Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3536/2023 17.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil İmanverdi oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirməsinin başa çatdırılması və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 200 kv.m. torpaq sahəsi (Bakı şəhəri, Xətai rayonu, Əhmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 23 saylı sərəncamı ilə X11 ayrılmış və həmin Bələdiyyə tərəfindən 12 fevral 2009-cu il tarixində verilmiş, 02 saylı Qərardan Çıxarışa əsasən Cavabdeh adına rəsmiləşdirilmiş torpaq sahəsi) üzərində İddiaçı tikinti aparmasına, o cümlədən yaşayış sahəsi inşa etməsinə Cavabdeh tərəfindən razılığın verilmiş sayılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (Bakı şəhəri, Xətai rayonu, Əhmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 23 saylı sərəncamı ilə X11 ayrılmış və həmin Bələdiyyə tərəfindən 12 fevral 2009-cu il tarixində verilmiş, 02 saylı Qərardan Çıxarışa əsasən Cavabdeh adına rəsmiləşdirilmiş 200 kv.m. torpaq sahəsinin üzərində tikilən yaşayış sahəsi) üzərində iddiaçı X1 əmlak hüquqlarının tanınması, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı 200 kv.m. torpaq sahəsi (Bakı şəhəri, Xətai rayonu, Əhmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 23 saylı sərəncamı ilə X11 ayrılmış və həmin Bələdiyyə tərəfindən 12 fevral 2009-cu il tarixində verilmiş, 02 saylı Qərardan Çıxarışa əsasən Cavabdeh adına rəsmiləşdirilmiş torpaq sahəsi) üzərindəki hüquq və səlahiyyətlərin, o cümlədən torpaq sahəsinin sənədləşdirilməsinin başa çatdırılması, həmçinin əmlak hüquqlarının qeydiyyatı, lazımi ərizə və sənədlərin imzalanması, təqdim edilməsi və zəruri sənədlərin təhvil alınması, əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarını da ehtiva edən və etibarlılıq müddəti 2112-ci ilədək olan etibarnamənin iddiaçı X3 verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda iddiaçının yaşadığı evi - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini o 2012-ci ildə tikdirmiş və həmin ildən də ailəlikcə sözügedən evdə yaşayır. O 1993-cü ildə mərhum həyat yoldaşı X8 ilə ailə qurmuşdur. Birgə nikahdan üç övladı dünyaya gəlmişdir. Övladları hamısı yetkinlik yaşına çatmışlar. Həyat yoldaşı X8 2017-ci ildə vəfat etmişdir. 2012-ci ildə mərhum həyat yoldaşım ilə birgə götür-qoy edərək qərara gəldik ki, yaşadığı evi satıb, satışdan əldə etdikləri pulun üstünə əlavə də vəsait qoyaraq daha geniş evi alsınlar, yaxud torpaq sahəsi alıb üzərində yeni ev inşa etdirsinlər. Onların uşaqları xeyli böyümüş, evləri darısqal idi, geniş evinin olması üçün maddi imkanları səfərbər edib torpaq alıb üzərində ev tikməyin ən yaxşı seçim olduğunu düşünmüşlər. Bu minvalla münasib ev və torpaq sahəsi axtarmağa başlamışlar. 2012-ci ilin əvvəllərində yoldaşı Əhmədli qəsəbəsində, 9-cu Əhmədli küçəsi ünvanında yeri və qiyməti münasib bir torpaq olduğunu bildirdi. Onlar birlikdə satılan torpaq sahəsinə baxıb, bəyənib, müzakirə edərək satıcı ilə danışmağa qərar vermişlər. İddiaçının yoldaşı satıcı ilə danışıqlar aparmışdır. Bu ərəfədə yoldaşı iddiaçıya bildirmişdir ki, X4 adlı şəxs ilə danışıb, torpaq onun yoldaşı Cavabdeh adınadır (sonradan məlum olmuşdur ki, Cavabdeh X4 ilə qeyri-rəsmi nikahda olmuş, bu nikahdan X7 adlı övladları vardır, onların münasibətləri son zamanlar pisləşmişdir). Yoldaşı iddiaçıya deyirdi ki, torpağın bələdiyyə sənədi var, çıxarış da alınacaq, ondan sonra ona satılacaq, bu barədə razılığa gəlmişlər. Daha sonra iddiaçının yoldaşı demişdir ki, çıxarış alınması xeyli vaxt apara bilər, çıxarış alınmasa da bələdiyyə sənədi ilə də almaq olar, sənədləşməni özü də apara bilər, satıcılar da razıdırlar, danışıblar ki, etibarnamə və lazımi sənədləri bizə versinlər, sənədləşmə işlərini iddiaçı özü aparaq yekunlaşdırsınlar. İddiaçı da demişdir ki, tez olsa yaxşıdı, çünki satdıqları evin yeni sahibi onları evi tərk etməkləri üçün tələsdirirdi. İddiaçı yoldaşına demişdir ki, o zaman danışsın bütün səlahiyyətləri verməklə və gələcəkdə də sənədləşmə üçün nə köməklik lazım olsa etməsi şərtilə torpağın pulunu ödəsinlər, torpaq onlara təhvil verilsin, dərhal ev inşa edib köçsünlər, sənədləşmə işlərini də onlar etsin. Onu da demişdir ki, onsuzda bir müddət sonra uşaqların da evlənmə vaxtı olacaq, bu evi də satıb daha geniş ev yaxud iki ev almalı olacaqlar. Buna görə də elə olsun ki, onlar istədiyi zaman bu torpaqda tikdikləri evdə həm yaşasınlar, həm də istədikləri vaxt sata bilsinlər, yəni öz adlarına sənədləşdirməklə, yaxud elə satıcının adına sənədləşdirməklə (hansı onlara rahat olsa, seçimi özləri edə bilsin) evi sata bilsinlər. Belə olarsa daha yaxşı olar, vaxt itkisi olmaz, xərclər də biraz azalar, maddi imkanları onsuzda məhduddur. Bu məzmunda yoldaşıyla danışmış, müzakirə etmişlər, yoldaşı da satıcı ilə bu şərtləri danışacağını dedi. Bir neçə gün sonra yoldaşı demişdir ki, satıcı ilə ətraflı danışıb, onların dediyi şərtlərlə tam razıdırlar, satıcı deyir ki, əsas odur ki, torpağın pulu ödənilsin, ondan sonra necə istənilsə elə edilsin, sənədləşməni istədikləri şəkildə aparsınlar, ev tikib yaşasınlar, onun adına yaxud öz adlarına sənədləşdirsinlər, istənilsə satsınlar, yaxud satmasınlar, necə istəsnilsə, edilsin, o öz tərəfindən nə lazımsa edəcək, hansı sənədə lazımdısa imza edəcək, indi də gələcəkdə də ondan asılı olan bütün zəruri addımları atacaqdır. İddiaçı dedi ki, onda notarial qaydada sənədlər təsdiq olunmaqla razılaşdıqları kimi edərlər, torpağın da pulunu ödəyərlər. Daha sonra yoldaşı satıcı ilə birlikdə notariuslarla da məsləhətləşdiyini, aralarındakı razılaşmanı əks etdirən sənədlər hazırlanıb notarial qaydada təsdiq olunacağını, 100 illik etibarnamə veriləcəyini, etibarnamənin öz adına alacağını sonradan sənədləşmə aparıb evi iddiaçnın adına keçirəcəyini, nə vaxt lazım satıcı tərəfindən sənədləşmə ilə bağlı bütün lazımi köməkliyin olunacağını bildirmiş, satıcınınn bu barədə vəd verdiyini, öhdəlik götürdüyünü demişdir. Beləliklə, bu minvalla onlar - mərhum ərim və iddiaçı, ünvan 1 ünvanında yerləşən 200 kv.m. torpaq sahəsini 2012-ci ildə əldə etmişlər, sahə onlara təhvil verilmiş, onlar tərəfindən razılaşdırılmış məbləğ olan 44 000 manat torpaq sahibinə ödənildi, notariat qaydasında əqdlər rəsmilışdirildi, imzalandı, yoldaşına 100 illik etibarnamə verildi, zəruri sənədlər təsdiq olundu. Bundan sonra onlar qısa zamanda orada iki mərtəbəli ev tikdirmiş, evin tikintisinə, tamamlanma və təmirinə külli miqdarda vəsait xərcləmişlər, 2012-ci ilin sonunda, noyabr ayında onlar həmin evə köçmüşlər. O vaxtdan bəri onlar fasiləsiz və etirazsız həmin evdə yaşayırlar, nə satıcı, nə Bələdiyyə, nə yerli icra hakimiyyəti orqanları, nə də hər hansı digər dövlət və qeyri-dövlət qurumları onların yaşadığı evə və onun yerləşdiyi torpaq sahəsinə dair onlara hər hansı etiraz yaxud irad bildirməmişlər. Evin kommunal təchizat sənədləri, eləcə də ışıq, qaz və su istehlakı ilə bağlı sənədlərin hamısı iddiaçının adına rəsmiləşdirilmişdir. 2017-ci ildə yoldaşı uzun sürən onkoloji xəstəlikdən sonra vəfat etmişdir. Mərhum yoldaşı uzun müddət idi ki, ağır xəstəliyə düçar olmuşdu, müalicə alırdı, əksər vaxtlarda xəstəxanada qalmalı olurdu, ümid edirdi ki, sağalacaq, evlə bağlı sənəd işlərini də başa çatdıracaq. Lakin əcəl imkan verməmiş, getdikcə daha da pisləşmiş və onkoloji xəstəlik səbəbindən vəfat etmişdir. Yoldaşı vəfat etdikdən sonra o zaman-zaman asan xidmət mərkəzlərinə gedib sənədləşmə işləri ilə maraqlanırdı, ona bildirmişlər ki, sənədləşmə işləri asanlaşacaq, iş aparılır, həm sənədsiz evlər, həmdə bələdiyyə sənədləri ilə olan evlər asanlıqla sənədləşdiriləcək, xərcləri də azalacaq. İddiaçı da bu deyilənlərə görə bir müddət gözləməyi məqsədəuyğun hesab etmişdir. 2023-cü ildə o hər bir halda evin sənədləşmə işlərini başa çatdırmaq, ya öz adına yaxud da Satıcını adına mülkiyyət sənədini əldə etmək qərarına gəlmiş, istər yeni qaydalar çıxsın, olmazsa da köhnə qaydalara uyğun olaraq evə və torpağa dair sənədləşmə işlərini yekunlaşdırmaq istəmişdir. İddiaçı “Asan Xidmət” mərkəzlərinə müraciət etmiş, orada ona bildirmişlər ki, etibarnamə yoldaşının adınadır, yoldaşı gəlsin yaxud öz adına olan etibarnamə ilə yaxınlaşın. Yoldaşı vəfat etdiyi üçün öz adına etibarnamə tərtib olunması üçün bu ilin fevral ayında Cavabdeh ilə telefonla əlaqə yaradaraq, etibarnaməni yazdırmaq lazım olduğunu bildirmişdir. O demişdir ki, 100 illik etibarnamə verib, iddiaçı da yoldaşının vəfat etdiyini, uzun müddət xəstə olduğunu, sənəd işlərini başa çatdıra bilmədiyini, ona görə indi sənədləşmə işlərini həll etmək üçün onun adına etibarnamə yazdırmaq lazımdı olduğunu demişdir. Cavabdeh nə lazımsa edəcəyini, əlaqə saxlayacağını demişdir. Ertəsi gün iddiaçıya naməlum nömrədən zəng olunmuş, bir nəfər özünü Cavabdeh vəkili kimi tanıtmış və, Gülgün xanım sizə etibarnamə verəcəkdir, bəs siz ona nə hörmət edə bilərsiz? demişdir. İddiaçı da nə etməli olduğunu soruşmuşdur. Onlar ona torpağın pulunu tam ödəmişlər, zəhmət çəkərək vaxt ayırıb notariusa getdiyinə görə şirinlik verə bilər, bundan başqa hər hansı ödəniş etməyi düşünmür. Bu məzmunda danışıq olmuş və həmin adam sonra əlaqə saxlayacağını bildirmişdir. Daha sonra iddiaçı və oğlu Zaur dəfələrlə Cavabdeh ilə danışmışlar. Cavabdeh onalara İbrahimxəlilin olan borcu olduğunu, ona görə də hələlik etibarnamə vermədiyini, İbrahimxəlil ona borcunu ödəməli olduğunu, sonra nə lazımsa edəcəyini bildirmişdir. Onlar İnrahimxəlil ilə danışmışlar, O isə Cavabdeh yalan danışdığını, onun Cavabdeh heç bir borcu olmadığını, rəhmətlik Qəzənfər ilə Cavabdeh onun yanında özləri danışıb razılaşdığnı demişdir. Onlar torpağın Cavabdeh əvvəlki sahibi olan X15 ilə əlaqə saxlamışlar, F.Əliyev bəhs edilən torpağın iddiaçıya aid olması barədə məlumatlı olduğunu, istənilən vaxt hər hansı köməklik etməyə hazır olduğunu bildirmişdi. Beləliklə, işin halları və təkzibedilməz faktlarla təsdiq olunur ki, iddiaçının mərhum əri və iddiaçı ünvan 1 ünvanında yerləşən 200 kv.m. torpaq sahəsi üzərində qarşılıqlı razılıq əsasında ev inşa etmişlər və ailə üzvləri ilə birlikdə 10 ildən artıqdır ki, fasiləsiz və etirazsız olaraq həmin evdə yaşamışlar. Onlar heç kimin torpağını zəbt etməmişlər, heç kimin hüquqlarını pozmamışlar, bütün addımlar bütün tərəflərin razılığı ilə atılmışdır. Göründüyü kimi Cavabdeh ilə aralarında 2012-ci ilə tarixində aşağıdakı məzmunda razılaşma olmuşdur: Cavabdeh məxsus torpaq sahəsi onlara təhvil verilir və sahədə tikinti aparmağa razılıq verilir, torpaq sahəsinə dair bütün sənədlərin əsli onlara təhvil verilir, torpağın razılaşdırlmış qiyməti tam olaraq Cavabdeh ödənilir, müvafiq əqdlər imzalanır, əmlakın sənədləşdirilməsi başa tam çatmamış olduğundan sənədləşmə işlərinin onlar başa çatdırırlar, əmlakın sənədləşməsi, əmlaka sahiblik, istifadə və üzərində sərəncam vermək hüquq və səlahiyyətləri, habelə satmaq və pulunu almaq ixtiyarı onlara keçir, yəni iddiaçının mərhum həyat yoldaşına verilir və O da sonradan iddiaçının adına rəsmiləşdirir, eləcə də torpağın sənədləşdirilməsi və daha sonra üzərində sərəncam verilməsi ilə bağlı hüquqlar da verilməklə bununla bağlı notarial formada uzun müddət, 100 il qüvvədə olan müvafiq səlahiyyətləri özündə ehtiva edən vəkalətnamə, etibarnamə verilir. Sonrakı tarixlərdə həmin torpaq sahəsini və üzərində inşa edilən tikililərin sənədləşməsi ilə bağlı tələb olunan bütün zəruri hərəkətlər Cavabdeh tərəfindən icra edilir, sənədləşmə işlərini onlar zamanla başa çatdırırlar, onlar hər zaman əmlakı satmağa və pulunu bilavasitə almağa tam ixtiyarlı olub, sənədləşmə ilə bağlı xərclər onlara aid olur. Aralarında yuxarıda qeyd olunan şəkildə razılaşma (saziş) əldə olunduqdan sonra bu razılaşmanı təsdiqi kimi aşağıdakı sənədlər notariat qaydada hazırlanıb təsdiq olunmuşdur: Bakı şəhəri 40 saylı dövlət notariat kontorunun dövlət notariusu X6 tərəfindən xx.xx.2012-ci il tarixində təsdiq olunmuş 7-E-09-5111 reyestr nömrəli etibarnamə. Cavabdeh tərəfindən mərhum ərim X5 verilmiş həmin etibarnaməyə görə Bakı şəhəri, Xətai rayonu, Əhmədli Bələdiyyəsi tərəfindən 12 fevral 2009-cu il tarixində verilmiş, 02 saylı Qərardan Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 200 kv.m. torpaq sahəsi üzərindəki hüquq və səlahiyyətlər, o cümlədən torpaq sahəsinin üzərində tikinti işləri aparmaq, ev tikmək, özəlləşdirmək, bununla əlaqədar bütün dövlət və qeyri-dövlət idarə müəssisələrdə səlahiyyətli nümayəndə olmaq, adından ərizələr yazıb imzalamaq sənədləri aidiyyəti orqana təhvil verib torpağa və evə dair Reyestrdən Çıxarış, Texniki Pasport almaq, üzərlərində yüklülük olmadığı halda istənilən sərəncamı vermək, o cümlədən istər adi qaydada, istərsə də ipoteka yolu ilə satmaq, satdığına dair pulunu almaq, buna dair müqaviləni imzalamaq, bağışlamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək səlahiyyətləri verilib, etibarnamənin 2112-ci il tarixnədək qüvvədə olduğu qeyd olunub. Cavabdehin xx.xx.2012-ci il tarixində notarial formada verdiyi ərizələr, ərizələrdə cavabdeh bunları bəyan etmişdir: “Bildirirəm ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli Bələdiyyəsi tərəfindən 12 fevral 2009-cu il tarixli, 02 saylı Qərardan Çıxarışa əsasən ünvan 3ndə yerləşən 200 kv.m. torpaq sahəsi almışam. Həmin torpaq sahəsini alarkən ödədiyim məbləği bütünlüklə X8 mənə ödəmişdir. Xahiş edirəm ki, yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsini X2 adına rəsmiləşdirəsiniz, daşınmaz əmlakımı özgəninkiləşdirərkən, subayam, nikahım yoxdur, özgəninkiləşdirilən daşınmaz əmlakım üçüncü şəxslərin hüquqları ilə yüklü deyil, Əgər Gələcəkdə mübahisə yaranarsa, dəymiş maddi ziyanı özüm ödəyəcəyəm. Cavabdeh torpağa dair onda olan bütün sənədlərin əslini bizə təhvil vermişdir, həmin sənədlər hər zaman məndə olmuşdur. Beləliklə, Cavabdeh ilə aramızda 2012-ci ildə yuxarıdakı şəkildə razılaşma (saziş, əqd) olmuşdur. Cavabdeh hazırda həmin razılaşma ilə üzərinə götürmüş olduğu öhdəliyini pozmuşdur, yəni hazırda iddiaçıya eyni məzmunda etibarnamə verməməklə öz öhdəliyinə xilaf çıxmışdır. Buna görə İbrahimxəlil Əhmədovun guya ona borcu olmasını səbəb göstərsə də, bunun işə aidiyyəti olmadığına görə, Cavabdeh öhdəliyini pozmuş sayılır. Bununla yanaşı cavabdeh G.Məmmədoova mənim torpaq üzərində hüquqlarımı təsdiq edir, buna etirazının olmadığını bəyan edir, “mənim işim İbrahimxəlil ilədir, sizinlə işim yoxdur” deyir. Hər bir halda nəticədə haqsızlığa uğrayan iddiaçı olur, Cavabdeh dürüst və vicdanlı davranmadığı təsdiq olunur. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil İmanverdi oğlu Azərbaycan Respubliksı MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı 200 kv.m. torpaq sahəsi üzərindəki hüquq və səlahiyyətlərin, o cümlədən torpaq sahəsinin sənədləşdirilməsinin başa çatdırılması, həmçinin əmlak hüquqlarının qeydiyyatı, lazımi ərizə və sənədlərin imzalanması, təqdim edilməsi və zəruri sənədlərin təhvil alınması, əmlakı satmaq, satmağa dair pulu almaq, əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarını da ehtiva edən və etibarlılıq müddəti 2112-ci ilədək olan etibarnamənin iddiaçı X3 verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsini iddiaçının istifadə və sahibliyinə vermişdir. Daha sonra iddiaçı sözügedən torpaq sahəsində 2012-ci il tarixdə fərdi yaşayış evi tikdirmiş və həmin ildən də ailəlikcə həmin evdə yaşayırlar. Belə ki, tərəflər arasındakı razılaşmadan görünür ki, cavabdeh sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsi üçün sənədləşmə işinin aparılmasında köməklik edəcəyinə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üçüncü şəxsin ona borcunun olmasını bəhanə gətirərək (hansı ki, iddiaçının tanıdığı şəxs) hazırkı dövrə qədər öz üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizədə görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Əhmədli Bələdiyyəsi tərəfindən 12 fevral 2009-cu il tarixli, 02 saylı qərardan çıxarışa əsasən ünvan 3ndə yerləşən 200 kv.metr torpaq sahəsini alarkən ödəniş etdiyi məbləği iddiaçının mərhum həyat yoldaşı X8 ona ödəmişdir. Həmçinin həmin ərizədən görünür ki, cavabdeh sözügedən torpaq sahəsinin iddiaçının həyat yoldaşı X2 adına rəsmiləşdirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş eyni tarixli (xx.xx.2012-ci il) notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, sözügedən əmlak üçüncü şəxslərin hüquqları ilə yüklü deyil və əgər gələcəkdə mübahisə yaranarsa, dəymiş maddi ziyan cavabdeh tərəfindən ödəniləcəkdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsində qeyd edildiyi kimi öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Məcəllənin 386-cı maddəsinin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının tələbi öhdəliyin icrası ilə bağlıdır. Qanunvericiliyə əsasən öhdəliyin yaranma əsasları yuxarıda qeyd edilmişdir. Hazırkı maddənin tələblərini sözügedən işə tətbiq edən məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəliyin yaranması halı aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh öhdəliyini icrasından qismən yayınmışdır. Belə ki, cavabdeh sözügedən əmlakı faktiki olaraq iddiaçının sahiblik və istifadəsinə versə də, həmin əmlakın adına rəsmiləşdirilməsinə süni maneələr yaratmaqla qeyd olunan torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin edilməsinə dair öhdəliyini yerinə yetirmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Daha sonra məhkəmə iddia tələbinin digər hissəsi olan etibarnamənin verilməsinə münasibətdə qeyd edir ki, tərəflər arasındakı razılaşma sözügedən torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlıdır. Lakin tərəflər arasında bu sənədləşdirmənin hansı üsul və vasitələrlə aparılmasına dair hər-hansı razılıq mövcud deyil. Etibarnamənin verilməsi məhz tərəflər arasında razılaşmayla üzərinə götürdüyü öhdəliyin həyata keçirilməsindən irəli gələn üsul və vasitələrdən biridir. Bu səbəbdən də məhkəmə qeyd edir ki, etibarnamənin verilməsi cavabdehin üzərinə məcburi öhdəlik kimi qoyula bilməz. Belə ki, öhdəlikdən yaranan hərəkətləri hansı qaydada həyata keçirilməsi cavabdehin sərbəst iradə ifadəsindən irəli gələn haldır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi qəsmən təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 100 manat tərəflər arasında bölüşdürülməlidir. Odur ki, ödənilmiş 100 manatın 50 manatı İddiaçı özünə aid edilməli, qalan 50 manatı isə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı 200 kv.m. torpaq sahəsi (Bakı şəhəri, Xətai rayonu, Əhmədli Bələdiyyəsinin l6.03.2007-ci il tarixli, 23 saylı sərəncamı ilə X11 ayrılmış və həmin Bələdiyyə tərəfindən 12 fevral 2009-cu il tarixində verilmiş, 02 saylı Qərardan Çıxarışa əsasən Cavabdeh adına rəsmiləşdirilmiş torpaq sahəsi) üzərindəki hüquq və səlahiyyətlərin, o cümlədən torpaq sahəsinin sənədləşdirilməsinin başa çatdırılması vəzifələrinin yerinə yetirilməsi Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı X16 tərəfindən ödənilmiş 100 manatın 50 (əlli) manatı İddiaçı özünə aid edilsin, qalan 50 (əlli) manatı isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3536/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3536/2023
17.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver