Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-381/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Cavabdeh1 cinayət əməli nəticəsində İddiaçı həyatı üçün təhlükəli olan sağlamlığına ağır xəsarətlər yetirilməsi səbəb olmuşdur. Belə ki, Cavabdeh1 29 aprel 2022-ci il tarixdə saat 21 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq “A” kateqoriyalı sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Cavabdeh3 məxsus “Hanju Sport” markalı, 99-A-281 dövlət qeydiyyat nişanlı motosikletlə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə üzü “Ukrayna dairəsi” istiqamətində saatda təxminən 60 km sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə qanunun bu tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, mümkün olan heç bir tədbir görməmiş, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin qarşısına hərəkətdə olduğu yolu soldan sağa doğru adi yerişlə keçən piyada 1956-cı il təvəllüdlü İddiaçı motosikletin qabaq hissəsi ilə vurub, ehtiyyatsızlıqdan ona açıq kəllə beyin travması, alın sümüyünün yerdəyişmiş sınığı, pnevmosefaliya, əng və üz skleti sümüklərinin çoxsaylı sınıqları ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, yol nəqliyyat hadisəsi törətmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-475/2022 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-475/2022 saylı qanuni qüvvəyə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır.
3. İddiaçı vurulmuş xəsarətlə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X8n canlı şəxsin ekspertizasının 26 may 2022-ci il tarixli, 46/2022 nömrəli rəyindən görünür ki, vətəndaş İddiaçı açıq kəllə beyin travması, alın sümüyünün yerdəyişmiş sınığı, pnevmosefaliya, əng və üz skleti sümüklərinin çoxsaylı sınıqları müəyyən edilmişdir. İddiaçı cinayət hadisəsi nəticəsində çoxsaylı xəsarətlərlə yanaşı sol gözünü də itirmişdir.
4. Qeyd edilən cinayət hadisəsi nəticəsində İddiaçı əməliyyat və müalicə xərcləri ilə bağlı maddi və mənəvi sarsıntı, iztirab keçirməsi ilə bağlı mənəvi zərər vurulmuşdur.
İddiaçının tələbi:
5. Maddi ziyana görə 7000 (yeddi min) manat, mənəvi ziyana görə isə 50 000 (əlli min) manat, cəmi 57 000 (əlli yeddi min) manat pulun müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
6. Cavabdehin nümayəndəsi X4 məhkəməyə etirazla müraciət edərək maddi ziyana görə 7000 manat, mənəvi ziyana görə 50000 manat, cəmi 57000 manat pulun müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı X3 ödənilməsi barədə iddia ərizəsinin Cavabdeh1 aid hissədə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, o, Hövsanda yaşayır və hər gün qızıgilə gəlib-gedirdi. Qəza baş verən günü axşam saat 10-a işləmiş qızıgildən çıxmış və evə gedərkən yolu keçmək və 57 nömrəli marşuruta minmək istəmişdir. Bu zaman motosiklet onu vurmuşdur. O bir həftədən sonra oyanmış, təxmini iki-üç gün komada olmuşdur. Bundan sonra da bir ay xəstəxanada yatmışdır. Qəzadan sonra Cavabdeh1 anası və atası onu görməyə gəlmişlər və xəstəxana xərcləri ilə bağlı səkkiz min manata yaxın ödəniş etmişdirlər. Lakin onun xəstəxanadan çıxdıqdan sonra da xərcləri çıxmışdır. Belə ki, xəstəxanadan çıxdıqdan sonra o gözünə protez qoydurmuş, qolu ağradığı üçün həkimə getmiş və müalicələr almış, implant qoydurmuş, nevropatoloqa getmiş, fizioterapiyaya getmiş, göz kanallarını təmizlətmişdir. Bundan başqa dişləri üçün üç min manata yaxın pulu çıxmışdır. Habelə onun fizioterapiyası hələ də davam edir. O, xəstə olduğu üçün oğlu Rusiyadan gəlmiş və ona üç ay baxmışdır. Lakin onun ağrıları hələ də davam edir, o gecələr yata bilmir, evdə güzgüyə baxa bilmir. Cavabdeh1 qəzanı törətdikdən sonra qaçıb getmişdir. Ona ilk əvvəl orada göyərti satan xanım köməklik göstərmiş və təcili tibbi yardım çağırmışdır. Bu günə kimi müalicə alır, gözünün birini itirmişdir, həkimlər protez taxanda da aldığı xəsarətlərdən protezi saxlayacaq əzələ tapa bilməmiş, güclə əlavə əməliyyat edib birtəhər protezi taxa bilmişdirlər. Amma protez yenə aşağı sürüşür. Gözündən mütəmadi su gəlir, çirk edir. Güzgüdə özünə baxa bilmir. Camaat içinə çıxanda hər zaman eynək taxır.
8. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, cavabdehin ailəsi İddiaçı xəstəxanada olan zaman səkkiz min dörd yüz manat köməklik üçün pul ödəmişdirlər. Lakin İddiaçı sonradan başqa əməliyyatlar keçirmiş, müalicələr almışdır. İddiaçı hüququ olmasına baxmayaraq cavabdehin ailəsi pul ödəmək maddi və mənəvi ziyanı qarşılamaq fikirləri yoxdur. Eyni zamanda digər cavabdehlər də məsuliyyət daşıyırlar, onlardan biri motosikletin hüquqi sahibi biri isə faktiki sahibidir. Hadisə baş verən zaman motosikletin faktiki sahibi yaxınlıqda olmuşdur. O, Cavabdeh1 motosikleti idarə etmək üçün vermişdir. Bu, təhlükə mənbəyidir. Hazırda ödənişlərlə bağlı çeklərin çoxu əldə edilə bilməmiş, bütün əldə edilən çeklər iş materiallarına əlavə edilmişdir. Bilindiyi kimi hazırda bir çox yerlərdə çeklə bağlı problemlər yaşanır, çek vermirlər. Tələb olunan mənəvi zərərlə bağlı iddiaçının hüququ vardır və tələb edilən məbləğ şişirdilmiş məbləğ deyildir. İddia tələbini müdafiə etmiş və məhkəmədən maddi ziyana görə yeddi min manat, mənəvi ziyana görə isə əlli min manat, cəmi əlli yeddi min manat pulun müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 öz izahatında bildirmişdir ki, baş verənlər tamamilə bədbəxt hadisənin nəticəsidir. İddiaçını ilk dəfə Sabunçu xəstəxanasına apardılar, sonra onu özü özəl klinikaya aparmışdır. İddiaçının gözünü o özü 1 Saylı Şəhər Klinik Xəstəxanasında əməliyyat etdirmişdir. Zərifə Əliyeva adına göz xəstəxanasına aparmışdır. 13000-14000 manat xərc çəkmiş, lakin onların hamısının çeki mövcud deyildir. Sülhanə Hacıyevanın icraatında olan cinayət işində 8000 manatlıq çek təqdim etmişdir. İddiaçı şikayət etməyəcəyini bildirmişdi. Daha sonra iddiaçının oğlu onların üzərinə qışqıraraq bildirdi ki, 7000 manat verməsək şikayətçi olacaqlar. Onların qudası tanışları imiş, elə hallar olub ki, o, pulu ödəməyə maddi imkanı çatmayıb, Mahmuddan istəmişdir və daha sonra ona qaytarmışdır. Lazım olsa, Mahmud özü də gəlib deyə bilər. Onun 15000 manat ABB-yə borcu var, oğluna hadisə nəticəsində 3 il nəqliyyat vasitəsini idarə etmək hüququndan və azadlıqdan məhrumetmə cəzası verilmişdir. Motosiklet vuran adam elə ola bilməz, iddiaçı ayağa qalxanda onu avtobus vurub, ona görə o vəzyyətə düşüb.
10. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümyəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
11. Azərbaycan Respublikası Ədliyyə Naziriyi Penitensiar Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-17/6/2-7105/2023 №-li məlumatına əsasən, Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir.
12. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-475/2-2022 №-li, xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilnməsi və ona 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilməsi, Cavabdeh1 cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, Cavabdeh1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
13. İddiaçı nümayəndəsi (vəkili) Vəkil xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək xəsarətlərin əyani müayinəsi və şəxsin dindirilməsi məqəsdilə İddiaçı Raiq qızının ekspertizaya təqdim edilməsini xahiş etmişdir.
14. İddiaçı nümayəndəsi (vəkili) Vəkil xx.xx.2023-cü il tarixində təqdim olunmuş sübutların izahatına dair ərizə ilə məhkəməyə müraciət edərək, zədələnmiş dişlərin düzəldilməsi (təqribən 2500 manat), protezlərin dəyəri (400 manat+400 manat), qolunun ağrıları ilə bağlı müalicə (150 manat), nevropatoloqlarda müalicə ( ərizədə qeyd edilənlərdən əlavə təxminən 400 manat), hədəfə əməliyyat sonrası aldığı dərman preparatları (təqribən 550 manat), bir ildən artıq müddət ərzində hər ay gözü üçün aldığı dərman preparatları (təqribən 1200 manat) xərcin çıxdığını və cinayət hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə bağlı müalicələri hazırda davam etdiyi üçün İddiaçı xərcləri iddia ərizəsində göstərilən məbləği, yəni 7000 manatı artıq keçdiyini bildirmişdir. Məhkəmədən yekun qərar zamanı qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X8 tərəfindən verilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 923/KEŞ №-li ekspert rəyinə əsasən, İddiaçı həkim-oftalmoloqun müayinəsi zamanı hazırda onda “Başlanğıc katarakta. OS- Anoftalm. Orbita rekonstruktiv əməliyyatından sonrakı vəziyyət” in olduğu müəyyən edilmişdir. Hazırda cərrahiyyə əməliyyatına ehtiyac yoxdur. Lakin bir ildən bir mütamadi protezin dəyişdirilməsi və 6 ay sonra yaş burun kanalının bərpası cərrahiyyə əməliyyatının məsləhət olması, Cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitinin miqdarının təyininin məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid olmaması, İddiaçı “Müştərək ağır AKBT-nın qalıq əlamətləri. Sol üz və üçlü sinirlərin hissəvi travmatik zədələnməsi. Qabarıq asteno-nevrotik vəziyyət” in olduğu müəyyən edilmişdir ki, bununlada əlaqədar onun somarik müalicəyə ehtiyacının olması, icra ediləcək cərrahiyyə əməliyyatlarının və müalicənin tibbi sığorta tərəfindən ödənilib-ödənilməməsi məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid edilməməsi qeyd edilmişdir.
16. “Milliön” ödəmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixində ********** №li əməliyyata əsasən, İddiaçı tərəfindən “ATU X1”-nın hesabına 2500 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
17. “Milliön” ödəmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixində ********** №li əməliyyata əsasən, İddiaçı Rfiq qızı tərəfindən “ATU X1”-nın hesabına 900 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
18. Azərbaycan Tibb Universiteti X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AT 223744 №-li avans ödəməsinə əsasən, X5 tərəfindən 500 manat məbləğində pul vəsaiti ödənilmişdir.
19. Azərbaycan Tibb Universiteti X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, KT 223746 №-li avans ödəməsinə əsasən, X5 tərəfindən 2500 manat məbləğində pul vəsaiti ödənilmişdir.
20. Əlavə olunmuş çeklər.
21. Fotoşəkillər.
22. Digər sənədlər.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyası:
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
26. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı
27. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı.
28. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı.
29. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il Qərarı.
Məhkəmənin mövqeyi:
30. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır.
31. Belə ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin iddiaçının sağlamlığına ağır xəsarət yetirilməsində təqsirli olub-olmaması araşdırılaraq hüquqi qiymət verilməlidir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün müəyyən şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması, zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması.
32. Mülki iş materiallarında olan Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-475/2- 2022 №-li, xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilnməsi və ona 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilməsi, Cavabdeh1 cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması hökm edilmiş və hökm qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Hökmə əsasən, İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Hökmün mətnində qeyd edilmişdir ki, Cavabdeh1 nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur.
33. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının sağlamlığına ağır zərər vurulmasında cavabdehin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilir. (§12)
34. Beləliklə, məhkəmə MPM-in 82.4-cü maddəsinə əsasən hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olduğundan və qeyd edilən hökmə əsasən, cavabdehin təqsirli olması və cinayət hadisəsi ilə birbaşa əlaqəsi öz təsdiqini tapdığından cavabdehin iddiaçı qarşısında öhdəlik daşıması preyudisial əhəmiyyətli faktdır. Cavabdehin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması işdə olan sübutlar əsasında təsdiqini tapır.
35. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.
36. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin təqsirindən iddiaçının sağlamlığına ağır zərər vurulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
37. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
38. Beləliklə, şərh edilənlər əsasında məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri ilə iddiaçının sağlanlığına ağır zərər vurulması nəticəsində iddiaçının reabilitasiya dövründə ağrı-acı keçirməsi, psixoloji stress, sarsıntı və emosional gərginlik, uzun müddətli müalicə alması, səhətinin tam bərpa olmaması, xarici görünüşündə deformasiya, bir gözünü tamamilə itirməsi, ömrünün sonuna kimi protezsən istifadə etmək məcburiyyətində qalması və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.
39. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin, evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.
40. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri sağlamlığına vurulmuş zərərə görə tələb edir. İddiaçı baş vermiş hadisədən sonra psixoloji gərginlik keçirmiş, müalicə prosesi ağrılarla davam etmiş, gözünün birini itirmiş, göz protezi taxmaq məcburiyyətində qalmış (bir ildən bir mütəmadi protezin dəyişdirilməsi (§15)), uzunmüddətli reabilitasiyadan sonra sağlamlığı qismən bərpa olunmuşdur və bütün bu hadisələr iddiaçının psixologiyasında mənfi təsirlərə yol açmışdır.
41. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsini, habelə cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 50.000 (əlli min) manat deyil, 18000 (on səkkiz min) manat pulun tutulmasını mütənasib hesab edir.
42. Məhkəmə iddiaçınını 7000 manat maddi ziyan tələbi ilə bağlı qeyd edir ki, tələb bu hissədə tam sübuta yetirilə bilmədiyindən rədd edilməlidir.
43. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahda iddiaçının sağalması üçün 15000 manata yaxın pul xərclədiyini qeyd etsə də bunu sübut edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Lakin iddiaçı özü hadisəni törədən Cavabdeh1 ailəsi tərəfindən 8400 manatın ona ödəndiyini etiraf etmişdir. İddiaçınını təqdim etdiyi ödəniş qəbzlərin böyük əksəriyyəti hadisə baş verdikdən sonra hökm çıxana qədərki dövrlərə aiddir. Daha yaxın tarixlərlə bağlı qəbzlərin isə məhz hadisə zamanı yaranmış sağlamlığa vurulmuş zərərin aradan qaldırıması, müalicəsi ilə bağlı xərcləndiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X8 tərəfindən verilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyində də bu suala tam cavab verilməmişdir. (§15)
44. Qeyd edilənlərə əsasən məhkəmə hesba edir ki, iddia tələbi 7000 manat maddi ziyan hissəsində təmin edilməməlidir. 45.Məhkəmə hesab edir ki, mənəvi ziyana görə pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 deyil, yalnız hadisəni törətməkdə təqsirli bilinən Cavabdeh1 tutulmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixli 1(011)-475/2022-ci il tarixli Bakı şəhəri Xətai rayon Məhkəməsinin hökmündən görünür ki, hadisə baş verən zaman “Hanju Sport” markalı 99-A-281 dövlət qeydiyyat nişanlı motosiklet Cavabdeh3 mülkiyyətində, etibarnamə ilə isə Cavabdeh2 sahibliyində olmuşdur. Lakin hadisə "Hanju Sport” markalı 99-A-281 dövlət qeydiyyat nişanlı motosiklet Cavabdeh1 faktiki sahibliyində olan zaman, yəni o, idarə edən zaman baş vermişdir. (§12)
46. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il Qərarında qeyd edilir ki, Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. (§29)
47. Məhkəmə vurğulayır ki, qanunvericilikdə nəzərdə tutulan hüququ olmayan şəxs dedikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə, sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir. Yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh1n nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnaməsinin olmaması digər şəxslərdən zərərin müştərək qaydada tələb edilməsinə səbəb olmamalıdır. Belə ki, Cavabdeh1 hadisə baş verən zaman sürücülük vəsiqəsi mövcud olmuşdur.
48. Beləliklə, məhkəmə obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlara dayanaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və Cavabdeh1 18000 (on səkkiz min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi qismən təmin edilsin.
2. Cavabdeh1 18000 (on səkkiz min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun.
3. Cavabdeh1 144 manat tutularaq İddiaçı ödənilsin.
4. İddia tələbi qalan hissədə təmin edilməsin.
5. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova