Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3758/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı iddiaçıya dəymiş maddi və mənəvi ziyana görə Cavabdeh maddi ziyanın əvəzi 50000 manat və mənəzi ziyanın əvəzi olaraq 35000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18 sentyabr 2019-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 2347/48 saylı binanın blokunda və həyətində baş vermiş dava-dalaş hadisəsi zamanı İddiaçı OS (sol) göz almasının və OS (sol) gözün zədədə sonrakı vəziyyəti, OS (sol) gözdə işıq duyğusu ilə nəticələnən gözün OS (sol) tor qişasının total reqkmatogen qopması, baş beyin silkələnməsi ilə müşaiyət olunan qapalı kəllə beyin travması, sol təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi və sıyrılmış yara kimi ümümilikdə dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla daimi (dayanıqlı) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alması faktı olmuşdur. Bununla bağlı cinayət işi qaldırılmış və nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavabdeh təqsirli bilinərək həbs cəzasına məruz qalmışdır. Cavabdeh tərəfindən etdiyi cinayətkar əməli ucbatından iddiaçı tamamilə sol gözün görmə qabiliyyəti itirmişdir. Hal-hazırda iddiaçıya yalnız transplantasiya kömək edə bilər. Həmin əməliyyat yalnız xarici ölkədə mümkündü və təxmini qiyməti 50 000 ABŞ dolları civarındadır. Bu azmış kimi həmin travmanın təsirindən artıq sağ gözündədə problem yaranır və iddiaçı Cavabdeh təqsiri səbəbindən tamamilə görmə qabiliyyətini itirə bilər. Bu vaxta qədər cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyan heç bir şəkildə ödənilməyib. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-487/2022 saylı, xx.xx.2022-ci il saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1–ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdə məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə tibbi ekspertizasının 19 sentyabr 2019- cu il tarixli 929 saylı rəydən görünür ki, İddiaçı almış olduğu xəsarətlər-OS (sol) göz almasının və OS (sol) gözün zədədən sonrakı vəziyyəti, OS (sol) gözdə işıq duyğusu ilə nəticələnən OS (sol) gözün tor qişanın total reqkmatogen qopması, baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması, sol təpəgicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi və sıyrılmış yara küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 18 sentyabr 2019- cu ıl tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, ümumilikdə dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla daimi (dayanıqlı) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aiddirlər. Cinayət işində olan məhkəmə tibbi ekspertizasının 17 sentyabr 2021- ci il tarixli T 277/2021 saylı rəyindən görünür ki, İddiaçı göz almasının qapalı travması, gözdə işıq duyğusu ilə nəticələnən torlu qişanın qopması, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi və sıyrılmış yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla (35%) daimi itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərərvurmaya aiddir. - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1655/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-487/2022 saylı, xx.xx.2022-ci il saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhər Baş Səhiyyə İdarəsinin 7 nömrəli Şəhər Poliklinikasının 570 saylı, xx.xx.2019-cü il tarixli məktubundan görünür ki, İddiaçı müayinəsi zamanı sol gözündən aldığı zərbədən görmə qabiliyyətini itirdiyi, hal-hazırda görməsinin vəziyyəti VisOD-09 VisOS-0(sıfır), OU-ön hissə normal OS-göz dibi solğun çəhrayıdır, refleks alınmır. DZ “OS tor qişanın qopması” İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində İddiaçı göz almasının qapalı travması, gözdə işıq duyğusu ilə nəticələnən torlu qişanın qopması, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi və sıyrılmış yarası ilə dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla (35%) daimi itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Məhkəmə iddianın 50000 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən məhkəməyə səhhətinin bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, səhhətinə dəymiş ziyanın məbləği ilə bağlı hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 50.000 manat maddi ziyanın ödənilməsi ilə bağlı formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddianın mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin təqsirli hüquqazidd hərəkətləri nəticəsində iddiaçının sağlamlığına ağır zərər vurulmuş, o, bir gözündə görmə qabiliyyətini tam itirmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısında görmənin itirilməsi, yəni hər iki gözdə tam daimi (dayanıqlı ) korluq və yaxud 2 metr və ondan az məsafədə barmaqların sayıla bilməməsinə qədər görmənin itməsi vəziyyəti (görmə itiliyi 0,04 və daha az) və ya bir gözdə görmənin tam itməsi sağlamlığa vurulmuş ağır xəsarət kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, görmə qabiliyyətinin hər hansı dərəcədə itirilməsi insanın bütün sahələrdə fəaliyyətini məhdudlaşdırır, gündəlik həyatda əmək, hərəkət etmək, informasiyanı qavramaq qabiliyyətlərinə mənfi təsir edir, eyni zamanda şəxsin digərlərindən asılılığını artırır. Bu da öz növbəsində insanın həyat səviyyəsinə əhəmiyyətli dərəcədə aşağı salır. Bunun nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə baş vermiş hadisə zamanı və ondan sonrakı proseslərdə iddiaçının keçirtdiyi stressin dərəcəsini, bir gözündə görmə qabiliyyətinin itməsi nəticəsində keçirtdiyi narahatlıq və sarsıntı hallarını nəzərə alınaraq hesab edir ki, mənəvi zərərin həcmi 35000 manat məbləğində deyil, 5000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da iddianın təmin olunan hissəsinə müvafiq olaraq Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, təmin edilmiş iddia tələbinin həcminə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 70 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. 70 (yetmiş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3758/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3758/2024
25.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver