Məhkəmə qərarları › İş №e-2(011)-3711/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3711/2024

14.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3711/2024 14.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehlər Cavabdeh7, Cavabdeh11 Feyruz oğlunun, Cavabdeh9 və Cavabdeh6 iştirakları ilə, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh9, Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh2, Cavabdeh12, Cavabdeh11 Feyruz oğluna, Cavabdeh3, Cavabdeh6, Cavabdeh10 və Cavabdeh7 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdehlər Cavabdeh5, Cavabdeh9, Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh2, X6, X7, Cavabdeh12, Cavabdeh11 Feyruz oğluna, Cavabdeh3, Cavabdeh6, X8, Cavabdeh10 və Cavabdeh7 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 5.846,30 manat və 1.440,60 manat, Cavabdeh9 4.180,74 manat, Cavabdeh1 3.948,64 manat, Cavabdeh8 1.496,80 manat, Cavabdeh4 1.482,96 manat, Cavabdeh2 1.582,74 manat, cavabdeh X3 2.174,60 manat, cavabdeh X4 4.235,70 manat, Cavabdeh12 3.948,64 manat, Cavabdeh11 Feyruz oğlundan 5.635,30 manat, Cavabdeh3 3.557,68 manat, Cavabdeh6 2.487,58 manat, cavabdeh X5 2.454,72 manat, Cavabdeh10 2.205,20 manat və Cavabdeh7 1.147,36 manat olmaqla, cəmi 47.825,56 manat məbləğin İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMMC ünvan 1 ünvanında yerləşən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə Mənzil Məcəllənin Xİİİ fəslinə uyğun olaraq yaradılmaşı Binanın sahə mülkiyyətçilərinin könüllü birliyidir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Hazırda mənzil mülkiyyətçiləri müvafiq xidmətlərə görə iddiaçıya haqq ödəmir və bunun nəticəsində iddiaçıya borcları yaranmışdır. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh5 6.006,38 manat və 1.348,80 manat, Cavabdeh9 4.340,82 manat, Cavabdeh1 2.102 manat, Cavabdeh8 1.496,20 manat, Cavabdeh4 1.543,08 manat, Cavabdeh2 315.10 manat, Cavabdeh12 4.108,72 manat, Cavabdeh11 Feyruz oğlundan 5.795,38 manat, Cavabdeh3 3.565 manat, Cavabdeh6 2.597,92 manat, Cavabdeh10 2.294,60 manat və Cavabdeh7 1.235,44 manat olmaqla, cəmi 36.749,44 manat məbləğin İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər iddia tələbinə etiraz edərək, rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə yazılı etiraz təqdim edərək, izahatında bildirdi ki, qanunvericiliyin tələblərinə əsasən MMMC-nin üzvləri ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları MMMC-nin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada, MMMC-nin üzvü olmayan sahə mülkiyyətçiləri isə həmin MMMC ilə bağlanılmış müqaviləyə uyğun olaraq ödəyirlər. Yəni qanun ümumi əmlakının saxlanması, təmir ilə bağlı xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişlərin yığılması üçün iki hüquqi əsas müəyyən edir: birincisi- MMMC-nin üzvü olan sahə mülkiyyətçiləri üçün idarəetmə orqanın müəyyən etdiyi qaydanı, ikincisi - MMMC-nin üzvü olmayan sahə mülkiyyətçiləri üçün isə müqaviləni. Qanunun qeyd olunan tələbinə baxmayaraq iddiaçı tərəf iddiasının hüquqi əsası ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə ki cavabdehlərin, o cümlədən Cavabdeh5 Cəmiyyətin üzvü olubolmaması və ya müqavilə bağlayıb-bağlamaması barədə iş materiallarında heç bir sübut mövcud deyil. Bununla yanaşı iddiaçı tərəf tələb etdiyi məbləğin, yəni sahə mülkiyyətçiləri tərəfindən ödənilməli olan pul vəsaitinin uçotunu kustar üsulla - sadə yazılı formada deyil, “Muhasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müvafiq beynəlxalq standartlarına uyğun olaraq aparmalıdır. Buna baxmayaraq iddiaçı tərəfindən hesabatların qanunla müəyyən edilmiş qaydada aparılmasına dair hər hansı sübut təqdim edilməmiş, tələb edilən məbləğ formal mülahizə əsasında qeyd edilmişdir. Bu isə öz növbəsində maliyyə uçotunun aparılması qaydalarının qanuna uyğun olaraq aparılmamasını eyni zamanda tələb olunan məbləğin həqiqəti əks etdirdiyinə şübhə ilə yanaşmağa əsas verir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 22 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərə baxan məhəkəmə hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməlidir. Lakin buna baxmayaraq hazırkı iş üzrə iddiaçı qeyd olunan məsələlərin araşdırılması üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsi İddiaçı MMMC tərəfindən həyata keçirilir və cavabdehlər həmin binanın sakinləridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMMC 2018-ci ildə yaradılmış, həmin vaxtdan yuxarıda qeyd olunan ünvanda yerləşən binanın idarə edilməsini həyata keçirmiş, o cümlədən binanın saxlanılması üçün sakinlər tərəfindən ödənilməli olan ödənişləri yığmışdır. İddiaçı cavabdehlərin Cəmiyyətin yarandığı tarixdən bugünə qədər göstərilmiş xidmətlərə görə ödənişlər etmədiklərinə əsaslanaraq, hər bir cavabdeh üzrə dövri hesabat tərtib edərək, həmin vəsaitlərin ödənilməsini tələb etmişdir, cavabdehlər isə Cəmiyyətinin hazırkı idarə heyəti təsdiq edilənədək, yəni 2022-ci ilin oktyabr ayına qədər bütün ödənişləri həyata keçirdiklərini, daha sonra isə onlara təqdim olunmalı hesabatlar (yığılan vəsait, çəkilən xərclər, xərclərin hesablanma qaydası və s.) təqdim olunmadığından ödəniş etməkdən imtina etmişlər. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərdən bir neçəsi müəyyən ödənişləri həyata keçirmişlər. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf məhkəməyə məlumat xarakteri daşıyan MMMC-nin illər üzrə gəlir və xərclərinə dair sadə formada tərtib edilmiş sənəd təqdim etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 119.1-ci maddəsinə görə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 128.0.3-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələri müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etməkdir. 137.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu R.Məhərrəmovanın şikayətinin əsas dəlilinin məhz kommunal xidmətlərə görə xidmət haqlarının ödənilməsinin tələb edilməsinin mənzil qanunvericiliyinə uyğun həyata keçirilməməsi ilə bağlı olduğunu nəzərə alaraq qeyd edir ki, çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (ixtisaslaşmış istehlak kooperativi) vasitəsilə və ya idarəedici təşkilat tərəfindən həyata keçirilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Hazırkı işin araşdırılması zamanı bu kateqoriyadan olan işlər üzrə Mənzil Məcəlləsinin tələblərinə riayət edilib-edilməməsini müəyyən etmək zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin istinad olunan ünvanda yerləşən binanın sakinləri olduqlarını bildirməklə, bu sakinlərdən binanın saxlanması üçün xərclərin və kommunal xidmətlərin ödənilməsini tələb etsə də, həmin tələbin hüquqi əsasının müəyyən edilməsi üçün məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. Mənzil Məcəlləsinin tələblərinə əsasən ümumi əmlakının saxlanması, təmir ilə bağlı xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişlərin yığılması üçün iki hüquqi əsas müəyyən edilir: birincisi- MMMC-nin üzvü olan sahə mülkiyyətçiləri üçün idarəetmə orqanın müəyyən etdiyi qayda, ikincisi isə - MMMC-nin üzvü olmayan sahə mülkiyyətçiləri üçün müqavilə. Buna baxmayaraq, cavabdehlərdən hansılarının MMMC-nin üzvü olması, hansıları ilə MMMC tərəfindən xidmətin göstərilməsi ilə bağlı müqavilənin bağlanılması barədə cavabeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli Qərarındakı mövqeyinə əsasən çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Bununla yanaşı, araşdırılan iş materiallarından və izahatı alınmış cavabdehlərin ifadəsindən müəyyən edilir ki, cavabdehlər iddiaçının tələb etdiyi dövrdə yalnız 2022-ci ilin oktyabr ayından etibarən iddiaçı tərəfindən onlardan tələb edilən vəsaitin hesablama qaydası ilə razı olmadıqları üçün onlardan tələb edilən məbləğləri ödəməkdən imtina etmişlər. Araşdırma zamanı cavabdehlər bildirmişlər ki, onlardan tələb edilən vəsait 2018-ci ildə MMMC tərəfindən razılaşdırılmış kalkulyasiya əsasında tələb edilən məbləğdir. Halbuki, 2022-ci ilin oktyabr ayından sonra MMMC-yə rəhbərlik hazırkı idarə heyətinə keçdikdən sonra onlara göstərilən xidmətlərdən bir çoxu aradan qalxmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, binaya xidmət edən işçilərin sayı 18dən 13-ə endirilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehlər məhkəməyə müraciət edərək iddiaçı tərəfindən onlardan hansı xidmətin dəyəri olaraq hansı vəsaitin tələb edilməsi ilə bağlı sənəd təqdim edilməsini xahiş etmişlər. Bunun əvəzi olaraq iddiaçı MMMC-nin gəlirləri və xərcləri ilə bağlı idarə heyətinin mülahizələrinə əsaslanan sadə yazılı formada məlumatlar təqdim etmiş, lakin həmin məlumatların hüquqi əsası ilə bağlı məhkəməyə tutarlı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında öz əksini tapmış hüquqi mövqedən də görünür ki, məhkəmələr bu kateqoriyadan olan işləri araşdıran zaman Mənzil Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş hallara diqqət yetirməlidirlər. İstinad olunan maddənin mətnindən görünür ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələri sırasına müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək daxildir. Araşdırma zamanı məhkəmə tərəfindən belə bir yığıncağın keçirilib-keçirilməməsi, normada göstərilən məsələlərin müzakirə olunub-olunmaması halları araşdırılarkən iddiaçının vəkili tərəfindən yığıncağın keçirildiyi bildirilsə də buna dəlalət edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İzahatında iddiaçının vəkili bildirmişdir ki, nə qədər ki, MMMC-yə keçmişdə rəhbərlik edən şəxslər tərəfindən yığımlar tam şəkildə aparılmamışdır, MMMC-nin bugünə mövcud olan külli miqdarda borcu vardır. Hazırkı idarə heyəti həmin borcların ödənilməsi yönündə fəaliyyətini həyata keçirilir. Borclar ödənildikdən sonra xidmətlərin haqqı yenidən müzakirə oluna bilər. Eyni zamanda da cavabdehlərin MMMC-nin yığıncağının çağırılmasını tələb etmək və orada qiymətlərlə bağlı təkliflərini bildirmək hüquqlarının olduğunu bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf tələb etdiyi məbləğlərlə bağlı məhkəməyə sübut kimi sadə yazılı formada tərtib edilmiş hesabat təqdim etmişdir. Halbuki, Cəmiyyət mühasibat uçotunu və hesablamaları sadə yazılı formada deyil, “Muhasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müvafiq beynəlxalq standartlarına uyğun olaraq aparmalıdır. Buna baxmayaraq iddiaçı tərəfindən hesabatların qanunla müəyyən edilmiş qaydada aparılmasına dair hər hansı sübut təqdim edilməmiş, tələb edilən məbləğlərin həqiqəti əks etdirməsinə dair tutarlı sübut təqdim edilməmişdir. Yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən tələb olunan borcların hansı qaydada hesablanmasını, kimdən hansı əsasla nə qədər vəsaitin tələb edilməsi ilə bağlı iddiaçının əsaslandırılmış dəlili məhkəməyə təqdim edilmədiyindən, cavabdehlərdən tələb olunan xidmət haqlarının hesablanması üçün hüquqi əsas müəyyən edilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçı olan təşkilat qeyrikommersiya fəaliyyəti ilə məşğul olan təşkilatdır. Onun əsas fəaliyyəti yaşayış binasının saxlanması üçün müəyyən hərəkətlərin həyata keçirilməsindən ibarətdir. Hər ilin əvvəlində binada görüləcək işlərin siyahısı tərtib edilməli, xərclərin nədən ibarət olacağı ilə bağlı smeta tərtib edilməli, səlahiyyətli orqan tərəfindən təsdiq edilməli və onun əsasında binanın sakinlərindən vəsaitlər tələb edilməlidir. Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh11 Feyruz oğlunun və Cavabdeh3 iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tətbiq edilməli olan iddia müddəti Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. Hazırkı iş üzrə iddiaçı bəzi sakinlərdən 2018-ci ildən bu günə olan ödənişləri tələb etmişdir. Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, araşdırma zamanı sonuncu iddia müddətinin tətbiqi ilə bağlı ərizə versə də məhkəmə gedişatında ondan tələb edilən ödənişləri etməmiş, ondan tələb edilən qalıq borcu isə sonuncu ilin müvafiq aylarını əhatə edən borcdur. Beləliklə, Cavabdeh2 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsassızdır. Cavabdeh11 Feyruz oğlunun ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh11 mənzilin mülkiyyətinə keçəndən hər hansı kommunal xidmətlərə görə vəsait ödəmədiyini, yalnız MMMC-dən könüllü şəkildə yığılan məbləğlərin yığılmasında iştirak etdiyini bildirmişdir. Hazırkı hal belə qənaətə gəlməyə əsas verir ki, sonuncudan yalnız 2021-ci ildən bugünə olan ödənişlər tələb edilə bilər. Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən tələb etdiyi vəsaitin həcmini onunla əsaslandırmışdır ki, Cavabdeh5 MMMC-yə ötən dövrlərdə rəhbərlik etmiş, bu dövrdə kommunal xidmətləri ödəmiş və onun MMMC-nin yarandığı dövrdən borcunun olduğunu əsas gətirmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, 2018-ci ilin fevral ayından 2022-ci ilin iyun ayına qədər olan dövr ərzində ödənişlər etmişdir. İddiaçı Cavabdeh5 təqdim etdiyi ödəniş qəbzlərini qəbul etməyərək bildirmişdir ki, nə qədər ki, MMMC-nin möhürü onda olmuşdur, o, istədiyi sənədə möhür vurmaqla ödənişlərdən yayına bilərdi. Odur ki, onun təqdim etdiyi sənədlər məhkəmə tərəfindən qəbul edilməməlidir. Eyni əsaslandırmaya digər cavabdehlərin təqdim etdiyi qəbzlərə də münasibətdə iddiaçı tərəf çıxışlarında istinad etmişdir. Bu hala münasibətdə məhkəmə qeyd edir ki, təqdim olunmuş mədaxil qəbzləri surət olsa da bu qəbzlərin saxta olması ilə bağlı məhkəmədə hər hansı sübut mövcud olmadığından qəbzlər məhkəmə tərəfindən qəbul edilməlidir. Odur ki, Cavabdeh5 münasibətdə sonuncu qəbzin 2022-ci ilə aid olması nəzərə alınaraq ona münasibətdə ödənişlərin 2022-ci ildən sonrakı dövr üzrə ödənişlər tələb edilə bilər. Cavabdeh3 ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı sonuncudan 2022ci ilin dekabr ayından 2024-cü ilin may ayına qədər olan borcları tələb etmişdir. Odur ki, hazırkı cavabdehə münasibətdə iddia müddətinin tətbiqi ilə bağlı ərizə əsassızdır. Eyni zamanda iş materiallarında Cavabdeh3 nümayəndəsinin təqdim etdiyi mədaxil qəbzindən görünür ki, 2020-ci ilin yanvar ayından 2022-ci ilin avqust ayına qədər onun tərəfindən 1.011,20 manat məbləğində vəsait ödənilmişdir. Həmçinin nümayəndəsinin təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh3 tərəfindən 31 avqust 2022-ci il tarixə qədər bütün borclar ödənilmişdir. Cavabdeh6 ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh6 16 sentyabr 2022-ci il tarixli mədaxil qəbzi təqdim edərək 2020-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayına qədər 1.030 manat, 08 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, 157 manat, 11 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, 200 manat, 08 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, 50 manat, 09 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, 110 manat, 10 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, 50 manat vəsait ödəmişdir. Odur ki, buna münasibətdə də iddia müddətinin tətbiqi ilə bağlı ərizənin əsassız olduğu qənaətinə gəlir. Cavabdeh9 ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, sonuncunun məhkəmə araşdırması zamanı təqdim etdiyi 09 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, o, 2020-ci ilin dekabr ayından 2021-ci ilin fevral ayına qədər və 07 iyul 2022-ci il tarixli mədaxail qəbzindən görünür ki, o, 2021-ci ilin mart, aprel və may aylarına dair kommunal ödənişlərin əvəzi olaraq 320.40 manat məbləğində ödənişlər etmişdir. Odur ki, ona münasibətdə də iddia müddətinin tətbiqi ilə bağlı ərizə əsassızdır. Cavabdeh7 ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı ondan 2023-cü ilin iyul ayından 2024-cü ilin may ayına qədər olan dövrü əhatə edən müddət üzrə borc tələb etmişdir. Odur ki, ona münasibətdə də iddia müddətinin tətbiqi ilə bağlı ərizə əsassızdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 240.15 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçının ödədiyi 240.15 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh9, Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh2, Cavabdeh12, Cavabdeh11 Feyruz oğluna, Cavabdeh3, Cavabdeh6, Cavabdeh10 və Cavabdeh7 qarşı “pul” tələbi barədə iddia tələbi rədd edilsin. İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ödədiyi 240.15 (iki yüz qırx manat on beş qəpik) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar