Məhkəmə qərarları › İş №e-2(011)-3534/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3534/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3534/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 fevral 2022ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan Sunny” markalı, **-UE- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən ödənilmiş 650 manat məbləğin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 fevral 2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Kia Rio” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Nissan Sunny” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Nissan Sunny” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 650 manat sığorta ödənişini həyata keçirmişdir. 26 fevral 2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh hadisə yerindən yayındığına görə cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh təqsirli olması və hadisə yerindən yayınması İnzibati tənbeh vermə haqqında ******* saylı protokolda öz əksini tapmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 26 fevral 2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Kia Rio” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “Nissan Sunny” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı olan “Nissan Sunny” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. 26 may 2022-ci il tarixli sığorta aktından görünür ki, 650 manat sığorta ödənişi X1 hesabına ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, 26 fevral 2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Nissan Sunny” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həmin avtomobilin təmirinə 650 manat ödənilmişdir. Sığorta hadisəsi baş verərkən Cavabdeh təqsiri müəyyən edildiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 650 (altı yüz əlli) manat məbləğində sığorta ödənişi və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar