq yolu ilə alınmışdır. Hazırda "xxxx" yaşayış kompleksinin 4-cü mərtəbəsində qaraj sahəsinin adına rəsmiləşdirlməsi təklif edilir. Ona verilməsi nəzərdə tutulan qaraj sahəsinin isə artıq başqa şəxsin adına rəsmiləşdirildiyi bildirilir. Əldə etdiyi məlumatlara əsasən əslinə qaraj sahələrinin rəsmiləşdirildiyi şəxslər qeyd edilən MTK-nın təsisçiləri və ya onlara yaxın şəxslərdir. Əldə etdiyi məlumata görə hazırda yaşadığı Xətai rayonu, 8 noyabr prospekti 15 ünvanıda yerləşən yaşayış sahəsinin zirzəmi hissəsi (qaraj kimi istifadə edilən sahə), yəni 8000 kv.metrden artıq sahə bir nəfərin adına saxtalaşdırılaq rəsmiləşdirilmiş və hazırda aylıq 200 manata icarəyə verilir. Cavabdeh MMC və "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbər vəzifəli şəxslərinin qəbulu zamanı onun həmin qaraj sahəsindən imtina etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizənin olduğu, hər şeyin qanuna uyğun qaydada həyata keçirildiyi bildirilmişdir. İddiaçıya təqdim edilməli qaraj sahəsindən imtina edilməsi üçün həmin qaraj sahəsinin iddiaçıya verilməsi yazılı qaydada müqavilə ilə rəsmiləşdirildiyindən həmin müqavilənin ləğvinə dair saziş də yazılı qaydada rəsmiləşdirilməli idi. Lakin onun ləğv ilə əlaqədar hər hansı yazılı müqaviləsi olmamış, belə bir müqavilə olmadığı üçün onun imzası saxtalaşdırılaraq müqavilənin ləğvinə dair cavabdeh tərəfindən saxta saziş tərtib edilmişdir. Mülkiyyət hüququndan imtina edilməsi barədə notarial təsdiq edilmiş ərizəyə gəldikdə isə, qanunvericiliyə əsasən həmin ərizənin daşınmaz əmlakın dövlət reystrində qeydə alınması zəruridir və bu ərizə daşınmaz əmlakın dövlət reystrində qeydə alındıqdan sonra məcburi qüvvə alır. Bundan başqa həmin ərizənin son cümləsində saziş bağlanması xahiş edilmişdir. Həmin saziş isə qaraj sahəsinin həmin binada digər yerlə dəyişdirilməsi üşün şifahi qaydada razılaşdırılmış, lakin belə bir saziş ümumiyyətlə bağlanmamışdır. İndi isə həmin şifahi razılaşmanın onu aldadaraq qaraj sahəsinin əlindən alınması üçün edildiyi görülür. Onun yaşayış sahəsi və qarajı həmin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş Xətai rayonu, 8 noyabr prospekti ünvanında yerləşən çoxmənzilli yaşayış binasındadır. X6 küçəsində "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından qaraj sahəsi alınması ilə əlaqədar hər hansı müraciəti və ya razılaşması olmamışdır. Bununla bağlı o, "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə müraciət etdikdə ona başqa MTK tərəfindən inşa edilmiş yaşayış sahəsinin 4-cü mərtəbəsində yerləşən qaraj sahəsini təklif edilərək və həmin sahənin ona aid olması barədə maliyyə arayışı təqdim edilmişdir. İddiaçıya məxsus 47 saylı qaraj sahəsi əvəzinə payçısı və ya müqavilə münasibətində olmadığı "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 79 saylı qarajla dəyişdirilməsinə dair hər hansı razılığı olmamışdır. Təklif edilən 79 saylı qaraj sahəsindən isə mənzilnə çatmaq üçün üç lift dəyişərək bir kilometrdən artıq məsafə qət etməlidir. Bu isə onun hüquqlarının cavabdeh tərəfindən kobud pozulması deməkdir. MTK öz üzərinə düşən öhdəliyi icra etməyərək, ona məxsus qarajı mənimsəməkdə də məqsədi həmin sahəni digər şəxslərə aylıq 200 manata icarəyə verməklə gəlir əldə etməkdir. Qeyd edilənlərdən də görünür ki, Yeni Həyat BB-Kompleksi MTK-nın sədri tərəfindən müqavilənin ləğvinə dair saziş tərtib edilmiş və həmin sazişdə onun imzası “Yeni Həyat BB- Kompleksi" MTK tərəfindən saxtalaşdırılıb və faktiki olaraq ona hədiyyə edilmiş 47 saylı qaraj sahəsinə dair mülkiyyət hüququna xitam verilərək, qanunsuz ələ keçirilmişdir. Bu isə növbəsində ona məxsus mülkiyyətin qanunsuz ələ keçirilməsi ilə nəticələnmişdir Qeyd edilənlərdən aydın görünür ki, “Yeni Həyat BB-Kompleksi" MTK ilə olan 07 iyun 2010-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq ona verilməsi nəzərdə tutulan 47 saylı qaraj sahəsi cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlik pozularaq ona təqdim edilməmişdir. Bu səbəbdən də həmin qaraj sahəsinin ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qətnamə çıxarılmalı, həmin qaraj sahəsi digər şəxsə özgəninkiləşdirildiyi halda isə həmin qaraj sahəsinin təqdim edilməsi barədə müqavilə etibarsız hesab edilməldir. Çünki əldə etdiyi məlumata görə həmin qaraj sahəsini öz adına rəsmiləşdirən şəxs Babək Babayev adlı binanın faktiki rəhbəri özüdür və öz adına qeydiyyata aldırdıqdan sonra həmin qaraj sahəsindən istifadə etmək üçün aylıq 200 manat icarə haqqı tələb edir. Bina xx.xx.2007-ci ildə təsis edilmiş "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikilmişdir. Bina 5 blokdan, bir qaraj və 4 mərtəbəsi qeyri-yaşayış sahəsindən və yanında yerləşən bir biznes mərkəzindən ibarətdir. MTK-nın pay fondu cəmi 500 manat təşkil edir və bu binanın heç bir sahəsinə görə MTK-nın üzvlərinin ödədiyi əmlak pay haqlarının 1 faizini belə təşkil etmir. Mülki Məcəllənin 110-1.1-ci maddəsinə əsasən kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunu təşkil edir. Yeni MTK üzvlərini idarəetməyə buraxmamaq üçün onların əmlak paylarını pay fondu kimi rəsmiləşdirməyərək yarandığı andan qanun pozuntuları ilə fəaliyyət göstərmişdir. Binanın tikintisi çoxdan tam başa çatmış və binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ MTK-nın üzvlərinə (sahə mülkiyyətçilərinə) keçmişdir. Buna baxmayaraq, bina MTK-nın faktiki sahibi Babək Babayev adlı şəxsin göstərişinə əsasən müxtəlif şirkətlər tərəfindən idarə edilmişdir. Belə ki, həmin bina 2022-ci ilin 31 dekabr tarixinədək "xxxx" MMC tərəfindən (sonradan adı dəyişdirilərək "xxxx" MMC olmuşdur), xx.xx.2023-cü il tarixdən isə "xxxx" MTK tərəfindən idarə edilməyə başlanmışdır. Qeyd edilən şirkətlərin binanı idarə edilməsi üçün heç bir səlahiyyəti olmamış, binadakı mənzil mülkiyyətçilərinin ümumi yığıncağı çağırılmamış və onlar tərəfindən hər hansı qəarar qəbul edilməmişdir. Yalnız binanın faktiki sahibi və qeyri-yaşayış sahələrini, o cümlədən ona ayrılmış 47 saylı qaraj sahəsini öz adına keçirmiş və Babək Babayevin göstərişinə əsasən onun təyin etdiyi şirkətlər tərəfindən idarə edilmişdir və hazırda da idarə edilməkdədir. Binanın sakinlərini həmin şirkətlərlə müqavilə bağlamağa məcbur edirlər və buna da nail olmuşlar. Çünki müqavilə bağlamayan mənzillərin liftdən istifadələrinə qadağalar qoyulur, binanın 14-cü, 15-ci mərtəbəsinə piyada qalxmaq tələb edilir və mənzillərə verilmiş istilik sistemləri dayandırılır. İddiaçının liftdən istifadəsinə dəfələrlə məhdudiyyət qoyulmuşdur. İddiaçı cavabdehə və 3-cü şəxslərə müraciət edərək binanın saxlanması üçün çəkilən xərclər barədə məlumat verilməsini, binanın saxlanmasında öz payına uyğun iştirak etmək istədiyini bildirməyinə baxmayaraq, ona həmin məlumatlar təqdim edilməmiş, ondan mənzilin hər kvadratmetrinə görə 1,30 manat xidmət haqqı tələb edilir. Əsas da o göstərilir ki, binadakı mənzillərin sahiblərinin 50 faizindən çoxu ilə müqavilə bağlanmışıdır. Lakin qeyd edilən müqavilələr də məcburiyyət qarşında bağlanmış, müqavilə bağlamayan sakinlərin binadan istifadəsinə məhdudiyyətlər qoyulmuşdur. Bundan başqa binadakı sakinlərin 50 faizindən çoxu ilə müqavilənin bağlanması da onlara həmin binanın idarə edilməsinə və onun mənzilindən istifadəsinə məhdudiyyət qoyulmasına səlahiyyət vermir. MTK-nin hətta hüquqi ünvanı da ünvan 3nzil göstərilmədən, sanki bina MTK-ya mənsubdur. Halbuki, binanın sahə mülkiyyətçiləri binanın ləğv olunmalı olan MTK-nın hüquqi ünvanı olmasına razılıqlarını bildirməyiblər. 2023-cü ildən yanvar ayından etibarən binanın yalnız bəzi sahə mülkiyyətçiləri ile xidmət müqaviləsi bağlayaraq (binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı olmadan) binanı idarə etməyə başlamışdır. Əvvəllər isə birbaşa idarə etmişlər. Eyni zamanda heç bir təsdiqedici sənəd təqdim etmədən binanın altındakı avtomobil dayanacaqlarında avtomobillərin saxlanılmasına görə aylıq 250 manat, bir saat üçün isə 1 manatdan başlayaraq pullar yığılır, həmin pullar isə binanın saxlanmasına deyil, şəxsi məqsədlərinə istifadə edilir. Bundan başqa son zamanlar binadakı qeyri-yaşayış sahəsinin sahibi tərəfindən orda əsaslı təmir işləri həyata keçirdiyindən (qeyri-yaşayış sahəsinin təxminən 95 faizi eyni şəxsə mənsubdur) binada bloklarda fəaliyyət göstərən qeydiyyat ləğv edilmişdir. Bunun səbəbi isə binanın əsas qeyri-yaşayış sahəsinin sahibi binanın saxlanması üçün kommunal haqqlar ödəmir, onun da payına düşən məbləğlər sakinlərin hesabına həll edilir. Bundan başqa, MTK kimi cavabdeh də binanın sahə mülkiyyətçilərinə fəaliyyəti üzrə maliyyə hesabatı təqdim etmir. Bu əsnada bina üzrə bəzi gəlirlər (avtodayanacaqlar üzrə toplanılan haqlar, damın antenalar üçün icarəsi və s.) də illər boyu gizlədilib. Üstəlik, binanı zəbt edərək onun ümumi istifadədə olan sahələrinə heç kəsi buraxmayaraq, MTK kimi cavabdeh də bəzi xidmətlər üzrə inhisar (kabel televiziyası, internet və s.) yaratmışdır. Nəticədə, sahə mülkiyyəçilərinin seçim imkanı məhdudlaşdırılıb. Cavabdeh müxtəlif qanunsuz yollarlarla, o cümlədən sahə mülkiyyətçilərini çaşdırmaqla binada qanuni özünüidarəçiliyə mane olur (MTK-nın də ləğv edilməməsi belə maneədən biridir) və qanunsuz fəaliyyətini davam etdirir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, cavabdeh "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, xx.xx.2010-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq MTK tərəfindən 47 saylı avtomobil dayanacağı üçün sahənin ona təhvil verilməsi, əgər avtomobil dayanacağı üçün sahə müqavilə ilə başqa şəxsə özgəninkiləşdirilmişdirsə həmin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul dilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsindən verilən kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında vərəqdən görünür ki, "xxxx" MTK reyestrdən xx.xx.2023-cü ildə verilmiş çıxarışa əsasən "xxxx" MMC olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh MMC-nə qarşı (üçüncü şəxslər Cavabdeh MMC, "xxxx" MMC, "xxxx" MTK, "xxxx" MTK, Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsi, X4, X5 cəlb edilməklə) “əmlakın təhvil verilməsi və sair tələbləri” barədə iddia tələbi üzrə icraata “Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi”nə dair hissədə həmin tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin o, məhkəməyə gəlməmiş və nümayəndəsi və vəkili Vəkil1 işə iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçının ilk tələbi ilə bağlı bildirir ki, həmin tələblə çıxış etmək tək iddiaçının deyil, mənzil mülkiyyətçilərinin ümumi yığıncağının hüququdur. İddiaçının ikinci tələbi isə mücərrədir. Çünki konkret olaraq hansı müqavilənin etibarsızlığı göstərilməmişdir. Üçüncü tələblə bağlı qeyd edir ki, iddiaçı ilə bağlanmış müqavilənin ləğvinə dair saziş qanunvericiliyin tələbləri pozulmadan bağlanmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxslər Cavabdeh MMC, "xxxx" MMC, "xxxx" MTK, "xxxx" MTK, Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsi, X4, X5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar (nümayəndələri) məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Belə ki, iş materiallarında olan icraçı "xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov 26 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 3-cü blok, 14-cü mərtəbəsində, ümumi sahəsi 191,7 kv.metr olan 103 saylı, izolə olunmuş 3 otaqlı mənzili payçıya 1 pay kimi verir. Müqavilə üzrə cəmi məbləğ 191,7 kv.metr sahə üçün 324.700 manat təşkil edir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli YHB-MA-160211-05 saylı maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 3cü giriş, 14-cü mərtəbəsində, ümumi sahəsi 191 kv.metr yaşayış sahəsi 97,2 kv.metr, eyvan sahəsi 23,9 kv.metr olan 3 otaqlı, 103 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan "xxxx" MTK üzvlərinin ümumi iclasının 04 saylı xx.xx.2016cı il tarixli protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında 3-cü giriş, 14-cü mərtəbəsində, ümumi sahəsi 191 kv.metr, yaşayış sahəsi 97,2 kv.metr, eyvan sahəsi 23,9 kv.metr olan 3 otaqlı, 103 saylı mənzilin payçısı olması təsdiq edilmiş və hüquqların dövlət qeydiyyatına alınması üçün sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, icraçı "xxxx" MTK ilə payçı İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov 26 ünvanında yerləşən 47 saylı avtomobil dayanacağında 1 avtomobil yeri üçün pay barədə razılığa gəliblər. Həmin əlavəyə əsasən "xxxx" MTK tikinti işlərini əvvəldən sonadək tam keyfiyyətlə yerinə yetirmək, tikintinin xarici tərtibatı və daxili arakəsmələrini quraşdırmaq, 24 saat mühafizə xidmətini təşkil etmək kimi vəzifələri öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı etibarnamə əsasında nümayəndəsi X1 "xxxx" MTKya ünvanladığı (imza edən şəxsin imzası notarial qaydada təsdiq edilmiş) ərizəsinin surətindən görünür ki, ünvan 5 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin ona məxsus olan (1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş) 47 saylı qeyri-yaşayış sahəsinə dair qanunla ona hazırda məxsus olan (və ya gələcəkdə mövcud olacaq) bütün hüquqlarından imtina etmişdir və heç bir şəkildə hər hansı tələb irəli sürməyəcəkdir. Göstərilənləri nəzərə alaraq həmin qeyriyaşayış sahəsinə dair xx.xx.2010-cu il tarixli müqavilənin ləğv edilməsinə dair sazişin bağlanmasını xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Bakı şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2023-cü il №X 1907 məktubundan və ona əlavə edilmiş etibarnamənin surətindən görünür ki, xx.xx.2014-cü ildə İddiaçı X3 10 il müddətinə etibarnamə vermişdir. Etibarnamə üzrə verilən səlahiyyətlər arasında X7 Nağıyevanın adından əmlakın idarə etmək və üzərində sərəncam vermək, bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul qəbul etmək, dəyişmək və s. kimi əqdləri bağlamaq hüququ nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişin surətindən görünür ki, sonuncu ilə "xxxx" MMC arasında bağlanmış xidməti müqaviləyə əsasən, İddiaçı göstərilən xidmətlərə görə 747,63 manat borcu yaranmışdır. Ondan borcun ödənilməsi və "xxxx" MTK ilə yeni müqavilə bağlanması xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli müqavilənin ləğvinə dair sazişin surətindən görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin ləğvinə dair razılıq əldə etmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, ev 15, mənzil 103 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış bildirişin surətindən görünür ki, Park Azure 4-cü mərtəbəsində 79 saylı avtodayanacaq yeri qanuni əsaslarla ona ayrılmışdır. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından başlayır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddia tələblərinin “cavabdeh "xxxx" MMC-nın Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması” ilə bağlı iddia tələbinə münasibətdə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.2.4-cü maddəsinə əsasən, çoxmənzilli binanın idarəetmə üsulunu seçmək binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərindən biridir. 109.3-cü maddəsinə əsasən, mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. 109.5-ci maddəsinə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 120.1-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. 141.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin binanın idarə edilməsi məqsədilə üç idarəetmə üsulundan - binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; idarəedici təşkilat tərəfindən idarə edilm - birini seçməyə borcludur. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdu, ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub- pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozuiub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qanunvericinin tələbindən göründüyü kimi, çoxmənzilli binanın idarə edilməsi məqsədilə binanın sahə mülkiyyətçiləri üç idarəetmə formasından birini seçməyə borcludur və çoxmənzilli binanın idarəetmə üsulunu seçmək binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərindən biridir. Məhkəmə hesab edir ki, qanunverici çoxmənzilli binanın idarəetməsini binanın sahə mülkiyyətçilərinin səlahiyyətlərinə aid etdiyi üçün İddiaçı cavabdeh "xxxx" MMCnın Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması barədə iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Buna görə də, iddia göstərilən hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub- olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir, ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddianın “xx.xx.2010-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq MTK tərəfindən 47 saylı avtomobil dayanacağı üçün sahənin iddiaçıya təhvil verilməsi, əgər avtomobil dayanacağı üçün sahə müqavilə ilə başqa şəxsə özgəninkiləşdirilmişdirsə həmin müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələblərinə hüquqi qiymət verərək hesab edir ki, iddia göstərilən hissələrdə də əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mübahisəli 47 saylı avtomobil dayancağının iddiaçıya təhvil verilməsi barədə iddia tələblərinə münasibətdə məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2010-cü il tarixli müqaviləyə 01 saylı əlavəyə əsasən, 47 saylı avtomobil dayanacağı iddiaçıya pay dəyəri hədiyyə olunmaqla onun istifadəsinə verilmişdir. İddiaçı etibarnamə əsasında nümayəndəsi X5 "xxxx" MTK-ya ərizə ünvanlayaraq (imza edən şəxsin imzası notarial qaydada təsdiq edilmiş) bildirmişdir ki, ünvan 5 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin ona məxsus olan (1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş) 47 saylı qeyri-yaşayış sahəsinə dair qanunla ona hazırda məxsus olan (və ya gələcəkdə mövcud olacaq) bütün hüquqlarından imtina edir və heç bir şəkildə hər hansı tələb irəli sürməyəcəkdir. İddiaçı iddia tələblərində üzərindəki imza notarial qaydada tədiq edilmiş həmin ərizənin etibarlılığını mübahisələndirmir. İddia tələblərində iddiaçı xx.xx.2016-cı il tarixli “müqavilənin ləvinə dair saziş”in etibarsız olduğunu qeyd edərək bildirmişdir ki, sazişdə iddiaçının imzası saxtalaşdırılmışdır. İddiaçı həmin sazişin etibarsızlığı ilə bağlı iddia tələbləri irəli sürmədiyindən hazırki iddia tələbləri çərçivəsində həmin sazişin etibarlılığı yoxlanılmır. Mübahisəli sahə üzərində hüquqlardan imtina ilə bağlı ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi avtomobil dayanacağının iddiaçıya verilməsi barədə müqavilə özü-özlüyündə podrat müqaviləsidir. Mülkiyyət hüququndan imtina edilməsi barədə ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının zəruriliyi ilə bağlı iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər podrat münasibətləri olduğundan həmin müqavilənin ləğvinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması zərurəti mövcud deyil. Belə ki, Mülki Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 760.1-ci maddəsinə görə əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Məhkəmə vurğulayır ki, iş materiallarında iddiaçının mübahisəli sahəyə dair hüquqlarından imtinası ilə bağlı ərizə mövcud olduğundan, həmin ərizənin mötəbərliliyi hazırda mübahisələndirilmədiyindən, və bundan əlavə, iş materiallarında olan xx.xx.2016-cı il tarixli “müqavilənin ləvinə dair saziş”in mübahisələndirilməsi iddia tələbləri ilə ehtiva edilmədiyindən 47 saylı avtomobil dayancağının iddiaçıya təhvil verilməsi barədə iddia tələbləri təmin edilməməlidir. “Avtomobil dayanacağı müqavilə ilə başqa şəxsə özgəninkiləşdirilmişdirsə həmin müqavilənin etibarsız hesab edilməsi” ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli sahənin iddiaçıya verilməsi barədə iddia tələbləri təmin edilmədiyindən qeyd olunan tələblər də təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı (üçüncü şəxslər Cavabdeh MMC, "xxxx" MMC, "xxxx" MTK, "xxxx" MTK, Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsi, X4, X5 cəlb edilməklə) - cavabdeh "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, xx.xx.2010-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq MTK tərəfindən 47 saylı avtomobil dayanacağı üçün sahənin ona təhvil verilməsi, əgər avtomobil dayanacağı üçün sahə müqavilə ilə başqa şəxsə özgəninkiləşdirilmişdirsə həmin müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3499/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3499/2023
03.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver