Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3660/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İşin faktiki halları:
1. “Seat Leon” minik markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – Sığortalanmış avtomobil) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Sığorta müqaviləsi üzrə sığortalı X4, Sığortalanmış avtomobili idarə edən şəxsin cavabdeh olduğu göstərilmişdir.
2. xx.xx.2022-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh idarə etdiyi Sığortalanmış avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X2 idarə etdiyi “Hyundai Accent” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil ziyan vurmuş və dəymiş zərər 350 manat məbləğində qiymətləndirərək, həmin vəsait faydalanan şəxs X1 bank hesabına ödənilmişdir.
3. Həmçinin, cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar (xx.xx.2022-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol əsasında) qəbul edilməklə, o, İXM-nin 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçı yol-nəqliyyat hadisəsi nətcəsində verilmiş 350 manat sığorta ödənişinin və 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 384,40 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdeh idarə etdiyi Sığortalanmış avtomobillə Bakı şəhəri, Babək prospekti ilə hərəkət edərkən manevr qaydalarını pozmuş və nəticədə “Hyundai Accent” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla Sığortalanmış avtomobilin sürücüsü olmuş cavabdeh AR İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə protokol yazılmış və AR İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirkar olduğu müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 350 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh hadisə vaxtı Sığortalanmış avtomobili müvafiq etibarnamə olmadan, yəni idarəetmə hüququ olmadan idarə etmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin o, ərizə ilə məhkəməyə müraciət edərək səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 152.3 İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
10. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
11. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. “Təmsil” sözünün mənası isə birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək, onun adından danışmaq, yaxud birinin mənafeyini, fikrini, görüşünü və s. ifadə etmək deməkdir.
12. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
15. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
18. Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
19. Maddə 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə şəxslər qırx manat məbləğində cərimə edilir.
Azərbaycan Respublikasının “İcbari Sığortalar haqqında” Qanunu
20. Maddə 25.1.3 İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu
21. 1-ci maddəsinin 33-cü bəndi yol hərəkəti iştirakçısı — hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə iddia ərizəsinin dəlillərini və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassızdır.
23. İddiaçı sığorta ödənişini cavabdeh tərəfindən avtomobili “müvafiq etibarnamə olmadan” idarə etdiyi üçün “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsinə əsasən tələb edir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün hüquqi həlli baxımından İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş “nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi” və “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsində nəzərdə tutulmuş “hüququ olmayan şəxs” ifadələrin mahiyyətinin (həmin ifadələrin tətbiqinin hansı məqsəd daşıdığını) aydınlaşdırılması zəruridir.
24. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsini inzibati xəta olaraq müəyyən etmişdir. Müddəada nəzərdə tutulmuş “nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi” ifadəsini aydınlaşdırmaq üçün inzibati xətalar barədə qanunverciliyin vəzifələrinə diqqət yetirmək vacibdir. Bu vəzifələr İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsində sadalanır (inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir). İnzibati xətalar qanunvericiliyində göstərilən vəzifələrdən irəli gələrək Məcəllənin 332.1-ci maddəsində nəzərdə tutulmuş istisna ilə avtomobilin etibarnamə olmadan idarə edilməsinin inzibati xəta kimi müəyyən edilməsində əsas məqsəd avtomobil sahiblərinin (mülkiyyətçilərinin) hüquqlarının qorunması, baş vermiş konkret xətanın törədilməsində təqsirin müəyyən edilməsi, xətanı törədən şəxsin şəxsiyyətinin dəqiq müəyyən edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsindən ibarətdir. Bu müddəa ilə tənzimlənən münasibətlər inzibati xətanın əsas iştirakçıları ilə (inzibati xətanı törədən şəxs və zərərçəkmiş şəxs) konkret səlahiyyətli dövlət orqanları arasında olan ictimai münasibətləridir. İnzibati xətanın törədildiyi halda fiziki və hüquqi şəxslər inzibati hüquq münasibətlərinin əsas iştiakçılarına çevrilirlər (§18 və 19).
25. İcbari sığorta münasibətləri isə mülki hüquqi münasibətlərdir. Bu münasibətlərin yaranması üçün tərəflər arasında icbari sığorta müqaviləsinin bağlanması isə mütləqdir. Göründüyü kimi, İXM-nin 332.1-ci maddəsi ilə tənzimlənən ictimai münasibətlərin icbari sığorta müqaviləsi ilə tənzimlənən mülki hüquqi münasibətlərə heç bir adiyyəti və icbari sığorta münasibətlərinin subyektlərinin hüquq və mənafələrinin qorunması ilə bağlılığı yoxdur.
26. Azərbaycan Respublikasının “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində subroqasiya hüququnun yaranmasının yeganə dispozitiv şərti sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə “hüququ olmayan şəxs” tərəfindən istismar edilməsini nəzərdə tutur və bu norma 2 növ hüquqi tənzimləmə vasitəsilə bilavasitə sığortaçının mənafelərinin qorunmasına xidmət edir. Bu hüquqi tənzimləmənin biri sığorta şəhadətnaməsində göstərilən əmlakın idarə edilməsi, digəri isə əmlakdan istifadə və onun işlədilməsi, habelə digər qaydada istismar edilməsi ilə əlaqədardır. Hazırkı mübahisə üzrə sığorta predmeti olan əmlaka, yəni nəqliyyat vasitəsinə gəldikdə, göstərilən müddəada “hüququ olmayan şəxs” ifadəsi, sığortaçının mənafeyi baxımından, avtomobili idarə etmək hüququnun olmamasını nəzərdə tutur. Nəqliyyat vasitəsini idarə etmək hüququ şəxsin nəzəri və təcrübi biliklərə yiyələndikdən sonra ona sürücülük vəsiqəsi verilməklə yaranır. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin isə yol-nəqliyyat hadisəsi törətməsi (sığorta müqaviləsinin tərəfi olaraq sığorta hadisəsi törtəməsi) riski daha yüksəkdir. Bu mənada, həmin müddəa sığortaçının mənafeyini qoruyaraq, yol-nəqliyyat hadisəsi nəticəsində baş verən sığorta hadisələrinə görə ödənilmiş sığorta ödənişlərinin sonradan geri tələb etmək hüququnun təminatı kimi nəzərdə tutulmuşdur.
27. “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulan digər hüquqi tənzimləmə isə, ümumilikdə əmlakdan istifadə etməni ehtiva edir. Çünki əmlakın istər işlədilməsi, istəsə də digər qaydada istismar edilməsi istifadədən doğan hərəkətlərdir. Əmlakdan istifadənin əsasları isə Mülki Məcəllənin 152.3-cü maddəsində nəzərdə tutulmuşdur (§ 20). İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Avtomobildən bu şəkildə istifadə həm icarə müqaviləsi, həm də əvəzsiz istifadə müqaviləsi əsasında həyata keçirilə bilər. Mülki Məcəllədə əvəzsiz istifadə müqaviləsinin mütləq yazılı formada bağlanması qaydası isə nəzərdə tutulmamışdur. Bu mənada, mülkiyyətçisinin razılığının şifahi formada olması da əmlakın istifadə edilməsi üçün kifayət edir.
28. Şərh edilənlər onu deməyə əsas verir ki, “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin məqsədləri üçün “hüququ olmayan şəxs” ifadəsi əmlakın qanuni əsaslar olmadan istifadə edilməsini, onun işlədilməsini, habelə digər qaydada istismar edilməsini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, yuxarıda da şərh edildiyi kimi, amlaka dair kirayə müqaviləsinin və əvəzsiz istifadə müqaviləsinin bağlanması (mülkiyyətçinin razılığının olması) qanuni əsaslar hesab edilir. Mülkiyyətçinin razılığı isə onun iradə ifadəsi hesab edilir və belə iradənin (razılığın), xüsusilə əvəzsiz istifadə müqaviləsində, yazılı olması mütləq deyil. Konkret mübahisəyə gəldikdə isə, mülkiyyətçi tərəfindən (X5) avtomobilin istifadəsi ilə bağlı hər hansı etirazın irəli sürülməməsi (bununla bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir) onun razılığının olmasını ifadə edir ki, bu da avtomobilin qanuni əsasla istifadə edilməsi, işlədilməsi, yaxud istismar edilməsi barədə qənaətə gəlməyə əsas verir.
29. “İcbari Sığortalar haqqında” Qanunun 13.4-cü maddəsində də göstərilir ki, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur.
30. Məhkəmə avtomobilə dair etibarnamənin olmamasına dair iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, mülki hüquq münasibətləri baxımından etibarnamə əmlakı idarə etmək hüququnu deyil, təmsilçiliyi nəzərdə tutur. “Təmsil” sözünün mənası isə birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək, onun adından danışmaq, yaxud birinin mənafeyini, fikrini, görüşünü və s. ifadə etmək deməkdir. Həmçinin, Mülki Məcəllənin 152.8-ci maddəsində də etibarnamənin mahiyyətinə daha dəqiq aydınlıq gətirilərək qeyd edilir ki, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
31. Yol hərəkəti münasibətlərində isə avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçiliyin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndinə yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, İXM-nin 332.1-ci maddəsində göstərilən əsaslarla etibarnamənin olmamasının inzibati xəta hesab edilməməsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində göstərilən əmlakı idarə edən və onu istifadə edən şəxslər kimi qəbul edilməsinə əsas vermir, çünki əvvəldə də geniş şərh edildiyi kimi, inzibati qanunvericiliyin tənzimlədiyi ictimai münasibətlərlə mülki qanunverciliyin tənzimlədiyi ictimai münasibətlər bir-birindən fərqlənir. Qanunun 25.1.3-cü maddəsinin məqsədləri baxımından “hüquqi olmayan şəxs” yalnız sürücülük hüququ olmayan şəxsdir, həmçinin nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxsdir.
32. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, cavabdeh avtomobili etibarnamə olmadan idarə etmək səlahiyyətinə malik olduğundan onun təqsiri nəticəsində baş vermiş sığorta hadisəsinə görə ödənilmiş sığorta ödənişi “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsinə müvafiq olaraq subroqasiya qaydasında cavabdehdən tələb edilə bilməz.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı