Məhkəmə qərarları › İş №e-2(011)-3688/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3688/2024

06.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3688/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – 14.500 manat əsas borcun, icranı gecikdirməyə görə 725 manat faiz borcunun, vəkilin göstərdiyi hüquqi yardım üçün 500 manat məbləğinin, etibarnamənin alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərcin, cəmi 15.742,25 manat pul məbləğinin və 137,2 manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin iyun ayının 22-si özü üçün 2014-cü il buraxılışlı “Chevrolet Cruze” minik markalı 1G1PE55B7E7293110 ban nömrəli, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili satın almışdır. Bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə BA 188538 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. İddiaçı maşını bir müddət idarə etdikdən sonra anasının xahişi ilə maşını lombarda verərək borc müqaviləsi əsasında 3.300 manat pul götürmüşdür. Hər ayın 4-dən gec olmayaraq 460 manat pul ödəmiş və həm borcdan həm də faizdən silinmişdir. Təxminən 2023-cü ilin fevral ayında iddiaçının anası avtomobili satmağı təklif etmiş, iddiaçı da razılaşmışdır. İdidiaçının anası avtomobilin satılmasına kömək göstərməsi üçün özünün əmisi nəvəsi Cavabdeh2 ilə danışmışdır. 17 fevral 2023-cü il tarixində Cavabdeh2 maşını götürməyə gələrkən onun qiymətinin 14.500 manat olduğunu bilmiş və 3-5 günə satacağını vəd etmişdir. 10 gün keçdikdən sonra Cavabdeh2lə əlaqə saxlanılıb maşını satıb-satmadığını soruşduqda Cavabdeh2 narahat olmamağı və işlərini həll etdikdən sonra satacağını bildirib. xx.xx.2023-cü il tarixində iddiaçı anası ilə birlikdə cavabdehin işlədiyi Babək prospektində yerləşən avtosalona getmiş və maşının orada olmadığını görmüşdür. Bunun səbəbini soruşduqda Cavabdeh2 qeyd etmişdir ki, maşın qaynı Vüsalın avtosalonundadır və yaxın zamanda satılacaqdır. O vaxtdan sonra dəfələrlə cavabdehlə əlaqə saxlasalar da müxtəlif bəhanələr gətirərək, nə maşını, nə də pulu qaytarmışdır. Bununla bağlı iddiaçı Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə Qərar qəbul edilmişdir. Polis Şöbəsində araşdırma aparılan zaman iddia ərizəsində göstərilən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatları alınmışdır. İzahatı alınmış Cavabdeh2 izahatından göstərmişdir ki, maşını Babək prospektində avtosalonların birində 13.500 manata satışa qoymuşdur. Maşın salonda satılmamış və tanımadığı şəxs salona yaxınlaşaraq BMW markalı maşınla barter etməsini təklif etmişdir. Cavabdeh2 də maşını barter etmişdir. Eyni zamanda digər Cavabdeh1 da izahatı alınmışdır. Cavabdehlər izahatlarında qeyd etmişlər ki, güya iddiaçı anasının razılığı ilə maşını lombardan çıxarmış və sonra da barter etmişdir. İddiaçı isə qeyd edir ki, bu barədə anasına hər hansı bir etibarnamə verilməmiş və anası da maşının lombardan çıxarılmasına və barter verilməsinə heç bir rəsmi razılıq verməmişdir. Maşının sahibi İddiaçı olmuşdur və onun razılığı olmadan hər hansı bir rəsmilləşdirmə aparıla bilməzdi. İşin faktiki hallarından görünür ki, cavabdehlər iddiaçının maşınını satmaq qərarına gəlmiş və qeyri-qanuni yolla maşını başqasının adına keçirməkdə haqlı olmamışdırlar. Dəfələrlə maşının pulunu qaytarmağa söz versələr də ötən bir il ərzində iddiaçıya nə maşını qaytarmış, nə də pulu vermişdirlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, bildirmişdir ki, iddiaçının ona qarşı iddia tələbini əsassız və qanunsuz hesab edir, iddia tələbi işin həqiqi hallarını əks etdirmir, tələb dəqiq məlum deyildir. İddiaçı iddia tələbi ilə əsl həqiqətdə özünün nə istədiyini, nəyə istinad etdiyini dəqiq göstərə bilməmişdir. Belə ki, ilk olaraq onu qeyd edir ki, iddiaçı onun qohumudur, avtomobillə bağlı sövdələşmə iddiaçı ilə deyil anası X7 ilə olmuşdur. Qeyd olunan avtomobil iddiaçı tərəfindən özlərinin sonradan ona dediyi kimi lombarda qoyulmuş oradan öz şəxsi istifadələri üçün pul məbləği götürülmüşdür. Sonradan həmin avtomobili satmaq istədiklərini ona dedikləri zaman avtomobilin lombarddan çıxarılmasının təmin edilməsi üçün tərəfindən lombard işçisi olan hazırda cavabdeh kimi işə cəlb olunmuş Cavabdeh1 3.000 manat məbləğində pul vəsaiti ödəmişdir. Hansı ki, 3.000 manat pul məbləğinin onun tərəfindən lombarda ödənilməsi faktını iddiaçı özü də qəbul edir. Avtomobilin təmirə ehtiyacı olduğu üçün tərəfindən avtoservisə qoyulmuş və avtomobilin təmir xərcləri üçün tərəfindən 200 manat rəngsaza, 80 manat əyləc sıxıcıya, 200 manat mühərrikdə olan kitaba oxşar yağ blokuna, 150 manat komputer antizanos sisteminə, 200 manat usta haqqı, 200 manat texniki pasport və 667 manat radar cərimə ödənişləri cəmi 1.837 manat ödənilmiş və bu barədə qohumu X5 məlumat verilmişdir. Göründüyü kimi, qeyd olunan avtomobilə görə tərəfindən cəmi olaraq 4.837 manat məbləğində pul vəsaiti xərclənmişdir. Avtomobilin bazar dəyəri 10.000 manat məbləğində dəyərləndirilmişdir. Avtomobil digər avtomobillə barter olunmuş onun avtomobilə çəkdiyi xərc 4.837 manat çıxılmış, yerdə qalan 5.163 manat pul məbləği X5 təklif olunsa da, pul məbləğini qəbul etmir, hansı ki, avtomobillə bağlı bütün xərcləri özləri açıq şəkildə bilib və görmüşlər. Hesab edir ki, hazırki iddia tələbi qanunsuz olduğundan təmin olunmamalıdır. Məhkəmə işə düzgün hüquqi qiymət verməklə işin həqiqi hallarına uyğun ədalətli və qanuni qətnamə qəbul etməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Cavabdeh2 onun qohumudur. Oğlu İddiaçı “Chevrolet Cruze” minik markalı avtomobilini satmaq üçün oğlu ilə Cavabdeh2 müraciət etmişdilər. Bundan başqa oğlu digər Cavabdeh1 borc aldığına görə maşını lombarda girov qoymuşdur və lombarda borcu var idi. Cavabdeh2lə avtomobilin qiymətini 14.500 manata razılaşdırdılar. Sonra Cavabdeh2lə əlaqə saxlanılıb maşını satıb-satmadığını soruşduqda Cavabdeh2 dəqiq məlumat verməmişdir. Daha sonra məlum olmuşdur ki, maşını satıb amma pulunu verməmişdir. Cavabdeh2 oğlunun əvəzinə lombarddan götürdüyü borcu ödəyib-ödəmədiyini dəqiq bilmir. Lakin, həmin borc oğlundan tələb olunmur. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Xəzər RPİ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, X3 ərizəsi əsasında torplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Təhqiqat müddətində X3 izahatı alınmışdır. Alınmış izahatda o, bildirmişdir ki, hazırda heç bir yerdə işləmir. 2022-ci ilin iyun ayının 20-si oğlu İddiaçı üçün “Chevrolet Cruze” markalı avtomobil almış və həmin avtomobili onun adına rəsmiləşdirmişdir. Oğlu İddiaçı işi ilə əlaqədar bir müddət Bakı şəhərində olmamışdır. 2022-ci ilin iyul ayının sonlarında maddi vəziyyəti pis olduğundan oğlu Farizdən xahiş etmişdir ki, ona məxsus olan “Chevrolet Cruze” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili lombarda qoyub əvəzinə pul götürsün. Oğlu Fariz Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən lombardların birindən borc müqaviləsi əsasında 3.300 manat pul götürmüşdür. Farizin dediyinə görə avtomobili lombardın işçilərindən birinin adına keçirmiş və oğluna baş etibarnamə vermişlər. Hər ayın 4-dən gec olmayaraq 460 manat pul ödəmiş və həm borcundan, həm də faizdən silinmişdir. Təxminən 2023-cü ilin fevral ayında həmin avtomobili satmaq qərarına gəlmiş bu haqda oğlu Farizlə danışıb razılıq əldə etmişdir. Cavabdeh2 onun əmisi nəvəsidir və avtomobil alqı-satqısı ilə məşğul olduğu üçün ona avtomobili satmaq istədiyi barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 öz oğlu Uğuru onun evinə göndərərək avtomobili götürməsini və müştəriyə satmasını bildirmişdir. Bu zaman o, Bəxtiyara maşının satış üçün nəzərdə tutduğu minimum məbləğin 14.500 manat olduğunu və daha aşağı qiymətə satılmasını istəmədiyini bildirmişdir. Maşının satışından əldə edilən 3.000 manatı lombard işlədən Həsən adlı şəxsə verərək lombarda olan borcu tam bağlamasını və qalan məbləği ona verməsini xahiş etmişdir. Bəxtiyar onunla razılaşaraq bildirmişdir ki, avtomobili yaxşı vəziyyətə gətirəcək, uzağı 3-5 günə satacaqdır. Avtomaşını götürəndən təxminən üç gün sonra o bilmişdir ki, Bəxtiyar lombard işlədən Həsən adlı şəxsə onların borcu olan 3.000 manatı ödəyib. Təxminən 10 gün sonra Bəxtiyar ilə əlaqə saxlamış, ondan maşının necə olduğunu soruşmuşdur. Bəxtiyar ona maşının ustada olduğunu, bütün xərclərini ona sonda deyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Fariz ilə birlikdə Babək prospektində yerləşən Bəxtiyarın işlədiyi avtosalona getmiş və avtomaşının orada olmadığını görmüşdür. Bəxtiyardan avtomaşının harada olduğunu soruşduqda Bəxtiyar ona maşının qaynı Vüsalın avtosalonunda olduğunu və yaxın zamanda satılacağını demişdir. O gündən etibarən Bəxtiyarla nə vaxt əlaqə saxlasa da, ona müxtəlif bəhanələr gətirmiş və ona avtomaşını, eyni zamanda pulu qaytarmamışdır. Bunu da qeyd etmişdir ki, lombard işlədən Həsən adlı şəxsə borcu ödənildikdən sonra nə o, nə də oğlu Fariz avtomobilin sənədləşdirilməsində iştirak etməmişdir. İzahatı alınmış Cavabdeh2 izahatında bildirmişdir ki, bibisi qızı X3 ərizəsi ilə tanış olmuşdur və bibisi qızının oğlu Farizə məxsus qeyd olunan maşını satmışdır. 2022-ci ilin yay aylarında eşitmişdir ki, Aynurun oğlu Fariz anasından xəbərsiz maşının texpasportunu maşının təmiri üçün aparıb ustaya qoymuşdur və anasından xəbərsiz maşını aparıb lambarda qoyub pul götürmüş və maşını lombardın adına keçirmişdir. Bir müddət keçdikdən sonra bibisi qızı Aynur onun mobil nömrəsinə zəng edərək, ona köməklik etməsini və maşını lombarddan çıxarmasını xahiş etmişdir. O, bibisi Aynura ona kömək edə biləcəyini bildirmiş və o, xahiş etmişdir ki, öz cibindən pui verib bağlasın. O, qeyd olunan lombarda Həsən adlı şəxsin yanına gəlmiş və telefon vasitəsilə Aynura zəng etmişdir. Lombard işçisindən xahiş etmişdir ki, onun faizlərini və lombarda olan borcunu bağlayıb avtomaşını onun adına baş etibarnamə ilə versin və o, lombard işçisi ilə danışmış, Aynurun nə qədər borcu olduğunu soruşmuş və o, 4.000 manat borcu olduğunu bildirmişdir. O, Həsən adlı şəxsdən borcu aşağı salmağını xahiş etmiş və razılıq əsasında lombarda 3.000 manat pul verib maşını lombarddan Aynurla telefon vasitəsilə əlaqə saxlaya-saxlaya, onun razılığı ilə çıxarmışdır. Sonradan əmisi qızı Aynur ondan xahiş etmişdir ki, avtomaşını satsın və onun borcunu çıxsın, qalan pulları isə ona versin. O, Aynura bildirmişdir ki, maşına təmir işləri lazımdır və onun razılığı ilə maşını ustaya təmirə qoymuşdur. Maşının təmirinə 1.837 manat pul vermiş və avtomaşının Babək prospektində salonların birində 13.500 manata satışa qoymuşdur. Lakin maşın salonda satılmamış və tanımadığı şəxs salona yaxınlaşaraq bildirmişdir ki, ona əlavə pul vermək şərtilə “BMW” markalı maşınla barter etsin. Bu barədə Aynura bildirmiş və onun razılığı əsasında maşını barter etmişdir. Aynur ona bildirmişdir ki, “BMW” satılandan sonra ona olan borcunu çıxsın və əlavə 1.000 manat zəhmət çəkdiyinə görə pul götürsün. Qalan pulları isə ona verməli olduğunu bildirmişdir. Barter etdiyi maşının hələ satılmadığını qısa bir zamanda satılan kimi Aynura olan borcunu verəcəyi barədə Aynura bildirmişdir. Lakin Aynur onu tələsdirərək pul lazım olduğunu bildirmişdir. O isə Aynura avtomaşın satıldığı təqdirdə pulu ödəyəcəyini izah etmişdir. O, Anurdan xəbərsiz heç bir hərəkət etmədiyini, lombarddan avtomaşını çıxarmaq üçün ondan xahiş etdiyini, pulu olmadığını bildirdiyini və o, öz cibindən 3.000 manat put verib avtomaşını çıxardığını, sonradan avtomaşının təmirə ehtiyacı olduğunu və təmir etməsinə razılıq verdiyini, avtomaşının cərimələri olduğuna görə 200 manat texpasportu götürmək üçün verdiyini, 667 manat radarlara pul ödədiyini, 200 manat rəngsaza pul verdiyini, 80 manat əyləclərinə pul verdiyini, 140 manat sığortaya pul verdiyini, 200 manat kitab yağına verdiyini bildirmişdir. Eyni zamanda 150 manat əlavə xərc sərf etmişdir. Avtomaşını satması və borcunu götürməsi razılıq əsasında olmuş və avtomaşın satılmadığı halda barter edilməsi Aynurun razılığı əsasında olduğunu, hazırda “BMW” markalı avtomaşının satışda olduğu, qısa müddətdə satılan kimi ona olan borcunu götürüb və Aynura olan 8.000 manat borcu isə ona verəcəyinə söz vermişdir. İzahatı alınmış Cavabdeh1 bildirmişdir ki, təxminən iki ilə yaxındır ki, özəl alqısatqı ilə məşğuldur. 06 iyul 2022-ci il tarixdə onun qiyabi tanıdığı şəxsin vasitəsilə İddiaçı ona yaxınlaşaraq xahiş etmişdir ki, ona borc pul versin və o, tanıdığı üçün borc müqaviləsi bağlayaraq onda olan “Chevrolet Cruze” markalı avtomaşını onun adına keçirməklə ona 4.000 manat verməsini xahiş etmiş, borc müqaviləsi bağlayaraq avtomaşını onun adına keçirmiş və qısa bir zamanda borcu bağlayıb maşını götürəcəyini bildirmişdir. Təxminən üç aya yaxın Fariz adlı şəxs və Aynur xanım onu mobil telefonuna zəng edərək bildirmişdir ki, onun yaxın qohumu Bəxtiyar adlı şəxs ona yaxınlaşıb borcu bağlayacaq və o, Bakı şəhərində olmadığı üçün avtomaşını Bəxtiyarın adına sənədləşdirilməsini xahiş etmişdir. O isə Aynur xanımın dediyi kimi, avtomaşını Bəxtiyar adlı şəxsə təhvil vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Chevrolet Cruze” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına (alqı-satqının dəyəri 14.000 manat), xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına (alqı-satqının dəyəri 15.500 manat), xx.xx.2023-cü il tarixli alıq-satqı müqaviləsinə əsasən isə X4 adına (alqı-satqının dəyəri 10.000 manat) rəsmiləşdirilmişdir. İddiaçı ilə X1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, “Chevrolet Cruze” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən A.İbrahimova 15.500 manata satılmışdır. X2 ilə X4 arasında bağlanılmış xx.xx.2023-ci il tarixli müqavilənin surətindən görünür ki, “Chevrolet Cruze” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil A.İbrahimov tərəfindən R.Babayevaya 10.000 manata satılmışdır. İş materiallarında olan 12 saylı xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, 500 manat pul məbləği İddiaçı tərəfindən “Femida” vəkil bürosuna ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən edilir ki, İddiaçı “Chevrolet Cruze” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilini üçüncü şəxsin (X1) adına rəsmiləşdirmək şərti ilə lombardda işləyən Cavabdeh1 borca 3.300 manat pul almışdır. Daha sonra iddiaçı avtomobilin satılması ilə bağlı Cavabdeh2 tapşırıq vermişdir. Sonuncu iddiaçının Cavabdeh1 aldığı borcun qalığı olan 3.000 manat pulu ödəyib avtomobilin üçüncü şəxsə (X6) 10.000 manata satılması üçün vasitəçi olmuşdur. Göründüyü kimi, “Chevrolet Cruze” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının tapşırığı ilə Cavabdeh2 tərəfindən vasitəçilik qaydasında satılması öz təsdiqini tapdığından, iddia qismən təmin edilməlidir. Avtomobilin satılması üçün iddiaçının daha əvvəl götürdüyü 3.000 manat məbləğində kredit borcunun Cavabdeh2 tərəfindən ödənilməsi və sonradan avtomobilin 10.000 manat dəyərində satılması iş materialları ilə təsdiq olunduğu halda, Cavabdeh2 qeyd etdiyi təmir xərclərinin çəkilməsi iş materialları ilə öz təsdiqini tapmır. Buna görə də qeyd edilmiş borcun ödənilməsi nəzərə alınaraq, avtomobilin satışından əldə olunmuş və cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış 7.000 manat məbləği Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, avtomobilin daha yüksək qiymətə satılması da iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə iddianın Cavabdeh1 aid hissəsinə qiymət verərək, hesab edir ki, Cavabdeh1 hazırkı iş üzrə mülki məsuliyyəti müəyyən edilmədiyindən, iddia ona münasibətdə təmin edilməməlidir. Məhkəmə “icranı gecikdirməyə görə 725 manat faiz borcunun cavabdehlərdən tutulması” barədə iddia tələbinə qiymət verərək, hesab edir ki, iddia göstərilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Belə ki, tərəflər arasında razılaşdırılmış tapşırığın yerinə yetirilməsinin son müddətinin Cavabdeh2 tərəfindən pozulması və onun tərəfindən icranın gecikdirilməsi iş materialları ilə təsdiq olunmadığından, iddia qeyd olunan hissədə təmin edilməməlidir. İddianın 137,2 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair hissəsini araşdıraraq məhkəmə hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh2 aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 137,20 manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğinin və etibarnamə üçün ödənilmiş 17,5 manat xərcin cavabdehlərdən tutulması ilə bağlı iddia tələbinə qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, göstərilən hissədə də iddia qismən təmin edilməli və iddianın verilməsi üçün 250 manat məbləğində çəkilmiş xərc Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 7.000 (yeddi min) manat dəymiş maddi ziyan məbləği, məhkəməyə müraciət olunması üçün çəkilmiş 250 (iki yüz əlli) manat xərc və 137,2 (bir üz otuz yeddi manat iyirmi qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 7.387,20 (yeddi min üç yüz səksən yeddi manat iyirmi qəpik) pul məbləği Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar