Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-361/2025 09.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2206 (iki min iki yüz altı) manat məbləğində sığorta ödənişinin, 42.06 (qırx iki manat, sıfır altı qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 2248.46 (iki min iki yüz qırx səkkiz manat, qırx altı qəpik) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASCnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh2 məxsus olan, Cavabdeh1 idarə etdiyi və Cavabdeh3 tərəfindən İddiaçı ASC-də “icbari sığorta” qaydasında sığortalanmış “Daf XF 95” markalı ** SF *** dövlət nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək, “Kia Rio” markalı, ** CK *** dövlət nömrə nişanlı avtomobilə zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.1 və 152.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Sığorta hadisəsi nəticəsində “Kia Rio” markalı, ** CK *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 200 (iki yüz) manat şərtsiz azadolma məbləği çıxıldıqdan sonra 2206 (iki min iki yüz altı) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 2206 (iki min iki yüz altı) manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, hesab edirik ki, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı da cavabdehlərdən tutulmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan PAZ********** saylı icbari sığorta şəhadətnaməsinə görə Cavabdeh3 məxsus “Daf XF 95” yük markalı, **-SF-*** dövlət qeydiyyatı nişanlı avtomobil xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığorta məbləğləri- əmlaka vurulan zərərə görə 5000 (beş min) AZN, sağlamlığa vurulan zərərə görə-bir şəxs üçün 5000 (beş min) AZN, bir hadisə üzrə isə 50 000 (əlli min) AZN müəyyən edilmişdir. İş materiallarında olan CML-3258/2015, CML-3258/2015-2016-1, 1546/15/CML377/15 saylı Sığorta Aktlarından görünür ki, xx.xx.2015-ci il tarixində Cavabdeh3 200 manat və 2206,10 manat, X2 2206,10 manat məbləğində sığorta ödənişi icra edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 200 manat, "xxxx" ASC-nin hesabına 2206,10 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan “Hesablama” aktından görünür ki, X2 məxsus avtomobilin təmiri üçün ümumilikdə 2406,10 manat ziyan dəymişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”dan görünür ki, xx.xx.2015-ci il tarixdə saat 08:30-da Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş vermişdir, yol nəqliyyat hadisəsinin növü toqquşmadır, hadisənin baş verməsində təqsiri olan şəxsin idarə etdiyi avtonəqliyyat vasitəsi “Daf XF-95 ” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi Cavabdeh2, hadisə zamanı sürücüsü Cavabdeh1 olmuşdur, zərərçəkən şəxs X3r. İş materiallarında olan İXP 869768 saylı “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, “Daf XF-95 ” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 5 təqvim günü ərzində zərər məbləğini ödəməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xx.xx.2024-cü il tarixdə məktub göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 42,06 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh2 mülkiyyətində olan və Cavabdeh3 tərəfindən "xxxx" ASC-də sığorta olunmuş Daf XF-95 ” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixində Cavabdeh1 tərəfindən idarə edilərkən Abşeron rayonu ərazisində X2 məxsus nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi üzrə "xxxx" ASC tərəfindən hadisə nəticəsində X2 məxsus nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2206 manat məbləğində sığorta ödənişi ödənilmişdir, iddiaçı "xxxx" ASC “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə müvafiq olaraq subroqasiya hüququnun yarandığını iddia edərək 2206 manat məbləğində sığorta ödənişinin əvəzinin ödənilməsini tələb edir, iddia tələbinin əsasını sığorta olunmuş “Daf XF-95 ” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə edilməsi təşkil edir. Qeyd olunmalıdır ki, sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ (sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmaması sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aid məsələ deyildir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. Bundan başqa, etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi Cavabdeh1 avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs olmasına əsaslanır “hüququ olmayan şəxs” dedikdə isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur və iş materiallarından görünür ki, hər üç cavabdehin hadisənin baş verdiyi tarixdə sürücülük vəsiqəsi olmuşdur və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə “Daf XF-95 ” markalı, **-SF- *** dövlət qeydiyyat nişanlı avtomobil buna hüququ olan şəxs tərəfindən idarə edildiyindən, iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbayan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin “Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2206 (iki min iki yüz altı) manat məbləğində sığorta ödənişinin, 42.06 (qırx iki manat, sıfır altı qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 2248.46 (iki min iki yüz qırx səkkiz manat, qırx altı qəpik) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2206 (iki min iki yüz altı) manat məbləğində sığorta ödənişinin, 42.06 (qırx iki manat, sıfır altı qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 2248.46 (iki min iki yüz qırx səkkiz manat, qırx altı qəpik) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-361/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-361/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver