Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3512/2025 19.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2131.21 AZN (iki min yüz otuz bir manat iyirmi bir qəpik) ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 41.32AZN (qırx bir manat otuz iki qəpik) dövlət rüsumunun və 0.40 (qırx qəpik) xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********15 nömrəli, sığorta şəhadətnaməsindən çıxarışdan və 131740 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Sığorta müqaviləsinin şərtlərinə əsasən, nəqliyyat vasitəsi öz rəsmi təmir müəssisəsində təmir edilməlidir. “X3” MMC tərəfindən tərtib və təqdim edilmiş qiymətəndirmə aktına əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 7131.21 AZN (yeddi min yüz otuz bir manat iyirmi bir qəpik) zərər dəymişdir. Həmçinin baxmayaraq ki, qanunla sığortaçının öhdəliyi kimi müəyyən edilməyib, bununla belə qiymətləndirmə prosesi ilə bağlı məlumatlandırmaq üçün xx.xx.2024-cü il tarixli qiymətləndirməyə dəvət məktubu cavabdehə yazılmış, əlavə edilmiş poçt qəbzindən göründüyü kimi xx.xx.2024-cü il tarixində Cavabdeh tərəfindən məktub qəbul edilmişdir. Lakin qiymətləndirmə prosesində iştirak etməmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən, sığortalanmış “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə 7131.21 AZN (yeddi min yüz otuz bir manat iyirmi bir qəpik) sığorta ödənişini təmir ilə əlaqəli olaraq “X3” MMC-nin hesabına köçürmüşdür. Bildirmək istəyirik ki, xx.xx.2024-cü il tarixdə yolnəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinmiş və 20 manat cərimə edilmişdir. Həmçinin forma 4 arayışı, izahatlardan da sığorta hadisəsinin baş verməsi və bunun Cavabdeh təqsirli hərəkətləri nəticəsində meydana gəlməsi faktı sübut olunur. İSB-dən (icbari Sığorta Bürosu) çıxarışa əsasən, zərərvuran nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman icbari qaydada "xxxx" ASC-də sığorta olunmuşdur. Həmçinin onlar tərəfindən sığorta məbləğindən 100 AZN azadolma məbləği çıxılmaqla qalan 4900 AZN iddiaçıya ödənilmişdir. Buna görə də, Paşa Sığorta Şirkəti tərəfindən ödənilmiş 4900 AZN və 100 AZN azadolma (franşiza) məbləği çıxılmaqla qalan 2131.21 AZN (iki min yüz otuz bir manat iyirmi bir qəpik) məbləğ cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. Cavabdehə həm pretenziya, həm də şifahi qaydada müraciət edilsə də, qiymətləndirməyə dəvət məktubu göndərilsə də, o, qiymətləndirməyə gəlməmiş, sonradan isə ümumiyyətlə ödənişi ödəməkdən imtina etmişdir. Hesab edirik ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 2131.21 AZN (iki min yüz otuz bir manat iyirmi bir qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 07 may 2024-cü il tarixdə idarə etdiyi Mersedens Benz markalı, **-NX-*** dövlət qeydiyat nişanlı avtomobili Xətai rayon Qaçaq Nəbi küçəsi 17 saylı orta məktəbin yaxınlığında yol kənarında saxlayaraq marketə ketmək üçün avtomobildən düşərkən, sol qabaq qapısına arxadan gələn Tayota Rav 4 markalı, **-ZR-*** dövlət qeydiyat nişanlı avtomaşın çırpılmışdır. Hadisə nəticəsində bədən xəsərəti alan olmamışdır. Hadisə nəticəsində onun idarə etdiyi Mersedens Benz markalı, **-NX-*** dövlət qeydiyat nişanlı avtomobilin qabaq sol qapı sıradan çıxmışdır, onun idarə etdiyi avtomobilə çırpılan Tayota Rav -4 markalı, **-ZR-*** dövlət qeydiyat nişanlı avtomaşının isə sağ qabağ farası, sağ güzgüsü və avtomobilin sağ tərəfi bir xətlə cızılmışdır. Hesab edir ki, Atəşgah Sığorta Şirkəti ASC-mənim avtomobilimin "xxxx" ASC-dən 4900 manat almasına baxmayaraq iddiaçı- Atəşgah Sığorta ASC ondan 2131.21 manat məbləğində pul tələb etməsi qanunsuz və əsassız olaraq Atəşgah Sığorta Şirkətinin ASC mənə şər atmasından başqa bir iş deyildir. Hadisə zamanı iki avtomobilə ümumilikdə 3000 manat ziyan dəydiyi halda Atəgah ASC onun Avtomaşınının sığortası olan paşa Sığortadan 4900 almasına baxmayaraq yenidən onu şərləyərək 2131.21 manat yenidən tələb etməsi ilə bağlıdır. O hesab edir ki, Atəşgah Sığorta Şirkəti ASC-nin belə qanunsuz hərkətləri barədə məhkəmə tərəfindən araşdırma aparılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qərardadla müraciət edib lisenziyasını ləğv ediləməli fəaliyyəti dayandırımalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəsinə uyğun olaraq izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini, ekspert vəsatətinin isə təmin edilməməsini, ekspertiza üçün çəkilən xərcin cavabdeh tərəfindən tutulması ilə bağlı göstəriş verilməyini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Qaçaq Nəbi küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir, yol nəqliyyat hadisəsinin növü toqquşmadır, hadisənin baş verməsində təqsiri olan şəxsin idarə etdiyi avtonəqliyyat vasitəsi “Mercedes Benz” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi və hadisə zamanı sürücüsü Cavabdeh olmuşdur, zərər vurulan avtonəqliyyat vasitəsi “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobil, onun mülkiyyətçisi və hadisə zamanı sürücüsü X2 olmuşdur. İş materiallarında olan 131740 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2024cü il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə həyata keçiriləcək sığorta ödənişinin məbləği 59330 manat, azadolma məbləği 100 manat müəyyən edilmişdir. “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı zərər 7131.21 manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişi dəymiş zərərdən sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat şərtsiz azadolma məbləği xx.xx.2024-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-yə ödənildiyindən sığorta ödənişi tam olaraq 7131.21 manat təşkil edir ki, bu məbləğin də servisin hesabına köçürülməsi yolu ilə ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan İXP seriyalı ******* saylı İnzibati xəta haqqında protokolun və inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İnzibari Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək “Mercedes Benz” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə Q.Nəbi küçəsində hərəkət edərkən “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, hadisə nəticəsində bədən xəsarəti alan olmasa da avtomobillər əzilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X2 tərəfindən İddiaçı SŞ ASC-nin rəhbərliyinə göndərilmiş məktubdan görünür ki, X2 özünə məxsus olan “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı SŞ ASC-nin təyin etdiyi təmir müəssəsində təmir edilməsinə etiraz etmir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli “X4” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesab-fakturadan görünür ki, sifarişçi İddiaçı Sığorta Şirkəti ASC-dir. “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 7131.21 manat ziyan dəymişdir. İş materiallarında olan Avtonəqliyyat Vasitələrinin sığorta şəhadətnaməsinin surətindən görünür ki, X1 məxsus “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobil vurulmuş maddi zərərə görə Atəşgah Sığorta tərəfindən sığorta olunmuşdur, azadolma məbləği 100 manat, maddi zərərin sığorta məbləği 59330 manatdır. İş materiallarında olan 7625 saylı Ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti tərəfindən xx.xx.2024-cü il tarixli, 131740 saylı sığorta aktına əsasən 7131.21 manat sığorta ödənişi 5 avqust 2024-cü il tarixdə “X4” MMC-yə ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli O-AS-2024/2478 saylı Pretenziya məktubundan müəyyən olunur ki, subroqasiya qaydasında 4900 AZN “Paşa Sığorta ASC” tərəfindən ödənilmiş, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-yə olan 2131.21 manat sığorta ödənişini 10 gün ərzində ödəməli olduğu İddiaçı Sığorta Şirkəti ASC tərəfindən bildirilmişdir. İş materiallarında olan İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması haqqında elektron arayışdan görünür ki, “Mercedes Benz” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində “Paşa Sığorta ASC” tərəfindən sığorta müqaviləsi olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 01/25-534 nömrəli avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə ekspert rəyindən görünür ki, “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə xx.xx.2025-ci il tarixə dəymiş zərərin həcmi 6700 manat təşkil edir, ekspertizanın aparılması üçün 400 manat xidmət haqqı təyin edilmişdir. İş materiallarından olan xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi üçün 41.32 manat dövlət rüsumu, 40 qəpik xidmət haqqı ödənilmişdir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X1 məxsus “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti tərəfindən sığortalanmışdır, həmin avtomobilə xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz” markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə zərər vurulmuşdur, cavabdeh İXMnin 346.1-ci maddəsi ilə təqsirli bilinmişdir, “X4” MMC tərəfindən avtomobilə dəymiş zərər 7131.21 manat məbləğində qiymətləndirilmişdir, həmin məbləğ iddiaçı tərəfindən “X4” MMC-yə ödənilmişdir, İddiaçı Sığorta Şirkəti ASC ödədiyi sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb etmiş, cavabdehin sığortaçısı “Paşa Sığorta ASC” tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə 4900 AZN sığorta ödənişi edilmişdir, ekspert rəyinə əsasən “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin həcmi 6700 manat təşkil edir, iddiaçı ödədiyi sığorta ödənişinin qalığı olaraq cavabdehdən 2131.21 manat pul vəsaitini tələb edir. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, avtomobilə dəymiş zərərə görə məsuliyyət daşıyan şəxs tərəfindən zərərin əvəzi tam ödənilmədiyindən və həmin zərər sığorta müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı sığortaedilən nəqliyyat vasitəsinə vurulmuş ziyana görə sığortalıya ödədiyi məbləğə dair subroqasiya qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, ödənilməli olan məbləğə münasibətdə hesab edir ki, “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərər barədə ekspert rəyi əsas götürülməklə həmin avtomobilə dəymiş zərər 6700 manat müəyyən edilməli, həmin məbləğdən cavabdehin sığortaçısının ödədiyi 4900 manat və 100 manat azadolma məbləği çıxılmalı, cavabdehdən tutulmalı olan pul məbləği 1700 manat həddində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən, sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1700 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 400 manat cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Toyota Rav4” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş sığorta məbləği kimi 1700 (min yeddi yüz) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 37 (otuz yedddi) manat və 40 (qırx) qəpik xidmət haqqı alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 400 (dörd yüz) manat tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3512/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3512/2025
19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver